AZE | RUS | ENG |

Görünən kəndə nə bələdçi? - Fotolar

Görünən kəndə nə bələdçi? - Fotolar
Və ya radikal müxalifətçilərin sosial şəbəkədə özünüifşası

Müxalifət adına iddia edən, özlərini demokratik qüvvələr adlandıranların bir-birinə qarşı dözümsüzlüyü, qarşılıqlı ittihamları, hətta tərəflərin ən təhqiramiz ifadələrlə qarşısındakıları təhqir etdiyini dəfələrlə qeyd etmişik. Təqribən iki həftə bundan öncə də "REAL-la AXCP-nin trol davası” adlı yazımızda (kaspi.az/az/real-la-axcp-nin-trol-davasi-fotolar/) tərəflərin öz aralarındakı münasibətləri sosial şəbəkəyə daşıdığını da vurğulamışdıq. Konkret faktlara istinad edərək bildirmişdik ki, bizim müxalifət, xüsusən də radikal kəsimin fikir mübadiləsi, müzakirə aparmaq mədəniyyəti yox səviyyəsindədir. Müxaliflər nəinki hakimiyyətdəki opponentləri fikir söyləyəndə, hətta öz düşərgələrində yer alanlarla da müzakirə aparanda mədəni, səviyyəli, düşünülmüş fikir mübadiləsi edə bilmirlər. Fərqli fikir söyləyən adam həmin andan etibarən xəyanətdə, satqınlıqda ittiham olunur. Sosial şəbəkə üzərindən aparılan müzakirələr zamanı müxalifət düşərgəsində təmsil olunanlar bir-birlərinə qarşı şərəf və ləyaqəti alçaldan təhqiramiz ifadələri işlətməkdən çəkinmirlər. Bir sözlə, müxalifət adına iddia edən bu kəsim mübarizə və müzakirələrini də küçə təfəkkürü səviyyəsində aparır. 
 

Söylənilənlərə daha bir nümunə kimi müxalif fikirli şəxs kimi tanınan Media Hüququ İnstitutunun rəhbəri, hüquqşünas Rəşid Hacılının yanvarın 31-də yazdığı bir statusu və onun ətrafında aparılan müzakirələri göstərə bilərik. Belə ki, R.Hacılı öz "Facebook” profilində Əli Kərimli, AXCP və Milli Şuraya qarşı son dövrlər sərt tənqidi hücumların ara vermədiyini yazıb. O, həmin tənqidçilərdən birinin bu barədə dilə gətirdiyi arqumentləri əsaslı və ciddi hesab etmədiyini, bununla belə, bu tənqidlərin niyə ara vermədiyinin səbəblərini düşünməyə başladığını qeyd edib. Bildirib ki, bütün bu fəallığın arxasında gözəgörünməz əl durduğu fikrindən uzaqdır. Eyni zamanda ehtimal edib ki, bu hücumların ard-arda gəlməsi, üst-üstə düşməsi təsadüfdür. Yəni, hər kəsin öz haqq-hesabı var, sadəcə, hücumlar təsadüfən üst-üstə düşüb. R.Hacılı onu da ehtimal edib ki, guya hökumət ayrı-ayrı müxalif qüvvələr, həm hücum edən, həm də müdafiə olunan tərəflər, həm də "neytral" kəsim içindəki adamlarının, eləcə də trollarının işini peşəkarlıqla əlaqələndirə bilir. Ən nəhayət, hüquqşünas başqa bir versiya da ortaya ataraq yazıb ki, bunu hücum olunan tərəf bilərəkdən və ya bilməyərəkdən "provokasiya” edir.
 
 

Hüquqşünasın bu statusuna müxalifətçi fəal Bəxtiyar Hacıyev ilk reaksiya verənlərdən biri olub. O, AXCP sədri Ə.Kərimli və tərəfdarlarının səhv yol seçdiyini, xırda irad və tənqidləri hücum kimi qəbul etdiklərini, dərhal onları qaraladıqlarını bildirib. Qeyd edib ki, cəbhəçilərin qaralamaq istədikləri adamlar da daha sərt tənqidlər səsləndirməyə məcbur olurlar. R.Hacılının statusu və B.Hacıyevin ona yazdığı rəy dərhal AXCP düşərgəsini "cuşa” gətirib və onlar açıq hücuma keçiblər. Cəfər Nərimanlı adlı "Facebook” istifadəçisi B.Hacıyevə öz iradını bu şəkildə ifadə edib: "Məgər milli və siyasi mədəniyyətimiz bizə beləmi öyrədib ki, uzun illər hər mübarizənin öndərliyini aparan şəxslərə, yeni gəlmişlər hərəsi bir daş atsın? Bu cür önə çıxmaq mədəniyyəti harada görünüb?”
 
 
 
Namiq Salam adlı digər istifadəçi cəbhəçilərin hər zaman haqlı olduğunu, buna görə də onları tənqid edənlərə qarşı sərt reaksiya verildiyini yazıb. Turan İbrahim isə bildirib ki, hər gün bir nəfər çıxır və başlayır müxalifətə müxalif olmağa, xüsusilə cəbhəyə, guya AXCP bunların qabağını kəsir. O, B.Hacıyevi və bir neçə nəfəri qərəzçilikdə ittiham edib. Bildirib ki, bundan əl çəksə, hər şey yaxşı olacaq. B.Hacıyev də cəbhəçilərin bu dözümsüzlüyünə ironiya ilə cavab verərək, qərəzli olduğunu, öyrədildiyini, bütün günü AXCP-yə qarşı iş aparmaq barədə iltizama qol çəkdiyini, yaxında trol dəstəsi düzəldəcəyini, AXCP-yə paxıllıq etdiyini diqqətə çatdırıb. Eyni zamanda cəbhəçilərə "minnətdarlıq” edib ki, onun özünə qayıtmasına "yardımçı” oldular. Ardınca da, - "AXCP üzvlük formasını haradan doldura bilərəm, gənclər komitəsinə yazılmağa yaşım keçməyib ki?” – deyərək, cəbhəçiləri lağa qoyub.
 
 

Sabiq müsavatçı, hazırda xaricdə yaşayan Elbəyi Həsənli müxalifəti, o cümlədən Əli Kərimlini prezident seçkisi ilə bağlı nə etmək lazım olduğunu bilməməkdə ittiham edib. Bildirib ki, müxalif düşərgə ətalət içindədir, heç tərpənmək də istəmirlər. O əminliklə vurğulayıb ki, prezident seçkisindən sonra Əli Kərimli də daxil olmaqla, üzdə olan siyasətçilərin hamısı sıradan çıxacaq. Onun fikrincə, iqtidarı dəyişmək üçün ortaya ciddi bir nəticə qoymayanlar siyasətdən getsə yaxşıdır, yetər! Xalid Qarayev adlı cəbhəçi Bəxtiyar və Elbəyiyə cavab verən istənilən cəbhəçinin dözümsüz, qaraguruh adlandırılacağını, lakin onların ağzına gələni yazmaq, istədiyi ittihamı səsləndirmək kimi təbii hüquqlarının olduğunu gülərək qeyd edib. E.Həsənli isə ünvanına səsləndirilən ittihama bu cür cavab verib: "Görün AXCP nə gündədir ki, cəbhəçilər normal müzakirələri dərhal topa tuturlar... Mənə konkret nəticə lazımdır. 25 ildə bir iş görə bilməyənin siyasətdə nə işi var? Əli Kərimli bu işi bacarmadı, necə ki, ondan əvvəl, İsa Qəmbər bacarmamışdı, necə ki, ondan əvvəl də Əbülfəz Elçibəy ala-çiy bacarmışdı. Nəticəyə vara bilməyən, getməlidir. Bütün dünyada belədir. Əvəzolunmazlarla vidalaşmaq lazımdır... Siyasi mühit daim dəyişməlidir, yeni nəsil siyasətə gəlməlidir. Bu qədər bəsit”.
 
 

Bəhruz Səmədov adlı istifadəçi xalqın, əsasən də gənclərin AXCP-yə inamının az olduğunu, partiyada ideoloji boşluq yarandığını, ekspertlərin olmadığını, Əli Kərimli şəxsiyyətinə pərəstiş yarandığını əsas problem kimi qabardıb. Deyib ki, AXCP-nin çəkici olmaması əsas bu səbəblərlə, o cümlədən kreativlik çatışmazlığı ilə əlaqədardır. Agil Ali Maharram adlı istifadəçi isə bildirib ki, siyasətə qoşulan, qoşulmaq həvəsinə düşənlər bəzən AXCP-ni, onun sədrini hədəf alır, Ə.Kərimlinin getməli olduğunu, gənc nəslin gəlməsini deyirlər. O, Ə.Kərimlinin guya heç kimə mane olmadığını söyləyib. Murad Soltanov adlı birisi isə Azərbaycanda İsa Qəmbərdən böyük Vətən xaininin olmadığını vurğulamaqla, müsavatçıları bu mövzuda lal olmağa səsləyib. Bu yerdə Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli müzakirələrə qoşulub və həm AXCP-ni, həm də "Azadlıq” qəzetinin sabiq baş redaktoru Qənimət Zahidi satqınçılıqda, xəyanətdə, mandat və ev almaq üçün hakimiyyətlə gizli danışıqlara, yazışmalara getməkdə təqsirli bilib. O, hətta "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin də vaxtilə bu barədə açıqlama verməsinə diqqət çəkib. Bildirib ki, sonradan bununla bağlı AXCP və Qənimət Zahid hər hansı təkzib verməyib. M.Hacıbəyli Q.Zahidin, Gözəl Bayramlının zaman-zaman özlərinin guya hakimiyyət nümayəndələrinin sifarişi ilə oğurlanacağı, öldürüləcəyi barədə dezinformasiyalar yaymalarını, bu yolla gündəmə gəlmək istədiklərini də şərhlərdə qeyd edib. Beləliklə də müzakirələr daha da qızışıb, xəyanət və satqınçılıqla bağlı qarşılıqlı ittihamlar geniş vüsət alıb.
 
 

İsmayıl Kərimov adlı istifadəçi müxalifətin artıq keçmişdə qaldığını yazıb: "Bir şeyi unudurlar ki, son 25 ildə çox böyük nəsil yetişib. Təxminən 2 milyona yaxın yeni seçici kütləsi var. Onların çağırışları fərqlidir. Problemlər çox köhnə və xroniki ola bilər. Amma onların həlli ilə bağlı baxışlar çox fərqlidir. Konkret ideologiya ortaya qoymadıqdan sonra seçici üçün siyasətçinin keçmişi o qədər maraq oyatmır”.
 
 

Sosial şəbəkədə aparılan bu yazışmalar, müzakirə adı altında qarşılıqlı ittihamlar Azərbaycan müxalifətinin, xüsusən də onun radikal kəsiminin və tərəfdarlarının təfəkkürünü, polemika mədəniyyətini, hadisələrə yanaşmada bəsitliyini növbəti dəfə ortaya qoyur. Təmsil olunduqları partiyalarda öz sədrlərinin naftalin iyi verən düşüncə çərçivəsindən kənara çıxa bilməyən bu adamlar 25 ildir eyni davranışı nümayiş etdirirlər. Bu, demokratiya libasına bürünən, əsl gerçəklikdə isə antidemokrat təsiri bağışlayan bu adamların xalq tərəfindən nə üçün qəbul edilmədiyini əyani nümayiş etdirir. Necə deyərlər, görünən kəndə bələdçi gərəkməz.
 
Rufik İSMAYILOV
 









Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6932
GBP 1 İngilis funt sterlinqi 2.2966
TRY 1 Türk lirəsi 0.3806
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.1945
EUR 1 Avro 2.0069
CHF 1 İsveçrə frankı 1.6986
USD 1 ABŞ dolları 1.7000