• çərşənbə axşamı, 23 aprel, 20:50
  • Baku Bakı 20°C

Gülməkdən öldürəcək filmlər gəlir

18.11.14 12:26 6723
Gülməkdən öldürəcək filmlər gəlir
Gərgin iş həftəsindən sonra yaxşı istirahət hər zaman arzulanandır. Mədəni istirahətin bir növü də kinoteatra getməkdir. Hazırda paytaxtımızda fəaliyyət göstərən bir neçə kinoteatrda ən yeni filmlər (premyeralar) nümayiş olunur və olunmaqdadır. Bu ekran əsərləri son vaxtlaradək rus və ya ingilis dilində yayımlanırdı. İyulun 15-dən isə ölkədəki kinoteatrlarda filmlər Azərbaycan dilində (o cümlədən subtitrlə) nümayiş etdirilir.
Danılmaz faktdır ki, bu gün Azərbaycan kinoteatrlarında türk kinolarına maraq daha çoxdur. Yerli filmlərə isə maraq o qədər də yüksək deyil. Ancaq son bir neçə həftədir ki, yeni çəkilən komediya filmləri - “Xoxan”, “My name is İntiqam” və “Bozbash Picture” sosial şəbəkələrdə böyük maraq doğurub. “Bozbash Picture” hələ tam hazır olmasa da, hər zaman o personajların tamaşaçıları bol olub.
Bu gün sosial şəbəkələrdə daha çox gənclərin müzakirə obyektinə çevrilən sözügedən filmlər üzümüzə gələn həftədən tamaşaçıların öhdəsinə veriləcək. Kinoteatrlardan aldığımız məlumata görə, son üç film barəsində artıq 2 həftədir ki, kassaya müraciətlər olunur. Sözügedən filmlərin satışı yaxın bir neçə həftə ərzində reallaşacaq. Böyük tamaşaçı kütləsi toplayacağı güman edilən filmlərin yerli kinoteatrlarda nümayişi istənilən hallarda təqdirəlayiqdir. Biz də filmlərdə əsas obrazların qəhrəmanlarının və eləcə də yaradıcı heyətin yeni filmlərdən gözləntilərini öyrənməyə çalışdıq.
Ya yerli filmlərə tələbat yoxdur, ya da...
“Xoxan” filminin əsas qəhrəmanlarından biri olan aktyor Elməddin Cəfərov bizimlə söhbətində yeni filmlərin tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu bildirdi: “Çəkdiyimiz filmlərə tamaşaçıların nə qədər maraq göstərdiyini yalnız “Youtube”-da izləmək mümkündür. Görünür ki, filmin fraqmanı həqiqətən çox izlənilib. Filmi çəkərkən belə ümid edirdik ki, bu film tamaşaçılar üçün çox maraqlı olacaq. Çünki son zamanlar yerli filmlərimiz çox az çəkilir. Bu da insanlarda iki fikir oyadır – ya yerli filmlərə tələbat yoxdur, ya da ki, tamaşaçı bizim filmləri sevmir deyə kinoteatrlarımızın yolunu unudublar. Biz də bir-birimizdən, yəni digər çəkiliş truppalarından xəbərsiz halda qərara gəlmişdik ki, komediya üslubunda film çəkək. Sonradan öyrəndik ki, həmkarımız Müşfiq Şahverdiyevin baş rolda çəkildiyi “My name is İntiqam” filmi bizdən daha öncə çəkilib. Ondan sonra bizim iştirakımızla “Xoxan” filmi çəkildi. Bizdən sonra isə tamaşaçıların sevimli personajları olan “Bozbash Picture”-nin qəhrəmanları yeni film hazırlayıblar. Bu filmlərin kinoteatrlara yol tapması sevindirici haldır. Düşünürəm ki, sözügedən filmlər tamaşaçılar tərəfindən seviləcək və böyük uğur qazanacaq”.
E.Cəfərov yerli filmlərimizin türk filmləri ilə rəqabətə girəcəyini də istisna etmədi: “Adi türk komediya filmi olan “Receb İvediki” həddindən artıq tamaşaçı izlədi. Həmin filmi izlədikdə görürük ki, o qədər keyfiyyətli film olmasa da, reytinqlərdə birincidir. Elə bizim tamaşaçılar da o filmə böyük maraq göstərmişdi. Ona görə bizdə belə bir sual yarandı ki, nə üçün Azərbaycan filmi bu qədər izlənilməsin? Halbuki biz həmin səviyyədə, keyfiyyətdə olan filmləri gözüyumulu çəkərik. Həm aktyor, həm rejissor, həm də texniki baxımdan hər şeyimiz var. Hətta Azərbaycanda ondan da keyfiyyətli filmlər çəkmək mümkündür. Düşünürəm ki, yeni çəkilən komediya filmləri Azərbaycan tamaşaçılarını kinoteatra aparmağı bacaracaq və bu digər filmlər üçün də bir təkan olacaq”.
Bir neçə həftədən sonra nümayiş olunacaq “Xoxan” filminin fərqliliyindən danışan aktyor Azərbaycanda ilk dəfə olaraq belə bir səs effektinə malik film çəkildiyini deyir: “Qüsurlarımız olsa belə, düşünürəm ki, yavaş-yavaş biz bu qüsurları da aradan qaldıracağıq. Dekabrın 8-9-da filmin qala gecəsi keçiriləcək. “Xoxan” filmi Azərbaycanın bütün kinoteatrlarında nümayiş olunacaq. Hazırladığımız filmi türklərin “Kutsal damacana”-sına bənzətsələr də, bu heç də həmin filmə bənzəmir. “Xoxan” əslində bir amerikan filmidir. İtalyanlar, türklər, farslar və digər ölkələrin hamısı məhz o amerikan filmindən yararlanıb. Orada filmin strukturu, janrı məhz qorxu, dəhşətdir. Ancaq biz bunun komediya tərəflərini göstərməyə çalışmışıq. Bizim çəkdiyimiz səhnələr “Kutsal damacana”-da demək olar ki, yoxdur. Türklər o səhnələri çəkə bilməyiblər. Çünki o səhnələri çəkmək çox çətindir. Demirəm ki, türklər filmin həmin səhnələrini çəkməyiblər, sadəcə çəkə bilməyiblər. Biz buna cəhd etdik və normal da alındırdıq. Bizim çəkdiyimiz film “Kutsal damacana” ilə eyni tərəziyə qoyulası film deyil. Bu, qat-qat həmin filmdən üstün olan bir işdir. Təbii ki, filmlərdə bənzərliklər var. Çünki onlarda da qorxu və komediya var. Hesab edirəm ki, bu film Azərbaycan kinosuna yeni bir nəfəs gətirəcək. Bizim filmimiz Türkiyədə nümayiş olunacaq. İlk dəfədir ki, Azərbaycan filmi türk kinoteatrlarında nümayiş olunacaq. Biz heç zaman xarici filmləri yerli kinoteatrlarımızdan sıxışdırıb çıxara bilmərik. Bu mümkün deyil, çünki xarici filmlər heç zaman kinoteatrlardan uzaqlaşmır. Ancaq yaxın illərdə biz xarici filmlərlə rəqabətə girəcəyik. Yaxın bir neçə il ərzində Azərbaycan tamaşaçısı kinoteatrlara üz tutacaq”.
Noyabrın 28-i partlayış olacaq
Tanınmış gülüş ustası Müşviq Şahverdiyev də baş rola çəkildiyi “My name is İntiqam” filminin böyük rezonans doğuracağını qeyd etdi: “Çəkilişlər Lənkəran şəhərinin Təngivan kəndində aparılıb. Tamaşaçılar üçün maraqlıdırsa ki, İntiqam niyə öz adını ingilis dilində deyir, o zaman 5-6 manatdan keçib kinoteatra gəlsinlər, səbəbin öyrənsinlər. Mən sizi əmin edirəm ki, bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli film olacaq”.
28 noyabrda Nizami kinoteatrında qala gecəsinin olacağını deyən Müşviq çox həyəcanlıdır: “Nəticənin nə olacağını səbirsizliklə gözləyirik. Noyabrın 28-i Nizami Kino Mərkəzində filmimizin qala gecəsi olacaq. Həmin gün də filmin ideya müəllifinin - Fariz Əliyevin doğum günüdür. Söz verib ki, bizi kinodan sonra “Avtoş” dönərxanasına aparacaq (gülür). İnanıram ki, tamaşaçılar tərəfindən noyabrın 28-i partlayış və anşlaq olacaq. Ümumiyyətlə, bu filmə marağın çox olacağını ümid edirik. Mənim tək narahatlığım İlkinlə, tərəf müqabilimlə bağlıdır. Çünki bu roldan sonra qorxuram ki, İlkində realda da dəyişikliklər olsun (gülür). Camal, Bəxtiyar və Zaman qardaşlarımın da bu filmdə əziyyətləri böyükdür. Onu da qeyd edim ki, filmimizə texniki dəstəyi “Azəri Prodoction” edib”.
Filmin ssenaristi Fariz Əliyev isə bildirdi ki, bu film komediya filmlərinin ən yaxşısı olmaqla yanaşı, unudulmaz olacaq: “Müşviqlə yanaşı, İlkinin də rolu maraqlı və qəribədir. Onun elə bir rolu var ki, bu film sözün əsl mənasında möcüzə yaradacaq. Həmin personajın İlkin möhürünü qoyacaq. Filmdə işlənən ifadələr, fikirlər dillərə düşəcək. Mənə ssenarini yazmaqda Ənvər və Samid də kömək edib. Çalışmışıq ki, hər şey uğurlu olsun. Filmdə talış dilində sözlər var və onlar dublyor vasitəsilə tərcümə olunub”.
Ssenarist Ənvər Abbasov isə çəkilən filmlərin çox maraqlı olduğunu, böyük tamaşaçı auditoriyası toplayacağını dilə gətirdi: “Filmləri izlədikdə, onların türklərin çəkiliş stilində olduğunu görəcəksiniz. Tamaşaçıda elə bir təsəvvür yaranacaq ki, sanki bunu türk ssenaristi yazıb və türklər çəkib. Amma bunu öz rejissorlarımız və ssenaristlərimiz hazırlayıb. “MY name is İntiqam” filmində saf, rayon uşağı olan İntiqam gülməli videosunu “Youtube”-a yerləşdirir və bu ən çox baxılan video olur. Orada da ən çox baxış olan videoya pul verilir. Bakıda təşkilatçılardan biri istəyir ki, İntiqamı paytaxta gətirsin, onun başını aldadıb pulunu əlindən alsın. Paytaxtda çox maraqlı hadisələr baş verir. Film 28 noyabrdan Nizami kinoteatrında nümayiş olunacaq”.
Gülüş ustası Fərda Xudaverdiyev bizimlə söhbətində bildirdi ki, baş rollardan birinə çəkildiyi “Xoxan” filmi son illər Azərbaycanda çəkilən ən böyük büdcəli filmlər sırasında yer alıb: “Büdcədən əlavə, həm də sizi əmin edə bilərəm ki, bu ən keyfiyyətli filmlər sırasında öz layiqli yerini tutacaq. “Xoxan” tammetrajlı kinokomediya və bədii filmdir. Sözügedən filmin 11 dekabrda Azərbaycanın bütün kinoteatrlarında, eyni zamanda bölgə kinoteatrlarında nümayişi nəzərdə tutulub. Sizi 100 faiz əmin edə bilərəm ki, bu filmi izləyərkən gülməkdən öləcəksiniz. Filmin rejissoru Samir Kərimoğludur. Filmdə əsas rolları Ələsgər Məmmədoğlu, Elməddin Cəfərov, bloqqer Aynur, aparıcı Şəhriyar Əbilov və mən canlandırırıq. Çox zövq alaraq işlədik. Düşünürük ki, filmi dublyaj edib türk və rus kanallarında da nümayiş etdirək”.
Kənan M.M.-in rejissorluğu ilə “Bozbash pictures” filminin də yaxın günlərdə kinoteatrlara təqdim olunacağı söylənilir. Nə deyək, təki, kinoteatrlarımız yerli filmlərimizlə dolub-daşsın. Bizə isə yalnız və yalnız uğurlar arzulamaq qalır. Filmləri izlədikdə “güləcəyik”, yoxsa “gülməkdən öləcəyik” - onu da zaman göstərəcək.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər