• cümə, 29 Mart, 05:44
  • Baku Bakı 7°C

Gülər Əhmədovanın məhkəməsidir

23.01.14 12:07 1058
Gülər Əhmədovanın məhkəməsidir
APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov vəsatətlə çıxış edib. O, Gülər Əhmədovanın dəmir barmaqlıqlar arasında çıxarılaraq vəkili ilə yanaşı oturmasını istəyib.
Hakim isə bildirib ki, G. Əhmədovanın mühafizəsi və təhlükəsizliyi ilə Penitensiar Xidmət məşğul olur. Qeyd olunub ki, təhlükəsizlik və mühafizə məqsədilə bu vəsatət təmin olunmur.
G. Əhmədova isə bildirib ki, dəmir barmaqlıqlar arasına salınması ona psixi təsir formasıdır: “Bakı İstintaq Təcridxanasında dələduzluqda təqsirləndirilən kifayət qədər xanım var. Heç biri dəmir barmaqlıqlar arasına salınmır. Mən hər vəziyyətdə dövlətçiliyi dəstəkləyən adamam. Burda əyləşənlər dostlarım və ailə üzvlərimdir. Biz Avropa Konvensiyasına uyğun olaraq bu vəsatəti qaldırırıq”.
Hakim isə bu vəziyyətin daha məqsədəuyğun olduğunu deyib.
Vəkil daha sonra prosesdə audio və video yazılışın aparılması barədə vəsatət qaldırıb.
G. Əhmədova isə deyib ki, birinci instansiya məhkəməsi zamanı mətbuatda bəzi yanlış məlumatlar yer alıb: “Jurnalistlər nə eşidirdilərsə, onu yazdıqlarını deyirdilər. Bu məsələ ictimaiyyətin marağındadır. Xahiş edirəm, çəkiliş aparılmasına müsbət cavab verilsin. Burda gizli nəsə danışmırıq”.
Hakim bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu vurğulayıb: “Müxbirlərin dəftəri, qələmi var, bunu şouya çevirməyə ehtiyac yoxdur. Hər bir şəxs vicdanla yazsın, başqa cür təqdim etməsin. Bizim qərarımız budur ki, nə indi, nə sonrakı proseslərdə auduo və video çəkilişə icazə verilir”.
Sonra vəkil Əfsər Talıbov birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmadığını əsas gətirərək, prosesin istintaqla aparılması barədə vəsatət verib.
Daha sonra G. Əhmədova çıxış edib: “Mən müdafiəçimə təlqin etmişdim ki, məhkəmədə super aktivliyə ehtiyac yoxdur. Elşad Abdullayevin zərərçəkən kimi tanınmaması və mülki iddiasının təmin olunmamasına görə mən çox rahat idim ki, bu işə xitam veriləcək.
Bu gün düşdüyümüz vəziyyət həm qəlizdir, həm də ciddi. Mən burada olmağıma baxmayaraq, hansı qərar verilməsindən asılı olmayaraq, Azərbaycan dövlətçiliyini müdafiə edib, dövlətçiliyə xidmət etməyə hazır olan adamam. Bunu ölənə kimi deyəcəyəm. Xahişlərimdən biri də budur ki, müstəntiq məhkəməyə gəlsin. Soruşmaq istəyirəm ki, hansı təxirə salınmaz hala görə xəstə adamı iki gün saxlayıb gecə vaxtı ifadəsini alırdılar. Mən heç kimdən pul almamışam və aldatmamışam. Dedim ki, yoldaşımın yanında məni həbs etməyin, nə istəyirsiniz, yazacağam.
Sonra da yazdım ki, nüfuzuma xələl gəlməməsi üçün Elşad Abdullayevin tələb etdiyi pulu hissə-hissə qaytararam. Lakin bunu mətbuatda bəzəyib, başqa cür yazdılar. Mən ABŞ səfirliyinə, başqa beynəlxalq təşkilatlara teleqram vurmuşam ki, prosesə gəlsinlər. Görək, hansı əsaslarla məni cinayətkar adlandırırlar? Bəzi jurnalistlər “Gülər parlamenti”, “Mandat alveri” yazıb pul qazanırlar, onlara ayıb olsun. Burada təkcə insan həyatından yox, dövlətçilikdən də söhbət gedir.
Mən sübut etməliyəm ki, günahsızam. Tarix onsuz da bəraətimi verəcək. Sizdən xahiş və tələbim odur ki, şəriət məhkəməsi yox, qanunvericiliyə əsaslanan məhkəmə prosesi keçirilsin”.
Sonra prosesdə fasilə elan olunub.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər