• cümə axşamı, 28 mart, 19:57
  • Baku Bakı 13°C

“Görülən işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”

01.06.17 11:00 1813
“Görülən işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur”
Azərbaycanın ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla ölkənin Birinci vitse-prezidenti təyin olunub. O, bu təyinatdan bir qədər sonra xarici media qurumuna müsahibəsində qeyd edib ki, Birinci vitse-prezident kimi bundan sonrakı işlərini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindədir. Mehriban xanım mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayıb. Beləliklə də Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun sədri, millət vəkili kimi Azərbaycan üçün gördüyü işləri, o cümlədən təhsil, mədəniyyət, səhiyyə və sosial sahədəki fəaliyyətini dövlət idarəçiliyində daha sistemli şəkildə, uğurla həyata keçirəcəyini bəyan edib.

Qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemləri

Bu hadisədən az müddət sonra Birinci vitse-prezidentin sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Azərbaycanın bir nömrəli probleminin Dağlıq Qarabağ məsələsi olduğunu xatırladan Mehriban Əliyeva münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların sosial şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, indiyə qədər bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən də söhbət açıb. Bununla yanaşı, qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır. Birinci vitse-prezident hazırda qarşıda duran əsas məqsədin qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etmək olduğunu da diqqətə çatdırıb.

250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması

Mehriban xanım Əliyevanın bu günlərdə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etməsi bir daha sübut edir ki, o, vətəndaşların sosial problemlərinin, ailə-məişət qayğılarının həllinə son dərəcə həssaslıqla yanaşır. Həmin mərasimdə çıxışı zamanı Birinci vitse-prezident öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunduğunu, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqləndiyini söyləyib. Qeyd edib ki, ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb: "Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı vədlərində bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək və biz buna nail olduq. Hətta 5 il yox, 4 il ərzində nail olduq. Son çadır şəhərciyi 2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürüldülər. Ümumilikdə, bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması demək idi”.

4 min ailə yeni mənzillərə köçürüləcək

Birinci vitse-prezident Mehriban Əliyeva son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkünün yeni iş yeri ilə təmin olunduğunu da diqqətə çatdırıb. O, cari ilin mart ayında qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirildiyini, bu problemin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildiyini söyləyib. Bildirib ki, birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb: "Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalardan həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır. Qaradağ rayonunda təməli qoyulan müasir yaşayış kompleksi də Azərbaycanın özəl sektorunun bu nəcib işə töhfəsidir. Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün 9 mərtəbəli 11 binainşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Əminəm ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq”.

Özəl sektorun vətənpərvərlik, xeyriyyəçilik nümunəsi

Sevindirici məqamlardan biri də bundan ibarətdir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, onların mənzil şəraitinin yaxşılaşdırılmasında dövlətin müvafiq qurumları ilə bərabər, özəl sektor da yaxından iştirak edir. Bir növ xeyriyyəçilik, vətənpərvərlik nümunəsi kimi qəbul edilən bu addım Mehriban xanım Əliyeva tərəfindən xüsusi vurğulanıb. O, dövlətlə yanaşı, biznes strukturlarının, sahibkarların da ölkəmiz üçün çox vacib olan bu məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmadıqlarını, öz dəstəyini verməyə hazır olduqlarını söyləyib: "Çox şadam ki, bu təşəbbüsə artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim – "Kristal Abşeron” 5 mənzil təmin edib, "Azercell Telekom” - 2 mənzil, "Kontakt Home” mağazalar şəbəkəsi - 1 mənzil, "Sədərək” ticarət mərkəzi - 1 mənzil, "Retro Holdinq” - 164 mənzil, "Askorp” - 1 mənzil, "Azinşaat N” - 3 mənzil, "Dərhal” MTK - 50 mənzil, "Xəzər” MTK - 2 mənzil, "Araz-2011 A” - 3 mənzil, "Vesta Konstrakşn” - 2 mənzil, "Paşa İnşaat” şirkəti təməlini qoyduğumuz yaşayış kompleksində inşa olunan - 1022 mənzil. Soydaşlarımızın problemlərinə biganə qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı çatdırıram”.

Hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaq

Yekun olaraq qeyd edək ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin yüz günü onun bu vəzifəyə təyin olunarkən verdiyi vədləri yerinə yetirməsi ilə yadda qalmaqdadır. Görünən budur ki, çox böyük təşkilatçılıq qabiliyyətinə malik olan Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllinə nəinki dövlət qurumlarını səfərbər edib, eyni zamanda özəl sektorun da bu sahəyə cəlb edilməsinə nail olub. Artıq özəl sektor, sahibkarlıq subyektləri, o cümlədən tikinti şirkətləri də çox yüksək qiymətə layiq olan bu təşəbbüsə qoşulublar. Təbii ki, bu, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamı, eyni zamanda, xalqımızın həmrəyliyi, dövlətimizin gücü və inkişafı kimi də qiymətləndirilməlidir. Ən nəhayət, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bütün bu işlərin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Görülən işlərdə, həyata keçirilən tədbirlərdə başlıca məqsəd daha güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər