• çərşənbə, 24 Aprel, 08:40
  • Baku Bakı 13°C

Güllü Muradova ilk albomunu təqdim etdi

10.07.13 16:35 3313
Güllü Muradova ilk albomunu təqdim etdi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində yeni bir albom təqdimatı keçirildi. “Muğam müsabiqəsi 2007”-nin qalibi Güllü Muradova “Qarabağdır məkanım” adlı ilk albomunu mətbuat nümayəndələrinə təqdim etdi. Muğam ifaçısı ilk albomunu qəzəl ustadı Mir Həmzə Seyyid Nigarinin xatirəsinə həsr edib.
Çıxışı ilə utancaq, səmimi ifaçı təəssüratı bağışlayan Güllü Muradova bundan sonra yaradıcılığı ilə daha çox məşğul olacağını və yeni mahnılar üzərində işləyəcəyini söylədi: “Alboma 10 mahnı daxil edilib. Burada xalq mahnıları, təsniflər və başqa türk musiqisi yer alıb. Qəzəllərin mövzusu əsasən dini mövzularda seçilib. Albomumdakı musiqilərin ərsəyə gəlməsində “Xarı Bülbül” muğam qrupunun bədii rəhbəri Əliağa Sədiyev və səs rejissoru Vilayət Qəhrəmanzadə mənə çox yardımçı olub. Buna görə onlara təşəkkürümü bildirirəm. Son bir ildir ki, bu diskin hazırlıqları üzərində çalışıram. Alboma daxil etdiyim mahnılarda Mir Sədi Ağa, Mir Həmzə Seyyid Nigari, Mir Paşa Ağa və Mir Məhəmməd Ağanın şeir və qəzəllərindən istifadə etmişəm. Diski tamaşaçılara tez təqdim etmək istəmirdim. Özüm diskin hazırlıqlarını rahatlıqla görürdüm. Belə ki, gec də olsa yaxşı iş təqdim etmək istəyirdim. Təkcə albomla kifayətlənmək istəmirəm, işlərimin davamı olacaq. Yayın sonunda diskə daxil olan mahnılardan birinə klip çəkdirməyi düşünürəm”.
Tədbirdə çıxış edən tarzən Əliağa Sədiyev xanəndəni yeni albomun ərsəyə gəlməsinə görə təbrik etdi: “Güllü disk hazırlamaq təşəbbüsü ilə çıxış edəndə, mən bunu çox xoş qarşıladım. Hazırlıq proseslərində fikir verirdim ki, işinə çox məsuliyyətlə yanaşır. Çox gözəl bir disk alınıb. Güllünü təbrik edirəm. Əgər Güllü xanıma belə gözəl bir işin ərsəyə gəlməsində hansısa köməyim dəydisə, özümü xoşbəxt hiss edirəm. Hər şeydən öncə bu, Azərbaycan musiqisi üçün bir töhfədir. Güllünün albomlarının davamlı olmasını diləyirəm”.
G.Muradovanın səhnəyə yaraşdığını deyən xalq artisti Nəzakət Teymurova onu təbrik edərək, ifaçı ilə birgə iş birliklərinin olacağını söylədi: “Səhnə üçün Güllüdə hər bir potensial var. Mənim üzərimə düşən nə köməklik varsa, çalışacam ki, onun yaradıcılığının inkişafı üçün əlimdən gələni edim. Güllü ilə yeni işlərimiz də olacaq. Hələ ki bu haqda ətraflı danışmaq istəmirəm. Bunun üçün biz yeni mövsümü gözləyəcəyik. Onun yaradıcılığına da böyük hörmətim var. Güllünün səs diapazonunu və tembrini çox bəyənirəm. Ona bol-bol uğurlar arzulayıram”.
Onu da qeyd edək ki, tədbirdə gəc xanəndəyə dəstək olmaq üçün Ə.Sədiyev və N.Teymurova ilə yanaşı, əməkdar artist Firuz Səxavət, tanınmış teleaparıcı Səxavət Nur, jurnalist Azər Nəsibov və başqaları da iştirak edirdilər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər