GUAM-ın yenidən dirçəldilməsi mümkündürmü?
Uzun bir fasilədən sonra Demokratiya və İqtisadi İnkişaf Naminə
Təşkilat - GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ilk dəfə olaraq
toplantı keçirib. Qurumun yaradılmasının 20 illiyinə həsr olunan sammit Ukraynanın
paytaxtı Kiyev şəhərində baş tutub. Sammitdə GUAM-a üzv ölkələr arasında
iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti
və gələcək strategiyası geniş müzakirə olunub. Sammitdə GUAM-ın əməkdaşlıq
coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması
məsələləri müzakirəyə çıxarılıb. GUAM-a üzv ölkələrin hökumət başçıları
arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət
sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük
prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər
imzalanıb. Məlumata görə, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova arasında bu
ildən Azad Ticarət Zonası yaradıla bilər.
Ukraynanın baş naziri Vladimir Groisman bu görüşü "mühüm” və təşkilat
tarixində "yeni səhifə” adlandırıb. Baş nazir bəyan edib ki, Azad Ticarət
Zonası bu il fəaliyyət göstərə bilər və imzalanan sənədləri "cəsarətli addım”
adlandırıb. "Biz GUAM-ın tarixində yeni səhifə açırıq”, - deyə baş nazir
bildirib. "Biz GUAM çərçivəsində azad ticarət zonasının tətbiqini
sürətləndiririk, nəqliyyat loqistika üçün hansı imkanların olduğunu təhlil
edirik”, - deyə Ukrayna hökumətinin saytında yerləşdirilən xəbərdə bildirilib.
Qəbul edilən yekun bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi
yer verilib. GUAM münaqişələrin davam etməsindən narahatlığını ifadə edir, bu
münaqişələrin üzv ölkələrin davamlı inkişafına maneə olduğunu vurğulayır. Qeyd
olunur ki, GUAM məkanındakı münaqişələr dövlətlərin ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında çözülməlidir və GUAM bu istiqamətdəki
səylərini davam etdirəcək.
Yeri gəlmişkən, sammit dərhal dünya mediasının diqqətinə düşüb. Məsələn,
BBC-də dərc edilən məqalədə göstərilir ki, "qurumda təmsil olunan dövlətlərin
hər biri çox ciddi humanitar və iqtisadi itkilərlə üzləşib öz ərazilərinin bir
hissəsindən məhrum olublar. Həmin ərazilərdə isə separatçı "respublikalar”
yaranıb. Üç ölkə - Gürcüstan, Ukrayna və Moldova bəyan edirlər ki, öz
ərazilərinə nəzarətlərinin itirilməsinə səbəb Rusiyadır”.
BBC-nin müraciət etdiyi ekspertlər GUAM-ın möhkəmləndirilməsi və
nüfuzlu bir təşkilata çevrilməsi perspektivlərinə skeptik yanaşırlar. Ən çox da
üzv ölkələrin ərazisində separatçı qurumların yaranmasından irəli gələn və yaşanan
problemlər, itkilər qabardılır. Məsələn, Moldova Bazar İqtisadiyyatı
İnstitutunun direktoru Roman Kirke apardıqları hesabatı təqdim edir. Burada
qeyd edilir ki, "Dnestryanı Respublika”nın yaranması ilə Moldova ümumdaxili
məhsulunun 40 faizini itirib. Azərbaycan isə separatçı "DQR”in yaranmasından
820 mlrd. dollar itirib. Gürcüstan iqtisadiyyatı 2008-ci il hadisələrindən 2
mlrd. dollar zərərə məruz qalıb. Ukrayna hökuməti isə Krımın işğalından sonra 3
trln. dollar itirib. Lakin ekspertlər bu rəqəmin iki dəfə çox olduğunu
bildirirlər. Hökumətin hesablamalarına görə, Donbas və Luqansk separatçı
qurumlarının yaranması ilə ölkə ümumdaxili məhsulunun 20 faizini itirib.
Gürcüstan baş naziri Georgi Kvirikaşvili də bəyan edib ki, ərazi bütövlüyü GUAM
ölkələri üçün ümumi məsələdir. Onun sözlərinə görə, həlli uzanan münaqişələr
ölkələrin siyasi, iqtisadi və sosial inkişafına mane yaradır. "GUAM-ın səsinin
daha güclü çıxmasına nail olmaq gərəkdir”, - deyə baş nazir bildirib.
Moldovanın baş naziri Pavel Filipp isə bildirib ki, GUAM ölkələri ölkələrdə
suverenliyə təhlükə ola biləcək hallara qarşı birləşməlidir. Lakin GUAM-ın
münaqişələrin həllindəki roluna ekspertlər o qədər də ciddi yanaşmırlar. "Bu
gün GUAM öz potensialına baxmayaraq, ortasürətli perspektivə malik deyil”- deyə
Da Vinci AG analitik qrupunun direktoru Anatoli Baronin bildirir. Ukraynalı
ekspert Aleksey Melnik də bu qənaətdədir. Onun qənaətincə, GUAM-ın
təhlükəsizliklə bağlı perspektiv qiymətləndirmələrinə skeptik yanaşmaq
gərəkdir.
Azər