AZE | RUS | ENG |

Güləşimizin sabit oğlanı - Portret

Güləşimizin sabit oğlanı - Portret
Onun uğur üslubu hücumdur

Güləşdəki nüfuzumuz əvvəllər bəzi adlara söykənirdisə, 2008-ci ildən komanda şəklində dünyanın ən güclüləri sırasında yer almağa başladıq. Bu dövrdə ümumkomanda hesabında dünya birincisi, sərbəst güləşdə bir dəfə olimpiya, bir dəfə isə Dünya Güləş Birliyinin hesablama sistemi ilə dördilliyinin zirvə yarışının ən yaxşısı olduq. Həm sərbəst, həm yunan-romaçılarımız dünya kubokunu qazandı, dəfələrlə mükafatçılar sırasında yer aldılar. "Qızıl dövr"ün bütün illərində isə Cəbrayıl Həsənovun xüsusi imzası var.
 
Namiq Abdullayevin izi ilə
 
Cəbrayıl İlham oğlu Həsənov 1990-cı ildə Astara rayonunun Suparıbağ kəndində dünyaya gəlib. Güləşə başlamasında əsas rolu atası oynayıb. Olimpiya çempionumuz Namiq Abdullayevin uğurları minlərlə valideyn kimi İlham Həsənovu da övladını güləşə meylləndirməyə sövq etmişdi. Ata, Abdullayevi daim oğluna nümunə göstərir, onun davamçısı olmasını istəyirdi. Cəbrayıl da getdikcə güləşə daha möhkəm bağlanır, atasının arzusunu reallaşdırmaq üçün əlindən gələni əsirgəmirdi.

Böyük idmançı olmaq arzusu Cəbrayılı 2001-ci ildə Bakıya - Respublika Olimpiya İdman Liseyinə gətirir. Bölgədən paytaxta gələn əksər yeniyetmə idmançılar kimi, o da ilk vaxtlar çətinliklərlə üzləşir. Məhrumiyyətlər hətta bir ara fikrini yayındırır, kəndə qayıtmağı, məşqlərini əvvəlki qaydada orda davam etdirməyi düşünür. Zaman keçdikcə, Cəbrayıldakı potensialı görən liseyin rəhbəri Rasim Muradov onun xüsusi istedadlar qrupuna daxil edilməsi ilə bağlı göstəriş verir və beləliklə, problemləri böyük ölçüdə həll olunur.

Bundan başqa,  o, təcrübəli güləş mütəxəssisi Aslan Ağayevin məşqlərində iştirak edirdi.
 
 

Nadir temp
 
2005-ci ildə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, mərhum Xosrov Cəfərov Cəbrayılı Albaniyada keçirilən Avropa birinciliyi üçün heyətə cəlb edir. O, bu yarışda üçüncü olmaqla, elə ilk cəhddəcə etimadı doğruldur. Bununla da yerli güləş ictimaiyyətinin nəzərini cəlb edir. Növbəti il gənclər arasında keçirilən analoji yarışda bu nəticəni təkrarlayır. Sonrakı iki ildə də gənclərdə dünya və Avropa çempionatlarının mükafatını qazanır.

2009-cu ildə böyüklərdən ibarət milinin məşqçilər korpusu təcrübəli güləşçilərlə birlikdə onu da Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Avropa çempionatına aparmağı qərarlaşdırır. Yığmamızın, tarixdə ilk dəfə 4 qızıl medalla komanda hesabında birinci olduğu əsas qitə yarışında Cəbrayıl yalnız finalda Pekin olimpiadasının vitse-çempionu ukraynalı Andriy Stadnikə məğlub olaraq, gümüş medal qazanır. Bir neçə ay sonra isə Türkiyədə təşkil olunan gənclərin dünya birinciliyində ən güclü olur.

2010-cu ildə paytaxtımız tarixdə ikinci dəfə Avropa çempionatına ev sahibliyi etdi. 20 yaşlı Cəbrayıl isə artıq komandanın əsas "qızıl" ümidlərindən sayılırdı. Yunan-Roma və qadın sərbəst güləşçilərin uğur estafetini kişi sərbəst güləşçilərin ilk yarış günündə Həsənov maksimum nəticə ilə davam etdirdi.

Cəbrayıl həmin il Moskvada keçirilən böyüklərin dünya çempionatında üçüncü, növbəti il Dortmundda təşkil olunan əsas qitə yarışında ikinci dəfə Avropa çempionu olmaqla, ona bəslənən ümidlərin əbəs olmadığını artıqlaması ilə sübut edir. 2011-ci ilin sentyabrında İstanbulda baş tutan London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında növbəti dəfə bürünc medal qazanaraq, dördilliyin zirvə yarışına vəsiqəni təmin edir.

Sadalanan nəticələri qazanarkən, sadəcə 21 yaşı var idi. Bu, nəinki Azərbaycan, dünya güləşi üçün nadir temp hesab olunurdu.
 

 
Üzücü London xatirəsi
 
Cəbrayıl London olimpiadasına yola düşən 53 nəfərlik idmançı heyəti arasında ən çox ümid bəslənilənlərdən biri idi. Lakin arzulanan medal son anda əldən buraxıldı. O, yarımfinalda Yaponiya, üçüncülük görüşündə isə Kuba güləşçisinə uduzaraq, olimpiadanı beşinci pilləni tutdu.

Kubalı güləşçiyə məğlubiyyətin ssenarisi isə olduqca üzücü alındı. Belə ki, Həsənov sonuncu 5 saniyəyədək hesabda üstün idi.
 
Yeni çəkidə uğurların davamı və "Tərəqqi" medalı
 
London olimpiadasından sonra Cəbrayıl çəkisini 74 kiloqrama qaldırır. Rio olimpiadasınadək dünya çempionatlarında mükafata layiq yer tutmasa da, medal kolleksiyasına qitə yarışlarının üç mükafatını əlavə edir. Bunlardan biri də tarixdə ilk dəfə Bakıda təşkil olunan Avropa oyunlarının bürünc medalı idi. Həmin nəticədən sonra Həsənov dövlət başçısı İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olundu.
 
İtirilən "qızıl", çıxarılan dərs
 
Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya yarışı ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatı idi. Mundialda ilk beş yer lisenziya qazandırırdı ki, Cəbrayıl burada 1/8 finalda əzəli rəqibi rusiyalı Anuar Geduyevə məğlub oldu.

İkinci cəhddə isə istəyini reallaşdırdı. Serbiyada təşkil olunan Olimpiya təsnifat turnirində ən güclü oldu.

Olimpiya ilinin əvvəlində qazandığı növbəti qitə "gümüş"ü ilə Rio olimpiadasında mükafatlara iddialı olduğunu bir daha nümayiş etdirdi. Olimpiada ərəfəsi keçirilən yüksək səviyyəli hazırlıq bütün komanda yoldaşları kimi onun da potensialını xeyli gücləndirmiş, eyni zamanda, məsuliyyətini artırmışdı. Cəbrayıl mükafat qazanmağı həm özü, həm də vətən qarşısında borc hesab edirdi.

Daha yüksəyinə layiq olsa da, Həsənov minimum hədəfə çatır. İlk iki görüşdə, müvafiq olaraq, Venesuela və Gürcüstan təmsilçilərini vaxtından əvvəl məğlub edərək, yarımfinala yüksəlir. Burada isə onu əzəli rəqib Anuar Geduyev gözləyirdi. Cəbrayıl üçüncü cəhddə rusiyalı rəqibini məğlub etməyə çox yaxın olsa da, son anda Geduyev üstünlüyü ələ keçirir. Burada müəyyən qədər hakimlərin yanlış qərarları da rol oynamışdı.

Həsənov əvvəlki olimpiadadan dərs çıxardığı üçün psixoloji cəhətdən özünü üçüncülük görüşünə hazırlayır, özbəkistanlı Bexzod Əbdürrəhmanov üzərində qələbə ilə Azərbaycana növbəti medalı qazandırır.

O, bu anları belə şərh edir: "Rusiyalı güləşçi ilə görüşdə özümə arxayın idim. Lakin hakimlər görüşü çox saxladılar. Bir az soyudum, həyəcandan, bir az boş dayanmaqdan tonusumu itirdim. Bununla belə, hesab 6:4 xeyrimə olmalı idi. Ancaq hakimlər 5:4 etdilər, özü də onun xeyrinə. Rəqibim 3-4 dəqiqə istirahət etdi və özünə gələrək, psixoloji cəhətdən toparlandı. Bu məğlubiyyət məni ruhdan salmışdı. Məşqçilər lazımi psixoloji dəstəyi verib, məni ruhlandırdılar. 4 il əvvəl son anda medalı əldən vermişdim. Hardasa həmin olimpiadanın acı xatirələri mənə enerji, güc-qüvvət verdi".
 

 
Kapitan
 
Rio olimpiadasından sonra əfsanəvi pəhləvanımız Xetaq Qazyumov karyerasını bitirir ki, nəticədə onun daşıdığı kapitan missiyası Cəbrayıla həvalə olunur. Artıq 2 ildir ki, komandanın kapitanıdır. Bu müddətdə o, IV İslam Həmrəyliyi Oyunlarının və Avropa çempionatının bürünc medalını boynundan asıb.
 
"Geri çəkilmək olmaz"
 
Cəbrayıl haqqında şəxsi məşqçisi, hazırda qadın sərbəst güləşçilərdən ibarət yığmamızın baş məşqçisi olan Aslan Ağayev danışır: "O, həm də qohumumdur. Körpəliyindən tanıyıram. İlk vaxtlardan istedadını görürdüm. Fiziki cəhətdən çox güclü uşaq idi. Buna görə də uğurları yeniyetməliyindən başladı. Qısa müddətdə bütün yaş kateqoriyalarında nailiyyət qazandı.

Əvvəldən bir çatışmayan cəhəti var, o da hesabda öndə olarkən, müdafiəyə çəkilməsidir. Hər güləşçinin bir uğurlu üslubu var, Cəbrayılda bu, hücumdur. Nə vaxt ki, sonadək hücum taktikası seçir, görüşü qazanır. Görəndə ki, müdafiəyə çəkildi, sakitcə üzümü çevirib, gedirəm. Hər dəfə deyirəm ki, Cəbrayıl, geri çəkilmək olmaz.
Amma bu da var ki, həmin an meydanda baş verənləri idmançının özündən yaxşı heç kim bilmir. Özü də artıq kifayət qədər təcrübəlidir.

Cəbrayılı bütün planlarda məndən yaxşı heç kim tanıya bilməz. Tam səmimi deyirəm, qızıl oğlandır. Hər zaman yerini bilib, heç vaxt sadəliyini itirməyib, ulduz xəstəliyinə tutulmayıb. Böyükdən-kiçiyə hamının hörmətini saxlayıb.

Razıyam, qoy şəxsi məşqçi kimi mənim yox, başqasının adı qeyd olunsun, mənə orden, medal, pul mükafatı verməsinlər, amma o, karyerasını olimpiya zirvəsində bitirsin. Cəbrayıl ən yüksək məqamlara layiqdir".
 

 
7 illik həsrətin sonuna doğru
 
Cəbrayıl son illər Avropa çempionatlarında fəxri kürsünün daimi sakini, o cümlədən, müxtəlif beynəlxalq turnirlərin dəfələrlə qalib və mükafatçısı olsa da, artıq 7 ildir ki, mundiallarda fərqlənə bilmir. Oktyabrda isə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Yüksək səviyyədə hazırlıq keçən sərbəst güləş komandamızın digər üzvləri kimi Cəbrayıl da medal qazanacağına inanır. O, hazırkı formasının bunun üçün yetərli olduğunu düşünür.
 
Rekordçu

O, əsas qitə yarışlarında qazanılan mükafatların sayına görə, kişi sərbəst güləşində ölkə rekordçusudur. 2015-ci ildə Avropa Oyunlarında əldə etdiyi bürünc medalı da nəzərə alsaq, indiyədək 7 dəfə qitənin ən güclülərinin yarışında fərqlənib. Ümumən isə 8 Avropa mükafatı qazanmış qadın sərbəst güləşçimiz Mariya Stadnikdən geri qalır.

Bu nəticələri üç fərqli çəki dərəcəsində(66, 74, 79) qazanıb ki, bu da sərbəst güləşdə ölkə rekordu deməkdir.
 
Ata nisgili

Cəbrayılın bugünkü səviyyəyə çatmağında atasının rolu böyükdür. Lakin çox əfsus ki, İlham Həsənov oğlunun böyük uğurlarını görmədən, 2007-ci ildə cəmi 40 yaşında dünyasını dəyişib.

Cəbrayıl hisslərini belə ifadə edir: "Atam məni böyük idmançı kimi görmək istəyirdi. Tale elə gətirdi ki, o, sadəcə, yeniyetməlikdə qazandığım nailiyyətləri gördü. Amma inanıram ki, onun ruhu indi şaddır. Mən hər yarışda onu qəlbimdə hiss edirəm. Bu, mənim gücümə güc qatır".
 
 

Nümunəvi idmançı

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, eyni zamanda, sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov Cəbrayılı nümunəvi idmançı hesab edir: "Onu əbəs yerə komandanın kapitanı təyin etməmişəm. O, buna nizam-intizamı, yüksək əxlaqi keyfiyyətləri ilə nail olub. Vətəninə, dövlətinə bağlı insandır. Dünya miqyasında çəkisi olan, fəxr ediləsi güləşçidir. Hələ bundan sonra da sözünü deyəcəyinə şübhə etmirəm".
 
Portret

Cəbrayıl həm də Dövlət Sərhəd Xidmətinin zabitidir. Zabitə xas keyfiyyətləri güləş xalçasına da sirayət edib. Vətənpərvərdir. Son dərəcə intizamlı, təmkinli, hər cür çətinliyə qatlaşan xarakterə malikdir. Sabit təbiəti idman nəticələrində də əksini tapır. Bir sözlə, kumiri, canlı əfsanəmiz Namiq Abdullayevin çox xüsusiyyətini özündə daşıyır. Qalır olimpiya çempionluğu.

Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000