• çərşənbə axşamı, 16 aprel, 11:04
  • Baku Bakı 14°C

Goranboyda əjdaha var?

27.12.13 09:18 1712
Goranboyda əjdaha var?
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri uzun müddətdir qəsəbəyə su verilmədiyini iddia edərək “Goranboy əjdahaları xalqa su vermir” adı altında mətbuat konfransı keçirdilər. Konfransda öz şikayətlərini bildirən sakinlərin sözlərinə görə, qəsəbəyə su verilmədiyi üçün onlar əkin sahələrini suvara bilmirlər və əkdikləri əkinlər qurda-quşa yem olur:
“Biz təsərrüfatımızı əkirik, vaxtında sulaya bilmirik. Dövlətin pay torpaqları üçün ayırdığı yardımdan yararlana bilmirik. Çünki, məmurlar dövlətin bizə ayırdığı suyu öz təsərrüfatlarında istifadə edirlər bizə gələndə isə enerjinin limitinin qurtardığını deyirlər. Biz sudan istifadə etmiriksə limit necə qurtara bilər?”.
7 hektar əkin sahəsi olduğunu söyləyən kənd sakini Həbibov Kərəm torpaqlarının vaxtında sulanmadığı üçün ciddi ziyana uğradığını bildirdi: “Əkdiyimiz toxumlar məhv olur. Hər dəfə söz verirlər ki, həll edəcəyik, amma nəticə yoxdur. Bizdə media nümayəndələrindən, ictimaiyyətdən kömək istəyirik ki, bizim su problemimizi həll edin”. 6 hektar əkin sahəsi olan Mahmudov Akif bildirdi ki, oktyabrda əkdikləri toxumlara hələ də su dəyməyib. Eləcə də, kənd sakinləri Məmmədov Nazim, Rzayev Həsən, Məmmədov Boyat da əkin sahələrinə nəzarət edilməsini və problemlərinin həll olunmasını tələb edirlər.
Tədbirdə iştirak edən sakinlər rayondakı məmurların öz torpaqlarını suvardıqları halda adi vətəndaşlara bu imkanı yaratmadıqlarını bildirdilər: “Suvarma sistemində istifadə olunan artezian quyuları ancaq məmurlara aid torpaq sahələrində istifadə olunur. Dəfələrlə məsələ ilə bağlı, icra başçısının qəbuluna getmişik, lakin bizi qəbul etməyib”.
Rəsmi mövqe
Məsələyə münasibət öyrənmək üçün Goranboy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra başçısının aqrar məsələlər üzrə müavini Rafət Qurbanov “Kaspi”yə açıqlamasında bildirdi ki, həmin ərazilərə su verilməməsinin səbəbi çaylarda suların həddindən artıq az olmasıdır: “Goranboy rayonunda suvarma suyu çatışmır. 2013-cü ildə yağıntı olmadığı üçün çaylarımızda suyun miqdarı çox aşağı səviyyədədir və su vermə qabiliyyəti yoxdur. Ona görə də, rayonda əkin sahələri artizanların, çayların, Kürdən götürülən nasos stansiyalarının hesabına sulanır. Goranboya Nazirlər Kabinetinin qərarına əsasən «Azərsu» Səhmdar Cəmiyyəti tərəfindən limitlə- 73 milyon kilovat enerji verilib və həmin enerji də artıq istifadə olunub. Ağsu çayından aldığımız suyun miqdarı az olduğuna görə, məcburuq nasosdan istifadə edək, ona da əlavə enerji lazımdır. O enerjinin qiyməti büdcədə nəzərdə tutulub və o qədər də ödənilir. Artıq enerjinin dəyəri ödənilmir. Bununla bağlı aidiyyatı orqanlara məktub yazılıb. Buna cavab olaraq yanvar ayında bizə verilən enerjinin limiti artırılacaq”.
İcra nümayəndəsinin sözlərinə görə, 2 gün müddətinə sakinlərin su problemi həll olunacaq: “Sözü gedən kəndə bu dəqiqə Tərtər kanalından kifayət qədər su alınıb və oranın camaatına verilir. Bunların tələb etdikləri yer Qaraçay deyilən ərazidir ki, orada ümumiyyətlə su yoxdur. Sakinlərdə nasos stansiyasının qurulmasına tələb edirlər. Bunun üçün də əlavə enerji hesablanmalıdır. Bu isə bizim ixtiyarımızda deyil. Bu məsələ ilə biz mütəmadi olaraq məşğul oluruq və 2 günə də həmin məsələ həll olunacaq”.
Başçının sakinləri qəbul etmədiyi kimi fikirlərinə gəldikdə isə, müavin bildirdi ki, başçının qapısı hamının üzünə açıqdır və sakinlərdə onun qəbulunda olurlar: “İstəsəniz siz özünüz də gəlib burada araşdırma aparın. Biz sənədlərlə, faktlarla çıxış etməyə hər zaman hazırıq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər