• çərşənbə axşamı, 16 aprel, 17:23
  • Baku Bakı 19°C

«Gülməkdən öldürəcəm sizi» - Şou-biznes

18.11.14 09:58 3726
«Gülməkdən öldürəcəm sizi» - Şou-biznes
“Gənclik qəzeti”-nin bu həftəki ulduzlu qonağı şoumen, Stand up ustası, hər zaman öz monoloqları ilə insanları güldürən Fərda Xudaverdiyevdir.
- Fərda bəy, sosial şəbəkələrdə baş rola çəkildiyiniz “Xoxan” kino komediyasının anonsları gedir. Yaxın zamanlarda həmin filmin təqdimatının olacağı bildirib. Həmin filmdə tamaşaçıları nə gözləyir?
- “Xoxan” filmi son illər Azərbaycanda çəkilən ən böyük büdcəli filmlər sırasındadır. Büdcədən əlavə həm də sizi əmin edə bilərəm ki, bu ən keyfiyyətli filmlər sırasında öz layiqli yerini tutacaq. “Xoxan” tammetrajlı kino komediya və bədii filmdir. Sözügedən filmin 11 dekabrda Azərbaycanın bütün kinoteatrında, eyni zamanda bölgə kinoteatrında da nümayişi nəzərdə tutulub. Sizi 100 faiz əmin edə bilərəm ki, siz bu filmi izləyərkən gülməkdən öləcəksiniz. Filmin rejissoru Samir Kərimoğludur. Filmdə əsas rolları Ələsgər Məmmədoğlu, Elməddin Cəfərov, bloqqer Aynur, aparıcı Şəhriyar Əbilov və mən canlandırırıq. Çox zövq alaraq işlədik. Düşünürük ki, filmi dublyaj edib türk və rus kanallarında nümayiş etdirək.
- Həmkarınız Elməddin Cəfərovla düşmən olduğunuz söylənilirdi. Yəqin ki, bu filmdə soyuq münasibətlərə də son qoydunuz.
- “Tək səbr” də səhnəyə çıxdığım bütün kollektivlə işləməyə hazıram. Bizim aramızda heç bir soyuq münasibət qalmayıb. Sadəcə olaraq hamımız verilişdən çıxdıqdan sonra ayrı-ayrı layihələrdə iştirak etdik və hərə öz kollektivini yaratdı. Mən Stand up formatına yönəldim. Elməddin serial çəkilişlərinə başladı. Nəzərinizə çatdırım ki, üzümüzə gələn ildən yeni layihədə “Tək səbr” də çıxış edən iştirakçıları bir arada görə biləcəksiniz. İl yarıma o layihəni sizə təqdim edəcəyik. Onlarla birləşib, tamaşaçılara gözəl filmlər təqdim etmək niyyətindəyik.
- Deyirlər təbii gülüş səhnədən uzaq düşüb. Siz bu fikirlərlə razısınızmı?
- Hər kəsin bir güldürmə metodu var. Əvvəllər televiziyalarda arxiv vardı. Hər bir verilişin kaseti o arxivdə gizlədilirdi. Ancaq indi texnologiya o qədər inkişaf edib ki, hər kəsin evində internet vasitəsi ilə bir arxiv yaranıb. Onlar istədikləri zaman həmin arxivdən lazım olan verilişi izləyə bilirlər. Həmin arxivə baxdıqda bir daha əmin olacaqsınız ki, mən hər zaman insanlara gülüş bəxş etməyə çalışanda əsas məqsədim 3 gün sonra həmin zarafatın unudulmamağıdır. Hər dəfə baxanda onlara maraqlı və yeni zarafat kimi gəlməyini istəmişəm. Kim necə bacarırsa o cür də güldürür. Ola bilməz ki, kiminsə yüksək səviyyədə yumor hissi olsun, ancaq efirdə durub şitlik etsin. Hər bir gülüş ustasının öz tamaşaçısı var. Allah hər kəsin öz xeyrini versin. Ən böyük istəyim odur ki, Azərbaycan yumor tarixində az da olsa izim qalsın.
- Fərda bəy, bəs bu günün gəncləri ən çox nəyə gülürlər?
- Təəssüf ki, hər şeyə. Bu gün gənclər yüngül gülüşlərə daha çox meyllidirlər. Bu günün əksər gənci internet vasitəsi ilə bir-birinə yüngül, gülüş doğurmayan şit hərəkətlərinin videolarını göndərirlər. Hətta mənim özümə belə göndərirlər. Mən həmin videoları izləyəndə gəncləri danlayıram. Çünki bu mənim işimdir. İstəmirəm ki, belə yersiz gülüşləri izləyən yeniyetmə nəslin təfəkkürü izlədiyi videodakı mənasız, şit gülüşdəki kimi formalaşsın. İstəyirəm ki, gənclər rus gülüş ustalarının yumorlarını izləsinlər?
- Bəs türklər?
- Cem Yılmaz xaric türklərin yumor anlayışı məni qane etmir. Çünki onlarda da gülüş kifayət qədər inkişaf etməyib. Onların gülüşləri həddindən artıq cılızdır. İnkişaf etmək üçün yalnız rus kanallarına baxıb, yumorun hansı səviyyədə olduğunu izləyə bilərik. Bu gün Azərbaycan efirində şit zarafatlar baş alıb gedir. Tapıntı olaraq isə rus yumorundan örnək götürməyi məsləhət görürəm. Çünki ruslar heç zaman yüngül, şit yumorlara gülməzlər. 2003-cü ildə mən ləhcə ilə danışırdım. Mən bilirəm ki, tamaşaçılara nə ötürürəm. Mənim danışdığım yumor bu gün bəzi adamlara çatmaya bilər, ancaq 3-4 ildən sonra onlar köhnə videoları izlədikdə danışdıqlarımın fərqinə varacaqlar.
- Sizcə bu günün tamaşaçısı komediyaya yoxsa dram janrına meyillidir?
- Dövrümüzün tamaşaçısı ağlaşmağa daha çox meyllidir, o da yalnız televiziya proqramlarında. Filmlərdə isə dram janrına elə də maraq göstərmirlər. Proqramlarda kiminsə həyatından kədərli fraqment göstərən kimi həmin proqram reytinqləri qırır. Bu gün film olaraq yumora daha çox tələbat var. Neçə illərdir bunu biz özümüz də hiss edirik. Dram janrlı filmlərimizin planını türk serialları doldurub. Türk dili bizə yaxın olduğu üçün hər bir Azərbaycan tamaşaçısının sevdiyi və ruhən bağlandığı teleserialları var. Bizdə də dram janrında seriallar çəkilir. İnşallah, biz bu mərhələni keçib, daha səmərəli və keyfiyyətli filmlər çəkəcəyik. Bizim dram filmlərimizdə bu gün keyfiyyət çox aşağıdır. Əslində kifayət qədər işini bilən, peşəkar aktyorlarımız var. Dram janrında çəkilən seriallarda altı nəfər baş rola çəkilirsə, onlardan ikisi seriala ürəyini qoyub oynasa belə, o dörd qeyri-peşəkar aktyor həmin peşəkar aktyorun oyuynunu məhv edir. Əgər peşəkar aktyorun tərəf müqabili qeyri peşəkardırsa, o zaman həmin aktyorun da, rejissorun da işi öz keyfiyyətini itirir. Ona görə də Azərbaycan tamaşaçıları türk, rus seriallarından bəhrələnir. Çox arzulayırıq ki, biz də işdən çıxanda həvəslə evə tələsərək gedib xəstəsi olduğumuz seriallarımızı izləyək. Yəqin ki, bizə o günləri görmək qismət olacaq.
- Maraqlıdır, hər dəfə səhnəyə çıxdığınızda qarşınıza qoyduğunuz məqsəd insanları güldürməkdir, yoxsa düşündürmək?
- Sözsüz ki, ən birinci məqsəd insanları güldürməkdir. Ancaq paralel olaraq güldürərək heç vaxt insanları düşündürmək olmaz. Çünki insanın beyninin müəyyən hissəsi yumora yönəlib. Tamaşaçı yumoru dinləyərkən onun içərisində bir məna, düşüncə axtarmamalıdır. Fəlsəfəni yumorun elə bir yerində basdırmalısan ki, o evə getdikdə həmin fəlsəfə ona çatsın. Tamaşaçını düşündürmək üçün başqa janr var. Yumor insanları güldürmək və həftə ərzində yığdığı o gərgin stressdən azad etməkdir. Gülüş başqa bir dünyadır. Güldürərək düşündürmək mümkün deyil. O zaman gərək bir söz deyib kənarda dayanasan. Stand upda hər şey ardıcıl olaraq gəlir. Biz tamaşaçılara mesajlarımızı da yumor vasitəsi ilə ötürürük. Satira Azərbaycanda çox çətin qəbul edilir. Güldürə-güldürə onu tamaşaçıya çatdıranda tamaşaçı onu yaxşı qəbul edir.
- Danışdığınız yumora özünüz gülürsünüz?
- Heç zaman öz yumorumu izlədikdə gülməmişəm. Bilirəm gülməlidir, ancaq gülmürəm. Tamaşaçı qədər ona gülə bilmirəm. Mən o yumoru yazanda maksimum gülümsəyə bilərəm. Yazanda bilirəm ki, bundan daha gülməli mövzular var, ancaq mən onları niyə tapa bilmirəm, deyə düşünürəm. Səhnədəki duruşum, mimikam mənə çatmır. Halbuki onun fanatı olan insanlar var. Mən onların hamısının önündə baş əyirəm. Bilirlər ki, məndə yaltaqlıq yoxdur. Yıxılsaq da, dursaq da həmin tamaşaçılar sözün həqiqi mənasında bizi sevirlər.
- Sizin davamçınız olmaq istəyən gənclərə sözünüz nədir?
- Hazırda mənə gənclər tərəfindən çoxsaylı məktublar gəlir. Gənclər istəyirlər ki, mən onlara ustad dərsi keçim. Ancaq mənim geniş bir məkanım yoxdur ki, orada toplu halda uşaqlara dərs keçim. Bu mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmək istəyirəm. Əgər Stand up formatını Azərbaycanda inkişaf etdirmək üçün, öz adımdan xahiş edirəm ki, bizə balaca bir teatr versinlər. Nazirliyin nümayəndələrinə onlara iki-üç ay ərzində Azərbaycan səhnəsinə istedadlı Stand upçılar yetişdirəcəyimə söz verirəm. Təəssüf ki, mənim bir balaca ofisim var və orada da işlərimi güclə çatdırıram. Çox istəyirəm ki, uşaqlara bu sənəti öyrədim. Stand up formatını Azərbaycana ilk gətirdiyim üçün mənə nə qədər müraciət olunursa, onu bir mən, bir də Allahım bilir. Sevinirəm ki, gətirdiyim bu format düzgün şəkildədir. Gənclər bu sahəyə çox meyillidirlər. Sizin qəzetiniz vasitəsi ilə həmin o gənclərə demək istəyirəm ki, mənim həqiqətən vaxtım yoxdur. Mənim o qədər vaxt, məkanım yoxdur ki, sizi o qədər geniş bir məkana toplayıb öz biliklərimi sizinlə bölüşüm. Əslində istedadlı gənclər çoxdur. Onlara yön göstərmək lazımdır. Efirə çıxan gənclər isə tanınmaq məqsədi ilə çıxdıqları üçün o da heç bir effekt vermir. Əgər bizim kiçik bir teatrımız olsa, bütün tamaşaçılara o şirin virusa yoluxduracağıma söz verirəm. Bizə vaxtında dəstək duran olmadı. Biz güclə, tənqidlərə məruz qalaraq bu pilləyə qədər gəlib çıxdıq. Əgər bu Allah-talanın verdiyi bir istedaddırsa, nə üçün bunu bölüşməyək?
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər