• cümə axşamı, 28 mart, 13:19
  • Baku Bakı 16°C

Güləşimizin “buzqıran gəmi”si - Portret

25.05.15 06:05 2529
Güləşimizin “buzqıran gəmi”si - Portret
Ötən ay Los-Anceles şəhərində sərbəst güləş üzrə yığmamız Dünya Kubokunda iştirak etdi. Bürünc medallara sahib çıxan komandamızın bu uğurunda əsas pay heç kimin gözləmədiyi bir nəfərə düşdü. Rusiyalı rəqibini böyük fərqlə yenən Cəmaləddin Məhəmmədov həm 125 kq çəki dərəcəsində, həm də millimizin üçüncülük mübarizəsində qələbəni aktivinə yazdı. Bir neçə ildir komandamızın əsas üzvlərindən olan ağırçəkili pəhləvan onu tanımayanlara bir mesaj vermiş oldu. Belə güləşçi ona yazı həsr edilməsinə layiqdir. Özü də yalnız bir görüşdəki qələbəsinə görə yox.
Damarlardakı güləş
14 mart 1989-cu ildə Mahaçqalada anadan olan Cəmaləddin ən kiçik vaxtlarından idmana həvəs göstərir. Qardaşı, atası güləşdiyindən o da bu istiqaməti özünə yol kimi seçir. Təkcə ailə yox, ümumiyyətlə, ətrafındakı insanların əksərinin güləşçi olması, bu idmanla məşğul olması təsirsiz ötüşmür. Bir növü güləşməmək, məşqə getməməyin ayıb sayıldığı yerdə başqa cür ola da bilməzdi. Dağıstan, Azərbaycan, ümumilikdə Böyük Qafqazda tatami üzərinə çıxmaq qanda, damarda var. İlk olaraq məktəblərarası turnirlərə qatılan Cəmaləddin təcrübə topladıqca şəhər, sonra isə respublika səviyyəsində yarışlarda gücünü sınayır. Hər dəfəsində daha yaxşı, daha güclü güləş nümayiş etdirir. Bu istedad Rusiya milli komandasının məşqçiləri tərəfindən də tez sezilir. Ancaq gənclər arasında turnirlərdə etimad göstərilib böyüklərin mübarizəsinə qatılmaq imkanının verilməməsi Məhəmmədovu qane etmir. Pekin Olimpiadasına aparılacaq siyahıda adlarını görməyən Şərif Şərifov və o… Azərbaycandan gələn təklif tam yerinə və düzgün vaxtına təsadüf edir. Hər ikisi tez qərar qəbul edərək Bakıya üz tutur. Cəmaləddin bunu “ikinci yox, birinci olmaq istəyirdim” cümləsi ilə ifadə edir. Elə Şərif də bu cür düşünürdü. O, Londonda qızılı boynundan asdı. Cəmaləddinə isə növbə bu gedişlə Rio-De-Janeyroda çatacaq.
Avropa və dünya çempionatlarında qələbələr
Cəmaləddinin beynəlxalq yarışlardakı çıxışı enişli-yoxuşlu alınıb. 18 yaşından qatıldığı bir çox mötəbər turnirlərdə tatami üzərinə çıxan güləşçi həm uğurları, həm də gözlənilməz uğursuzluqları ilə yadda qalıb. 2009-cu ilin iyununda gənclər arasında Avropa çempionluğunu, cəmi iki ay sonra isə dünya birinciliyində ikinciliyi bayram edib. Daha sonra müxtəlif dövrlərdə böyüklər arasında Avropa çempionatında iki dəfə bürünc, “Qızıl Qran-Pri”lərdə gümüş və bürünc medallar, “Vatslav Siolkovski” və “Dan Kolov” kimi böyük nüfuza malik turnirlərdə qızıl medal da onun boynundan asılıb. 2011-ci ildə dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxan Məhəmmədov, Dünya Kuboklarında da iki dəfə eyni nəticəni göstərib. Bununla yanaşı, üçqat Azərbaycan çempionu və Kubokunun sahibi də olan ağır çəkili güləşçinin medal kolleksiyası yetərincə zəngindir. Təbii ki, London Olimpiya Oyunlarındakı uğursuzluğu ön plana çıxarmaq düzgün olmazdı. İlk cəhddən çempionluq çox az hallarda yaşanır və ikinci şansı hər kəs haqq edir. Los-Ancelesdəki son Dünya Kubokundakı çıxışı göstərdi ki, Cəmaləddin buna layiqdir.
Əsl kişi!
Kubokdakı həmin görüş bir məqamla da yadda qaldı. Rus rəqibini 12:1 hesabı ilə darmadağın edən Cəmaləddin haqda ən vacib sözləri məşqçisi Firdovsi Umudov dedi. Daha doğrusu, qışqırdı. Qələbə elan olunan kimi təcrübəli mütəxəssis bütün zalın eşidəcəyi şəkildə “Kişi! Əsl kişi! Camal kişidir!” deyə səsləndi. Avropa, dünya və Olimpiya çempionlarına məşqçilik etmiş birindən bu sözləri eşitmək üçün bunu haqq etmək lazımdır. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Zədələr seriyası
Yəqin ki, həmkarları arasında onun qədər zədə alan biri yoxdur. Çox çətin zamanlarda, gözlənilməyən məqamlarda vacib yarışlardan kənarda qalan Məhəmmədov bəxtindən şikayətlənə bilər. Hətta bir dəfə dünya çempionatına yola düşməzdən son məşqində zədələnib və bütün planlar alt-üst olub. Bəzən 2, bəzən 4 ay, bəzən də daha çox müddətə tatamidən kənarda qalan Cəmaləddinin geri dönüşü, formasını bərpa edib mübarizəyə yenidən qoşulması alqışlanmalıdır. Buna həm fiziki, həm də psixoloji hazırlıq gərəkdir. İnsanın dəfələrlə eyni problemlə üzləşməsi onun mənəvi sabitliyini poza, pis nəticələr gətirib çıxara bilər. Ancaq yazımızın qəhrəmanı hər zədədən sonra güləş sevgisini daha çox alovlandırıb, geri dönüb, taleyə “mən hələ təslim olmamışam” sözünü deməyi bacarıb. Uğursuzluqların da, uğurların da kökü məhz bundadır. Bədəninin “xəyanət”inə uğrayan güləşçi həm xalçada, həm də ondan kənarda həyat döyüşünü davam etdirib.
Hədəf
Təbii ki, mübarizə müəyyən hədəf uğrunda aparılır. Və bu hədəfin ən alisi Olimpiya Oyunlarıdır. Cəmaləddin bir dəfə yan keçdiyi, bir dəfə də uduzduğu bu böyük idman bayramında üçüncü, bəlkə də sonuncu şansını sınamaq istəyir. İstəyir ki, istedadlı və əzmkar biri olduğunu, problem və çətinliklərə sinə gərməyinin əbəs olmadığını sübut etsin. Hə, bir də Avropa Oyunları var.
Avropa Oyunları çox vacibdir
Cəmaləddin üçün Bakıda keçiriləcək ilk Avropa Oyunları böyük əhəmiyyət daşıyır. Onun fikrincə, bu yarış çox vacibdir: “Doğma divarlar arasında güləşmək çox xoş, eyni zamanda da məsuliyyətlidir. Avropa Oyunlarının ilk dəfə məhz bizim ölkədə keçirilməsi də qeyd olunmalıdır. Biz idmançıların üzərinə düşən əsas iş bacardığımızın maksimumunu ortaya qoymaq, var gücümüzlə mübarizə aparmaqdır. yalnız bu yolla biz qələbə qazana bilərik. İnanıram ki, məhz belə də olacaq. Azərbaycan idman ölkəsidir. Həm bunu, həm də ölkənin adət-ənənələrini, tarixini, mədəniyyətini dünyaya nümayiş etdirmək imkanımız var. Mən də bu işdə öz güləşimlə buna bir qatqı edə biləcəyəmsə, çox sevinərəm”.
Risksevər pəhləvan
Ən ağır çəkidə güləşməsi Məhəmmədovun tatamidəki tərzinə öz təsirini göstərib. Burada fiziki hazırlıq böyük önəm daşıyır. Çünki rəqiblər ağır və güclüdürlər. Onlara qarşı tatamidə keçirilən hər dəqiqə çox çətinliklə başa gəlir. Gündəlik 5-6 saatlıq məşqlər, aramsız təlim-məşq toplanışları da bir yerə qədər bəs edir. Məhz belə məqamlarda taktiki gedişlər ön plana çıxır. Cəmaləddin bu baxımdan maraqlı addımlar atır. Müdafiə olunmaqla güc itirməkdənsə, hücuma keçməyi, qələbəni belə qazanmağı üstün tutur. Bu zaman ayağa girmə fəndlərindən çox istifadə etməsi də gözdən qaçmır. Təbii ki, bu, riskdir. Ağırçəkili pəhləvanların döyüşündə ani ehtiyatsızlıq məğlubiyyətə bərabərdir. Məhəmmədov bu riski gözə alaraq güləşir. Görünən odur ki, seçimi düzgündür. Çünki bu tərz ona yetərincə titul gətirib.
Stereotipləri qırmaq üçün oxu!
“Savadlı idmançı olmur!” Olmur? Yanılırsınız, olur. Bu, bir stereotipdir və Cəmaləddin Məhəmmədov onu qıranlardan biridir. Özü də deyir ki, idmançılara olan bu, bəlkə də yersiz “ittiham”ı qəbul etmək istəmir. Məhz buna görə də məşqlərinin arasına təhsilini də sığışdırıb. Məktəbdə yaxşı oxuması ilə yetinməyən güləşçi, ali təhsil almaq üçün çox çalışıb. Moskva Dövlət Avtomobil-Yol Texniki Universitetinin Mahaçqala filialını bitirib. Cəmaləddinin fikrincə, təhsil, savad, dünyagörüşü bir idmançının tam şəxsiyyət kimi formalaşmasında vacib məqamdır. Görün özü sadə bir misalla bunu necə əsaslandırır: “Məktəbdə oxuyanda həmişə düşünürdüm: bu ingilis dili mənim nəyimə lazımdır? Mahaçqalada böyüyən birinin, idmançının nəyinə gərək olacaq bu? Kiminlə danışacağam ki? İndi dəqiq deyə bilərəm: yaxşı ki, oxumuşam. İldə bir neçə dəfə xaricdə səfərlərdə - yarışlar, toplanışlarda oluruq. İngilis dili isə ümumi dildir. Küçəyə çıxıb adicə yolu soruşmaq istəyəndə məktəbdəki günlərim yadıma düşür. Həmin bu bilik hesabına “ortadan qalmaq”dan qurtula bilirəm. Odur ki, heç bir şey səbəbsiz deyil. Bu yazını oxuyanlar, xüsusilə də gənclər varsa, qulaqlarını açıb yaxşı eşitsinlər: oxumaq lazımdır! Təhsil həmişə köməyinizə gələcək”.
Portret
Üçqat Olimpiya çempionu Aleksandr Medved bir dəfə onun haqda danışmış, çox güclü idmançı olduğunu qeyd etmişdi. Sözlər əbəs deyildi. Belə təcrübəli mütəxəssisdən bunu eşitmək nadir haldır. Cəmaləddin Məhəmmədov əla güləşçi, əsl idmançıdır. Həyatını buna həsr edib. Aramsız zədələr, problemlərə güc gələrək sınmaz ruha malik olduğunu göstərə bilib. Möhkəmdir, böyük əzmi hesabına maneələri aşır. Lap qütbə doğru irəliləyən buzqıran gəmi kimi. Sakit, təmkinli, ancaq çox əzəmətli.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər