• cümə, 29 Mart, 17:31
  • Baku Bakı 14°C

Güc tətbiq etmədən sülhə məcburetmə

01.10.18 19:11 945
Güc tətbiq etmədən sülhə məcburetmə
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalarda danışıqlar formatının dəyişdirilməsi, qondarma rejimin iştirakı məsələsi və digər bu kimi fikirlər səsləndirməyə başladı. Bir neçə gün əvvəl isə Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüşdən sonra erməni baş nazirin açıqlaması göstərdi ki, danışıqların formatını dəyişmək heç bir halda mümkün deyil və daxili auditoriyaya hesablanmış populizmdir.

Məsələ ilə bağlı Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib ki, Düşənbədə MDB-nin Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub: "Bu, bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır. Eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 26 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi. Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir".

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, MDB dövlət başçıları şurasının Düşənbədə keçirilən sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü baş tutub: "Bu söhbətdən sonra məlum oldu ki, 4 aylıq hakimiyyəti dövründə Paşinyan israrla müdafiə etdiyi tezisdən imtina etdi. Həmin tezisin də mahiyyəti belə idi ki, münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesində Ermənistan və Azərbaycanla yanaşı, üçüncü tərəf qismində qondarma rejim də iştirak etməlidir. Bu tezis səslədiyi ilk gündən Azərbaycanın dövlət başçısı bununla bağlı konkret mövqeyini bildirdi və qeyd etdi ki, bu, bizim üçün qəbul edilməzdir. Biz bu təklifi rədd edirik və münaqişə yalnız Ermənistan-Azərbaycan münaqişəsi olduğundan danışıqlarda qondarma rejimin iştirakı qeyri-mümkündür. Belə olan təqdirdə sual yaranır ki, bu, Paşinyanın nəyinə lazımdır? Məgər o bilmirdi ki, verdiyi təklif qəbuledilməzdir? Paşinyan bunu bilmirdimi? Təbii ki, bilirdi. Paşinyan bu təklifi ilə faktiki olaraq etiraf edir ki, Ermənistanda iki hakimiyyətlilik var. Ali icra hakimiyyəti onun əlindədir, lakin qanunvericilik hakimiyyəti, yəni parlamentin yarısını özünə düşmən hesab etdiyi qüvvələr təşkil edir. Ona görə də iki hakimiyyətliliyə son qoymaq onun bir nömrəli hədəfidir. 2019-cu ilin mayına qədər parlament seçkilərinin keçiriləcəyindən danışan Paşinyan indi israrlıdır ki, hətta bu ilin sonuna qədər seçkilər baş tutsun. Yəni, onun üçün parlament seçkilərinin keçirilməsi həyati əhəmiyyətli məsələyə çevrilib. Bu səbəbdən də Paşinyan maraqlı idi ki, Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı elə bəyanatlar səsləndirsin ki, bunun sayəsində Azərbaycanla danışıqlar baş tutmasın. Özünün güzəştsiz, qətiyyətli siyasətçi obrazını formalaşdırsın və parlament seçkilərini keçirib, qalib gəlsin Onun əsas hədəfi, məqsədi bu idi”.
E.Nəsirovun sözlərinə görə, Düşənbə sammiti çərçivəsində məlum oldu ki, Paşinyan mövqeyini dəyişib: "Onun mövqeyini dəyişməsinin əsas amillərindən biri o olub ki, Azərbaycan prezidenti güzəştsiz, qətiyyətli mövqeyini ortaya qoyub. Paşinyan onun fərqində olub ki, heç bir halda Azərbaycan bu məsələdə güzəştə getməyəcək. İkinci mühüm faktor da o olub ki, Paşinyanın səsləndirdiyi tezisə heç bir dövlətdən, beynəlxalq təşkilatdan dəstək qazanmadı. Əksinə, görünür ki, Paşinyana çox ciddi beynəlxalq təzyiqlər olub. Ona başa saldılar ki, danışıqlardan imtina edilməsi Ermənistana yaxşı heç nə vəd etmir. Çünki danışıqlar olmayacağı təqdirdə ona alternativ aktuallaşır və bu da müharibədir. Müharibə isə bütün regionu alovlandıra bilər. Onu qeyd edim ki, əgər bu olarsa, Ermənistanı çox faciəvi bir sonluq gözləyəcək. Ona görə də Paşinyanın daxili auditoriyaya ünvanlanmış populist mövqeyi öz yerində, amma unutmamalıdır ki, hadisələr müharibə ssenarisi üzrə inkişaf edə bilər. Elə aprel döyüşləri onun üçün ciddi dərsdir. Çoxları təsəvvür edə bilməzdi ki, aprel döyüşləri baş verəcək. Vəziyyət bu şəkildə davam etsə, Paşinyanın keçirmək istədiyi seçkilərin taleyi də sual altında qalacaq. Hesab edirəm ki, bütün bu reallıqlar fonunda Paşinyanın mövqeyində dəyişikliklər baş verib. Minsk qrupu həmsədrlərin də oktyabr ayında regiona səfəri gözlənilir. Düşünürəm ki, həmsədrlərin səfərində əsas məqsəd o olacaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşün yerini və vaxtını müəyyən etsin”.

Millət vəkili, politoloq Hikmət Məmmədov bildirdi ki, Düşənbədə söhbətdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən aprel ayından bəri davam etdirilən sərt ritorikaya son qoyulmuş oldu: "Bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir. Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, formatın dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu. Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Yerevanın üzərindədir. Hazırkı mərhələdə bütün bunlara baxmayaraq, Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır”.
H. Məmmədov qeyd etdi ki, bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır. "Buna paralel olaraq, regionun iqtisadi və sosial–mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki, yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atsın. Bu, hamının xeyrinə olar”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər