AZE | RUS | ENG |

Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb

Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb
Görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalanıb.
Nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.
Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxumuş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır.
Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır.
Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. "Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.
Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından "Heydər Əliyev”, "İstiqlal” və "Şöhrət” ordenləri ilə təltif olunmuşdur.
Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!".
Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Akif Əlizadə, Tahir Salahov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Fidan Qasımova, Xuraman Qasımova, Tofiq Bakıxanov, Rauf Abdullayev imzalayıblar.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976