• cümə axşamı, 28 mart, 21:31
  • Baku Bakı 13°C

Gömrük-sahibkar münasibətləri

16.01.19 11:00 512
Gömrük-sahibkar münasibətləri
Azərbaycan Gömrük Xidməti 30 yanvar 1992-ci ildə yaradılıb. Ölkədə gedən mürəkkəb ictimai-siyasi proseslər bu sahədə görülən işlərin həyata keçirilməsinə imkan vermirdi. Ölkə iqtisadiyyatının digər sahələri kimi, gömrük xidməti də ciddi tənəzzül dövrünü yaşayırdı. Qısa vaxt ərzində respublikanın iqtisadi maraqlarının və mənafelərinin qorunması, mühüm xarici-iqtisadi əlaqələrin qurulması və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması yönündə işlərə başlanıldı. Eyni zamanda, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi vacib idi. Çox keçmədi ki, Azərbaycan yüksək iqtisadi göstəricilərə nail oldu. Ölkədə strateji dövlət təsisatlarının qurulması hesabına bir çox nailiyyətlər əldə edildi. Dövlət tərəfindən aparılan mühüm islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları inkişaf etdi. Bu, öz növbəsində, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində öz bəhrəsini verdi.
Bundan başqa, düzgün həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırdı. Bir sıra dövlətlərlə yüksək səviyyədə əlaqələr quruldu. Ölkənin siyasi imicini dəyişən addımlar onun xarici-iqtisadi əlaqələrinin genişlənməsi və ölkəyə güclü investisiya axını üçün zəmin yaratdı. Hazırda respublikamız sürətli inkişaf yolu ilə irəliləyir. Bütün sahələrdə, həmçinin qeyri-neft sektorunda dinamik inkişaf gedir və yeni-yeni islahatlar aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə digər bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də mühüm inkişafa nail olunub. Bu gün artıq Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub. 2017-ci ildə isə Azərbaycan Gömrük Xidməti yenidənÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisi də fəaliyyət göstərir.
İqtisadi inkişafda gömrüyün rolu
Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşdiyindən, bir mərkəz olaraq Şimal və Cənub, Qərb və Şərq arasında daim körpü rolunu oynayıb. Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsinin dünya ticarəti ilə əlaqənin yaradılmasında xüsusi əhəmiyyəti var. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə tranzit daşımalarının sürətlənməsi və ticarətin sadələşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Gömrük işinin formalaşması istiqamətində görülən işlər, aparılan islahatlar ölkələrarası ticarətin inkişafına güclü təkan verib. Respublikanın gömrük orqanları daxili bazarın qorunmasında, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayır. Ölkədə gömrük xidmətinin ümumi fəaliyyəti regionda qanuni ticarətin inkişafına əlverişli şərait yaradıb. Respublikada biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılmasında, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında gömrük işinin mühüm rolu danılmazdır. Bu da iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıb. Azərbaycan gömrüyü yüksək Avropa standartlarına uyğun maddi-texniki bazaya, ən müasir infrastruktura və informasiya kommunikasiya texnologiyalarına malik olaraq, özünün beynəlxalq əlaqələrini daim genişləndirir. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında onun iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.
"Bir pəncərə" prinsipi
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipi tətbiq edilərək həyata keçirilir. Bu isə öz növbəsində sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axını üçün əlverişli şəraitin yaradılması, vaxt itkisinin minimuma endirilməsi kimi nailiyyətlərlə müşayiət olunur. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Gömrük Komitəsinə həvalə edilib. "Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, həmçinin sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə nail olunub. Bundan başqa, sahibkarlıq subyektləri tərəfindən tələblərə daha ciddi riayət edilir, sərhəd nəzarəti prosedurlarında şəffaflıq artırılır, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi təmin edilir. Bu metodlar həmçinin yükdaşımalarda imkanların artırılmasına və nəqliyyat sektorunun inkişafına, tranzit potensialının gücləndirilməsinə xidmət edir. "Bir pəncərə" prinsipinin tətbiqi rəsmiləşdirmə müddətinin azaldılması nəticəsində yüklərinin göndəriş və idxalına icazələrin alınması prosedurunun sürətlənməsinə şərait yaradır. Bu tətbiq ticarət əlaqələrinin genişlənməsinə və mal dövriyyəsi üçün daha əlverişli şəraitin yaradılmasına da imkan verir.
Elektron xidmət
Respublika Prezidentinin 25 fevral 2011-ci il tarixli sərəncamına əsasən, "Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi" elektron gömrük xidməti istismara verilib.Bu xidmət növü malların gömrük sərhədindən keçirilməsi zamanı hüquqi və fiziki şəxslərin gömrük əməliyyatları ilə bağlı ödənişləri, o cümlədən cərimələrin ödənişini onlayn şəkildə həyata keçirmələrindən ötrüdür. Müvəqqəti saxlanc anbarlarında isə malların yerləşdirilməsi və hərəkəti üzrə "VAİS-Anbar" altsistemi yaradılaraq istismara verilib. Eyni zamanda, VAİS-də SMS sisteminin tətbiq edilməsi yeniliklərdən biridir. Belə ki, mallar dövlət gömrük sərhədini keçərkən, təyinat gömrük orqanına çatarkən və rəsmiləşdirilmə başladıqdan sonra rəsmiləşdirilmənin bütün mərhələlərində mal sahiblərinə sistem tərəfindən avtomatik olaraq malın həmin andakı statusu barədə SMS göndərilir. Artıq ötən ilin mayın 29-dan Dövlət Gömrük Komitəsində elektron gömrük xidməti - "SMS-məlumatlandırma" sistemi də istifadəyə verilib. Həmin sistemə əsasən, sahibkarlara idxal zamanı yük gömrük ərazisindən çıxdıqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir.
"Yaşıl dəhliz"
İdxal və ixrac əməliyyatlarının asanlaşdırılması üçün tətbiq edilən mühüm addımlardan biri də "Yaşıl dəhliz"dir. Bu sürətli keçidsistemi sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınmasına xidmət edir.
"Yaşıl dəhliz" və digər bu kimi buraxılış sistemlərinin tətbiqinə Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli fərmanına əsasən başlanılıb. "Yaşıl dəhliz" buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilmədən öncə, öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim edirlər. Beləliklə, bu işə sərf olunan əlavə vaxt itkisinin, xərclərin qarşısı alınır. Eyni zamanda, məmur-vətəndaş təmasının aradan qaldırılması təmin edilir, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan yaradılır. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.
Bir sıra ölkələrlə (Gürcüstan, Ukrayna, İran və Türkiyə) dövlət sərhədindən keçən mal və nəqliyyat vasitələri ilə bağlı elektron qaydada məlumat mübadiləsinin tətbiqi artıq həyata keçirilir. Bu isə dövlət sərhədindən keçən mal və nəqliyyat vasitələrinə nəzarətin daha sürətli və daha effektiv həyata keçirilməsinə şərait yaradır.
Gömrük-biznes münasibətləri
Sahibkarlığa dəstək, həmçinin ticarətin asanlaşdırılması - xalqın rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına yönələn addımdır. Bu isə ölkənin iqtisadi cəhətdən beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə təkan verir. Ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması bütün bunlar üçün əhəmiyyətlidir. Hazırda daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə islahatlar uğurla davam etdirilməkdədir. Məhz belə islahatlar gömrük-biznes münasibətlərini nizamlayan amillərdir. Şəffaflığın tam təmin olunması, korrupsiya hallarının qarşısının alınması istiqamətində həyata keçirilən bir sıra yeniliklər münbit ticarət mühitinin yaradılmasına xidmət edir. Gömrük orqanları daim informasiya texnologiyalarından və elmin digər müasir nailiyyətlərindən yararlanaraq, ticarətin asanlaşdırılmasında, biznes sahəsindəki uğurların əldə edilməsində sahibkarlara təmənnasız olaraq yardım edirlər.
Zeynəb Əliqızı
Yazı "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur
banner

Oxşar Xəbərlər