Göstərilən etimad böyük məsuliyyət yaradır - Fotolar

Göstərilən etimad böyük məsuliyyət yaradır - Fotolar

Təfsilat
11 İyul 2019, 10:15 195
Gəncədən 6 nəfər "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Medalları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təqdim edib. 

Xan-Xoyski Azad Cəfər oğlu, tarix elmləri doktoru, professor Sadıqov Həsənbala Hənifə oğlu, tarix üzrə fəlsəfə doktoru Bağırzadə Cavid Vəkil oğlu, fəlsəfə elmləri namizədi Bayramov Azad Mustafa oğlu, filologiya elmləri doktoru, professor Səmədov Abbas Abbas oğlu, zoologiyanın tədrisi metodikası üzrə fəlsəfə doktoru Şıxzamanlı (Əliyeva) Arifə Bahəddin qızı dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar. 
 
 

Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin Azərbaycan Xalq Cümhuriyəti tarixindəki rolundan söz açıb, Gəncə ziyalılarının tarixin araşdırılması və yaşadılmasındakı önəmindən danışıb. Şəhər rəhbəri təltif olunanları təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzu edib.  
 
 

Fətəli xan Xoyskinin qardaşı Cahangir xan Xoyskinin nəslindən olan Azad Xan-Xoyski qeyd edib ki, layiq görüldüyü bu medal Xoyski nəslinə verilən dəyərin bariz nümunəsidir. Öz tarixi araşdırmalarından soz açan Azad Xan-Xoyski, bu istiqamətdəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib. 
 
 

AMEA Gəncə Regional Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri Həsənbala Sadıqov təltif olunanlar adından ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, göstərilən bu etimad, onların üzərinə həm də çox böyük məsuliyyət qoyur. Bir neçə təkliflə çıxış edən Həsənbala Sadıqov,  Azərbaycan Xalq Cümhuriyyəti və onun Gəncə dövrü ilə bağlı elmi araşdırmalarının yer aldığı kitabları şəhər rəhbərinə təqdim edib. 
 
 

Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Azad Bayramov qeyd edib ki, bu, tək onlara yox, bütövlükdə Gəncə ziyalılarına verilən dəyərdir. "Göstərilən etimadı bundan sonra da doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə o, vurğulayıb. 
 
 

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov medalları sahiblərinə təqdim edib.