• cümə axşamı, 25 aprel, 12:27
  • Baku Bakı 23°C

Görünməyən müqəddəslik

01.11.16 13:32 1323
Görünməyən müqəddəslik
İnsanlıq və insan deyilən, bir-birinə çox zidd olan iki nəsnə mövcuddur. Ziddiyyət hər zaman və hər yerdə olduğu kimi, burada da biri digərini ortaya çıxarmaqla, həqiqəti görüntüləyir.
İnsan insanlığın ziddidir. İnsanlıq isə insanı aşkar edən qarşı səngərdir. İnsan insanlığın dostudur. Ancaq insanlıq bəzən insanın düşmənidir. İnsan Tanrının yaddaş kitabçası, insanlıq isə bu yaddaşı silən, bu kitabı yırtıb tökən bir zehniyyətdir. Əsl insan insanlığa qarşı savaşmır, ona qarşı dayanır. Bu dayanış nəinki onunla savaşmaq, əksinə, ona xidmət etməkdir. Çünki insanın yeganə qurtuluşu da insanlığa xidmətdədir.
Bəs nə zaman və necə qopdu bunlar bir-birindən? Məntiqə görə, kiçik parça böyük parçadan qopar. Belə çıxır ki, insan insanlıqdan qopub? Yox, məntiqi pozmağa gərək yoxdur və bu mümkün deyil. Buradakı böyük parça insanlıq yox, insandır. Deməli, insanlıq insandan qopub. Bu, xilqətin xronologiyasına da uyğundur. Yəni, insan insanlıqdan öncə yaranıb. Fəqət, bu xronologiya bioloji nəsnə deyil. Yəni, biz "insandan insanlıq törəyib” demirik. O zaman insanla insanlıq arasındakı ziddiyyətin əsası olmazdı. Bizim bəhs etdiyimiz şey bioloji yox, mənəvi, ruhi və əqli məsələdir. Əvvəlcə xilqətə ekskurs edək. Əlbəttə, bəlli şeylərdən danışacağıq. Bilinməyən zatən bilinmir. Bilinməsi mümkün olsaydı, bilinərdi. Sirrin sirliyi, açılmasının mümkün olmamağında deyil, anlaşılmasının mümkün olmamağındadır. Sirri sirr edən onu anlamayanlar oldu. Anlayanlar üçün zatən sirr deyə bir şey yoxdur.
Xilqət başdan-ayağa sirr deyil. Sadəcə xilqətin anlaşılmayan tərəfləri var. Ağılla və sözlə məlum olan həvadis xilqətin bilinən tərəfidir. Bilinməyən və deməli ağla və sözə yerləşməyən mətləblər sirdir. Sirrin bir tək qapısı var, o da ağızdır. Ürfan ədəbiyyatındakı "sirri-dəhan" ifadəsinin sirri də burdadır. Ağızdan içəridə olanlar sözə gəlməyənlərdir. Çünki ağlın ilk işə saldığı şey ağızdır. Əgər bir ağız bağlıdırsa, deməli, mütləq o ağız sahibinin ağıldan daha üstün şeyləri var. Susmaq sirr saxlamaq deyil, ifadə edə bilməməkdir. Bu mənada sirr öz-özünə yaranır. Əks təqdirdə məşhur bir şairin dediyi kimi: "Gül qönçədə, söz qəlbdə, mey şişədə qalmaz".
Xilqətin anlaşılan və anladıla bilən tərəfi Xaliqin bütün qəsdinin nəhayətdə öz zatını seyr edə bilməsi üçün ən kamil olan bir varlığı xəlq etməsidir. Bu varlıq, hər zaman deyildiyi kimi, insandır. İnsan yarandığı andan etibarən böyükdür. Çünki böyüklük təkamül nəzəriyyəsinin əksinə olaraq, zaman içərisində, mərhələ-mərhələ olmur. Hərçənd ki, " evolution " sözünü "təkamül" olaraq tərcümə ediblər və bəlkə də özləri də bilmədən ərəbcədəki "kamil" ifadəsi ilə eyni kökdən olan bu sözə müraciət ediblər. Dünyanın həyatı da insanın həyatı kimidir. İnsan doğuluşdan ölümə, gənclikdən qocalığa, gözəllikdən çirkinliyə doğru getdiyi kimi, dünya da kamillikdən tənəzzülə doğru gedir. Bu mənada xilqət kamil yaradılıb. Onu parçalayan, kiçildən, daraldan, eybəcərləşdirən isə zamandır. Həmin zaman ki, materialist təkamül nəzəriyyəsinə görə, insanın böyüməsinə və kamilləşməsinə xidmət edir. Heç mən də idealist deyiləm. Ən azından ona görə ki, bərabər ölçüdə qarşısında dayandığım nəsnə qəbul etmədiyim bir şeydir ki, qəbul etdiyim qəbul etmədiyimlə eyni boyda ola bilməz. Bu, məntiqə ziddir.
Məntiq isə onu deyir ki, xilqət insana kamillik vermək məcburiyyətindəydi. Çünki kamil olan o xilqətə sığmalıydı. Heç bir şeyə sığmayan O, insana sığdı! Belə xilqət necə yarımçıq və zamana möhtac ola bilər? Əksinə, o xilqət üçün zaman mövcud deyildi. Zaman məkanla bir yerdə yarandı. O məkan ki, zamansız bir yerdən xaric olan insanı kiçildərək, ona kamilliyini unutdurdu, onu zamana möhtac etdi. Elə insanlıq da o zaman yarandı. Yarandı və insandan qopdu. Xilqət kamillikdən başqa bir şey olmadığı zaman, insan var idi, insanlıq yox idi. Burada qətiyyən tək bir insandan, Firdövs behiştindəki Adəmdən-filandan söhbət getmir. Elə olsaydı, o zaman insan ölər, yalnızca insanlıq qalardı. Yox, söhbət bu gün də davam edən və zamanla heç bir əlaqəsi olmayan insan və insanlıq, şəsxiyyət və bəşəriyyət qarşıdurmasından gedir. Bəşəriyyət dünyəvi anlayışdır. İnsan isə İlahi anlayışdır. Lakin yenə də qeyd etmək istəyirik ki, insan tək, bəşəriyyət isə cəm halda olan bir şey deyil. İnsanın kamilliyi onun təkliyi, cahilliyi isə icma halında olması deyil. İnsanlıq - yəni bəşəriyyət nəfsin və ağlın meydanıdır. Ağıl və nəfs bir-birini tamamlayır. Ağıllı adamla ağılsızın fərqi ondadır ki, ağılsız adam nəfsinin açıq qurbanına çevrilir və zahirən məhv olur. Ağıllı adam isə nəfsini qanuniləşdirir, üstünlük dərəcəsinə çatdırır, ona haqq donu geyindirir və başqalarını öz nəfsinin qurbanına çevirir. Prinsip etibarilə ağıllı adamla ağılsız arasında elə də ciddi fərq yoxdur. Əksinə, ağıllı adam ağılsızdan daha cahil görünür, çünki ondan daha artıq canavarlaşır. Ağıllı ilə ağılsızın nisbəti materialistlə idealistin, ateistlə dindarın nisbətinə bənzəyir. Nəticədə hər bir ikilinin heç biri üçüncü pillədəki həqiqətə yaxınlaşmır. Həqiqətin isə, məlum olan bircə formulu var: KAMİLLİK. Kamillik isə zamandan və məkandan öncə baş verdiyi üçün zamandan və məkandan sonra əmələ gələn bir şey deyil. İnsan xilqəti kamildir. Bəşəriyyət isə naqisdir. Bəşəriyyəti insan yaratmadı, zaman və məkan yaratdı. Zaman və məkan daxilində Allahdan kənar şeylər çoxdur. Çünki burası Allahdan çox uzaqdır. Getdikcə uzaqlaşan bu proses unutqanlıqla müşaiyət olunur. Unudan isə bəşəriyyət olmur, insan olur. Çünki yaddaş sahibi olan bəşəriyyət deyil, insandır.
Unutqanlıq cahilliyin cövhəridir. Cəhalət unutqanlıqla gəlir. Bu mənada təkamül irəliyə yox, geriyə, özünə qayıdışdır. Əslində isə irəliyə yol yoxdur, çünki geriyə də yol yoxdur. Yol deyilən məvhum dərinliyə və yüksəkliyə doğrudur. Dünya öz ətrafında döndüyü üçün, insan da yola çıxdğı nöqtəyə vardığı zaman öz çevrəsini tamamlayır, yəni kamilləşir. Bəli, kamillik bilinməyən, yeni bir şeylərin ortaya çıxması deyil, mövcuda olan mümkün yaxınlıqdır. Bu baxımdan, insanın ən uzaq düşdüyü və ən çətin, bəlkə də imkansız sayılacaq qədər müşkül məqsudu yenə də özüdür. Özünə, öz sürətinə yetişə bilməkdir kamillik. Dünyanın və bəşəriyyətin əngəllədiyi bu yürüşün mahiyyəti də elə budur. Dünya və bəşər öz işini görür. Onların vəzifəsi budur. İşindən ayrılan, vəzifəsini unudan insandır. Çünki insan daşıyıcıdır. İki həyatı var: biri fani, digəri əbədi. Hansı insana üstün gəlsə və yaxud da insan hansına üstün gəlsə, alın yazısı da odur.
Müqəddəslik qeyri-adi, kəhanət görüntülü (qeybdən xəbər vermək, falçılıq etmək), qeybani bir şey deyil. Müqəddəsliyi bu qədər tanınmaz hala gətirən şey yenə də unutqanlıqdır. Bəli, adəm oğlu hələ səmavi kitablar nazil olmadan, Allahın işarələrlə, rəmzlərlə, dışlanmış seçilmişlərlə danışmaq zorunda qalmadığı zamanlardan çox-çox öncə var idi və Allahdan seçilmirdi. Sonrakı seçilmişlər əvvəlcə Allahdan ayrılıb, bəşərlə birləşən, sonra təzədən bəşərin içindən seçilib öz əslinə, yəni Allaha dönmək istəyənlərdir. Bəli, onlar müqəddəsdir. Lakin nələrin hesabına başa gəldi onlara bu müqəddəslik?! Müqəddəsliyin nə olduğunu, hansı şərtlərlə diri qaldığını bilən heç kimsə müqəddəs olmaq istəməz. Müqəddəslər nəfsinə tamamilə "yox" deyənlərdir, əzəl günün peymanını, anası-babası Allah olan əsil-nəcabətini unutmayanlardır. Mərkəzi və nüvəsi cazibə qanununa tabe olan dünya həyatının inanılmaz, ağır basqısı altında qorxusundan mələk olmağa qərar verənlərin içindən seçilib, daha doğrusu özünü seçib insan olanlardır müqəddəslər!
Onlar dünyanı gizlədirlər, dünya onları.
Onlar dünyadan qorxmur, dünya onlardan qorxur.
Allah onları dünyaya gətirir, onlar Allahı.
Onlar Allahdan gəlir, dünya Allahdan gedir.
Onlar dünyanın zahirini deyil, batinini, dünya isə onların batinini deyil, zahirini görür.
Onlar dünyaya dost olsalar da, dünyasız yaşaya bilirlər. Dünya isə onlara düşmən olsa da, onlarsız yaşaya bilmir.
Onlar birləşdirir, dünya bölür.
Onlar kamillərin ümid yeridir, dünya cahillərin yaşam yeri.
Onlar zahirdə fani, batində əbədi, dünya isə zahirdə əbədi, batində fanidir.
Dünya bəşəriyyətin vətənidir, onların sürgün yeridir.
Dünya hər kəsi ağladıb, onları isə güldürüb, yola salır.
Onlar dünyanı unudur, dünya onları unutmur.
Onların qəlbi Allahın əlindədir, dünyanın qəlbi onların.
Onlar istəməsə də dünyanı alar, dünya istəsə də onları ala bilməz.
Onlar zəiflərin, dünya güclülərin yanındadır.
Onlar zəifləri güclü, dünya güclüləri zəif edir.
Hər ikisi - onlar da, dünya da bilir ki;
Əvvəl Allah, axır Allah,
Batin Allah, zahir Allah,
Yoxdur ondan başqa kimsə,
Tək bir Allah, "təkbir Allah"!
Rəhim oldu, Rəhman oldu,
Sultan oldu, Sübhan oldu,
Görünməkçün insan oldu,
Tək isimdə min bir Allah.
Meyxanədə döndü meyə,
Sirxanədə döndü neyə,
Hər nəsnəyə, hər bir şeyə
Qadir Allah, qadir Allah!
Bu səbəbləri idrak etdiyinə görə, insan müqəddəsdir. Xilqətin səbəbi olduğu kimi, səbəbin də xilqəti vardır. Çünki səbəb də bir ehtiyacdan doğur. Səbəbdən əvvəlki xilqət gizlidir, səbəbdən sonrakı xilqət aşkardır. Çünki ikincinin səbəbi var. Gizli olan şey səbəbin səbəbidir. Zatı düşünmək bu mənada insanı zındıq (kafir,dinsiz) edər. Çünki düşüncə kamilləşmənin ən aciz şəklidir. İnsan düşünürsə, deməli, axtarır. Axtarırsa, deməli, itirib. İtirmək isə həmin unutqanlıqdır ki, möhtəşəm insanı zavallı bəşərə çevirir. Düşüncə insanı tək qoyur, əlsiz-ayaqsız edir. Ona görə yox ki, insan düşünməməlidir. Sadəcə, insan özünü, öz müqəddəsliyini kəşf etməlidir. Bunun da düşüncə, bilgi ilə mümkün olmayacağını görüb, ən yaxın yola girməyə çalışdılar. Dinlər icad etdilər, insanlara ibadət yapdırdılar. Bu zindanda hər kəsin bir azca huzur bulmasını istədilər. Ancaq heç kim bu zindandan xilas olmaq istəmədi. Başa düşmədilər ki, qurtuluş Allaha yaxınlaşmaq deyil, özünə yaxınlaşmaqdır. Allaha yaxınlaşmaq istədikdə, özündən qopursan, özünə yaxınlaşdıqda isə Allaha qovuşursan. Kamilləşmək tərki-dünyalıq deyil, "tərki-divi-nəfsdir" (C. Mürtəzaoğlu). Çünki dünya yoxdur, nəfs var. Dünya özü bir aldanış, bir sərab olduğu üçün ondan qopmaq istəmək də bir xəyaldır. Dünyanı əldə etmək qədər onu tərk etmək də imkansız bir şeydir. Ona görə yox ki, dünya bir müəmmadır. Xeyr, dünya sadəcə olaraq, yoxdur. Var olan üç şeydir: Allah, insan və nəfs. İnsan Allahdan, nəfs insandan yarandı. Buna görə də nəfs insanlaşdığı zaman, insan Allahlaşır. İnsanın Allahda əriməsi üçün nəfsin insanda əriməsi lazımdır. Allah, insan və nəfs olduğu müddətcə dünya var olacaq. Dünyanı ədalətə çatdırmaq istəyənlər özlərini Allaha çatdırsınlar. Müqəddəslərin yolunu gözləyən zavallılar öz qəlblərinin pas atmış, şeytanın hörümçək toruna bənzəyən kirli oyun qurduğu tozlu qapılarını açsınlar. O zaman gözlədikləri müqəddəslik gizləndiyi yerdən çıxacaq. Dünyanı qurtarmaq istəyənlər getdikcə özündən uzaqlaşan geri zəkalı cahillərdir. İnsanı qurtarmaq üçün insan öldürənlər, dini qurtarmaq üçün din öldürənlərdir Allahı qabardıb, insanı gizlədənlər. Bunlar Allahdan bəhs etdikcə, Allah görünməz olacaq. Bunlar "Allah var" dedikcə, Allah yox olacaq. Çünki onların bəhs etdiyi Allah sadəcə olaraq, o deyil. Vəssəlam. Məşhur bir filmdə deyildiyi kimi, "yanlış numara".
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər