• cümə axşamı, 18 aprel, 07:34
  • Baku Bakı 12°C

Gömrük İttifaqı gündəmdən çıxır

18.04.14 09:27 1258
Gömrük İttifaqı gündəmdən çıxır
Ukraynada baş verən hadisələr Rusiyanın xarici siyasətdə prioritet elan etdiyi Gömrük İttifaqı və Avrasiya Birliyi ideyalarını arxa plana çəkib. Baş verən hadisələr artıq bu layihəyə maraq göstərən bir sıra ölkələri tərəddüd içində qoyub. Məsələn, son vaxtlara kimi Gömrük İttifaqına böyük maraq göstərən və onun ən aktiv üzvü kimi tanınan Belarus rəhbərliyi tərəfindən artıq bir sıra ikibaşlı bəyanatlar səsləndirilir.
Rəsmi Minsk ölkəsinin iqtisadi maraqlarına zidd olan bir sıra bəndləri imzalamaq niyyətində olmadığını bəyan edib. Qeyd edilir ki, ölkənin baş naziri Mixail Myasnikoviç bu və digər məsələləri müzakirə etmək üçün Moskvaya səfər edib. Düzdür, səfər Gömrük İttifaqına üzv olan dövlətlərin baş nazirlərinin toplantısına qatılmaq məqsədi daşısa da, yayılan xəbərlərə görə, baş nazir Rusiya rəhbərliyi qarşısında bir sıra məsələləri qaldırmaq niyyətindədir. Rusiya nəşrləri yazır ki, baş nazir rusiyalı həmkarı ilə Avrasiya inteqrasiyası məsələlərini müzakirə edəcək. Belarus üçün əsas məsələ neft məhsullarına olan ixrac rüsumlarının ləğvidir. Moskvaya səfəri ərəfəsində isə baş nazir ölkəsinin Avrasiya inteqrasiyasına marağının başlıca prinsipini ortaya qoyub. O bildirib ki, rəsmi Minsk yuxarıda qeyd olunan məsələ ilə bağlı ciddi narahatlıq keçirir. Minskdə Birlik dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşən Myasnikoviç ona əvvəllər əldə olunmuş razılaşmalardan geri çəkildikləri barədə məlumat verib. Belarus hakimiyyəti hesab edir ki, əgər neft məhsullarının ixracına tətbiq ediləcək rüsumlar ləğv edilməsə, bu çox ciddi nəticələrə səbəb ola bilər.
Rusiyanın layihəsinə marağın azalması Mərkəzi Asiya dövlətləri arasında da artır. Məsələn, Ermənistan Dövlət İqtisad Universitetinin dosenti Aşot Yeqiazaryan hesab edir ki, Qırğızıstan və Tacikistan kimi Mərkəzi Asiya respublikaları Gömrük İttifaqına girməklə bağlı bəyanat versələr də, onların bu birliyə girməsi hələ də sual altındadır. Tacikistanın Gömrük İttifaqına Qırğızıstandan sonra girəcəyini vurğulayan Yeqiazaryan Tacikistan xarici işlər naziri Hamrohon Zərifinin 18 may 2012-ci ildə dediyi sözləri yada salıb. Ölkə üçün Gömrük İttifaqına girməyin nə dərəcədə əlverişli olduğunu öyrəndiklərini vurğulayan Zərifi bildirmişdi: “Əgər Qırğızıstan qoşularsa, biz də bu ittifaqa girməyin əsaslı olmasına inanarıq”. Aşot Yeqiazaryanın fikrincə, orta gömrük dərəcəsi 10,6% olan Gömrük İttifaqına girmək Qırğızıstan üçün heç əlverişli deyil: “Yüksək gömrük dərəcəsi Rusiya istehsalını daha ucuz və keyfiyyətli idxal mallarından qorumaq üçün nəzərdə tutulub. Qırğızıstan inkişaf etməmiş kənd təsərrüfatı ölkəsidir, demək olar ki, sənayesi, emal sahəsi və iri idxala yönəlmiş istehsalı yoxdur. Qırğızıstanın mineral xammal yataqları da yoxdur”- deyə Yeqiazaryan vurğulayıb. Onun fikrincə, buna görə də Bişkek Moskvadan güzəşt tələb edir və bu güzəşt isə Qazaxıstanı qane etmir. Buna görə də Astana hələ ki, Qırğızıstan və Tacikistanı Gömrük İttifaqına müşahidəçi kimi qəbul etməyə çağırır.
Bu sözlərə rəğmən, artıq Qırğızıstan Gömrük İttifaqına üzvlüklə bağlı tərtib etdiyi “yol xəritəsi” planını təkrar işlənməyə göndərib. Ötən həftə qapalı şəraitdə Gömrük İttifaqı nümayəndələri ilə Qırğızıstan hökumətinin danışıqları baş tutub. Qırğız mənbələrinin məlumatına görə, rəsmi Bişkek danışıqlar prosesində bir sıra tələblər səsləndirib və israrla onların qəbulunu istəyib. Nəticədə imzalanacaq “yol xəritəsi”nin xaricdən maliyyələşməsi ilə bağlı bir sıra bəndlərin yumşalmasına nail olunduğu iddia edilir. Bişkekin tələbi o olub ki, Rusiya, Qazaxıstan və Belarus Qırğızıstanda ixraca yönəlik müəssisələri öz hesablarına inşa etsinlər.
Qeyd edək ki, Qırğızıstanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı danışıqlar uzun müddətdir ki, davam edir. Quruma inteqrasiya yolunun başlanğıcında hakimiyyət orqanları vətəndaşlara vəd edirdi ki, üzvlük barədə saziş 2013-cü ilin sonuna kimi imzalanacaq. İndi isə yerli məmurlar üzvlüklə bağlı danışanda konkret müddət belə göstərmək istəmirlər. Yalnız bəlli olan odur ki, bu ilin sonuna kimi də Qırğızıstanın Gömrük İttifaqına üzvlüyü baş tutmayacaq. Qırğız hökumətindəki mənbə danışıqlar zamanı hər bənd üzrə Bişkek rəsmilərinin mübarizə apardıqlarını bildirib. Onlar bununla ölkələri üçün mənfəət əldə etməyə çalışırlar. Əgər Gömrük İttifaqına üzv dövlətlər Qırğızıstanda ölkə iqtisadiyyatının inkişafı, zavodların inşası, sərhədlərin qurulması üçün pul ayırsalar, onda danışıqları uğurlu saymaq olar.
O ki qaldı Ermənistana - bu ölkədə vəziyyət fərqlidir. Əhali və hökumət birmənalı şəkildə Rusiyanın prioritet elan etdiyi layihəni dəstəkləyir. Burada ermənilər bir sıra iqtisadi problemlərinin həll ediləcəyinə ümid edirlər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər