• çərşənbə, 17 Aprel, 03:40
  • Baku Bakı 14°C

Güclü küləklə müşayiət olunan qar, yağış halları artıb

14.12.16 10:47 771
Güclü küləklə müşayiət olunan qar, yağış halları artıb
Azərbaycanda son illər güclü küləklə müşayiət olunan yağıntı halları artıb.
Bunu Trend-ə Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, 2005-ci ilədək çovğun, güclü külək, qasırğa, intensiv yağışlar çox qeydə alınmırdı. Lakin 2005-ci ildən sonra bu kimi təbiət hadisələrinin həm baş vermə halları, həm də gücü artıb:
"Güclü küləklə güclü yağış üst-üstə düşəndə o, daha gözlənilməz nəticələr verir. Əvvəllər belə hallar 10 ildə bir dəfə olurdusa, indi 6-7 ildən bir baş verir".
M.Həsənov əlavə edib ki, güclü küləklə müşayiət olunan yağışın, qarın yağmasında artım bütün ölkə üzrə qeydə alınır. Lakin Azərbaycanın qərb zonasında - Gəncə, Daşkəsən, Goranboyda belə hallar son illər daha çox müşahidə edilir. Bunun əsas səbəbi belə hava kütlələrinin respublikaya daha çox qərbdən daxil olmasıdır:
"Ona görə də ölkəmizdə güclü küləklər ilk olaraq, qərb zonasında müşahidə edilir və tədricən şərqə doğru hərəkət edir. Amma bəzən belə hallar əksinə ola - güclü küləklər ölkəmizə şərqdən daxil ola bilər. Qərbi Sibir ovalığı üzərində formalaşaraq cənub-qərbə doğru hərəkət edən hava kütlələri Xəzər dənizini keçərək Azərbaycana daxil olur”.
M.Həsənov qeyd edib ki, çovğun, güclü külək, qasırğa, intensiv yağış, leysanın Azərbaycan üçün xarakterik olan meyarlarını təyin etmək məqsədilə araşdırmaların aparılması nəzərdə tutulur. Araşdırmalar zamanı bu təbiət hadisələrinin artım səbəblərinin həm nəzəri, həm də praktiki baxımdan tədqiq edilməsi planlaşdırılır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlığa əsasən, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.
banner

Oxşar Xəbərlər