• çərşənbə axşamı, 19 mart, 09:36
  • Baku Bakı 8°C

Gömrük İttifaqına üzvlük Ermənistanın iflasıdır

10.09.13 08:40 1237
Gömrük İttifaqına üzvlük Ermənistanın iflasıdır
Ermənistanın Gömrük İttifaqına rəsmən üzv qəbul olması ilə bağlı sənədlərin gələn ilin mayına hazır olması planlaşdırır. Məhz həmin dövrdə Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı müqavilə imzalanacaq. Bunu bəyan edən Rusiya baş nazirinin müavini İqor Şuvalov əlavə edib ki, artıq Qırğızıstan da Ermənistanın ardınca quruma üzv olmaq barədə müraciət edib. Ermənistan isə artıq atdığı addımın acılarını yaşamaqdadır. Brüsseldə səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının komissarı Ştefan Füle ilə görüşüb. Füle ona deyib ki, Ermənistanın Gömrük İttifaqına üzv qəbul olmaq barədə qərarından sonra bu ölkənin Vilnüsdə assosiativ üzvlük barədə sazişə qoşula biləcəyini təsəvvür etmək çox çətindir. “Lragir” nəşri azır ki, Aİ bəyan edib ki, Avropa ilə inteqrasiyadan imtina qərarının məsuliyyəti birbaşa Serj Sarksiyanın üzərinə düşür. Avropa İttifaqı Ermənistanla “Twinning” proqramının icrasını dayandırıb. Avropa Komissiyası artıq Ermənistan hökumətinə bu barədə rəsmi məlumat da verib. “Twinning” proqramı Ermənistanda 2009-cu ildən fəaliyyət göstərib və müxtəlif idarələrlə 18 proqram reallaşdırıb. Avropa İttifaqı Şurasına sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyusla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş isə baş tutmayıb. Xatırladaq ki, Ermənistan bu günlərdə Gömrük İttifaqına qoşulmaq barədə qərar qəbul edib. Linas Linkyaviçyus Ermənistan prezidentinin bununla bağlı bəyanatına sərt reaksiya verib: “Əgər bu seçimi ediblərsə, deməli Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamayacaqlar. Bununla da vəziyyət dəqiqləşir, AB ilə əməkdaşlıq və inteqrasiyaya dair ambisiyaların səviyyəsi aşağı düşür. Biz istənilən ölkənin seçiminə hörmətlə yanaşırıq, lakin bir ölkə müxtəlif tarif tələbləri olan iki saziş imzalaya bilməzlər”. “Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə can atan Ermənistan Rusiyanın rəhbərliyi altında Gömrük İttifaqını seçməklə bölgəyə təsir etmək uğrunda Brüssellə mübarizədə Kremlə qələbə qazandıraraq Avropa diplomatlarını sarsıdıb”. Bu barədə nüfuzlu “The Wall Street Journal” nəşrinin məqaləsində bildirilir. Nəşrin analitikləri hesab edir ki, hazırda digər keçmiş sovet respublikalarının Ermənistanın addımını təkrarlayacağı ehtimalı çox böyük maraq doğurur. “Rusiya yanacağın qiymətini müəyyən edir, bu səbəbdən də güclü təsir vasitələrinə malikdir” - deyə məqalənin müəllifləri bildirir. “Ermənistanın Gömrük İttifaqına üzv qəbul olması bizim təhlükəsizlik səviyyəmizi azaldacaq” deyən “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan hesab edir ki, ən əsası silahların alınmasında problem olacaq. Ermənistan yalnız Rusiyadan silah almalı olacaq. Eks-prezident Levon-Ter-Petrosyan isə hesab edir ki, əgər Serj Sarkisyanın siyasi avantürası olmasaydı, Ermənistan Gömrük İttifaqına üzvlükdən daha çox şey edə bilərdi. Onun sözlərinə görə, Ermənistan hakimiyyət orqanlarının ölkənin avrointeqrasiya kursunu davam etdirəcəyi barədə bəyanatı öz sifətini xilas etmək və etirazlar dalğasını yumşaltmağa yönəlib. Hakimiyyətin atdığı addımı Ermənistan və separatçı Dağlıq Qarabağın təhlükəsizliyi baxımından doğru olduğu arqumentini irəli sürməsini şərh edən eks-prezident “Ermənistan prezidenti bu barədə “Avropa ilə oyuna” başlamamışdan əvvəl gərək fikirləşərdi” deyib. Aİ-nin məlum reaksiyasına gəldikdə isə əlavə edib ki, bu reaksiya yumşaq olub və gələcəkdə sərt olacaq. Eks-prezident əlavə edib ki, Serj Sarkisyan xalq qarşısına çıxıb atdığı addım haqqında bəyanat verməlidir: “İnsanlar indi özlərini təhqir olunmuş hesab edirlər”.
Öz növbəsində Qərbdə hesab edirlər ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana Rusiya tərəfindən formal təhlükəsizlik zəmanəti vəd olunub. “Ermənistanın təzyiq altında olması faktı sürpriz deyildi. Lakin təzyiq vasitəsilə Ermənistanı seçimindən vaz keçməyə nail olmaq böyük bir sürpriz oldu və biz bununla bağlı dərin təəssüf hissi keçiririk” - deyə Avropa Parlamentinin üzvü Yatsek Sariuş-Volski bildirib. Məqalə müəllifləri həmçinin qeyd edirlər ki, iqtisadi nöqteyi-nəzərdən Ermənistan hər-hansı bir tərəf üçün böyük mükafat hesab olunmur və AB Assosiasiya barədə razılaşmanın bağlanmasını daha çox diplomatik qələbə kimi qəbul edirdi. Məsələ ilə yaxından tanış olan qərb diplomatı qeyd edir ki, Ermənistan rəsmiləri Avropa İttifaqı ilə həmişə çox açıq və səmimi danışıqlar aparıb və “heç özləri də Rusiyadan bu cür təzyiqi gözləmirdilər”. “Ermənistanın qərarı daha geniş kontekstdə narahatlıq doğurur. Təzyiq Ermənistan da daxil olmaqla Assosiasiyaya istiqamətlənmiş 4 ölkənin hamısına aiddir. Bu qərar domino effekti törədə bilər” - deyə Yatsek Sariuş-Volski qeyd edib.
Ekspertlər arasında isə Ermənistanın Gömrük İttifaqına üzv qəbul olması qərarının mənfi nəticələri müzakirə edilməkdədir.
Qeyd olunur ki, onu Aİ-nin Gömrük İttifaqı ilə müzakirə edənlər yanılırlar. Məsələn, Aİ-nin əsas prinsipi azad ticarətdir. Ancaq Gömrük İttifaqında azad ticarət məsələsi yoxdur, hər şey tənzimlənəndir. Qazaxıstanla Belarusun son bir ildəki əlaqələrinə nəzər salan ekspertlər bildirirlər ki, Çindən daxil olan məhsullara tətbiq olunan və Belarusda çıxılan vergilər, neft və neft məhsullarının bu ölkələr arasındakı daşınması, idxal-ixracı tənzimlənir. Ancaq AB-də hökumətə tabe olmayan Tənzimləyici Orqan var. Artıq qurumda konfliktlər də yaranıb. Belarus Rusiyadan idxal olunan donuz ətinə qadağa qoyub. Mövcud Gömrük İttifaqının qanunvericiliyinə görə, buna ixtiyarı yoxdur. Maraqların toqquşması yenə qalır və qalacaq da.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər