• cümə, 29 Mart, 14:28
  • Baku Bakı 14°C

“Görsən ki, yorulmusan, o zaman efiri tərk etməlisən” – Gör-götür - FOTOLARLA

24.06.16 16:41 6036
“Görsən ki, yorulmusan, o zaman efiri tərk etməlisən” – Gör-götür - FOTOLARLA
Onunla söhbət adama o qədər xoş gəlir ki… Məlahətli səsi ilə yanaşı, səmimiyyəti, sadəliyi ilə söhbətə şirinlik qatır. Müsahibimiz 26 ildir televiziya sahəsində külüng vuran, Azərbaycan Dövlət Televiziyasından çox yaxşı tanıdığımız, ölkəmizdə ilk tok-şou müəlliflərindən olan diktor və aparıcı Dilarə Səlimdir. Təvazökarlıq edib, özü boynuna almasa da, rəssamlığı ikinci sənəti hesab etmək olar.

- İndiki Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirmisiniz. Necə oldu ki, yollarınız televiziya ilə kəsişdi?
- Mən üçüncü kursda oxuyanda bizi universitetdən beş illik Berlin Universitetində oxumağa göndərdilər. Mən də müsabiqədən keçdim və sözügedən universitetdə oxumaq şansı qazandım. Atam mənim başqa ölkədə təhsil almağıma razı olmadı. Azərbaycandakı ataların əksəriyyəti kimi o da düşünürdü ki, oğlan gedib xaricdə oxuya bilər, amma qız yox. Atam özü də mənə dedi ki, əgər oğlan olsaydın, icazə verərdim. Buna görə çox küsdüm, çox pis oldum. Bu məqamda 1990-cı illərdə Azərbaycan Televiziyasında diktor müsabiqəsi elan edildi. Atam məsləhət gördü ki, özümü sınayım. Məqsədi fikrimi yayındırmaq idi, bilirdi ki, Almaniyada təhsil almağıma icazə vermədiyinə görə çox pis olmuşam. Dörd turdan ibarət müsabiqədə 200 nəfərin içindən 5 nəfər seçildi, onlardan da biri mən oldum. Əslində müsabiqəyə heç də həvəslə qatılmamışdım, sadəcə, bütün dünyaya küsdüyüm üçün fikrim dağılsın deyə getmişdim. Məndə bu sənətə sevgi, istək sonradan yarandı və indiyə qədər də işimi sevərək görürəm.

- 26 ildir televiziyadasınız. Bu illər ərzində hansı maraqlı simalar müsahibiniz olub?

- Azərbaycandakı məşhurlar, ictimai-siyasi xadimlər, mədəniyyət adamlarının əksəriyyəti müsahibim olub. Sonuncu yadımda qalan maraqlı müsahibim YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura olub. Dünyaca tanınan bir insan o qədər sadə idi ki, söhbətimiz çox səmimi alındı. Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Müslüm Maqomayev, Vaxtanq Kikabidze kimi sənətkarlar da həmsöhbətim olub. Xalq şairləri Qabil, Fikrət Qoca, Vaqif Səmədoğlu,Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Xalq yazıçıları Yusif Səmədoğlu, Anar, Çingiz Abdullayev, alimlərimiz, akademiklərimiz apardığım verilişlərin qonaqları olublar. Amma bir veriliş xatirəmdə həkk olub. Rafiq Həşimovla birlikdə 1 iyun – Uşaqların Müdafiəsi gününə həsr olunan canlı telemarafon aparırdıq. Qəflətən, heç gözlənilmədən ümummilli liderimiz Heydər Əliyev onu əhatə edən böyük bir heyət ilə studiyaya daxil oldu. Bizim ona yaxınlaşıb söz verməyimiz, onun çıxışı yaddaşımda gözəl xatirə kimi qalıb.


- Son olaraq gənclərimizə nə tövsiyyə edərdiniz, özlərini tapmaq, cəmiyyətdə öz yerlərini tutmaq üçün nə etsinlər?
- Atalarımız deyib ki, niyyətin hara, mənzilin ora. Orta məktəbi bitirəndə sənədlərimi jurnalistika fakültəsinə vermək istəyirdim, atam qoymadı ki, qız nədir, jurnalist nədir, əlində mikrofonla küçələrə düşəcəksən, get, müəllimə ol, dili öyrən. Mən də məcburən sənədlərimi alman dili və ədəbiyyat tərcüməçisi fakültəsinə verdim. Amma elə atamın təklifi ilə tale fırladıb elə gətirdi ki, həyatım televiziya, jurnalistika ilə bağlı oldu. Onda atam mənə dedi ki, düz deyirlər, insanın niyyəti, fikri haradırsa, istədiyinə çatır. Etiraf etdi ki, mən sənin qarşını almaq istədim, amma tale hərləyib-fırladı, sən istədiyin sənətlə məşğul oldun.
Deyirlər, sən kainata, kosmosa hansı siqnalları göndərirsənsə, o da onları sənə qaytarır. Yəni həqiqətən nəyisə ürəkdən istəyirsənsə və qarşına məqsəd qoymusansa, ona nail olacaqsan. Gənclərimizə tövsiyyə edərdim ki, bir şeyi ürəkdən arzulasınlar. Bir də səhv etməkdən qorxmasınlar. Çünki ən böyük ixtiralar səhvlərin nəticəsində yaranır.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər