• cümə axşamı, 18 aprel, 14:18
  • Baku Bakı 22°C

Gülüşün Xaç atası

30.11.16 13:51 2748
Gülüşün Xaç atası
İllər ötür, amma o, dəyişmir. Çox ağıllı, adekvat, gözləri daim gülən – rus yumorunun Marlon Brandosu kimi 75 yaşını haqlayan Aleksandr Vasilyeviç Maslyakov Şən və Hazırcavablar Klubu (KVN) kimi əbədidir. Hətta yubiley günündə də Maslyakovdan fərqli olaraq "KVN”lə bağlı suallar daha çox olur.
Mən də dəyişmişəm
- Ola bilər ki, sualım kişilər üçün düzgün səslənməsin. Sizin 75 yaşınız var, bir kişi kimi bunu gizlətməsəniz də, biz bu barədə danışmayacağıq. Ancaq maraqlıdır, cavan qalmağa necə nail olmusunuz?
- Düzü, mən bunu bilmirəm. Üzüm ata və anamdan, genlərdən irəli gəlir – başqa necə izah edə bilərəm? Cavan qalmaq üçün heç bir xüsusi fənd işlətmirəm. Bundan əlavə, uzun illərdən bəri məşğul olduğum işim mənə o vaxtdan bəri xüsusi zövq verir. Ona görə də üzün ifadəsini dəyişməyə ehtiyac qalmır.
- Fransızlar demiş, 40-dan sonra hər kəs öz simasına cavabdehdir. Siz də cavabdehsiniz?
- Fransızların bu mənada nə düşündüklərini deyə bilmərəm. Mən öz işimə cavabdehəm. Üz isə – elə üzdür.
- "KVN”-nın 55 yaşı tamam olub. Buna görə sizi təbrik edirik! Siz praktiki olaraq «Moskva göz yaşlarına inanmır»dakı kimi işin başlanğıcındasınız.
- İşin başlanğıcında idim...
- Sizdən 20 yaş cavan olan "KVN” də hərçənd zamanla dəyişib.
- Sizə bir sirri açım: mən də dəyişmişəm. "KVN” dəyişilirdi, elə mən də. Bəlkə də zahirən dəyişməmis kimi görünürdüm. Amma hər şey dəyişilir - "KVN” və mən daxil olmaqla...
- Siz hansı tərəfə dəyişmisiniz? «Pakrovski darvazaları»ndakı Kostikin: «Mən hələ dəyişəcəyəm, amma yaxşı tərəfə yox» - dediyi kimi?
- Mən özümü o qədər də dərinə salmazdım. Mənim işlərim var idi. Hələ ki, həyatım, qayğılarım, maraqlarım var. "KVN” əlbəttə, dəyişdi. Mən həmişə deyirdim: necə yaşayırıqsa, elə də əylənir və zarafat edirik. "KVN” həmişə orada oynayan gənclər üçün həmin tərzdə mövcuddur. Onlara nə maraqlıdırsa, onu oynayırlar. Onlarla eyni anları bölüşən teletamaşaçılar üçün də "kaveenşiklər”in danışdıqlarında ümumi maraqlar var.
- Siz düşünürsünüz ki, keçmiş SSRİ-də "KVN”-in böyük həvəskar klubları var idi?
- Bir halda ki, siz "KVN”-ə baxırsınız, deməli, bu, sizə maraqlıdır. Belə çıxır ki, siz özünüz də həmin klubdansınız?
- O qədər də yox... Çünki mən "KVN”-in 1986-1991-ci illərdəki həvəskar klubundanam.
- Həmin vaxtlar otlar daha yaşıl, günəş daha parlaq idi, bağışlayın, siz də daha cavan idiniz. Buna baxmayaraq, həmin dövrü sevirsiniz. Mən isə məsələn, növbəti dövrü arzulayıram. Mənə maraqlıdır ki, 2016-cı ildən sonra o, necə olacaq?
- Bu, gözəldir. Sadəcə, o vaxt yumorlar çox sərt, dərin və ağıllı idi.
- Bu fikirlərin hamısı düz deyil. Siz ki, kənd qocası deyilsiniz. Hansısa meşşan söhbəti niyə təkrarlayırsınız? «Yumorlar sərt idi» nə deməkdir? Necə yaşayırdılarsa, eləcə də yumor yaranırdı. Nə çox idisə, o haqda daha çox yumor söyləyirdilər. Vaxt var idi ki, siyasət (indiki kimi) çox idi, ona görə o vaxt siyasət haqqında (indiki kimi) çox yumor edirdilər. Siyasət meşşanlara təzyiq göstərmirdi. Bizi əhatə edən başqa şeylərdən danışırdıq. "KVN” ona görə gözəldir ki, o, bu gün də var. Mənim maraqlarıma gəlincə, 20 yaşımda xoşuma gələnlər az idi. Əlbəttə, «bu gün»ü də müxtəlif cür başa düşmək olar.
- Deyirsiniz ki, siyasət çoxalıb. Ancaq indiki siyasətlə yenidənqurma dövrünün siyasəti fərqlidir.
- Elədir. Onda niyə müqayisə edirsiniz?
«Rədd ol!» deyə qışqırmaq asandır
- Bilirsiniz ki, paralel kanallarda bir neçə proqramlar var. Məsələn, «Əyri güzgü» - orada adamlar qəşş edənə qədər gülürlər.
- Düzdür, onlar "KVN” verilişlərinə baxmırlar. Və «KVN”-çilər çətin ki, özlərinə nəsə götürmək üçün geniş yayılan «Əyri güzgü», «Piroq» verilişlərinə baxsınlar.
- Qoy yüzlərlə çiçəklər açsın, razıyam. Mən şəxsən ikinci planlı və ikinci mənası olan zarafatlarına görə Jvanetskini seçirəm, bəs siz?
- Allah xətirinə… Mən də böyük maraqla Mixal Mixalıçı dinləyirəm. Bir müddət əvvəl də böyük maraqla ona qulaq asdım. Hər şey həyat anlamını özündə birləşdirən çoxlu kontekstlərdən asılıdır.İndicə sizinlə danışdığımız kimi: «Əyri güzgü»də də yaxşı yumorlar olur. Jvanetskinin də hər adamın dərinliklərinə vara bilmədiyi yaxşı yumorları, zarafatları var. Bəzən "KVN”-də oynayan gənclərin də sadə zarafatları olur. Bu, bugünkü jurnalistikanın tendensiyasıdır: sadəcə, müqayisə etməmək, həm də aranı qızışdırmaq…
- Aranı qızışdırmaq istəmirəm.
- Amma qızışdırırsınız.
- Sizin cavanlar keçmiş zarafatlarınız kimi həyatdan razıdırlarmı?
- Görünür, siz "KVN”-ə yaxşı baxmamısınız. Aydındır ki, siz bugünkü "KVN”-i sevmirsiniz. Ona görə də sizdə indikilərin necə zarafat etməsi ilə bağlı mühakimə və əsaslandırma yoxdur. Onlar həyatında baş verənlərlə bağlı təəccüblənmirlər. Onlar bu mövzuda da zarafat etməyə yol tapırlar.
- Sizi bezdirdiyimə görə bağışlayın. Olarmı, hakimiyyət haqqında elə zarafatlaşsınlar ki, səhnəyə təbəssümsüz çıxsınlar?
- Əlbəttə, onlar bunu edirlər. İlahi, siz nə istəyirsiniz, onlar qamçılasınlar, satira ilə məşğul olsunlar? Bizdə yumoristik verilişdir, satirik yazıçı isə məsələn, Mixal Mixalıç Jvanetskidir. Hələ bir çox aşağı ranqlı yumoristlər var ki, onlar da özlərini satirik hesab edirlər. Başa düşürsünüzmü, «Rədd ol!» deyə qışqırmaq, zərif və nəzakətlə zarafat etməkdən asandır.
- Siz məni düzgün başa düşdünüz. Mən satiranın xiffətini çəkirəm. Xatırlayırsınızmı, «Qaraj» filmində Kostolevski Ostraumova necə deyir: «Siz olmayan şeylə məşğulsunuz». Biz indi eyni şeyə gəlirik, elə deyil?
- Siz "KVN”-in xoşunuza gəldiyi vaxtlardakı bütün sitatları gətirirsiniz. Amma mənim xoşbəxtliyim ondadır ki, bugünkü gəncləri başa düşürəm. Bu, mənə taleyin hədiyyəsidir ki, günəşin daha parlaq, otların daha yaşıl, mənim də daha cavan olduğum o vaxtlarda qalmamışam. Onlar məni öz arxalarınca daşıyırlar. Mən də böyük məmnuniyyətlə, onlarla gedirəm.
- Aleksandr Vasilyeviç, indi tamamilə ciddi deyirəm, sizin "KVN” Sovet İttifaqını həqiqətən də qoruyub saxlayıb.
- Hə, hansısa ümumiliyi saxlayıb. Bəlkə yaxşı, bəlkə də pis... Məsələ ondadır ki, bu, komanda oyunudur. İstəsən də, istəməsən də komanda ilə oynayırsan. Komanda isə heç də pis deyil.
- Siz mənə hazırkı "KVN”-dən hansısa bir nümunəni gətirə bilərsinizmi? Məsələn, hansısa yumoru eşidəndə siz sadəcə yıxılmısınız...
- Sizi bu mənada sevindirə bilmərəm. Görürsünüz ki, əzilib-büzülmürəm. Mənimçün hansısa bir dəqiqəlik zarafatlar yox, ümumilikdə prosesin özü maraqlıdır. Bax, bu yaxınlarda bizdə finaldır və mənə maraqlıdır ki, onlar orada nə haqda və necə yumor təqdim edəcəklər? Mən bu əhval-ruhiyyədəyəm. Zarafatlar yaxşı idimi? Yaxşı idi. Pis idimi? Pisləri də vardı. Biz komanda ilə pislər haqda danışmamağa çalışırıq.
- Daha doğrusu, siz onları kəsib doğrayırsınız?
- Biz sadəcə, oyun vaxtı onlardan istifadə etmirik.
- Demək, hansısa redaktə hakimdir?
- Redaktə var, əlbəttə. Əvvəla, redaktə "KVN”-də oynayan, qəzetdə nəsə yazan hər bir insanın beynində olmalıdır. İnsanın başındakı redaktə ümumiyyətlə, zərərli deyil.
- Amma mənim sevimli illərimdə – yenidənqurma dövründə hələ canlı efir olduğunu xatırlayıram.
- Nə olsun? Biz indi bir neçə dəfə canlı efirə də çıxmışıq, bu, bizi qorxutmur. Mənimçün canlı efir peşəkar komandanın bacarığıdır. Bu, bizim üçün çətin deyil. Biz də televiziya verilişi hazırlamaq istəyirik, konfet kağızı yox. Mən sizin dediyiniz guya hansısa səhnələri kəsdiyimiz zarafatlar haqda danışmıram, yaxşı televiziya verilişi hazırlamağımızı deyirəm. Biz tez-tez verilişlər çəkirik və günaşıra efirə çıxırıq. Bunun canlı efirdən nəylə fərqləndiyini deyə bilmərəm.
- Bəs iştirakçılar – xüsusən tələbələr çox ağıllı və savadlıdırlar. Onlar nəyi gülüş hədəfinə çevirib-çevirməyəcəklərini bilirlərmi?
- Mən sualı o qədər yaxşı başa düşmədim. Hər şeyi yumora çevirmək olar. Ancaq təhqirə keçmək olmaz. Əgər sən hansısa konkret insan haqqında danışırsansa, bu, təhqiredici olmamalıdır. Bax, bütün bunlar qəbul olunmazdır – yumor qurşaqdan aşağıdır. Əlbəttə, komanda üzvləri "KVN” oyunlarının teleçəkilişlərinə gedəndə bunu bilirlər.
- Bax, siz bütün bunları müşahidə edirsiniz. Ümumiyyətlə, indiki nəsil barədə nə düşünürsünüz? Mənə elə gəlir ki, onlar kifayət qədər kompromisə gedən gənclərdir. Bəlkə bu, onların müsbət tərəfidir?
- Hə, onlar bizim gəncliyimizdə olduğu kimi müxtəlifdirlər. Ola bilsin ki, bu gün onlar daha praktikdirlər. Bu gün onların özlərini ifadə etmələri üçün imkanları daha çoxdur. Onların öz istiqamətlərini müəyyənləşdirmək üçün daha çox alətləri var. Bax, bu gün «sosial lift» ifadəsini işlətmək dəbdədir. "KVN”-də olursan – yaxşı tanınırsan və irəli gedirsən. İndi "KVN” də oynayanların 90 faizi televiziya ulduzu olmağa can atmayan gənclərdir. Onlar "KVN”-də oynadılar və öyrəndilər. İndi kanallar da, verilişlər də çoxdur. "KVN” istedadlı uşaqlara özlərini ifadə etmək imkanı verir. Amma bu, mənimçün həmişə qəbuledilən deyil. "KVN” - komanda oyunudur. Hər kəs komandada hansısa notu – do, re, mi-ni bilir. Onlar bir yerdə olanda da hansısa melodiya meydana çıxır. Nə vaxtsa həmin ulduzlardan birini başqa kanala və ya verilişə aparırlar və o, solist kimi daha böyük imkanlar qazanır. Ancaq mən ona baxanda və dinləyəndə onun komandadakı notlarını eşidirəm. O, mənə təzə heç nə demir. "KVN” özfəaliyyətdir, solo yaradıcılığı isə ixtisasdır. Amma ixtisası sənə heç kim öyrətmir. Buna görə də sən yerində sayırsan.
- Mən heç cür 89-cu ilin Sverdlovsk, Odessa, Novosibirsk komandalarını unuda bilmirəm.
- Onlar əla komandalar idi. Bugünün "KVN”-inə baxan gənc nəslin öz kumirləri, öz komandaları var. Ona görə kədərlənməyin, siz nostalji hisslər keçirirsiniz, ancaq həyat davam edir.
Orta sinfin nümayəndəsi
- Bizim iki doğma brendimiz var: "KVN” və «Nə? Harada? Nə vaxt?» Mən Borya Kryukomla yubileylərində görüşəndə «Nə? Harada? Nə vaxt?» yaxşı biznesdir» deyə soruşmuşdum. İndi sizdən də soruşuram: «KVN” yaxşı biznesdir»?
- Hansı adamları ki, ayrı kanallara çağırırlar, onlar orada pul alırlar. Bizim "KVN” komandası isə pul almır. Onlara sponsorlar kömək edir. Bəzən sponsor tapılmayanda bizim kampaniya onlara kömək etməyə çalışır. "KVN” üçün oyun, özünüinkişaf əsasdır. Kimin bəxti gətirəcəksə o, öz biznesini quracaq.
- Tam səmimiyyətlə soruşuram, şəxsən sizin üçün bu, yaxşı biznesdir?
- Bu, mənim üçün biznesdir. Mən onu yaxşı adlandırmazdım, çünki bu, bizim kampaniya üçün kifayət qədər israfedici işdir. Biz tez-tez Rusiyanın teatrlarında çıxışlar edir və icarə haqqı ödəyirik. Biz həmçinin çəkilişlərimizdə iştirak edən operatorlara, işıqçılara, səs rejissorlarına pul veririk. "Birinci kanal”ın bizə verdiyi pul heç oyunlarımızın müasir dekorasiyalarına bəs etmir. Biz özümüzün "KVN” evini ideal görkəmdə saxlamalıyıq. Əgər dam damırsa, bu, bizim problemimizdir.
- Siz varlı adamsınız?
- Mən orta sinfin nümayəndəsiyəm.
- Siz "KVN”-dən uzaqda necə dincəlirsiniz, yoxsa istirahət etmək mümkün deyil?
- İstirahət mümkünsüzdür. Çünki o həmişə başımdadır. Bizdə proses kifayət qədər dolğundur və biz ünsiyyət, əməkdaşlıq, müxtəlif gənclərlə bölüşməyə həvəsliyik. Həyat yoldaşımın dediyi kimi: «Biz poladəridənlər kimiyik, bizdə proses fasiləsizdir».
- Müsahibənin sonunu optimist bitirmək istəyirəm. Nəvəniz haqda danışın, mən onun haqqında heç nə bilmirəm?
- Nəvəm hələ balacadır. 3 yaşı olsa da, ansamblda çalışır, oxuyur, rəqs edir, "KVN”-ə böyük həvəsi var. Bir dəfə nənəsi ondan «Niyə sən KVN”-də idin, amma gülmürdün? Atan sənin yaşında KVN-də olanda dərhal gülürdü» deyəndə Tasya bir qədər fikirləşib: «Bu, o deməkdir ki, o zaman "KVN” daha maraqlı idi» - cavab verdi. Lap sizin kimi.
- Demək varis böyüyür?
- Bilirsinizmi, insanlar dəyişirlər, öz qabiliyyətlərini inkişaf etdirir, onları itirirlər. Amma bu, onların həyatıdır. Bu balaca qızın atası və anası var. Biz yalnız onun baba və nənəsiyik.
Rus mətbuatından çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər