• şənbə, 20 Aprel, 00:12
  • Baku Bakı 15°C

Greencard lotereyası bu il sonuncu ola bilər

03.11.17 12:30 1741
Greencard lotereyası bu il sonuncu ola bilər
Yəqin ki, Amerikada yaşamaq bir çoxumuzun arzusudur. Dəbdəbənin, müasir həyat tərzinin vurğunu olan hər kəs nə vaxtsa Amerikada yaşamağın xəyalını qurur. Düzdür, bu xəyal əlçatmaz sayılmasa da, heç də asan deyil. Bu gün dünyanın bir çox ölkələrindən milyonlarla insan ABŞ-a qeyri-qanuni miqrasiya edir. Amma Greencard vasitəsi ilə sən bu ölkədə yaşamaq və işləmək hüququ qazana bilirsən. Qeyd edim ki, Greencard vasitəsilə ABŞ-da bu hüququ qazananlar arasında həmvətənlərimiz də var. Belə ki, ölkəmizdə də Greencard-a müraciət edənlərin sayı kifayət qədərdir və bu rəqəm getdikcə artır. Ötən illərdə müraciət edib qalib gələn həmyerlimizin bir neçəsi artıq adıçəkilən ölkədə yaşamağa başlayıb. Məsələn, Cavid Bağırlı deyir ki, qalib olması ilə bağlı xəbəri 2016-cı ildə İstanbulda olarkən alıb: "2013-cü ildən bəri müraciət edirdim və nəhayət qalib olmuşdum. 1 il müddətində bütün sənədləşmə işlərindən sonra artıq 5 aydır ki, xəyallarımın şəhəri New York-da yaşayıram.Şansa inanın, çünki o bir gün üzünüzə güləcək”.
Amma təəssüflər olsun ki, minlərlə insanın müraciət edib gözlədiyi bu şans ləğv oluna bilər. Belə ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə tezliklə Greencard lotereyasının ləğvi ilə bağlı Konqreslə işə başlanılacağını bəyan edib. Greencard lotereyasını tənqid edən D.Tramp bildirib ki, rəsmi Vaşinqton real xidmətlər əsasında immiqrasiyanın tərəfdarıdır. "Mən bunu çoxdan etmək istəyirdim. Bu lotereyadan ən qısa müddətdə qurtulmaq lazımdır”, - deyə D.Tramp bildirib.
Bəs görəsən Trampın bu bəyanatı öz təsdiqini tapa biləcəkmi? Sözügedən lotereyanın ləğvi nə qədər realdır?
Greencard.az şirkətinin mütəxəssisi Royal Cəfərov deyir ki, sözügedən lotereya 1990-cı ildən bəri fəaliyyətdədir: "Hər il 50 min insan bu xətlə ABŞ-da daimi yaşamaq və işləmək hüququ qazanır. Proqrama müraciət ödənişsizdir və dil biliyi tələb olunmur. Orta məktəbi bitirən hər kəs bu proqrama müraciət edə bilər. Hər il dünyada milyonlarla insan müraciət edir. Hazırda Azərbaycandan 70 minə yaxın müraciət olunub. Ötən il 400-500 nəfər qalib olub. Azərbaycan üzrə kvota isə 3500-dür. Yəni bu rəqəm 7 dəfə çox yəni, 3500 ola bilər. Amma Azərbaycandan müraciət az olduğu üçün qalib gələnlərin də sayı azdır. Güman edirik ki, bu il ümumilikdə 100 minə yaxın insan müraciət edəcək və minə yaxın qalib seçiləcək. Hazırda 70 minə yaxın müraciət edən var. Növbəti 20 gündə 30 minə yaxın müraciət ehtimal olunur. Lotereyanın ləğvi istisna edilmir. İndiki vaxtda təhsil nəzərə alınmır və qalib gələn şəxsin ixtisasına və peşəkarlığına fikir verilmir. Ona görə də mövcud proqram bir növ ABŞ üçün faydalı hesab edilmir. ABŞ prezidenti daha bacarıqlı və təhsilli şəxslərin ölkəyə gəlməsinin tərəfdarıdır. RAİSE-ACT adlı alternativ bir proqram yaradılıb və düşünürük ki, bu proqram əvvəl-axır qüvvəyə minəcək. Güman olunur ki, bu il sonuncudur”.
R.Cəfərov bəzi məqamları da qeyd etdi: "Tramp hələ avqust ayında "Greencard” lotereyasının ləğvi ilə bağlı təklif vermişdi: "İndi seçimlər tamamilə təsadüf əsasında aparılır. Yəni burada qalib gəlmək üçün hər-hansı bir kriteriya tələb olunmur. Rəsmi qaydada müraciət edirsən və seçilsən, qalib gəlirsən. Amma Tramp təklif verdi ki, qaydalar dəyişilsin və seçimlər insanların təhsili, dil bilgisi və maddi imkanları əsasında aparılsın. Bu günlərdə ABŞ-da baş verən terror aktı bu məsələni bir qədər də sürətləndirdi. Tramp əsaslandırır ki, bu lotereyanın ləğvi vacibdir”.
Ekspert Rəhman Quliyev bildirdi ki, "Greencard”ın ləğviABŞ-ın daxili siyasəti ilə bağlı olan bir məsələdir: "ABŞ rəhbərliyi digər ölkələrin vətəndaşlarının bu siyasətdən sui-istifadə etdiyinin fərqindədir. Ona görə də belə bir təklif irəli sürülüb. Hazırda bir çox insan bu proqrama müraciət üçün can atır. Amma hesab edirəm ki, bu, o qədər də yaxşı hal deyil. Çünki Amerikada yaşamaq o qədər də şişirdiləsi bir şey deyil. Orda yaşamaqla sırf sosial rifahın yaxşılaşacağını düşünənlər yanılırlar. Greencard ola bilsin ki, bu, birdəfəlik ləğv edilsin. Ümumiyyətlə, miqrasiya məsləsində dünya ölkələrinin hər biri tamam fərqli siyasətlər aparır. Hər ölkənin miqrasiya ilə bağlı öz siyasəti var. Yəni bu, sırf siyasi motivlərdən asılı olan bir siyasətdir. Miqrasiya ölkənin xarici siyasətinin bir qoludur. ABŞ hazırda Greencardın ləğvi ilə özünə baryer qurmaq istəyir. Ona görə də müəyyən məhdudiyyətlər yaradır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər