• çərşənbə axşamı, 19 mart, 10:29
  • Baku Bakı 8°C

Gülüşləri bir otağa yayılan uşaqlar... - Reportaj

19.03.18 18:39 1496
Gülüşləri bir otağa yayılan uşaqlar... - Reportaj
Uşaqlar dünyanın sevinci, işıqlı gələcəyimizdir. Onların çöhrəsində təbəssüm görmək, sevinclərinə şahid olmaq hər birimizi ən azı onlar qədər sevindirir.
Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Xaçmaz İcma Əsaslı Reablitasiya Mərkəzi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara milli bayramımız olan Novruz ərəfəsində şənlik təşkil edib.
Şənliklərdə iştirak etmək üçün Xaçmaza yollandıq.
Baharın gəlişi, yazın nəfəsi burada daha artıq hiss olunurdu...
Dərnəklərdən yararlanan 300-ə yaxın uşaq
İlk olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların hazırladığı müxtəlif əl işləri, rəsmlərlə tanış olduq. Onların hər biri uşaqların xəyal dünyasını əks etdirirdi.
Xaçmaz İcma Əsaslı Reablitasiya Mərkəzinin koordinatoru Kəmalə Əliyevadeyir ki, mərkəz 7 ildir fəaliyyət göstərir: "Noyabrdan başlayan layihə üzrə hazırda iki dərnəkdən 24 uşaq yararlanır. Mərkəzdə müxtəlif diaqnozlu uşaqlar var. Hansı qrupa uyğundursa, onları həmin qrupa yönəldirik. Bu mərkəzin ən böyük üstünlüyü ailələrlə birgə işdir. Valideyn mütləq uaşağının yanında olur. Çünki onlar burada keçilən dərsi evdə uşaqları ilə davam etdirirlər.
Bakcell 7 ildir UAFA Təşkilatı ilə əməkdaşlıq edir. Bu müddət ərzində mərkəzimizdən 300-ə yaxın uşaq yararlanıb. Onların hər birinə fərdi yanaşılır”.
Mərkəzinin koordinatoru deyir ki, əsas məqsəd sosial layihələr həyata keçirmək və aztəminatlı ailələrə xidmət göstərməkdir: "Onların sosial həyata adaptasiyasını təşkil etmək, fərdi yaradıcılıq bacarıqlarını aşkarlamaq, cəmiyyətə inteqrasiya olunmasına kömək eləmək üçün çalışırıq. Bu müddət ərzində böyük nailiyyətlərə imza ata bilmişik”.
İƏR Mərkəzlərinə davamlı dəstək
Bakcell şirkəti özünün "Bakcell Stars” proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Şirkətin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova deyir ki, UAFA-nın Gəncə, Bakı və Xaçmazda yerləşən İcma Əsaslı Reablitasiya (İƏR) mərkəzlərində indiyə kimi yüzlərlə uşaqla işləyiblər: "Biz bu mərkəzlərə davamlı dəstək göstəririk. Mərkəzlərdə elə uşaqlar var ki, biz onları tanıyanda, məsələn, 7 yaşında idilər, indi 14-15 yaşındadırlar. Onların inkişafı bizim gözümüz önündə baş verib.
Bu gün həmin uşaqların davranışlarına, əl qabiliyyətlərinə baxanda görürük ki, bir çox məsələlərdə digər uşaqlardan geri qalmırlar. Əksinə, öz istedadlarını üzə çıxarmaq üçün daha çox çalışıb, daha yaxşı nəticələr əldə ediblər”.
"Yaş məhdudiyyəti yoxdur”
Mərkəzdə rəqs, rəsm dərnəkləri var. İki il kompüter dərnəyi də fəaliyyət göstərib.
Mərkəzdə 18 yaşa qədər uşaqlar dərnəklərdən yararlana bilərlər.
Kəmalə Əliyeva bildirdi ki, mərkəzə gəlmək üçün uşaqlar arasında yaş məhdudiyyəti yoxdur: "Dərnəklərimiz ödənişsizdir. Yəni, uşaqların valideynlərindən heç bir ödəniş alınmır. Bakcell şirkətinin maliyyə dəstəyi ilə uşaqların dərnəklərdə istifadə etdiyi ləvazimatlarla – dərs geyimləri ilə, müəllimlər əməkhaqqıyla təmin olunur. Mərkəzə cəlb olunan uşaqların sayı dəyişir. Bəziləri təhsil almağa yollanır ki, onlar azyaşlı uşaqlarla əvəzlənir.
Mərkəzə müraciət edən valideynlərin sayı da günü-gündən artır. Valideynlər bu barədə kütləvi informasiya vasitələrindən, dərnəklərdə iştirak edən uşaqların valideynlərindən məlumatlar alırlar. Biz media ilə mütəmadi əməkdaşlıq edir, onlar vasitəsilə tez-tez məlumatlandırma və maarifləndirmə işləri aparırıq”.
Qeyd edək ki, mərkəzdə daim valideynlərlə də təlimlər aparılır. Mərkəzdə əqli inkişaf geriliyi, autizm və daun sindiromlu olan uşaqlar reabitasiya keçir.
Həftədə iki dəfə hər dəfəsində 1 saat olmaqla, qrup və fərdi məşğələlər keçilir.
Hər uşağa sevgi ilə yanaşıldığını vurğulayan mərkəzin koordinatoru deyir ki, uşaqların ailədən uzaq düşməməsinə çalışırlar: "İstəyirik uşaqlar valideynlərinə böyük problem yaratmasın, ailələr də onları özlərindən kənarlaşdırmasınlar. Biz həm uşaqlara, həm də ailələrə psixoloji dəstək veririk. Tez-tez ailə və uşaqlara təlimlər keçirik”.
Kəmalə Əliyeva UAFA təşkilatına bu cür dəstək verdikləri üçün Bakcell şirkətinə təşəkkür edib: "Şirkət hər zaman bizi dəstəkləyir. Bura gələn uşaqlar sağlamlığı məhdud olanlardır. Artıq onlar rəsm çəkməyi, rəqs etməyi öyrənib. Bunlarda Bakcell-in rolu əvəzedilməzdir”.
Həmsöhbətim deyir ki, mərkəzdə 6 yaşadək müddət ilkin reablitasiya dövrüdür: "Bu yaş çərçivəsində qrup şəklində məşğələlər keçirilir. Daha sonra onlar dərnəklərə yönləndirilirlər. Həftədə 5 gün səhər saat 9-dan 17.00-dək mərkəz valideyn və uşaqlar üçün açıq olur”.
Rəng duyumları olan uşaqlar
Uşaqlara rəsm çəkməyi öyrədənAğagül Məmmədovlasöhbətdik.
O deyir ki, 7 ildir mərkəzdə uşaqlara rəsm çəkməyi öyrədir: "Uşaqların gözəl rəng duyumu var. Öz üzərlərində işləyirlər. Çəkdikləri rəsmi anlaya bilirlər. İstedadlı uşaqlardılar. Bəzən bir rəsmi bir, bəzən iki dərsdə bitirirlər. Dəfələrlə olub ki, bu uşaqalrın çəkdikləri şəkillər sərgilərdə satılıb. Məqsədimiz odur ki, onlar özlərini cəmiyyətdən kənarda tutmasınlar. Həftədə 2 dəfə rəsm dərsi keçilir”.
"Onlarla işləməkdən yorulmuram”
Mərkəzinrəqs müəlliməsi Rəmziyyə Abbasovada uşaqlardan razıdır. Deyir ki, burdakı uşaqlara müxtəlif rəqslər öyrədilir: "Milli rəqslərə daha çox üstünlük veririk. Mən onlarla işləməkdən yorulmuram. Məqsədim onların ünsiyyətcil olmasına kömək göstərməkdir ki, bir yerə gedəndə sıxılmasınlar. Məsələn, "Nəlbəki” rəqsində oynayan zaman əllərini hərəkət etdirirlər, göz təmasları var. Məşqlər zamanı bir-biriləri ilə dostlaşırlar. Qrup şəklində rəqs edən zaman gülüşləri bütün otağa yayılır. Onlara hind, özbək rəqsləri də öyrədirəm”.
Rəmziyyə Abbasova qeyd edib ki, uşaqlarla birlikdə əl işləri hazırlayırlar: "Könüllü şəkildə həftədə iki dəfə uşaqlarla birlikdə əl işləri düzəldirəm. Onların əl işləri çox gözəldi. Öyrədirəm, toxuyuruq. Həmin əşyaları uşaqların valideynləri ətraflarında olan adamlara sata bilirlər”.
"Sanki dünya mənim olur”
Əlinin nənəsiİradə Nurməmmədovadeyir ki, nəvəsi bura təzə gələndə nitqində qüsur varmış: "6 ildir bura gəlirik. Nəvəmdə irəlləyiş var. Rəqsə gedəndən sonra inkişaf daha çox gözə çarpır. Onun dərnəklərdə qazandığı bacarıq və nailiyyətləri görəndən sonra sevincimiz hədsiz oldu”.
Valideyn Sevda Müslümova deyirki, həkimin məsləhəti ilə iki uşağını da reabitasiya mərkəzinə gətirir: "Həkim dedi ki, uşaqlarda özünə qapanma var. Evdən çölə çıxara bilmirdik. Qərar verdim və reabitasiya mərkəzinə gətirdim. İndi uşaqlarım sözlərini ifadə edə bilirlər. Onları elə görəndə sanki dünya mənim olur. Bu sevinci bizə yaşadan təşkilatçılara təşəkkür edirəm”.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında xoş və yaddaqalan dəyişikliklər yaradan bu layihə çərçivəsində UAFA-nın Gəncə, Xaçmaz, Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində indiyədək yüzlərlə uşaq yeni bacarıqlara yiyələnib, bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda qalib olublar.
Uşaqları sevindirmək gözəldir. Onlar hər bir ölkənin, hər bir xalqın gələcəyidir...











banner

Oxşar Xəbərlər