Gülər Əhmədova işə çıxıb

Gülər Əhmədova işə çıxıb

Cəmiyyət
19 Oktyabr 2012, 15:31 2462
Sabiq millət vəkili Gülər Əhmədova bu gün Bakı Dövlət Universitetində (BDU) işə gəlib və dərs deyib. Bu barədə APA-ya BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə məlumat verib. Onun sözlərinə görə, G.Əhmədova bu gün psixologiya fakültəsinin magistraturasında təhsil alan tələbələrə dərs deyib.
Qeyd edək ki, G.Əhmədova sentyabrın 20-dən sonra universitetə gəlməyib. Bu, məlum “video qalmaqalı” ortaya çıxandan sonra onun ilk dərsi olub.
BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə Gülər Əhmədovanın polis nəzarəti altında dərs keçməsi haqqında bəzi saytlarda yayılan xəbəri təkzib edib: “Nə onun dərs keçdiyi auditoriyanın, nə də müəllimi olduğu Psixologiya kafedrasının qarşısında heç bir xüsusi nəzarət olmayıb. Həmişəki kimi növbətçilər dəhlizlərdə sakitliyi təmin edib, universitetin mühafizə xidmətinin əməkdaşları isə tələbə və müəllimlərdən işçi vəsiqəsi və tələbə bileti soruşduqdan sonra tədris binasına buraxıblar. Dərs sakit və normal tərzdə keçib”.