• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

Görkəmli alim, fədakar təşkilatçı

28.02.19 10:30 635
Görkəmli alim, fədakar təşkilatçı
Tanınmış geoloq-alim, elm təşkilatçısı və ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Ağa Mehdi oğlu Əlizadənin anadan olmasının 85 illiyi tamam olur.
Akif Əlizadə 1934-cü il fevralın 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1956-cı ildə o, Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirib, 1961-ci ildə geologiya-mineralogiya üzrə elmlər namizədi, 1969-cu ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Əmək fəaliyyətinə "Suraxanıneft” mə­də­nində quyuların tədqiqi üzrə texnik vəzifəsindən başlayan alim 1957-ci ildə AEA-nın Geologiya (hazırda Geologiya və Geofizika) İnstitutuna baş laborant vəzifəsinə qəbul olunub. Ardıcıl olaraq kiçik, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində işlədikdən sonra Akif Əlizadə 1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1976-cı ildən indiyə kimi Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsində çalışır. O, 1990-2007-ci illərdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, 2007-2013-cü illərdə AMEA-nın vitse-prezidenti olub, 2013-cü ildə isə AMEA-nın prezidenti seçilib.
Akademik Akif Əlizadənin elmi maraq dairəsi təbaşirin paleontologiya və stratiqrafiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çökün­tülərinin stratiqrafik sxemləri işlənilərək hazırlanıb, geoloji proseslər, çökmə və vulkanogen-çökmə formasiyaları, təbaşir dövründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-strariqrafik materiallar araşdırılıb və ümumiləşdirilib.
Akif Əlizadə Qafqazın təbaşir hövzələrində biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb.
Akademik Akif Əlizadə görkəmli alim-geoloq və elmin böyük təşkilatçılarından biridir. Onun elmi təşkilatçılıq fəaliyyətini iki dövrə ayırmaq olar. Birinci dövr alimin Geologiya və Geofizika İnstitutuna və AEA Yer Elmləri Bölməsinə rəhbərliyi ilə, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentliyi ilə bağlıdır.
Akademik Akif Əlizadənin Geologiya və Geofizika İnstitutuna rəhbərliyi dövründə müəssisənin kollektivi geologiya elminin inkişafına, Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsinə, neftli-qazlı əyalətlərin elmi əsaslandırılmasına və kəşfinə, neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə, respublikamızın mineral-xammal bazasının yaradılmasına, Yer qatlarında baş verən fiziki və təhlükəli geoloji proseslərin öyrənilməsinə mühüm töhfələr verib. Çətin vaxtlarda – 1990-cı illərdə elmi müəssisələrin dövlət tərəfindən köməksiz buraxılması nəticəsində düşdüyü acınacaqlı vəziyyət hamıya məlumdur. Bu dövrdə A.Əlizadənin uzaqgörənliyi sayəsində AMEA Geologiya və Geofizika İnstitutu öz elmi potensialını qorumağı bacarıb. Akademik beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət yetirərək, bir çox neft şirkətləri ilə müqavilələrin imzalanmasına və müxtəlif beynəlxalq qrant fondlarında iştiraka nail olub. Beləliklə, institut aktiv şəkildə müxtəlif proqram və layihələrin həyata keçirilməsinə qoşulub. Bu isə institutun cihaz və avadanlıq parkının yüksək dəqiqlikli analitik cihaz və ölçü alətləri ilə, Yerin fiziki sahələrini öyrənmək üçün yeni avtomatlaşdırılmış stansiyalarla təmin edilməsinə imkan yaradıb.
Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra beynəlxalq elmi əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsi və yeni texnologiyalardan istifadə olunma imkanın yaranması ilə fundamental tədqiqatlarda yeni dövr başlayıb və institut dünya geoloji elminə sürətli inteqrasiya edib. Bu proses 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi” ilə daha da intensivləşib. Dünyanın nəhəng neft şirkətləri ilə müştərək tədqiqatların aparılması, bu şirkətlərin elmi mərkəzlərinə səfərlər, beynəlxalq əməkdaşlığın xarakterini və inkişaf tempini köklü sürətdə dəyişib. "British Petroleum-Statoil”, "Exxon”, "Shell”, "Amoko”, "Mobil”. "Yunokal”, "Texaco”, "Philips”, "Total”, "Elf”, "Aqip” kimi nəhəng beynəlxalq neft şirkətləri ilə uzunmüddətli birgə işləri beynəlxalq elmi məkana sıçrayış adlandırmaq olar. Bu müddət ərzində geologiya, paleontologiya və stratiqrafiya, neft və qazın geokimyası, geofizika və geodeziya üzrə 50-dən çox elmi layihə yerinə yetirilib. Müştərək ekspedisiya işləri xarici elmi mərkəzlərdə və universitetlərdə aparılan sonrakı analitik və interpretasiya tədqiqatları bir tərəfdən qərb ölkələrində aparılan elmi tədqiqatlarda tətbiq edilən yeni metodlara, kompüter proqramlarına və standartlara tez adaptasiya olunmağa, digər tərəfdən isə milli elmi kadrların hazırlanmasını sürətləndirməyə imkan verib.
Geologiya və Geofizika İnstitutunun gələcək inkişafı ən yeni fundamental və texnoloji nailiyyətlərin tətbiqinə əsaslanır. İnstitutun eksperimental bazası yeni geofiziki avadanlıq, rəqəmli telemetrik seysmik stansiyalar, presezion qravimetrlər, yüksək dəqiqliyi ilə seçilən GPS və digər geodezik cihazlarla yenilənib. Tanınmış BSİ-in spectorate (Böyük Britaniya) analitik firması ilə bağlanmış müqavilə əsasında İnstitutda qazların, neftlərin və onların emal məhsullarının analizi ilə məşğul olan müasir geokimyəvi laboratoriya fəaliyyət göstərir.
Bundan əlavə, Geologiya və Geofizika İnstitutunda Azərbaycan Dövlət Neft Şirkəti müəssisələrinin birlikdə iştirakı ilə Azərbaycan Respublikası Dövlət Proqramı hesabına maliyyələşdirilən "Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı” çərçivəsində tədqiqatlar aparılıb və mühüm nəticələr əldə edilib.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə AMEA Geologiya və Geofizika İnstitutunda müvafiq təşkilatların (AMEA, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) iştirakı ilə Azərbaycanda əhalinin radon təhlükəsizliyi probleminin milli strategiyası hazırlanıb və yerinə yetirilib.
Geologiya və Geofizika İnstitutunda aparılan elmi tədqiqatlar əsasında sahə institutları ilə birlikdə respublika ərazisində bir neçə iri neft və qaz, faydalı filiz və qeyri-filiz yataqları kəşf edilib.
A.Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutu bir çox fundamental və tətbiqi xarakterli tədqiqatları həyata keçirən iri beynəlxalq elmi mərkəzə çevrilib. Burada neft geologiyası, palçıq vulkanizmi, paleontologiya və stratiqrafiya, litologiya, geofizika, geotektonika və müasir geodinamika və seysmologiya, neft və qaz yataqlarının işlənilməsi sahəsində elmi məktəblər yaradılıb. Akademik geologiya və geofizika sahəsində kadr hazırlığına böyük diqqət yetirir və bunu özünün ən əsas vəzifələrindən biri hesab edir. Onun bu gün dünya elminə bu sahədə töhfələr verən nəslin yetişməsində göstərdiyi xidmətlər danılmazdır. Akademikin geologiya və geofizika sahəsində kadr hazırlığı və elmlə təhsilin inteqrasiyası məqsədi ilə göstərdiyi təşəbbüs nəticəsində Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baza kafedraları fəaliyyət göstərməyə başlayıb. Yer Elmləri Bölməsinə rəhbərliyi dövründə Coğrafiya və Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutlarının fəaliyyətləri də yüksək səviyyədə davam edib. Bu dövrdə Respublika Seysmoloji Xidmət Mərkəzinin keyfiyyətcə yenidən qurulmasını və Avropa məkanında ən dəqiq seysmik şəbəkəyə çevrilməsini xüsusi olaraq qeyd etmək lazımdır.
Keçən əsrin 90-cı illərinin əvvəlində "keçmiş sovetin lazımsız qalığı olan Akademiyanı bağlamaq” çağırışlarının tez-tez səsləndiyi bir vaxtda Akif Əlizadə bu elm məbədini müdafiə etmək üçün ayağa qalxanların sırasında dayanıb. O, dünya elminin inkişaf tendensiyasına əsaslanaraq, başqalarını da inandırmağa çalışıb: "Akademiyanı bağlamaq yox, onu tədricən təkamül yolu ilə – fundamental elmi tədqiqatlar (FET) sistemini təşkil etmək, bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaqla dəyişdirmək lazımdır”. Bu fikir onun təşəbbüsü və fəal iştirakı ilə işlənib hazırlanan Azərbaycan Respublikasında FET-nin təşkilinin ilk milli konsepsiyası layihəsində aydın şəkildə ifadəsini tapıb ("Elm” qəzeti, № 11, 1992). Burada konsepsiyanın əsas aspektləri, o cümlədən elmi tədqiqatların maliyyələşdirilməsinin forma və mexanizmləri, elmi işçilərin sosial müdafiə sistemi, elmi nailiyyətlərin tətbiqi və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunub.
Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoyub. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunub, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istiqamətində effektiv yollar müəyyənləşdirilib, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulub.
Bu istiqamətdə atılmış ilk addımlardan biri 19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan alimlərinin I Qurultayı olub. Bu qurultay müxtəlif sektorlarda çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidentinın AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında 8 noyabr 2016-cı il tarixli sərəncamı da bu dövr üçün əlamətdar hadisədir.
Akademik Akif Əlizadənin təşəbbüsü ilə AMEA-da magistraturanın yaradılması respublikada elmin prioritet istiqamətlərində gənc alimlərin yetişdirilməsinə yönələn mühüm addımlardan biridir. Akademiyada gənclərin dünya elminə inteqrasiyası sahəsində və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunub.
AMEA-nın, Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayının keçirilməsi mühüm tədbirlərdən biri olub. Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayda gənc alim və mütəxəssislərin problemləri və gələcək perspektiv inkişaf istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb və bəyannamə qəbul olunub. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırıb. AMEA-nınGənc Alim və Mütəxəssislər Şurasının gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar "Gənc Tədqiqatçı” adlı elmi jurnalının Azərbaycan və ingilis dillərində nəşrə başlaması da Akif müəllimin prezidentliyi dövründə baş tutub. Onun fəaliyyətində himayədarlıq və qayğıkeşlik mühüm yer tutur. Akif Əlizadə öz təmkinli davranışı, ilk baxışda inandırıcı görünməyən ideyalara diqqətli münasibəti ilə gənc alimləri özünə cəlb etməyi bacarır. Bu səbəbdən onu "gənc alimlərin dostu” hesab edirlər.
AMEA-nın bütün institutlarının fəaliyyətinin prioritet istiqamətlərinın, birmənalı şəkildə, dövlət prioritetləri ilə birbaşa uzlaşdırılması istiqamətində akademik Akif Əlizadənin başladığı islahatlar bu gün öz nəticəsinin göstərməkdədir.
Akif Əlizadənin Akadeiyaya rəhbərliyi dövründə Azərbaycan elminin dünya elminə inteqrasiyası sürətlənib, alimlərin nüfuzlu impakt faktorlu jurnallarda çap etdirdikləri məqalələrin sayı artıb və AMEA-nın bir çox elmi nəşrləri SCOPUS referat bazasına daxil edilib.
Akademik Akif Əlizadə həmçinin, tanınmış ictimai xadimdir. Ölkənin siyasi həyatında da yaxından iştirak edən alim Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayında YAP-ın sədr müavini seçilib. Akademik Akif Əlizadə Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini və "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti sədrinin müavinidir.
Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictimai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, "Fədakar əməyə görə” yubiley medalı; "Şərəf nişanı”, "Şöhrət”, "Şərəf”, "İstiqlal” ordenləri ilə təltif olunub..
Akif Əlizadə ölkənin ictimai həyatında bu gün də aktiv iştirak edir. Akademik AMEA-nın 2030-cu ilə qədər inkişaf proqramını hazırlanması işinə rəhbərliyi ilə Azərbaycan elminə yeni böyük töhfə verib.
Doğma vətəninə və Azərbaycan elminin inkişafına öz bilik və bacarığını daha çox sərf etmək arzusu Akif Əlizadənin çoxşaxəli fəaliyyətinin bu gün də əsas məqsədidir.
Görkəmli elm xadimi və böyük elm təşkilatçısı, AMEA-nın Prezidenti, akademik Akif Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Fəxrəddin Qədirov
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi,
akademik
banner

Oxşar Xəbərlər