• cümə axşamı, 28 mart, 13:09
  • Baku Bakı 16°C

Görüləcək işlər çoxdur

15.11.17 10:30 3100
Görüləcək işlər çoxdur
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması istiqamətində ölkə başçısının atdığı addımlar sırasına Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındakı sərəncamı da əlavə olundu. Bu addım bu sahədə görüləcək işlərin daha praktik əhəmiyyət daşıyacağından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) aidiyyəti qurumlarla birgə bu istiqamətdə tədbirlər planını 3 ay müddətində hazırlayıb ölkə rəhbərinə təqdim etməlidirlər. Heç şübhəsiz, dövlət başçısının sərəncamı əlaqədar qurumların qarşısına müəyyən və həlli vacib vəzifələr qoyur. Dilçi alimlər də öz növbələrində Dil Komissiyasının yeni tərkibin formalaşdırılmasını ana dilimizə xüsusi önəm verilməsinin göstəricisi hesab edirlər.İstər-istəməz "Ədəbi dil normalarının, ümumən ana dilimizin qaydalarının hər addımbaşı pozulduğu, bu sferada çoxsaylı qüsurların olduğu bir vaxtda Dil Komissiyası tədbirlər planını hansı istiqamətdə hazırlamalıdır?” sualına cavab axtarılır.Dövlət Dil Komissiyasının tərkibinə daxil olan mütəxəssislərlə söhbətimizdə də bu suallara aydınlıq gətirməyə çalışdıq.
Dil düşüncəsizliyi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov dövlətimizin atributlarından olan dövlət dilinin ali məktəblərin hər bir fakültəsində tədris olunmasının vacibliyini qeyd edir. "Azərbaycan dilinin dövlət dili kimi tədrisinə geniş imkan yaratmaq olduqca vacibdir. Hazırda ali məktəblərdə "Nitq mədəniyyəti” tədris olunur. "Azərbaycan dili” və "Nitq mədəniyyəti”nə ayrılan saatlar nisbətən çoxalmalıdır. Məsələn, bu fənlər üçün dərs saatı 120 saat olmalıdır ki, yarısı Azərbaycan dili, yarısı isə nitq mədəniyyətinə şamil edilsin. Təcrübə göstərir ki, hər hansı bir görkəmli ziyalı, öz sahəsinin peşəkarı ana dilində səlis danışa da, öz sahəsi ilə bağlı fikrini ifadə edə, yaza bilmir. Bu, o deməkdir ki, Azərbaycan dilinin həm nəzəri, həm də praktik cəhətdən imkanlarından bir qisim ziyalılarımız düzgün faydalana bilmirlər”.
B.Xəlilov hesab edir ki, dilə münasibətdə vacib məqamlardan biri ona sevginin yollarını aşılamaqdır. Belə ki, dili sevməsən, tədris edə bilməzsən: "Hesab edirəm ki, televiziya kanallarında Azərbaycan dili verilişləri açılmalıdır. Bu verilişlər nəzəri materiallardan ibarət olmamalıdır. Verilişlərdə dili sevdirən ədəbi-bədii nümunələr səslənməli və izah olunmalıdır ki, tamaşaçı dili sevə bilsin. Bunun üçün Azərbaycan ədəbiyyatı tarixində kifayət qədər sanballı nümunələr var”. Filoloqun fikrincə, tədbirlər planında yazı məsələsinə xüsusi diqqət vermək lazımdır: "Etiraf etmək lazımdır ki, yazı mədəniyyəti kifayət qədər aşağı səviyyəyə enib. Orta məktəb şagirdləri müstəqil şəkildə ərizə, esse və ya inşa yazmaqda əziyyət çəkirlər. Ona görə də orta məktəbdə yazı vərdişlərini aşılamaq üçün tədbirlər planı hazırlamaq lazımdır. Universitetdə oxuyan tələbələr yazı vərdişlərinə dərindən bələd deyillər. Onların dilin tələblərinə yaxından bələd olmalarının yollarını axtarmaq lazımdır”.
Professorun fikrincə, dil komissiyalarının ayrı-ayrı təşkilat və qurumlarda tətbiq və təbliğ olunmasına ehtiyac var: "Mükəmməl dil qabiliyyəti və oratorluğu olan insanlar çıxışlar etməli, müzakirələr aparmalıdırlar. Nümunə əsasında insanlar kamil nitqin necə olmasını müəyyənləşdirə bilməlidirlər”. Azərbaycan dialektlərinin ciddi tədqiq olunması məsələsini də vacib hesab edən B.Xəlilov dialektoloji sahədə tədqiqatlarımızın lazımi səviyyədə olmadığını deyir: "Yaşlı nəsil dünyasını dəyişir. Torpaqlarımızın 20 faizi işğal altındadır. İnsanlar həmin bölgələrdən respublikanın müxtəlif yerlərinə səpələniblər. Onlar dünyalarını dəyişirlər. Yaşlı nəsil sinələrində böyük bir xəzinəni aparıb gedir. Bu xəzinə dil xəzinəsidir. Həmin sözləri biz sabah tapa bilməyəcəyik. O sözlər vaxtilə dialektoloji lüğətlərə düşməyib. Fikrimcə, dialektoloji lüğətləri geniş şəkildə çap etmək üçün dialektoloji ekspedisiyaların işini fəallaşdırmaq lazımdır. Dilçilik İnstitutu, eləcə də ayrı-ayrı universitetlərin filoloji fakültələri birlikdə dialektoloji araşdırmaları davam etməlidir. Onlar yaşadıqları ərazilərdə dialektik faktları toplamalıdırlar. Həmin faktlar tədqiq olunmalı, onların əsasında dialektik lüğətlər çap olunmalıdır”.
Professorun fikrincə, Azərbaycan dilinin izahlı lüğətini sistemli şəkildə qaydaya salmaq lazımdır. Bizim izahlı lüğətimiz çap olunsa da, bu, dilimizin tərkibindəki bütün sözləri əhatə edə bilmir: "Müstəqillik dövründən sonra dilimizə nə qədər söz daxil olub. Onların hamısı izahlı lüğətdə əksini tapmalıdır”. B.Xəlilov mətbuatın, radionun, televiziyanın dilində də çoxlu qüsurların olduğunu vurğulayır. Belə ki, AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsi bu istiqamətdə monitorinqlər aparır və müəyyən işlər görülür. Ancaq professor hesab edir ki, Monitorinq şöbəsinin işini planlı şəkildə qurmaq lazımdır: "Dil Komissiyası bu istiqamətdə də tədbirlər planı hazırlayacaq ki, televiziyalar bu məsələdə məsuliyyət hiss etsinlər. Televiziyada iştirak edən insanlar - aparıcılar, müsahiblər dilin qayda-qanunlarına əməl etməli olacaqlar. Aparıcıların, diktorların danışığına nəzarət planı hazırlanmalıdır”. B.Xəlilov həmçinin reklamların dilinə nəzarətin vacibliyini qeyd edir: "Reklamlarda ciddi qüsurlar var. Bəzi küçələrin adları dəyişsə də köhnə adlarla qalır. Küçə adlarının, eləcə də ölkədəki müəssisə və şirkətlərin adlarının yazılışına diqqət yetirilməlidir. Həmçinin dublyaj məsələsini diqqətdə saxlamaq lazımdır. Filmlərin, bədii əsərlərin tərcüməsinə xüsusi diqqət yetirilməlidir. Xüsusən ayrı-ayrı bədii əsərlərin dili qüsurludur: "Mən tədbirlər planında bu gün Azərbaycan cəmiyyəti üçün hansı bədii, elmi, ictimai əhəmiyyətli əsərlərin tərcümə olunmasına ehtiyac olduğunu qeyd edəcəyəm. Xarici filmlərin tərcüməsində də dil qüsurları aradan qaldırılmalıdır. Çəkilən müasir filmlərdə də çoxlu qüsurlar var. Bunlar dilin tətbiqi işini məhdudlaşdırır. Hesab edirəm ki, Dil Komissiyasının hazırlayacağı tədbirlər planı bütün bu işlərə müəyyən istiqamət verəcək”. Professorun fikrincə, internet resursların geniş meydan aldığı dövrdə dil xətalarının olmaması üçün elektron dərslik, lüğət və kitablar mükəmməl işlənməlidir: "Elektron dərs vəsaitlərində dil qüsurları var. Bundan əlavə, artıq yeni nəşri hazırlanan Azərbaycan dilinin "Orfoqrafiya lüğəti”ndə heç bir səhv olmamalıdır. Eləcə də "Azərbaycan dilinin izahlı lüğəti” və ya digər dərsliklər qüsursuz yazılmalıdır”. Dilçi alim internet yazışmalarının korrektəyə ehtiyacı olduğunu bildirir. Belə ki, sosial şəbəkələrdə istifadəçilərin bir-biri ilə yazışmasında çoxlu qüsurlar var: «Sözləri düzgün yazmırlar, cümləni axıra qədər bitirmirlər, fikri düzgün ifadə etmirlər. Bu, dil düşüncəsizliyidir. Bu, insanların düzgün yazmaq və oxumaq vərdişini əlindən alır. Fikrimcə, komissiyanın tədbirlər planında bu məsələlər güclü şəkildə təhlil olunmalıdır”.
Tablolar, reklamlar, mağazaların üzərindəki yazılar
Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev tədbirlər planı üçün irəli sürəcəyi təklifləri dilimizin hansı istiqamətlər üzrə qorunmasının daha vacib olması ilə əlaqələndirir: "Tablolar, reklamlar, mağazaların üzərindəki yazılar, elan lövhələri yalnız dövlət dilində olmalıdır. Əgər xarici dildə yazmaq lazım gəlirsə o, Azərbaycan dilindən iki dəfə kiçik hərflərlə yazılmalı və aşağıda verilməlidir. Bizdə isə ümumiyyətlə, Azərbaycan dilində məlumat yazılmır, adlar başqa xarici dillərdə qeyd edilir. Ona görə baxanda həmin mağazanın Bakıda, Romada və ya Londonda yerləşdiyini ayırd edə bilmirsən. Şəhəri gəzərkən ingilis dilində mağaza, restoran, kafe və s. müəssisələrin adlarına rast gəlirik. İlk növbədə bu məsələni həll etməliyik”. Professor KİV-də də Azərbaycan dilinin normalarına riayət olunmadığına da diqqət çəkir: "İntonasiya, sözlərin seçilməsi, tələffüzün pozulması hallarına yol verilir. Aparıcılar ana dilini praktik şəkildə yaxşı bilmirlər. Bütün əlaqədar təşkilatlar öz işlərini ədəbi dilimizin normalarına uyğun şəkildə qurmalıdırlar”.
QHT-lərin üzərinə düşən vəzifə
2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı sovet dövründən bəri ana dilimizin işlənməsi, qorunması və təmizliyi uğrunda mübarizə apardıqlarını deyir: «Bir neçə dəfə dilimizin inkişafı, qorunması ilə bağlı sərəncamlar verilib. Yəqin ki, bundan sonra dilimizin qorunması istiqamətində işlər daha da təkmilləşdiriləcək”. DİM rəhbəri dilimizin terminoloji cəhətdən zənginləşməsi, türk dilləri ilə əlaqəsi, elmi, fəlsəfi, tarixi üslublarının inkişafı, beynəlxalq imicinin güclənməsi, rusdilli məktəblərdə ana dilinin yüksək səviyyədə tədrisi, reklam məsələləri, xarici ölkələrdən gələn brend adların işlənmə mexanizmi və s. məsələlərdə problemlərin olduğunu deyir. Bundan əlavə, KİV-də ədəbi dil normaları kobudluqla pozulur: "AMEA-nın Dilçilik İnstitutu daha çox dilin elmi tədqiqat işləri ilə məşğuldur. Bununla yanaşı, telekanallarda ədəbi dil normalarının pozulması istiqamətində monitorinqlər həyata keçirir. Qurum bunu hər hansı bir şəkildə ümumiləşdirib ortaya qoya bilər, amma ona təsir etmək mexanizmi yoxdur”. S.Rüstəmxanlı hesab edir ki, dövlət dəstəyi olacağı təqdirdə vətəndaş cəmiyyəti bu fəaliyyəti daha yaxşı həyata keçirə bilər: "Bu baxımdan, QHT-lərin, dillə bağlı akademiyadan kənar müəssisələrin öhdəsinə daha ciddi vəzifələr düşür”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər