• cümə, 19 Aprel, 08:21
  • Baku Bakı 13°C

Görəvinin dərvişi

15.04.15 07:49 2354
Görəvinin dərvişi
Derlər ki, bəzi insanlar dua kimidir, görünməz, amma toxunur. Sən onu görməzsən, amma hiss edərsən. O adamın duası üstündədir, səninlədir. Və bəzən ən çarəsiz anında gələr ağlına, sanki Tanrı onu bilərək sənin üçün göndərib. Axı Rəbbin hər bəndəsi üçün bir mələyi var Yer üzündə...
90-cı illərdə Bakıya bir qarayanız tələbə gəldi Türkiyədən. Nəyə gəldi, nədən gəldi?! Bəlkə də ibtidai sinifdə müəlliməsinin ruhuna oxuduğu duaydı onu bura gətirən? “Çırpınırdı Qara dəniz” türküsüydü?! Ya ortaq dərdimizdi? Bilmirəm.
Sevdası, həsrəti, bir də ovuclarında düyünlənən yumruğu ilə gəldi və getdi. Yolu Qarabağdan da keçdi, Şəhidlər Xiyabanından da.
O səfərindən düz 23 il sonra ikinci Vətənim dediyi Azərbaycana bir də gəldi. Bu dəfə niyəsi söhbətimizdə...
Azərbaycandakı üç illik diplomatik fəaliyyəti ərzində hamının sevgisini qazanan, kiçikdən böyüyə hər kəsin “ağabəy” çağırdığı, Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtım müşaviri Seyid Əhməd Arslan qonağımızdır.
-Xoş gördük Sizi. Əhməd bəy, neçə ildir Azərbaycandasınız?
-Çox ildir. Mən həmişə özümü Azərbaycanda hiss etmişəm. Vəzifə olaraq desək, üç ilim tamam olub, artıq vəzifəmin son aylarıdır. Qismət olacaqsa, iyunda Türkiyəyə qayıdacağam.
-Azərbaycana gəlməyinizdə, müvəffəq olmağınızda ədəbiyyat fakültəsindən məzun olmağınızın təsiri var. Duyğular heç yazıya töküldümü?
-Şeir cızma-qaralarım oldu, amma onu heç paylaşmadım. Arada məqalələr yazıram, elə Dərviş Yunusla bağlı biri yeni yayımlanıb.
-İlk şeirin movzusu nəydi?
-Sevgiydi.
-Yadınızda qalıbmı?
-“Ulu bir çinarsın, nazik bir gülsün,
Həyata anlamı verən sevgilər” - deyə başlayırdı. Amma həyatda hər kəs həddini bilməlidir. Şeir yazmaq bir az da qabiliyyət işidir. Bu mövzuda peşəkar olmadığımız üçün bu işdə uğurlu olan insanlara kömək olduq, təməl prinsiplərini hazırladıq. Onların yazdıqlarını geniş xalq kütlələrinə çatdıracaq zəmin yaratdıq. Biz başımızı əydik ki, çiyinlərimizə çıxıb o gözəl nəğmələrini ən ucdakı insanlara çatdırsınlar. Buna gücümüz çatdı. Yaza bilməsək də, yaza bilənlərə xidmətkar olduq.
-“Çırpınırdı Qara dəniz” Sizin ömrünüzə nə vaxt oxundu?
-Bax o, önəmli andır. Çox önəmlidir.
-O, qulağınıza oxunan dua kimidir, eləmi?
-Mən “Çırpınırdı Qara dəniz”lə ilk dəfə iki, ya üçüncü sinifdə tanış oldum. Həyatımdan çox müəllim gəldi-keçdi, amma mən Bədia adlı müəlliməmi unutmuram. Ilk dərsində bizə bu türkünü öyrətmişdi.
-Bir səbəbi vardımı? Niyə bu mahnı?
-Biz o zaman başa düşmürdük, amma müəllimimizin nə qədər milli kimliyə sahib olduğunu indi başa düşürəm. Görün nə qədər ruhuna işləyib ki, bizə ötürə bilib. Bəlkə də ilk toxumları atan o müəllimə oldu. Hardadır, yaşayırmı, bilmirəm, amma yaşayırsa, Allah ona uzun ömür versin, yaşamırsa, üzülərəm. Bəlkə həyatda əlini ən çox öpmək istədiyim o öyrətməndir deyə bilərəm. Bakıda noyabr ayında Türkiyə kültür həftəsi keçirdik. Heydər Əliyev Mərkəzi kimi prestijli bir məkanda ilk dəfə kültür həftəsi keçirmək bizə nəsib oldu. Orda xüsusilə səhnə performansı möhtəşəm idi. Mehteran, səma, türk xalq musiqisi bəlkə də dünyada ilk dəfə hamısı eyni səhnəni bölüşdülər. Biz bəlkə tarixdə ilk dəfə mehterana “Çırpınırdı Qara dəniz” söylətdik. Azərbaycanın çox millətsevər bir xanımı olan Azərin xanımı dəvət elədik, o da sıx proqramı olmasına rəğmən dəvətimizi qəbul elədi və biz onu gətirdik. “Mehtər marşı”yla Azərin xanım. Bu da mənim həyatımda unuda bilməyəcəyim gözəl tədbirlərdən biri oldu. Keşkə o Bədia öyrətmənimin ünvanını bilsəydim, gedib Türkiyənin harasında da olsa o müəlliməni götürüb ora gətirərdim. Həyatımın ən anlamlı anı olardı. Mən o ifanı ağlayaraq dinlədim. Çox duyğulanmışdım. Elə bilirəm Bədia müəlliməmin həyatında ən önəmli hədiyyə olacaqdı.
-İlk dinlədiyinizlə indikinin arasındakı həyəcan fərqi...
-Bax yenə duyğulandım (Gözləri dolur, bir anlıq susur...), hər halda ədəbiyyat belə bir şeydi, içərisində olan biri deyiləm, amma ədəbiyyat adamı yumşaq ürəkli olur, duyğusal olur. Məndə də “Çırpınırdı Qara dəniz”in həm də acı bir xatirəsi var. Xüsusilə türk millətinin o acı günlərinin birini tərənnüm edir. Allah Əhməd Cavaddan razı olsun. Allah ona rəhmət eləsin.
Kimlyinin fərqində olan bir insanın bunu söylərkən, ya da dinlərkən duyğulanmaması mümkün deyil.
-Sona xanım bir söz dedi efirlərin birində: “Kaspi” qəzeti bizə böyük kişilərin əmanətidir və biz bunun fərqindəyik”. Mənə elə gəlir ki, bu mahnı da Üzeyir Hacıbəyovun, Əhməd Cavadın yadigarıdır. Axı onlar böyük türk kişiləridir.
Bəlkə də elə buna görə hər iki ölkədə baş üstə daşınır...
-Yeri gəlmişkən, deyim ki, burada çox ziyalı ilə görüşüb, tanış olmaq imkanım oldu. Bunlar içərisində bəhs etdiyiniz Sona xanımın tam ayrı bir yeri var. Onu ifadə edəcək kəlmə tapa bilmirəm. Könül arzu edər ki, türk dünyasının belə igid xanımları çox olsun. Duyarlı, qabiliyyətli, bu qabiliyyətinin böyüklüyü ilə bərabər bu qədər də sadəliyidir mənə ən çox təsir edən. Bu qədər uğurun arxasında sadə xarakterli bir qadın dayanır. Əminəm ki, Bədia öyrətmənim kimi, Türkiyəyə qayıdandan sonra da onu sayğı və sevgi ilə xatırlayacağam. Unuda bilməyəcəyim sayğın türk xanımlarından biri olacaq. Onunla hər söhbətimizdə özümdə bir çatışmazlıq görürəm, onun baxışlarını, duyarlılığını çox bəyənirəm. Elə ən son Ankara Universitetində konfrans mövsuzu olan Hüseyn Cavid əsərlərinin Anadolu tükcəsiylə təqdim olunması, Türkiyədə çox önəmli yerlərlə buluşdurulması öz-özlüyündə bir fədakarlıqdır. Bu baxımdan onu təbrik edirəm. Bunu təkcə mən demirəm, İLESAM sədri və yardımçısı. yenə Sona xanım kimi bir xanım olan İltər xanım da Sona xanmla görüşdən çıxandan sonra heyranlıqlarını dilə gətirdilər. Əmin olun, burada ədəbiyyat sahəsində ən böyük ədəbi söhbəti elə Sona xanımla elədilər.
-Azərbaycanlılar sizi bura təyin olunmamışdan əvvəldən tanıyırlar...
-Deyə bilmərəm, amma mən Azərbaycanı tanıyırdım. 1990-91 –ci illərdə Qorbaçovun sön dövrləri, Azərbaycanın ən ağrılı günlərində Bakıya gəldim. Çox çəkmədən o da istefaya getdi.
-Niyə gəldiniz?
-Onu mən də bilmirəm nəydi gətirən, demək ki, Allahın bir lütfüydü. Bəzən tale sizin əlinizdə olmadan öz işini görür. Çox təşəkkür edirəm o qədərə ki, məni həmişə sevindiyim, geriyə dönüb baxanda peşmanlıq duymadığım gözəl yerlərə götürdü. O baxımdan burada da Allahın bir hikməti var deyə düşünürəm. 90-cı illərdə buraya gəlişim, ta o illərdəki sevgi mənə unuda bilmədiyim xatirələri, sevgini, sayğını gətirmişdi. O zaman universitet məzunu olaraq gəlmişdim. Bir düşünün, gəncsiniz, aradan 23 il keçir, eyni yerə ölkənizi təmsilən diplomatik bir vəzifəyə gəlirsiniz. Hər halda bu, yaşana biləcək ən gözəl təsadüf, ya da təvafüqdür. Yəni onu deyim ki, istəyin, o zaman bir yerdə Allah onu sizə inanın ki, nəsib edir. O istəyin alt yapısını yetişdirmək lazımdır. Ondan sonra Mövla əsirgəmir, onun rəhmət xəzinəsi çox geniş və boldur, sizə də bir pay düşür.
-Azərbaycandan gedəndə nəyi götürəcəksiniz özünüzlə?
-Vallah, gedəcəmmi, bilməm. Bəlkə fiziki olaraq gedərəm də, amma ruhən burdayam.
Osman Qazi universitetində Tamella Abbasxanlı var, professor doktor, buradan onu da salamlayıram, çox sevdiyim bir sözü var, artıq mənim də dilimə düşüb. Deyir ki,
“Vətənimdə Vətənimi özlədim”. Türkiyədə Azərbaycanı, Azərbaycanda Türkiyəni özləmək bu olsa gərək.
-İndi azərbaycanlılar da deyəcək bizim Ankarada bir oğlumuz var. Əhməd bəy, Azərbaycanda Sizə ən çox təsir edən bir görüş, ya da şəxs...
-Məna aləmi insanın həyatını gözəlləşdirən ən böyük amillərdəndir. İşin məna aləminə girərsək, o, ayrıca bir bölümdür. Zatən ədəbiyyatın ən böyük alimləri də buradan çıxmışdır, Mənadan, Eşqdən, Sevgidən... Bəlkə o şeirlərin sevilməsinin arxasında yatan da budur. Bu məna aləmi olmasaydı, bu gun Füzulinin çox da sayılan bir yönü olmazdı. Füzulini biz görmədiyimiz halda sayıb seviriksə, bu onun məna aləmindən alıb bizlərə gətirdiklərindəndir. Məna aləmində əgər insanları gəzər görürsəniz, hələ bizə ordan bir şeylər sunar görürsəniz, o insanlar həyatımızda gözəl şeylər buraxır. Madam sözü oraya gətirdik, Allah rəhmət eləsin, Feyzullah bəy adlı birini tanıdım Azərbaycanda. Çox az bir qarşılaşmamız oldu. Müşavir yoldaşlarımla İrandan bir səfərdən gəlirdik. Lənkəranda məsciddə ona da uğrayıb, bir çayını içdik. Yarım saatlıq o görüş mənim yaddaşımda iz buraxdı. Təkcə o adama Türkiyədən onlarla kitab gətirib göndərdim. Çünki tam bir kitab aşiqi, bir xidmət əhliydi. O adam: “Mən peyğəmbərimizin yaşından artıq yaşamaq istəmirəm”- demişdi, onun yaşında da dünyadan getdi.
Burda da var o məna. Məsələn, Yəhya Bakuvini götürək. Bunlar bizim bu günlərə gəlməmizdə, mənəvi dünyamızın təkamülə ərməsində çox önəmli fiqurlardır. Əgər bu gün Anadolunun türklərə yurd olmasında bir səbəb, bir nədən arayırsınızsa, bunlardan biri də Yəhya Bakuvi həzrətləridir. Yəhya Bakuvinin hələ də Anadoluda yaşayan, yaşadılan və yaşadılacağını ümid elədiyimiz xidmətləri var. Bakuvi həyatdadır, sadəcə, Anadoluda deyil, Balkanlarda, Misirdə yaşayır. Əskilər dermişlər: “Şərəfül məkan bilməkin”. Yəni bir məkanın şərəfi oranın insanlarıyla ölçülür. Bakı qiymətlidirsə, onu qiymətli qılan əsaslardan biri Bakuvidir, onun arxasındakı mənəvi dinamit odur. Azərbaycanda da hara getsəniz, onun bənzərinə rast gələ bilərsiniz. Bunları unutmamaq lazımdır. Mənasız cismin heç bir qiyməti olmur. Bax, səndən soruşuram, yaxın zamanda atanı itirdin, bircə gün evində saxladınmı? Yox, götürüb öz əllərinlə torpağa verdin. Bu sənin canındır, amma ölən kimi tez-tələsik torpağa verməyə cəhd edirsən. Niyə? Çünki ruh getdi. Ruhsuz kimsənin bir qiyməti olmaz, atan belə olsa.
-Dərvişin görəvi varmı?
-Olmaz olurmu? Əslində bu bəhs etdiyimiz hamısı dərvişanə görəvlər.
-Bəs görəvin dərvişi olmaq?
-Məsuliyyət Yer üzündə insana bilərək verilən bir şeydir. Hamımız müsəlmanıq, Quranda belə deyir: “Biz məsuliyyəti dağlara-daşlara verdik, onlar bu məsuliyyətin çətinliyindən çəkinib almadılar, dönüb insana yüklədik”.
Məsuliyyətlə insan insan olur. Ya əşrəfi məxluq olur, ya da əsvəli sahilin olur. Allah nəzdində də, cəmiyyətdə də qiymətə minir.
Məsuliyyətin bizdən bir əvvəlki nəsildə adı dərvişlər deyə keçər, insanlar mənəviyyatdan qopmamaq üçün özlərində bir məsuliyyət hiss edib bu sahədə xidmət göstəriblər.
Dərviş Yunus demirmi ki:
“İlim ilim bilməkdir,
ilim kendini bilməkdir,
Sen kendini bilmezsin,
Ya nice okumaktır...”
Sadəcə, oxumaq deyil, təhsil, elm, və məsuliyyət bir arada vəhdət təşkil edir. Olmazsa olmaz!
Məsuliyyət yükünü daşıya bildiyi müddətcə kamil insandır, cəmiyyətdə yeri və nüfuzu olan bir insandır.
-Oxucularımıza son sözünüz nədir?
-Dağarcığımızda olanları anlatdıq. Bircə ona təəssüf edirəm ki, Azərbaycanda görmədiyim çox iş qaldı. Əgər vaxtım olsaydı, gənclərə daha çox vaxt ayırardım, onların təhsili üçün əlimdən gələni edərdim.
Nigar İsfəndiyarqızı

banner

Oxşar Xəbərlər