• çərşənbə, 17 Aprel, 02:51
  • Baku Bakı 14°C

Güllər aləmində bir gün - Reportaj - Fotolar

15.09.16 14:56 16092
Güllər aləmində bir gün - Reportaj - Fotolar
Özəl günlərdə olduğu kimi, ilk dərs günündə də ən çox yada düşən gül dükanları olur. Hər bir valideyn birinci sinfə gedən övladının qonşunun uşağından geri qalmaması üçün ona bir dəstə gül verib məktəbə yola salır. Gül dükanlarında isə qiymətlər bayramdan bayrama dəyişir. Adi günlərdə təxminən 2 manata satılan bir qızılgül bayram vaxtı, eləcə də ilk dərs günü olur 4 manat.

Bu vəziyyət paytaxtın əksər gül mağazalarında müşahidə edilir. Mövcud durumla maraqlanmaq üçün son zamanlar adını daha çox eşitdiyimiz "Edelveiss” gül dükanına yollandıq. Burada rəngarəng güllərin olduğunu gördük. El dilində desək, mağazada "iynə atsan, yerə düşməzdi”. Yeni dərs ili başladığından məktəblilərin valideynləri burada böyük izdiham yaratmışdılar. Məlum oldu ki, bəzi gül salonlarından fərqli olaraq, burada "Bilik günü” ilə əlaqədar sərfəli kampaniyalar var. Ona görə də müştərilərin sayı-hesabı yoxdur.

Bizi gül salonunun satış meneceri Nicat Məmmədov qarşıladı. O, "Bilik günü” münasibəti ilə keçirilən kampaniyalardan, vətəndaşların tələbatından bəhs etdi. Bildirdi ki, yeni tədris ilinin başlaması ilə bağlı olaraq 25 manatdan 100 manata qədər olan gül dəstələri hazırlayıblar: "Güllərimiz Hollandiyadan və Ekvadordan gətirilir. Dekorativ gülləri Hollandiyadan, qızıl güllərin əksəriyyətini isə Ekvadordan gətiririk. Vətəndaşlarımız daha çox Hollandiya gülləri istəyirlər. Ötən 2-3 ilə nəzər salsaq, görərik ki, bizdə daha çox qızılgüllərə tələbat olub. İndi isə müasirliyin və zəmanənin tələbi ilə istəklər dəyişib. Əvvəllər qırmızı və ağ qızılgül daha çox satılırdı. Son modellər avropasayağı olduğu üçün dekorativ və rəngli güllər daha çox alınır. Azərbaycanda ən çox satılan güllər dağ (çöl) çiçəkləri və zərif qızılgüllərdir”.

Menecerdən yerli güllərimizin nə üçün gül dükanlarını ələ ala bilməməyini də soruşduq. N.Məmmədov bildirdi ki, yerli dükanlarımızda özümüzün qızılgüllərimiz olsa da, onlar Azərbaycanın tələbatını ödəmir. Bundan başqa, həmin güllərin ömürləri də az olur. Onu alıb saxlamaq gül dükanlarına sərf etmir. Əgər Ekvador gülü 10 gün qalırsa, Bakıda yetişdirilən güllər 3 gündən artıq qalmır. Güllər müəyyən edilmiş temperatur şəraitində saxlanmalıdır.

Hər cür gül növünə rastladığımız "Edelveiss” gül dükanında ən ucuz güllərin qiyməti 2-3 manat ətrafında dəyişir. Ən baha gül isə Pion gülüdür. Bu gül 16 manata satılır.

Müsahibimiz dedi ki, alıcılar yeni dərs ilinin başlaması münasibəti ilə müəllimlərə əsasən yaz çəmən çiçəkləri alırlar: "Müəllimlərə qızılgül alan yoxdur. Onlar üçün alınan güllərin qiyməti 20-30 manat arasında dəyişir. Biz də bütün təbəqələrin nümayəndələrini nəzərə alaraq kampaniyalar təşkil etmişik. Bunu etməkdə məqsədimiz maddi vəziyyəti aşağı olan insanların da gül ala bilməsinə şərait yaratmaqdır. Hər zaman çalışırıq ki, təqdim etdiyimiz qiymətlər insanların ciblərinə uyğun olsun”.

Gül salonlarında hazırlanan güllərin dekorasiyalarına gəlincə isə satış meneceri vurğuladı ki, gülün alıcıya təqdim edilməsi ümumi işin gedişində böyük rol oynayır. Onlara təqdim edilən dekorasiya nə qədər gözoxşayan və dəbə uyğun olarsa, müştəri də o qədər davamlı müraciət edər: "Salonumuzda çalışan insanlar işlərinin peşəkarlarıdır. Onlar 8-10 ildir ki, bu işlə məşğuldurlar və işlərinin öhdəsindən layiqincə gəlirlər”.

Mağazaya gələn müştərilərlə də söhbət etdik. 2 oğul anası İlahə Məmmədova deyir ki, bu il oğlunun biri birinci, digəri isə üçüncü sinfə gedəcək. İki gül dəstəsi almaq istədiyini deyən İ.Məmmədova az pulla iki buket almaq üçün bu məkana üz tutduğunu bildirir: "Sosial şəbəkələrdən gül salonlarındakı qiymətlər ilə maraqlanırdım. "Edelveiss”də "Bilik günü” üçün kampaniyalarla tanış oldum və dəyərləndirmək qərarına gəldim. Burada 25 manatdan 2 buket gül alacam. 25 manatlıq gül buketinin içərisində hər rəng və növ gül olduğu üçün həm cibimizə uyğundur, həm də gözəl görünüşü var”.

Taleh Atakişiyev adlı müştəri böyük qızının birinci sinfə getdiyini və ondan çox valideynlərinin həyəcan hissi keçirdiyini qeyd etdi: "Bu gün qızım birinci sinfə gedəcək. Onun üçün hər şey almışıq. Bircə gül qalıb və bu da son mərhələdir. İndi elə bir zəmanədə yaşayırıq ki, gülsüz mümkün deyil. Bizim dövrümüzdə isə belə deyildi. Gülləri həyətdən yığıb müəlliməmizə aparırdıq. Heç aparmasaydıq da olardı. İndi isə hər şey dəyişib. Bizim borcumuz da övladlarımızın tələbatlarını ödəməkdir. Biz də bunun üçün əlimizdən gələni edirik”.

Taleh bəy dedi ki, özəl günlərdə gül salonlarına yaxın getmək olmur: "Adi günlərdə qızılgül 3 manat olursa, nədənsə gül salonlarında həmin gün qızılgülün qiyməti 5 manat olur. Bunun üçün biz də tanınan və qiyməti sabit olan gül salonlarına üz tutmağa çalışırıq. Gül seçərkən isə təkcə gülü seçib əlində aparmaq da olmaz. Gərək onu elə bəzəyələr ki, göz oxşasın. Güldən çox onun dekorasiyasına baxırlar”.

Gül dükanını tərk edərkən yolda yaşlı bir xanımın əlində bir qızılgül harasa həvəslə getdiyini gördük. Yol yoldaşı olduğumuz Leyla Sarıyevanın sevincinin səbəbini soruşduq. Bildirdi ki, bu gün nəvəsi Orxan Sarıyev 4-cü sinfə gedəcək. "O, artıq böyük oğlan olub” - deyərək qürurla nəvəsinin şəklini bizə göstərdi. Dedi ki, nəvəsi 4-cü sinifdə oxuduğu üçün nədənsə məktəbə gül aparmağa həvəsi yoxdur. Orxan valideynlərinə məktəbdə oğlan dostlarının buna pis baxdığını və oğlanın kiməsə gül verməsinin mənasının yalnız sevgi olduğunu düşündüyünü deyib. Əlində bir tək qızılgül tutaraq həvəslə: "Bunu mənə nəvəm hədiyyə edib”,- deyən Leyla xanımın nəvəsi gül dükanına gedərək müəlliməsinə deyil, məhz nənəsinə gül alıb. 4-cü sinif şagirdi Orxan nənəsinin dünyanın ən yaxşı müəllimi olduğunu deyərək, xərcliyi ilə yığdığı pula aldığı gülü təqaüdə çıxmış, bir zamanlar ibtidai sinfə dərs deyən L.Sarıyevaya verib. Məhz bu səbəbdəndir ki, onun simasındakı sevinc hissi kənardan belə duyulurdu.

Leyla xanım deyir ki, onların dövründə müəllimlərə gül hədiyyə etmək kimi bir adət olmayıb. Təkcə 8 Martda bir-iki valideyn müəllimlərə çay dəsmalı hədiyyə edər, ya da bir məhrəba ilə təbrik edərmiş: "İndi zəmanə dəyişib. Hansı müəllimə məhraba aparsan, onu uşağın başına çırpar. Bu günün müəllimləri də, uşaqları da tamam başqa cürdür”
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər