• cümə, 19 Aprel, 17:59
  • Baku Bakı 25°C

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

25.11.13 10:11 1113
Gülər Əhmədovanın məhkəməsi təxirə salındı
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilməli olan proses başlamazdan əvvəl Gülər Əhmədovanın vəkili Əfsər Talıbovun məhkəmə ilə əlaqə saxlayaraq hüzrünün düşdüyünü bildirdiyi elan edilib. Bu səbəbdən məhkəmənin sabaha qədər təxirə salındığı bildirilib.
Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.
Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.
Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər