• çərşənbə axşamı, 23 aprel, 14:31
  • Baku Bakı 24°C

GRECO-nun yaddaşsızlığı

15.04.15 05:51 992
GRECO-nun yaddaşsızlığı
Keçən il Bakıda tədbir keçirib Azərbaycanın korrupsiyaya qarşı mübarizə istiqamətində gördüyü işləri təqdir edən qurum, bu il hazırladığı hesabatda sanki hər şeyi unudub
Bu günlərdə Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu -GRECO hesabat yayaraq guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində az iş görüldüyünü bildirib. Bundan başqa, hesabatda bir sıra digər ifrat qərəzli fikirlər də səsləndirilib. Hesabatla ötəri tanışlıq onun qeyri-obyektiv mahiyyətini ortaya qoyur. Ölkədə həyata keçirilən ən vacib əhəmiyyətli antikorrupsiya tədbirləri, aparılan institusional, hüquqi islahatların diqqətdən kənarda saxlanılması bunu bir daha sübut edir. Hesabata diqqət yetirdikdə, onun 2007-ci ildən etibarən demək olar ki, təkrarlandığı görünür. Onu hazırlayanlar sanki özlərinə əziyyət verib, görülən işləri qeyd etmir və ya bilərəkdən bunu etmirlər. Halbuki həmin 2007-ci ildən sonra Azərbaycanda bu istiqamətdə xeyli işlər həyata keçirilib. Hətta bu hesabatı hazırlayan GRECO-nun özü də vaxtilə bunları etiraf edib. Belə ki, hələ ötən ilin iyul ayının əvvəlində Azərbaycan hökuməti və GRECO-nun, eyni zamanda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) təşkilatçılığı ilə Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" adlı tədbir keçirilmişdi. Tədbirdə Avropa Şurasının üzvü olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak etmişlər. Tədbir beynəlxalq əhəmiyyət kəsb edib və belə bir mühüm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi xüsusi məna daşımış olub. Belə ki, bu tədbirin Azərbaycanda keçirilməsi AŞ-nin üzvü kimi ölkəmizdə korrupsiyaya qarşı aparılan effektiv mübarizə və onun qlobal səviyyədə yaratdığı ajiotajın göstəricisi hesab oluna bilər. Təsadüfi deyil ki, həmin vaxt məhz bu məqam tədbirin gedişində də dünyanın aparıcı dövlətlərinin təmsilçiləri tərəfindən dilə gətirilmişdi. Məsələn, Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri çıxışı zamanı Azərbaycanın korrupsiyaya qarşı mübarizədə özünün uğurlu modelini yarada bilməsindən şad olduğunu qeyd etmişdi. Təxminən eyni fikir Böyük Britaniya təmsilçisinin dilindən də səslənmişdi. Bu onu göstərir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də alqışlanır. Lakin üstündən heç bir il keçməmiş GRECO-nun başqa mövqedən çıxış etməsi, ölkəmizin nailiyyətlərini qulaqardına vuraraq, cəfəng hesabatlar hazırlaması, həmin hesabatda bu istiqamətdə atılan addımların görməzdən gəlinməsi çox təəccüblüdür.
Məgər Avropa Şurası kimi bir təşkilatın alt qurumunda Avropada korrupsiyaya qarşı mübarizənin hansı səviyyədə olduğunu bilmirlərmi? Elə keçən ay Almaniyada insanlar bir bankın binasının tikintisində korrupsiya faktlarına yol verildiyinə etiraz etmirdilərmi? Bununla bağlı etiraz aksiyasına çıxanların döyülməsi, söyülməsi, həbs edilməsi niyə belə yaddan çıxarılıb? Prezident İlham Əliyevin martın 19-da Novruz şənliyindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycanın bütün Avropa Oyunlarına hazırlıq işlərinə xərclədiyi vəsait Avropada bir bank binasının tikintisinə xərclənib: “Bəs haradadır “Transparency International”? Niyə bu işlərdə öz sözünü demir? Avropada nəqliyyatla bağlı bir infrastruktur obyekti var. On ildir inşa edilir. Bizim Avropa Oyunlarının hazırlanmasına xərclədiyimizin ikiqatı qədər oraya pul xərclənib, hələ ki, tikintisi qurtarmayıb. Bəs niyə bu barədə danışmırlar? Niyə bu barədə yazmırlar?”
Prezidentin haqlı olaraq “Transparency International”la bağlı səsələndirdiyi bu sualları biz GRECO-ya da ünvanlaya bilərik. Soruşa bilərik ki, Azərbaycanla bağlı milçəkdən fil düzəldən bu təşkilat nədən Avropanın mərkəzində baş verən bu olayları qulaqardına vurur, görməzdən gəlir? Bu, ədalətsizlik, bərabərlik əvəzinə qeyri-bərabərlik, düzgünlük əvəzinə riyakarlıq, yalan siyasəti Avropa qurumlarının işlərinə necə ikili standartlarla yanaşmalarının göstəricisi deyilmi?
Azərbaycan dövləti korrupsiya ilə mübarizə tədbirlərini daim prioritet məsələ hesab edib. Ölkəmiz AŞ Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrdə də bu işə xüsusi önəm verəcəyini elan edib.
Ümumiyyətlə, son illər ciddi addımlar atılmaqla bu sahədə iş bir qədər də gücləndirilib. Ölkədə korrupsiya ilə mübarizə sahəsində ciddi qanunvericilik bazası formalaşdırılıb, institusional islahatlar aparılıb. Dövlət başçısının qərarı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya ilə mübarizədə xüsusilə dönüş nöqtəsi hesab olunmalıdır. 2014-cü ilin əvvəlində idarənin səlahiyyətlərinin artırılması, onun funksiyalarının genişləndirilməsi, Baş prokuror yanında baş idarə statusu alması və s. dövlətin korrupsiya ilə mübarizə sahəsində qətiyyətini bir daha ortaya qoyub. Nəticə olaraq isə bu gün baş idarə tərəfindən korrupsiyaya qarşı mübarizədə ciddi nailiyyətlərə imza atılmaqdadır.
Ümumiyyətlə, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə konkret ixtisaslaşmış qurumun yaradılması ciddi əhəmiyyətli hadisə hesab edilir. Korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış qurumun daha effektiv olmasını beynəlxalq təcrübə də təsdiq edir. Belə ki, bir sıra aparıcı dünya və Avropa dövlətlərində də bu cür qurumlar fəaliyyət göstərir.
Lakin o da qeyd edilməlidir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə yalnız bu sahədə ixtisaslaşmış prokurorluq orqanının yaradılması ilə məhdudlaşmayıb, daha geniş miqyaslı tədbirləri əhatə etməkdədir. Azərbaycanda dövlət idarəetməsində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutunun tətbiqi, elektron xidmətlərin inkişafı və s. bu gün korrupsiyaya qarşı mübarizənin başlıca istiqamətləridir.
Bu çərçivədə «ASAN» xidmətin yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki, sözügedən xidmət vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsi və keyfiyyətinin artırılması istiqamətində dünyada analoqu olmayan layihədir. Dövlət başçısının da beynəlxalq tribunalardan dəfələrlə qeyd etdiyi kimi, ASAN xidmət Azərbaycan brendidir. ASAN xidmətin yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, o, bütün dünyada, xüsusilə də Avropada ciddi maraq oyadıb. O da qeyd edilməlidir ki, ASAN xidmət barədə artıq beynəlxalq qurumların tədbirlərində də söz açılır.
Ümumiyyətlə, ASAN xidmət kimi dünyada analoqu olmayan qurumun yaradılmasının Azərbaycanda baş tutması ölkəmizin korrupsiyaya qarşı mübarizə işində nə qədər qərarlı olduğunu bir daha təsdiq edir. O da vurğulanmalıdır ki, Azərbaycan korrupsiyaya qarşı mübarizəni dövlətin prioritetlərindən olduğunu bəyan edib.
Bütün bunlar GRECO-nun hesabatının nə qədər qeyri-obyektiv olduğunu, ikili standartlara əsaslandığını, siyasi maraqlara xidmət etdiyini bir daha sübut etmiş olur. Adi QHT-lərin bur cür qərəzli bəyanatlarının haradan qaynaqlandığı bizə yaxşı bəllidir. Amma Avropa Şurası kimi ciddi bir qurumun alt qurumunun da bu oyuna qoşulması artıq biabırçılıqdır. Bu qeyri-obyektivlik təkcə AZərbaycana qarşı kampaniyanın tərkib hissi deyil, həm də Avropa Şurasının nüfuzuna bir zərbədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər