• şənbə, 20 Aprel, 09:31
  • Baku Bakı 14°C

Görkəmli alim, dəyərli ziyalı

06.03.18 11:00 1023
Görkəmli alim, dəyərli ziyalı
Martın 5-də görkəmli ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Kamran Əliyevin anadan olmasının 65 illiyidir. Görkəmli alim haqqında ədəbiyyat adamlarının fikirlərini öyrəndik:
FƏRQLİ VƏ FƏRDİ SİMASI OLAN ƏDƏBİYYATŞÜNASLIQ
İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik: "Azərbaycan ədəbiyyatşünaslığında bir neçə istiqamətdə mühüm elmi problemlərin işlənib hazırlanması və həllində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyevin özünəməxsus böyük xidmətləri vardır.Tanınmış ədəbiyyatşünas Kamran Əliyev, hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas tədqiqatçılarından biridir. Azərbaycan ədəbiyyatşünaslıq elmində romantizm nəzəriyyəsinin banisi və görkəmli yaradıcısı akademik Məmməd Cəfər Cəfərovdan sonra Kamran Əliyev bu nəzəriyyəni ayrı-ayrı istiqamətlərdə inkişaf etdirmişdir. Belə demək olar ki, AMEA-nın müxbir üzvü Kamran Əliyev akademik Məmməd Cəfərovun meydana qoyduğu konsepsiyanı yeni elmi-nəzəri müddəalarla zənginləşdirmişdir. "Azərbaycan romantizminin obrazlar sistemi” adlı doktorluq dissertasiyası romantizm nəzəriyyəsinə həsr edilmiş mühüm elmi addımdır.Azərbaycan ədəbiyyatının XIX-XX əsrlər mərhələlərinin görkəmli yaradıcılarının həyatı və yaradıcılığının tədqiqində Kamran Əliyevin adı ilə bağlı səhifələr kifayət qədərdir. Kitablarından birinin adında ifadə olunduğu kimi "Mirzə Fətəlidən Hüseyn Cavidə qədər”ki tarixi mərhələnin əsas yaradıcı simaları və ciddi problemlərinin öyrənilməsində Kamran Əliyevin rolu xüsusi olaraq qeyd edilməyə layiqdir.Kamran Əliyev Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının tərcümeyi-halını və əsərlərini onların mənsub olduqları ədəbi cərəyanlarla birlikdə araşdırıb ümumiləşdirməyin fərqli örnəklərini təqdim edir. Mirzə Fətəli Axundovu maarifçi realizmlə, Hüseyn Cavidi romantizm cərəyanı ilə, Cəlil Məmmədquluzadəni "Molla Nəsrəddin” ədəbi məktəbi ilə üzvü əlaqədə və vəhdətdə tədqiq etməklə, o, bu qüdrətli sənətkarların formalaşdırdıqları ədəbi epoxa haqqında bütöv bir sistemi meydana qoyur. Həmin istiqamətdəki tədqiqatlarında Kamran Əliyev ədəbiyyat nəzəriyyəçiliyi baxışları da olan sanballı ədəbiyyat tarixçisidir.Azərbaycan ədəbiyyatşünaslıq elmində folklorşünaslığın xüsusi bir qolu olan folklor və yazılı ədəbiyyat məhz Kamran Əliyevin ardıcıl tədqiqatları sayəsində müstəqil elmi istiqamətə çevrilmişdir. Uzun illər ərzində ümumi şəkildə yazılı ədəbiyyatın əsas qaynaqlarından biri kimi araşdırılan bu problem Kamran Əliyevin özünəməxsus elmi yanaşmaları ilə ədəbiyyatın hər iki qolu arasında qarşılıqlı zənginləşmə mənbəyi miqyasına çatdırılmışdır.AMEA-nın müxbir üzvü Kamran Əliyev demək olar ki, sistemli tədqiqatdan kənarda qalmış Azərbaycan romantizmi və folklor probleminin elmi həllinin yaradıcısı və sahibidir. Bu, Azərbaycan romantizminin milli əsaslarının işlənib hazırlanması və sübut olunması üçün Kamran Əliyev tərəfindən müəyyən edilmiş yeni elmi istiqamətdir.Kamran Əliyev son onillikdə daha çox folklorşünas kimi ardıcıl olaraq fəaliyyət göstərir. Folklor və yazılı ədəbiyyat sahəsindəki tədqiqatlarından başqa, onun "Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş araşdırmaları indiyədək haqqında bir kitabxana qədər kitab yazılmış Qorqudşünaslıq elmində yeni səhifələr, qiymətli əlavələr kimi dəyərləndirilməyə layiqdir.Mükəmməl ədəbiyyat tarixçisi kimi qəbul olunan Kamran Əliyev həm də professional folklorşünas olmağın da əsl nümunəsini göstərir.
Nəticə:AMEA-nın müxbir üzvü Kamran Əliyev ədəbiyyat tarixçiliyinin əsl mahiyyətinin açılması üçün professional folklorşünas qismində çıxış edən fərqli bir ədəbiyyatşünasdır. Şifahi xalq ədəbiyyatının problemlərini ədəbiyyat tarixçiliyi ilə əlaqəli şəkildə araşdıranda da o, bənzərlikdən qat-qat çox fərqlidir. Kamran Əliyev Azərbaycan ədəbiyyatşünaslıq elmində fərdi siması olan görkəmli ədəbiyyatşünas alimdir.Azərbaycan ədəbiyyatşünaslıq elminin mənalı səhifələrinə çevrilmiş elmi əsərləri böyük ömrün böyük bir dövrünün sanballı yekunu, qarşıdakı illərdə həllini tapacaq problemlərin möhkəm bünövrəsi olmaq mənasında isə mükəmməl başlanğıcıdır. Uğur olsun!”
Dəyanətli insan
Muxtar Kazımoğlu-İmanov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik: "Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev mənim ən yaxın dostlarımdan biridir. Mən onu 1972-ci ildən tanıyıram, heç vaxt aramızda inciklik olmayıb, həmişə bir-birimizi işarədən, eyhamdan anlamışıq. Onu hər zaman dəyanətli bir insan kimi görmüşəm, ətrafdakı ziyalılara münasibətdə etibarlılığı ilə seçilib.Alimliyinə gəlincə, hər şeydən əvvəl, XX əsrin əvvəlləri Azərbaycan romantizmi ilə bağlı tədqiqatlarını qeyd etməliyəm. O, "XX əsrin əvvəlləri Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” mövzusunda namizədlik dissertasiyası – fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib. İndi də yadımdadır, o, uzun müddət arxivlərdə gərgin araşdırmalar apardı. Hüseyn Cavidin, Məhəmməd Hadinin, Abbas Səhhətin, Abdulla Şaiqin işıq üzü görməyən əsərlərini o dövrə aid mətbuat səhifələrindən toplayıb bir araya gətirdi, nəticədə sanballı bir elmi əsər ortaya qoydu.Kamran Əliyev "XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi” kimi son dərəcədə çətin bir mövzuda doktorluq dissertasiyası yazıb. Aydınlıq naminə deyim ki, bu mövzuda Kamran Əliyevlə yanaşı bir çox alimlər araşdırmalar aparıblar və həmin alimlərdən biri də akademik Məmmədcəfər Cəfərovdur. Məmmədcəfər müəllimin tədqiqatlarından sonra bu mövzuya toxunmaq son dərəcə çətin və məsuliyyətli idi. Kamran Əliyev o işin öhdəsindən böyük ləyaqətlə gəldi.Kamran Əliyevin ədəbiyyatın müxtəlif mərhələləri, müxtəlif sahələri ilə bağlı çoxyönlü tədqiqatları var. O, həm ədəbiyyat tarixçisi, həm də ədəbiyyat nəzəriyyəçisidir, digər tərəfdən də ədəbi tənqidlə, ədəbi proseslə məşğul olan dəyərli həmkarlarımızdan biridir. Onun son dövrlərdə apardığı tədqiqatların bir istiqamətini də folklor və yazılı ədəbiyyat məsələləri təşkil edir. Xatırladım ki, bizdə folklor və yazılı ədəbiyyat münasibətləri daha çox "yazıçı və folklor” müstəvisində öyrənilib. Amma Kamran Əliyev özünün romantizmlə bağlı tədqiqatları zəminində yazılı ədəbiyyatın bir çox nəzəri məsələlərini folklorla paralel araşdırmağa başladı. Məsələn, "Qəhrəman – şifahi və yazılı ədəbiyyatda”, "Üslub – şifahi və yazılı ədəbiyyatda”, "Obrazlar sistemi – şifahi və yazılı ədəbiyyatda” və s. kimi paralellər əsasında Kamran Əliyev özünün çox ciddi elmi əsərlərini ortaya qoydu.Mən ona möhkəm cansağlığı arzulayıram! Arzum budur ki, yorulmadan yazsın, yaratsın və yeni-yeni uğurlara imza atsın!”
Sözünü demiş elm adam
Əsgər Rəsulov, professor: "Kamran müəllim Azərbaycan ədəbiyyatşünaslığında öz sözünü demiş elm adamlarımızdan biridir. Bu gün Kamran Əliyevdən bəhs ediriksə, onun Azərbaycan romantizmi ilə bağlı tədqiqat işlərini xüsusi qeyd etməliyik. Kamran müəllim öz sahəsinin ən yaxşılarındadır. Təxminən qırx ilə yaxındır ki, onu tanıyıram. Qeyd edim ki, onun həm də maraqlı, duzlu qələmi var, bədii yaradıcılıq sahəsində də öz sözünü deyir. Xeyli hekayəsini oxumuşam, yetmişinci illər tələbə həyatı ilə bağlı olan bu nümunələri bir az da sənədli nəsr hesab edə bilərik. Kamran müəllimi 65 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm, bundan sonrakı fəaliyyətində uğurlar diləyirəm”.
Etibarlılıq əmsalı çox yüksək olan alim
Rüstəm Kamal, professor: "Kamran müəllim Azərbaycanın humanitar fikir məkanında ən dəyərli imzalardan, mənim üçün də dəyərli dostlardan biridir. Azərbaycanın milli romantizmi, Azərbaycan dastanlarının poetikası ilə bağlı tədqiqatları xüsusi vurğulanmalı klassik araşdırmalardır və Kamran Əliyev klassik Azərbaycan alimidir. Yəni klassik filoloji ənənəni ləyaqətlə və uğurla davam etdirən bizim görkəmli ədəbiyyatşünas alimlərimizdən biridir.O, ədəbi qəhrəmanları da şəxsiyyət kimi görür, məsələn "Kitabi-Dədə Qorqud” və "Koroğlu” dastanlarının qəhrəmanlarını gözümüzdə əsl qəhrəman kimi canlandırır, yəni o, demək olar ki, bütün qəhrəmanlarımızı ədəbiyyatşünaslıq kateqoriyasından yox, şəxsiyyət kateqoriyasından təhlil edir. Bu səbəbdən də o, ədəbi qəhrəmanlara da şəxsiyyət kimi baxır, şəxsiyyət kimi yozur. Dediyim dastanların poetikası ilə bağlı araşdırması var, oxusanız görərsiniz ki, sanki onlar epos qəhrəmanları deyil, bizim həyatda gördüyümüz, canlı Azərbaycan kişiləridir. Və mən düşünürəm ki, o bütün elmi əsərlərində şəxsiyyətin poetikasını yazır. Gün gələcək, onun elmi, ədəbi yaradıcılığını, davranışlarını, xarakterini, yaşam tərzini əhatə edən bir kitab yazılacaq və adı da mütləq belə olacaq: "Kamran Əliyevin poetikası”. Azərbaycan ədəbiyyatının bir çox klassikləri onun ədəbi qəhrəmanlarıdır. Hərdən düşünürəm ki, Abdulla Şaiq, Hüseyn Cavid, Məhəmməd Hadi, Mirzə Cəlil də onun avtobioqrafiyasının bir hissəsidir. Çünki o həmin ədibləri Azərbaycanın böyük maarifçiləri, böyük romantikləri kimi deyil, Azərbaycan millətinin fəxarəti olan şəxslər kimi təqdim edir və düşünürəm ki, bu həm əxlaq, həm vətəndaşlıq baxımından da düzgün, metodoloji yanaşmadır. Kamran müəllimin çox maraqlı nəsri var, düzdür, hələ bu nəsr hələ lazımi qiymətini almayıb. Amma o, öz müəllimləri Mirzə Cəlil, Haqverdiyev ənənəsini içindən keçirib, yaşadan bir yazıçıdır. Xüsusən, mən onun əsərlərində dialoqları, canlı dialoqları çox sevirəm. O, etibarlılıq əmsalı çox yüksək olan bir kişidir, alimdir. O, millətimizi sevən, onunla qürur duyan, millətə şərəf gətirən bir kişidir. Son dərəcədə böyük ürəyə malik bir insandır, qoy bu ürək var olsun!”
Ziyalı obrazı
Əlabbas Bağırov, yazıçı: "Kamran Əliyev Azərbaycanın çox dəyərli ziyalılarından biridir. Bu dəyərli insanı çoxdan – 1973-cü ildən tanıyıram. Mən birinci kursda oxuyanda Kamran müəllim beşinci kurs tələbəsi idi. O, uğurla öz elmi işini müdafiə elədi, Azərbaycanın sayılıb-seçilən alimlərindən birinə çevrildi, icra orqanlarında çalışdı və bunların hamısı onun xarakterinə təsirsiz ötüşmədi, şəxsiyyət kimi formalaşmasına yardımçı oldu. Bunu da deyim ki, bütün bunlar onun özünə nə qədər sirayət etdisə, dostlarına ikiqat təsir etdi. Kamranın tədqiqat işi Azərbaycan romantizmi, Hüseyn Cavidlə bağlıdır, sonralar folklorla bağlı araşdırmaları olub, bunlar özü də göstərir ki, onun potensialı nə qədər böyükdür. Kamranın çağdaş ədəbi proseslə bağlı yazıları, publisistik məqalələri də var. O, romantizmin elmi, ədəbi, metodoloji prinsiplərini nə qədər dərindən bilirsə, sadaladığım digər sahələrdə də bir o qədər biliklidir.Onun istənilən mətnini açsaq, arxasından boylanan bir ziyalı obrazı görürəm. Mənim üçün o obraz, o insan həmişə var. Və arzu edirəm ki, bundan sonra da, heç olmasa, 30-40 il Azərbaycan oxucusu Kamran Əliyevlə üzbəsurət təmasda olsun. Bu əziz insanı təbrik edirəm!”
Ona açılan mənalar
Fərid Hüseyn, şair: "Sınamışam, şahidliyim olub deyə bir məsələni əminliklə deyirəm: Bəzi peşəkar, üstün redaktorlar var ki, onlar ixtiyari kitabı istənilən yerdən açıb nəsə səhv tapa bilirlər. Hətta dönə-dönə yoxlanılmış kitabda 1-2 xırda səhv varsa, o yanlışlıqlar nədənsə onların açdığı səhifələrə təsadüf edir. Sanki səhvlər həmin redaktorlardan gizlənmək istəmirlər, onlara görünməyi özlərinə "şərəf bilirlər”. Mən Kamran müəllimin "Kitabi-Dədə Qorqud” dastanı haqqındakı tədqiqatını oxuyandan sonra anladım ki, sanki eposdakı sirli mənalar, dərinlikdəki simvollar Kamran müəllimə görükmək, onun vasitəsilə "el içinə çıxmaq” istəyiblər. Elə bil "Kitabi-Dədə Qorqud”un "sinəsi” sirlərlə dolu imiş və o "könlündəkiləri” faş etməyə bir adam (alim!) axtarırmış. Kamran müəllimsə həmin sirlərə, ona görükən simvollara bir alim kimi məna qatmağı bacarıb, onun tədqiqatında yozum ilə sirr bir-birindən "razıdırlar”.
65 yaşını qeyd edən Kamran müəllimə onu incitməyən, yormayan xoşbəxt günlər arzulayıram”.
Hazırladı: Günel Şamilqızı
banner

Oxşar Xəbərlər