• şənbə, 20 Aprel, 08:58
  • Baku Bakı 14°C

Gömrük İttifaqı: «kökə», yoxsa «dəyənək» siyasəti? Təhlil

07.11.13 10:53 2285
Gömrük İttifaqı: «kökə», yoxsa «dəyənək» siyasəti? Təhlil
Dörd əsirdir ki, dünyanın ən qüdrətli dövlətlərindən olan Rusiyanın idarəçilik sistemi, siyasi rejimi, dövlət quruluşu, iqtisadi-ictimai formasiyası zaman-zaman dəyişsə də, onun istər regional, istərsə də qlobal miqyasda həm dostları, həm də düşmənləri ilə davranış metodları, münasibətlərdə üstünlük verdiyi prinsiplər və s. demək olar ki, dəyişməz olaraq qalır. Başqa sözlə, əvvəlcə İvan Qroznının, sonradan isə Birinci Pyotrun sayəsində imperiyaya çevrilmiş Rusiya ilk vaxtlardan həm xarici siyasətdə, həm də öz təbəəsi altına keçmiş xalqlarla münasibət aspektindən daxili siyasətdə hansı iş üslubundan çıxış edirdisə, xalqların bərabərliyi, kommunizm, sosializm ideyaları əsasında yaradılmış Sovet İttifaqında da, hətta bugünkü demokratik adlandırılan siyasi sistemə malik olduğu bir vaxtda da cüzi dəyişmələrlə eyni yanaşmalardan çıxış edir.
Bu isə birbaşa Rusiyanın artıq oturuşmuş ənənəvi imperiya iddialarından irəli gəlir. Yəni Rusiya artıq imperiya xüsusiyyətlərini, imperiya baxışlarını, imperiya maraqlarını mənimsəmiş və onlara alışmış bir dövlətdir. Bir vaxtlar «Avropanın jandarmı» rolunda köhnə qitədə baş verən mühüm mütərəqqi tarixi prosesləri əngəlləməyə cəhd göstərən Rusiya Sovet İttifaqı adı altında bu fəaliyyətini davam etdirmiş, özü ilə bərabər, bir sıra postsosialist dövlətlərinin inkişafını da 70 il ləngitmişdi. Rusiya bu gün də müəyyən mənada ənənəvi missiyasını davam etdirməkdədir. Bu isə onun son dövrlər artan aqressiv siyasi kursunda özünü göstərir.
Əslində hər bir böyük dövlət istər regional, istərsə də dünya miqyasında öz maraq və iddialarını təmin etməyə cəhd göstərir və bu, normaldır. Lakin həm tarixə nəzər salsaq, həm də bugünkü prosesləri göz önünə gətirsək, Rusiyanın öz iddialarını müəyyən güc və təzyiq metodlarına üstünlük verməklə reallaşdırmaqdan çəkinmədiyinin şahidi olarıq.
Məlum olduğu kimi, Yeltsinin hakimiyyətdən getməsindən sonra Rusiyada dirçəliş dövrü başladı və o, toparlanmağa başladı. Bunadək Rusiyada daxili münaqişələr, dövlət hakimiyyətində boşluq və s. baş alıb gedirdi. 2001-ci ildən isə Rusiya bir növ «qış yuxusundan ayılmış ayı»nı xatırlatdı. Qısa müddət ərzində daxili stabilliyi və dövlət hakimiyyətini möhkəmlətməklə özünün regionda və dünyada itirilməkdə olan nüfuzunu, təsirini qaytarmağa start verdi.
Bu o vaxta təsadüf edirdi ki, Qərb, xüsusilə də ABŞ böyük sürətli Rusiyanın ənənəvi təsir dairəsində olan regionlara böyük ölçüdə nüfuz edə bilmişdi.
Belə bir vəziyyət isə heç bir halda Rusiyanı razı sala bilməzdi. Lakin təəssüf ki, düşmüş olduğu situasiyadan çıxmaq və öz nüfuzunu qaytarmaq naminə Rusiya müasir dünyanın qəbul etdiyi metodlardan deyil, özünün ənənəvi yanaşmalarına üstünlük verməyə başladı. Bunlar, daha çox region ölkələrinə, Qərbə inteqrasiya xətti götürən cəmiyyətlərə, xalqlara təzyiqlər göstərmək, müxtəlif iqtisadi - tranzit və enerji layihələrinə maneçilik törətmək və s. ibarət idi.
Rusiyanın bu iş üslubu və iddiaları bir dövlət kimi onun üçün qəbuledilən hesab oluna bilər və hətta rus siyasətçi və politoloqlar tərəfindən alqışlana da bilər.
Lakin demokratik dünya birliyinin üzvü kimi onunla eyni hüquqa malik dövlətlərə, öz inkişaf yolunu sərbəst seçmək haqqına sahib olan xalqlara bu və ya digər formada təzyiq etmək yolverilməzdir.
Rusiyanın ABŞ və Avropa ilə rəqabət aparmaq, özünün ənənəvi nüfuz dairəsində olan regionlarda onların təsirini azaltmaq və eyni zamanda öz nüfuzunu artırmaq məqsədi ilə son dövrlər daha da aktivləşdiyinin şahidi oluruq. Məlum olduğu kimi, Rusiya bir neçə il öncədən Avropa İttifaqına alternativ olaraq Avrasiya Birliyi və MDB çərçivəsində Gömrük İttifaqı kimi birliklər yaratmaq ideyası ilə çıxış edir. Hətta sözügedən təşkilatların formalaşdırılması istiqamətində müəyyən addımlar da artıq atılmışdır. Lakin heç də bütün MDB dövlətləri Gömrük İttifaqına qoşulmağa həvəsli deyillər.
Bu addımlar bir daha Rusiyanın özünü dünyanın sıradan bir dövləti kimi deyil, fövqəldövlət qismində gördüyünü və eyni zamanda imperiya ambisiyalarından əl çəkmədiyini göstərir.
Lakin burada diqqəti çəkən bir məsələ vardır. Nə üçün ölkələrin, elə hətta MDB üzvlərinin də Avropa Birliyinə daxil olmaqdan ötrü dəridən-qabıqdan çıxdıqları halda, Rusiyanın öndərliyində yaradılan Avrasiya Birliyi, Gömrük İttifaqı kimi qurumlara üzv olmaqda tərəddüd edilir?
Məhz bu sual Gömrük İttifaqı ideyasının müəlliflərini düşündürməlidir. Məlum olduğu kimi, Avropa İttifaqına üzv olmaq istəyən dövlətlərin sayı çoxdur. Bu isə təbiidir. Çünki bu ittifaqa daxil olan dövlətlər iqtisadi cəhətdən xeyli üstünlüklər əldə etmiş olurlar. Lakin Avropa İttifaqına daxil olmaq üçün çoxsaylı kriteriyalar da vardır ki, üzv olmaq istəyən dövlətlər onları reallaşdırmağa canla-başla razılıq verirlər.
Lakin Gömrük İttifaqı və Avrasiya Birliyinə könüllü daxil olmaq istəyən dövlətlərin sayı çox deyil. Müqayisələr göstərir ki, iqtisadi potensial baxımından Gömrük İttifaqının Avropa İttifaqı ilə rəqabət aparması reallıqdan uzaqdır. Məhz bu amillər də dövlətləri həvəsdən salan amillərdəndir. Bu baxımından Rusiyanın heç olmasa həvəsləndirici vasitələrdən istifadə etməsi vacibdir, nəinki güc, təzyiq üsullarından.
Ekspertlərin hesablamaları göstərir ki, əgər MDB üzvü olan bütün ölkələr bu ittifaqa qoşulsa, o zaman Gömrük İttifaqı dünya üzrə ümumi daxili məhsulun cəmi 4 faizini təşkil edəcək. Avropa İttifaqında bu göstərici 26 faizdir. Üstəlik, Avropa İttifaqı vahid bazar prinsipi əsasında fəaliyyət göstərdiyi halda, Gömrük İttifaqında bunu tətbiq etmək mümkün deyil. İttifaqa üzv ölkələrin heç də hamısı Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, onların ticari qaydaları uyğunlaşdırılmayıb.
Həmçinin Avropa İttifaqından fərqli olaraq MDB məkanındakı münaqişələr üzv ölkələrin Gömrük İttifaqı daxilində inteqrasiyasına imkan verməməsi də ekspertləri düşündürür. Digər tərəfdən təhlillər göstərir ki, dəyər baxımından da Gömrük İttifaqı üzv ölkələrin ixrac imkanlarının artmasına səbəb olmayacaq. O baxımdan bu ittifaq ən yaxşı halda regional qurum kimi iqtisadi deyil, daha çox siyasi vasitə olacaq.
Əslində isə elə Rusiyaya da bu İttifaq elə siyasi məqsədlər üçün gərəkdir. O, hər vəchlə öz liderliyi altında Avrasiya Birliyi və Gömrük İttifaqını yaratmaq və ondan Qərbə qarşı istifadə etmək niyyətindədir. Bu işdə Rusiya hətta ənənəvi imperiya üsullarından olan təzyiq və şantaj metodlarından da yaralanmaqdan çəkinmir. O, quruma üzv olmasını istədiyi dövlətlərin hər birinin öz «zəif damarından yapışmaq»la bu işi reallaşdırmağa cəhd göstərir. Bu istiqamətdə ilk qurbanın Ermənistan olacağı sirr deyil. Əslində Rusiyanın əyalətlərindən biri hesab olunan, həm iqtisadi, həm siyasi cəhətdən Rusiyasız mövcudluğunu düşünə bilməyən Ermənistanın başqa çıxış yolu da yoxdur.
Təhlillər göstərir ki, Avrasiya Birliyi və Gömrük İttifaqı kimi qurumlara daxil olmaq üçün Rusiya təzyiq üsullarından deyil, daha çox şirnikləndirici vasitələrdən istifadə etməklə öz niyyətini daha sivil formada reallaşdıra bilər. Bu, həm siyasi, həm də iqtisadi müstəvilərdə mümkündür. Məsələn, əgər hər hansısa bir dövlətin ərazisi işğal altındadırsa və bu işğalın sona yetməsində Rusiya həlledici rol oynaya bilərsə, o bunu etməlidir. Məhz bu kimi tədbirlər dövlətləri onun ətrafında birləşməyə stimullaşdıra bilər.
Lakin bir daha qeyd etmək istərdik ki, məhz günü-gündən artan imperiya ambisiyaları Rusiyanın «kökə» siyasətinə deyil, daha çox «dəyənək» siyasətinə üstünlük verməsini şərtləndirir.
Ətrafında Qərblə mübarizə aparmaq gücünə sahib olan bir İttifaq yaratmaq niyyətində olan dövlətin xüsusilə yaxın qonşuları və köhnə müttəfiqləri ilə münasibətlərinə həssaslıqla yanaşması zəruridir. Lakin görünən odur ki, bunu Rusiyanın daxilində xüsusilə bəzi qeyri-rəsmi dairələr dərk etməkdə çətinlik çəkirlər. Bunun bariz nümunələrindən biri son dövrlər körüklənən rus millətçiliyi və antimiqrant əhval-ruhiyyəsidir. Sözügedən tendensiyaların Rusiyanın qarşısına qoyduğu böyük məqsədlərin reallaşmasında ciddi əngəllər ortaya çıxaracağı Rusiyada bir çoxlarını qətiyyən düşündürmür. Belə ki, xüsusilə MDB ölkələrindən ibarət olacaq Gömrük İttifaqını yaratmaq niyyətində olan dövlətdə məhz MDB-dən olan miqrantlara qarşı artan aqressivlik və bunun qarşısının alınmaması istər-istəməz onların gəlmiş olduqları ölkələrin cəmiyyətlərində müəyyən narahatlıq doğurur. Məhz cəmiyyətin razılığı olmadan isə heç bir hakimiyyət bu və ya digər ittifaqa, birliyə daxil olmağa risk edə bilməz.
Bu mənada Rusiyada milli məsələlərə, miqrantlarla bağlı problemə yanaşmada daha həssas münasibət radikal millətçiliyə, imperialist prinsiplərə qurban verilməməlidir.
Sonda isə bir daha qeyd etmək istərdik ki, heç bir imperiya əbədi deyil. Demokratik bir dövlət kimi Rusiyanın müasir dünyanın tələblərinə uyğun olan metodlardan istifadə etməsi, insanların və xalqların bərabərliyi ilə bağlı beynəlxalq prinsiplərə riayət etməsi, eyni zamanda qlobal və regional müstəvidə aqressiv davranışlardan çəkinməsi həm onun, həm də digər dövlətlərin mənafeyi baxımından daha məqsədəuyğun olardı.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər