• cümə axşamı, 25 aprel, 09:59
  • Baku Bakı 14°C

Gülər Əhmədovanın məhkəməsi təxirə düşdü

30.04.14 13:22 1324
Gülər Əhmədovanın məhkəməsi təxirə düşdü
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkillərindən Fazil Nemətov və Əfsər Talıbov iştirak etməyib. Vəkillərdən birinin başqa prosesdə iştirak etdiyi, o birinin isə xəstə olduğu üçün prosesə qatıla bilmədiyi bildirilib.
Gülər Əhmədova məhkəmədən prosesin onların iştirakı təmin olunandan sonra keçirilməsini xahiş edib.
Hakim prosesin sabaha qədər təxirə salındığını deyib. Qeyd olunub ki, vəkillərin prosesdə iştirakına köməklik göstərilməsi xahişi ilə Vəkillər Kollegiyasına müraciət olunacaq.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər