Girov götürülən şəxslərin hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb
Bu gün"Həsrət Yolu” Əsir və Girovlara Kömək
İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə icra etdiyi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi zamanı girov götürülmüş mülki əhalinin (qadın və uşaqların) pozulmuş
hüquqlarının tədqiqi” mövzusunda layihəsinin yekun təqdimatını keçirib. Birlikdən
verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində,
Abşeronda, Ağdam rayonunun kənd və qəsəbələrində, Goranboy rayonunun Aşağı
Ağcakənd qəsəbəsində məskunlaşmış, yaş həddi 28-70 olan 100 nəfər girovluqdan
azad edilmiş qadın və girov götürülən zaman azyaşlı olmuş şəxslərlə sorğular
keçirilib.
Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 773 nəfərin 68-i qadın, 29 nəfəri isə uşaqlardır.
Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub.
Birliyin
rəhbəri Esmira Orucova bildirdi ki, layihənin məqsədi erməni girovluğundan azad
edilmiş mülki əhalinin - qadınların və girov götürülən zaman yetkinlik yaşına
çatmamış uşaqların qarşı tərəfdə saxlanılan zaman qəbul olunmuş beynəlxalq
humanitar hüquq normalarına zidd olaraq onlara tətbiq edilmiş işgəncə və
zorakılıqları - şəxsiyyətlərinin tapdanması, şantaj edilməsi, hədə-qorxu
altında saxlanılması, alçaldılması, fiziki, mənəvi, psixoloji və digər
zorakılıqlara məruz qalması hallarını tədqiq etmək olub: "Eləcə də həmin
şəxslərin hüquqlarını həm milli və beynəlxalq səviyyədə müdafiə etmək məqsədi
ilə toplanmış sorğulara istinadən emal olunmuş informasiya resursları və digər
məlumatlar, həmçinin layihənin icra prosesi təhlil olunaraq müvafiq
metodologiya əsasında əldə olunmuş nəticələrə istinadən erməni tərəfi
ərazilərimizi işğal edən zaman girov götürdüyü mülki əhaliyə qarşı beynəlxalq
konvensiya və sənədlərin pozulduğu aşkar edilib. Belə ki, 10 dekabr 1948-ci
ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş
"İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14
dekabr 1974-cü ildə qəbul olunmuş "Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı
Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə
qəbul olunmuş "Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması
Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Döyüşən
silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması
haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında"
Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına
əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr
edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsi ermənilər
tərəfindən kobud surətdə pozulub.
Aşkar
olunmuş hüquq pozuntuları müvafiq yerli və beynəlxalq təşkilatlara – BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına,
BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, BMT baş katibinin münaqişələr
zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl
Xaç Komitəsinin sədrinə, Avropa Şurasının baş katibinə, Avropa İttifaqının
sədrinə, NATO-nun baş katibinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının sədrinə, Azərbaycanda akkreditə olunmuş bütün xarici ölkə
səfirliklərinə göndərilib”.
Qeyd edək ki, erməni
girovluğundan azad edilmiş 1476 nəfərin 363-ü qadın və 223 nəfəri isə girov
götürülən zaman uşaq olub.
Münaqişə zamanı itkin düşmüş
hesab olunan 3875 nəfərin 265-i qadın, 67 nəfəri isə uşaqdır.Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 773 nəfərin 68-i qadın, 29 nəfəri isə uşaqlardır.
Əsir və girovluqda qətlə yetirilmiş və ya müxtəlif səbəblərdən vəfat etmiş 553 nəfərin 104 nəfəri qadın olub.
Qeyd edilib ki, layihə
çərçivəsində tədqiqat predmeti olan, sorğusu götürülmüş 100 nəfər girov
götürülmüş mülki şəxs – qadın və uşaqlar beynəlxalq humanitar hüquq
pozuntularına, işgəncə və qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə
cinayətlərə, həmçinin digər beynəlxalq cinayətlərə məruz qaldıqdan sonra azad
edilmiş məcburi köçkünlərdir. Sorğuya cəlb edilənlərin bəziləri həm də qaçqın
yəni, 1989-cu ildə Azərbaycan xalqının əzəli və əbədi torpaqları olan Qərbi
Azərbaycandan (indiki Ermənistandan) zorla qovulmuş və işğaldan əvvəlki
Qarabağın müxtəlif bölgələrində yerləşdirilmiş şəxslərdir.
Layihənin yekun təqdimatında AR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, AR Hərbi
Prokurorluğu, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AR
Ombudsman təsisatı nümayəndəsi, Milli QHT Forumunun vitse-prezidenti və idarə
heyətinin sədri, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşları,
tanınmış hüquqşünas alimlər, girovluqda olmuş şəxslər, QHT sədrləri və KİV
nümayəndələri iştirak ediblər.