Görülən işlərlə bağlı dolğun fikir formalaşdıran monitorinq
Bu
günlərdə Strateji Yol Xəritəsinin yarım illik hesabatları açıqlanıb. Prioritet
istiqamətlərdən biri hesab olunan kənd təsərrüfatı sahəsi üzrə də statistik
göstəricilər bəlli olub. Belə ki, ilkin nəticələr qarşıya qoyulan hədəflərin 11
faizinin icra edildiyini, 40 faizinin isə icrasına başlandığını deməyə əsas
verir. Hədəflər sırasında həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının
təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, kənd
təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması,
maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal
vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması, kənd
təsərrüfatı sahəsində elm, təhsil və informasiya məsləhət xidmətləri sisteminin
inkişaf etdirilməsi və s. var. İlkin göstəricilər artıq bu sahədə görülən
işlərdən və mövcud problemlərdən xəbər
verir. Bəs görəsən bu nəticələr məqbul hesab olunurmu? Bu sahədə daha hansı
işlər görülməlidir?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və
Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə
açıqlamasında bildirdi ki, ümumilikdə atılan
addımlar və görülən işlər yüksək qiymətləndirilməlidir: "Düzdür, kənd
təsərrüfatı sahəsinin qiymətləndirilməsi üçün 6 ay yetərli müddət deyil. Çünki
elə kənd təsərrüfatı sahələri var ki, qısa müddət ərzində nəticə əldə etmək
mümkün deyil. Amma ümumilikdə, mövcud iqtisadi durumda kənd təsərrüfatı həm
prezident, həm də administrasiyası tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdən
biridir. Təsadüfi deyil ki, 2017-ci ildə ilk dəfə olaraq ixrac idxalı üstələdi.
Yəni Azərbaycanda kənd təsərrüfatı məhsullarında ixrac genişləndi və idxaldan
asılılıq azaldıldı. Bütün bunlar görülən işlərin və islahatların nəticəsi kimi
qiymətləndirilməlidir. Əvvəllər subsidiyalarla bağlı müəyyən problemlər var
idi. İndi bu işlər elektronlaşdırılıb və həmin problemlər artıq geridə qalıb. Kənd
təsərrüfatı sahəsində atılan addımlar getdikcə öz bəhrəsini verir. Düzdür, bəzi
problemlər hələ də qalmaqdadır. Bu problemlər Yol Xəritəsinə uyğun olaraq
müəyyən müddət sonra həll olunacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu sahə ən
gəlirli sahələrdən birinə çevriləcək”.
İqtisadçı alim Vüqar Bayramlıbildirdi ki, belə bir monitorinqin aparılması nəticə etibarı ilə görülən
işlərlə bağlı dolğun fikrin formalaşması baxımından çox vacibdir: "Çünki
monitorinq obyektiv və müstəqil qiymətləndirilmənin aparılmasına şərait yaradır.
Bundan başqa, 2017-ci ilin birinci
yarısında həyata keçirilən fəaliyyətlərin qiymətləndirilməsi həm də dövlət qurumlarının məsuliyyətinin artırılması
və yol xəritələrinin səmərəliliyinin yüksəldilməsi baxımından vacibdir. Qeyd
edim ki, sözügedən sahə üzrə 51 faiz icra prosesi başlayıb. Amma aqrar sahə üzrə yarım illik hesabat tam nəticə
demək deyil. Yəni 2017-ci il başa çatdıqda, illik olaraq nəticələrin qiymətləndirilməsi
aparılacaq ki, bu da daha dolğun fikir formalaşdıracaq. Çünki elə fəaliyyət
sahələri var ki, onun icrasına ilin ikinci yarısında başlanılır. Beləliklə,
həmin sahə icra edilməmiş kimi
qiymətləndirilir. Ona görə də düşünürəm ki, illik qiymətləndirmə daha vacibdir. Bu hesabat kənd təsərrüfatı
üzrə hansı işlərin yerinə yetirilməsi və hansı işlərdə yubanmaların olduğunu
təyin etməkdə yardımçı olur. İlkin nəticələrə əsasən, ən çox müzakirə edilən
məsələlər sırasında müəssisələrin maliyyə
imkanlarının genişləndirilməsidir. Belə ki, maliyyə mexanizmlərinin
təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən fəaliyyətlərdə yubanmaların
olduğu bəlli oldu. Düşünürəm ki, bu yubanmaların qısa müddət ərzində aradan qaldırılması çox vacib bir məsələdir.
Nəticə etibarı ilə bu maliyyələşdirmə mexanizmi növbəti dövrlərdə də aktual olaraq
qalmalıdır. Çünki bu, kənd təsərrüfatı
sahəsinin və yerli məhsulların inkişafı
baxımından vacibdir. Dövlət və özəl sektorun əməkdaşlığı istiqamətində müəyyən
addımlar atılsa da, hələlik nəzərdə tutulan səviyyə qənaətbəxş deyil. Bu
istiqamətdə daha çox fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var.
Baxmayaraq ki, aqrar məhsulların sığortası üzrə sığorta haqlarının 50 faizi dövlət
büdcəsi tərəfindən ödənilir, amma sığortalanma aşağı olaraq qalmaqdadır və bu
istiqamətdə geriləmələr var. Sığortanın artırılması ilk növbədə fermerlərin gözlənilməyən ziyanlardan və
xərclərdən azad edilməsinə imkan yaradar və aqrar sektorda maliyyə və sığorta
şirkətlərinin genişlənməsinə gətirib çıxara bilər. Digər bir məsələ bu istiqamətdə
fəaliyyətlərin genişləndirilməsidir. Xüsusən yerli icmaların kənd
təsərrüfatının inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi çox vacibdir. İcmaların kənd təsərrüfatında
rolunun artırılması nəticə etibarı ilə hədəfə daha tez çatmağa kömək edir. Növbəti dövrlərdə bu fəaliyyətlərin
genişləndirilməsi vacib məqamlardandır. Qeyd edim ki, aqrar sahə 2017-ci ilin növbəti aylarında da əsas hədəf
olaraq qalmaqdır və bu amil sözügedən sahədə görülən işlərin və proseslərin daha da sürətlənməsinə gətirib
çıxaracaq. Nəticələrə əsasən demək olar ki, icrası başlanılan və icrası
tamamlanan fəaliyyətlər ümumi fəaliyyətlərin yarısından bir qədər çoxluq təşkil
edir. Amma 2017-ci ilin ikinci yarısında
fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Bu, ilk növbədə daha səmərəli
nəticələrin əldə edilməsi baxımından vacibdir”.
Şəbnəm Mehdizadə