• çərşənbə axşamı, 19 mart, 15:54
  • Baku Bakı 8°C

“Gimnastikanın zərifliyi məni özünə çəkdi”

01.02.19 11:00 6506
“Gimnastikanın zərifliyi məni özünə çəkdi”
"Əvvəllər məşqçilik mənim üçün çox əlçatmaz görünürdü. Gimnastikaya başladığım ilk gündən deyirdim ki, öz məşqçim kimi olacağam. Sonradan müəllimlərin tələbkarlıq və qəddarlığını, bizdən tələb etdikləri çətin hərəkətləri görəndə deyirdim ki, onlar qədər qəddar, uşaqları ağladan məşqçi ola bilmərəm. Buna ürəyim dözməz. Amma vaxt keçəndən sonra müəllimlərimi başa düşməyə başladım. Bunun uşaqların xeyrinə olduğunu dərk etdim. Uşaq vaxtı sevmədiyim şeyləri illər sonra özün tələbələrimə etməyə məcbur oldum. Amma bu işin yolu budur”.
Bu sözləri bizimlə söhbətində "Ocaq Sport” idman klubunun bədii gimnastika üzrə məşqçisi Aysel Allahverdiyeva söylədi. Həmsöhbətim 1995-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman oyunları fakültəsində gimnastika ixtisası üzrə təhsil alan Aysel, yeddi ildən çoxdur ki, sözügedən sahə üzrə məşqçi kimi çalışır. Qeyd edim ki, Aysel Allahverdiyeva hal-hazırda Sankt-Peterburqda gimnastika ixtisası üzrə magistr təhsili alır.
- Gimnastikaya gəlişinizdən başlayaq, necə oldu ki, bu sahəyə marağınız yarandı?
- Təxminən on yaşım olanda televiziyada gimnastika üzrə dünya çempionatı gedirdi. Çempionatı izlədikcə bu sahəyə olan marağım daha da artdı. Anamı məcbur edirdim ki, məni gimnastika məktəbinə yazdırsın. Onun vaxtı olmadığına görə, çarəsiz qalıb özüm maraqlanmağa başladım. Bir qədər araşdırdıqdan sonra evimizə yaxın məşq zalı tapdım. Anama dedim ki, məni ora aparsın. Amma işdən gec çıxdığına görə, hər dəfə bu məsələ təxirə düşürdü. Bir dəfə həftəsonu valideyn iclasına çağırdılar. Qayıdanda dedim ki, ana, indi bekarsan, gedək məni gimnastikaya yazdır. Beləcə, gimnastikada ilk addımımı atmış oldum. İlk məşqçim isə hazırda yığma komandanın məşqçisi Natalya Bulanova oldu.

- Gimnastika elədir ki, gərək ona lap kiçik yaşlardan başlayasan. Amma siz bir az gec başlayıbsınız. Bunun sizin üçün hər hansı çətinliyi oldumu?
- Normalda, uşaqlar 4-6 yaşlarında bu idmana başlayır. Yəni mən dörd-beş il gecikmişdim. Üstəlik, heç vaxt təbiətən elastik gimnast olmamışam. Bu, uşaqlarda anadangəlmə olan bir şeydir. Yəni elastiklik sonradan yaranmır. Sadəcə olaraq həmin vaxtlarda gimnastikaya maraq indiki qədər çox deyildi. Çox az uşaq bu sahəyə meyllənirdi. Mənim də həvəsim çox idi. Adətən, uşaqlar yarışlara 8 yaşdan çıxmağa başlayır. Yəni mənim rəqiblərim artıq iki il idi ki, yarışlara çıxırdı. Mən isə adi "şpaqat” otura bilmirdim. Amma çalışqanlığım sayəsində 5-6 ay ərzində nəticələrim xeyli yaxşılaşdı. Mövsümün sonunda məktəbdaxili yarışlar olurdu. Məşqçim məndən məktəbdaxili yarışlara çıxmaq istəyib-istəmədiyimi soruşdu. Hərdən fikirləşirəm ki, həmin an həyatımın ən xoş günü idi. Həm çox sevinirdim, həm də qorxurdum. Danışa bilmədiyimdən, başımı yelləyərək istədiyimi bildirdim. Məşqçim dedi ki, hələlik məktəbdaxili yarışmalara qatıl, gələn mövsüm isə respublika yarışlarına gedərsən. İlk yarışımda ikinci yerə çıxmışdım. Gimnastikaya gec başladığıma görə, respublika üzrə nəticələrim qaneedici deyildi. Yalnız ilk onluğa düşə bildim. Yəni yaşıdlarıma çatmağım mümkünsüz bir şey idi. Bunu özüm yaxşı dərk edirdim. 5-6 yaşlı uşaqların bacardığı hərəkətləri mən bilmirdim və buna görə, utanırdım. Amma öz məktəbimizdə ikinci yer tutmağım mənə böyük stimul verdi. Həmin vaxtlar həm zalda, həm evdə məşq edirdim. Məşqçim həmişə mənə deyirdi ki, sən gimnastika sahəsində meymundan adam yaradıbsan.
- Ümumiyyətlə, sizə görə, bu sahəni maraqlı edən nədir? Bu sahəni seçməyinizin səbəbi nə oldu?
- Həyatda hamının seçdiyi bir yol olur. Gimnastikanı izləyəndə başa düşdüm ki, davam etmək istədiyim yol budur. Gimnastikanın zərifliyi məni özünə çəkdi. Düşünürəm ki, gimnastika ən gözəl idman növlərindən biridir. İdmançıların gözəlliyi, zərifliyi, qızların elastikliyi diqqətimi çəkirdi. 10 yaş həyatdan nə istədiyin başa düşmək üçün çox tezdir. Amma mən 10 yaşımdan öz yolumu bilirdim.

- Nə qədər müddət sonra məşqçi kimi fəaliyyətə başladınız?
- İdmançı olaraq 6-7 il məşq etdim. 15 yaşım olanda belimdə zədə yaranmağa başladı. Artıq ağrılar başlamışdı. Əslində, professional idman elə zədə deməkdir. Bu zədəyə dözmək lazımdır. Dözümü olanlar bu sahədə qala bilir. Mən isə öz zədəmi ciddiyə almırdım, maz çəkib məşq edirdim. Tədricən bu, daha da dərinləşdi. Sağlamlığımla idman arasında seçim etməli idim. Məcbur olub idmanı atdım. Çünki artıq ayağa qalxmaqda belə çətinlik çəkirdim. Həmin ərəfədə 9-cu sinifdə oxuyurdum. Bu, elə bir dövrdür ki, insan dərs və idman arasında qalır. Həm dərslər, həm məşqlər çətinləşməyə başlayır. Gimnastikanı atanda elə bilirdim ki, bütün həyatım bitib, dərs oxumaq istəmirdim. Bütün günü zalda boş-boş otururdum. Baş məşqçimiz Mariana Vasilyeva Azərbaycana təzə gəlmişdi. Mənə dedi ki, bölgələrdə bu sahəni yaymaq istəyirik. Çünki gimnastika məktəbləri təkcə Bakıda fəaliyyət göstərirdi. Sonra Göyçay və Hövsanda idman zalları açılmışdı. Məşqçim dedi ki, istəsən, səni Hövsana məşqçi kimi göndərək. Dərhal "hə” cavabı verdim. Evə gəlib anama dedim ki, mən işləməyə gedirəm. Təbii ki, razılaşmadılar. Düzdür, idmanla məşğul olmağımı istəyirdi və mənə böyük dəstək göstərirdi, amma 9-cu sinifdə oxuyan bir uşağın işləməyinə haqlı olaraq etiraz etdi. Mənə dedi ki, sən universitet oxumalısan. Baş saldım ki, mənim işləməyim oxumağıma mane olmayacaq. Akademiyaya getmək istədiyimi deyəndə, yenə narazılıq oldu, amma çarəsiz qalıb bu dəfə də mənimlə razılaşdı. Belə razılığa gəldik ki, diplom almaq şərtilə nə istəsəm, edə bilərəm. Beləcə, məşqçi olaraq işləməyə başladım. Amma eyni zamanda hazırlıqlara gedirdim. Məktəbi bitirdikdən sonra ilk iş yerim olan Hövsan Olimpiya Kompleksindən ayrıldım. Bir neçə il özəl yerlərdə məşqçi kimi işləməyə başladım. 2015-ci ildə isə hazırda işlədiyim "Ocaq Sport” İdman klubuna dəvət aldım. Ümumilikdə, yeddi ildir ki, məşqçi işləyirəm.
- Əvvəllər məşqçilik sizə kənardan necə görünürdü? Özünüz məşqçi kimi fəaliyyət göstərəndən sonra bu cəhətdən fikriniz dəyişdimi?
- Əvvəllər məşqçilik mənim üçün çox əlçatmaz görünürdü. Gimnastikaya başladığım ilk gündən həmişə deyirdim ki, öz məşqçim kimi olacağam. Sonradan müəllimlərin bizdən tələb etdiyi çətin hərəkətləri görəndə deyirdim ki, mən onlar qədər qəddar, uşaqları ağladan məşqçi ola bilmərəm. Buna ürəyim dözməz. Amma vaxt keçəndən sonra müəllimlərimi başa düşməyə başladım. Bunun uşaqların xeyrinə olduğunu dərk etdim. Məşqçilik məni çox dəyişdi. Uşaq vaxtı sevmədiyin şeyləri illər sonra özün tələbələrinə qarşı etməyə məcbur olursan. Amma bu işin yolu belədir. Düzdür, 4-6 yaşında uşaqlar körpədirlər. Elələri var ki, danışmağı təzə öyrənib, onlarla qəddar davrana bilməzsən. Amma 8-9 yaşdan sonra yarış dövrü başlayanda məcbur olub uşaqlara qarşı daha tələbkar davranırsan.

- Kənardan nə qədər gözəl görünsə də, öyrənmək heç də asan deyil. Ümumiyyətlə, gələn hər bir uşaq bunu öyrənə bilirmi?
- Elə valideynlər var ki, fikirləşir, uşaq dərs oxuya bilmirsə, heç olmasa idmanla məşğul olsun. Amma bu, elə deyil. Dərsi qavraya bilməyən uşaq idmanda uğur qazana bilməz. Çünki idman da bir növ dərs kimidir, yəni burada da beyin işləməlidir. 2+2-ni hesablaya bilməyən uşaq gimnastika öyrənə bilməz. Çünki tapşırığı etmək üçün yaddaş və bacarıq tələb olunur. Amma bütün uşaqların götürmə qabiliyyətləri eyni səviyyədə deyil. Eyni yaşlı uşaqlar arasında bəziləri bir, bəziləri iki ildən sonra nəticə verməyə başlayır. Əgər uşaqda istedadı görürsənsə, ona şans vermək, səbir etmək lazımdır.
- Lap kiçik yaşlarda uşaqları öyrətmək heç də asan deyil. Hər bir müəllimin bu cəhətdən taktikaları olur. Sizin belə taktikalarınız varmı?
- Məncə, müəllimlik elədir ki, hər bir uşağa fərdi yanaşma tələb edir. Çünki hər uşaq fərqlidir. Hətta eyni evdə yaşayan eyni ata-ananın tərbiyə etdiyi uşaqlar belə, ayrı xarakterə malik olurlar. Elə uşaq var ki, tərifləyəndə daha çox çalışır, eləsi də var danlayanda. Ona görə də, uşaqların nə istədiyini, nəyi sevdiyini gərək müəllim özü bilsin. Yəni əsas məsələ fərdi yanaşmadır. Elə uşaq var ki, yarışlarda uğur qazanan kimi ulduz xəstəliyinə tutulur. Bu, insanın xarakterindən asılı olan bir şeydir. Ona görə, onlara düzgün istiqamət verməyə çalışıram. İdmançı eqoya qapılsa, sonra uğurunun davamı gəlməyəcək. Onlara izah etməyə çalışıram ki, bu, hələ başlanğıcdır. Çalışmaq lazımdır ki, uğur, adət halına çevrilsin.

- Uşaqlarla işləməyin həm də çətin və yorucu tərəfləri də olmamış olmaz. İşdən yorulduğunuz olurmu?
- İşdən əlavə nələrsə məni yoranda, ən böyük motivasiyam uşaqlarım olur. Çünki onları çox sevirəm, xüsusilə qızları. Gimnastikanın bir neçə növü var. Bədii gimnastika yalnız qızlar üçündür. Bəlkə də sırf qızlarla işlədiyimə görə, onları daha çox sevirəm. Elə olur ki, kefim olmur, amma məşqə girən kimi bütün yorğunluğum, məyusluğum yadımdan çıxır. Xüsusilə, 4-5 yaşlı uşaqların öz dünyası olur. Bir də görürsən qəşəng olduğumu deyirlər, ya da bir xoş sözlə könlümü alırlar. İşdən yorulduğum hallar az olur. Ən çox uşaqlar tapşırığı gec qavrayanda yoruluram, amma alınana qədər cəhd edirəm. Onlar uğur qazananda elə bilirəm öz uşaqlarım uğur qazanıb. Çünki günün böyük hissəsini birlikdə keçiririk, doğma ailəmdən çox, onları görürəm.
- İdmanda fiziki sağlamlıqla yanaşı, psixoloji sağlamlıq da vacibdir. Çətinliklərlə necə mübarizə aparırsınız?
- Özüm idmandan ayrılandan sonra ağır depressiyaya düşmüşdüm. Məni depressiyadan çıxaran yeganə şey isə yenidən zala qayıtmağım oldu. Başa düşürdüm ki, sağlamlığıma görə idmanı atmalıyam. Buna görə, özümə qapanıb günlərlə ağladığım vaxtlarım olub. Çünki gimnastika mənim həyat tərzim idi. İdmanı atandan sonra həyat tərzim tamam dəyişdi. Özümü boşluqda hiss edirdim. Məni depressiyaya salan bu boşluq idi. Dərslərimi hazırlayandan sonra boş vaxtım çox olurdu. Hərdən mənə elə gəlirdi ki, gün bitmir. Yəni idmançılar üçün fiziki və psixoloji sağlamlıq eyni dərəcədə önəmlidir. Elə bacarıqlı idmançılarım olub ki, yarışda psixoloji gərginliyə görə, öz bacarığının 10 faizini nümayiş etdirə bilməyib. İzləyiciləri, hakimləri görəndə uşaqlar həyəcan keçirir. Bununla mübarizə aparmaq lazımdır. Əgər psixoloji hazırlığın tam deyilsə, deməli, işin yarımçıq qalıb.
- Sonda gələcək planlarınız haqda?
- Planlarım çoxdur. Amma öz vətənimi qoyub başqa yerə gedə bilmərəm. Çalışıram ki, bildiklərimi tələbələrimlə öyrətməklə, Azərbaycanın böyük idmançılarını yetişdirim. Əgər ölkəmizin adını qaldırmağa cüzi də olsa faydam dəyirsə, bu, məni yalnız sevindirə bilər. Klubumuz federasiyanın nəzdində fəaliyyət göstərir. Uşaqlarımız müəyyən yaşa çatdıqdan sonra yığmaya cəlb olunur. Yəni biz yığma komandaya baza hazırlayırıq. Bu mənim üçün böyük fəxrdir. Dekabrda iki tələbəm yığmaya qəbul olundu. Bu, məşqçilik karyeramda ən böyük uğurum idi. Ən böyük məqsədim belə tələbələrimin daha da çox olmasıdır.
Şəbnəm Mehdizadə





banner

Oxşar Xəbərlər