• cümə axşamı, 28 mart, 16:27
  • Baku Bakı 16°C

“Görəcəyimiz çox işlər var”

13.01.15 10:25 886
“Görəcəyimiz çox işlər var”
Elman Rüstəmov: Dünya iqtisadiyyatında davam edəcəyi proqnozlaşdırılan qeyri-müəyyənlik Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək
Ötən həftəsonu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin müşavirəsi keçirildi. Müşavirədə 2014-cü ildə görülmüş işlərlə yanaşı, 2015-ci ildə qarşıya qoyulan vəzifələrlə bağlı çıxışlar və tapşırıqlar səsləndirilib. Mərkəzi Bankın sədri Elman Rüstəmov da çıxış edərək ölkənin pul siyasəti ilə bağlı görülmüş və görüləcək işlərdən danışıb.
Bildirib ki, 2008-ci il maliyyə böhranından bəri zəifləyən qlobal iqtisadi aktivlik dünya ticarətinə və əmtəə bazarlarına da əhəmiyyətli təsir edir: “Nəticədə bir sıra əmtəə qiymətlərinin aşağı düşməsini görürük. 2014-cü il ərzində metal qiymətləri 17 faiz, ərzaq qiymətləri 6 faizdən çox, eyni zamanda, enerji daşıyıcılarının qiyməti iki dəfə aşağı düşüb və 2015-ci ilin başlanğıcında da bu proseslər davam edir. Azərbaycan da qlobal iqtisadiyyatın tərkib hissəsi kimi bu şəraitdə müəyyən çağırışlarla üzləşib”.
E.Rüstəmov qeyd edib ki, həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 10 ildə 7 dəfə artıb. 2014-cü ildə Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit gözlənilir. İxracın həcmi idxalı 2,6 dəfə üstələyəcək: “Son illər ərzində ilk dəfə idxalın təxminən 20 faizədək azalması, - bu, yəqin ki, ölkənin özünütəminat səviyyəsinin yüksəlməsi ilə əlaqədardır, - xarici ticarət balansına müsbət təsir edib”.
Ölkənin strateji valyuta ehtiyatlarının artdığını deyən baş bankir bildirib ki, ehtiyatlar bu gün ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri onun öhdəliklərini 2,7 dəfə üstələyir. Bütövlükdə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb. Ötən il ölkədə həm də son on ildə ən aşağı inflyasiya – 1,4 faiz – qeydə alınıb.
Bir sıra milli valyutalar məcburi devalvasiyaya uğrayıb
E.Rüstəmov ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranlarının baş verdiyini qeyd edərək bir sıra milli valyutaların məcburi olaraq ciddi devalvasiyaya uğradığını bildirib: “Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşıb. Manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılıb. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görüb”.
İstehlak kreditlərinin artım tempi azaldılıb
MB sədri vurğulayıb ki, 2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub, sektor aktiv olaraq iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləyib: “Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirib, bankların kapitalizasiyası davam etdirilib. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artıb”.
E.Rüstəmovun səsləndirdiyi rəqəmlərdən o da aydın olur ki, bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetirib. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artıb və bütövlükdə, orta yaxşı göstəriciyə çatıb. 2014-cü ildə bank sektorunun aktivləri 21 faiz, bank kreditləri 18 faiz, o cümlədən uzunmüddətli kreditlər 19 faiz artıb, biznes kreditləşməsinin genişlənməsi davam edib. Biznes kreditləri 18 faiz, o cümlədən sənaye 36 faiz artıb. Regionlara kredit qoyuluşları isə 39 faiz artıb: “2014-cü ildə həm bank sektorunun, həm də əhalinin rastlaşa biləcəyi maliyyə risklərini nəzərə alaraq, istehlak kreditlərinin artımının Mərkəzi Bank tərəfindən tənzimlənməsi sərtləşdirilib. Nəticədə istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1,9 dəfə azalaraq 19 faizə, ipoteka kreditləri istisna olunmaqla isə cəmi 13 faizə enib. Avtomobil kreditlərinə gəldikdə isə, bu kreditlərin mütləq həcmi 31 faiz azalıb”.
MB sədri qeyd edib ki, 2014-cü ildə bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artıb. İpoteka Fondu tərəfindən ötən il 97 milyon manat ipoteka krediti verilib, artıq ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti alıb. İpotekanı əldə etmək mexanizmini sadələşdirmək, bu sahədə olan bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanıb.
Elektron hesablaşmalar 15 dəfə artıb
Ötən il əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçib. Əmanətlər üzrə əhalinin faiz gəlirləri isə yarım milyard manatı keçib. Ölkədə kredit alanların sayı təxminən 2 milyona çatıb, 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır: “2014-cü ildə faiz dərəcələrinin azalması prosesi davam edib. Son illərdə kreditlər üzrə faiz dərəcələri 18 faizdən hazırda 14 faizə düşüb. Lakin bir sıra təminatçı istehlak kreditləri və mikrokreditlər üzrə faiz dərəcəsi nisbətən yüksəkdir və bizim burada görəcəyimiz hələ çoxlu işlər var”.
Son 10 ildə elektron hesablaşmaların həcmi 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir. Plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artıb. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.
E.Rüstəmov söyləyib ki, dünya iqtisadiyyatında davam edəcəyi proqnozlaşdırılan qeyri-müəyyənlik Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək: “Mərkəzi Bankda aparılan stress-testləşmə, simulyasiya modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, birmənalı olaraq Azərbaycan iqtisadiyyatı həm cari ildə, həm də orta müddətli dövrdə bütün bu risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiallara malikdir. Bizim qarşımızda duran əsas vəzifə iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdan ibarətdir”.
MB sədrinin sözlərinə görə, beynəlxalq konyukturada baş verən proseslərə baxsaq görərik ki, hesablamalara görə, hazırkı neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür və bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir: “Odur ki, cari ildə də bütövlükdə aşağı inflyasiya bizim diqqət mərkəzimizdə olmalıdır. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın, necə deyərlər, defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq. Bunun üçün əlimizdə bir sıra vasitələr var. Əvvəla, manatın sabitliyi. Manatın sabitliyi üçün bütün imkanlar var. Cari ildə də bank sektorunun sabitliyinin qorunması, onun inkişafı, real sektorun inkişafında rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması qarşımızda duran əsas vəzifələrdən biri olacaq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər