• cümə axşamı, 25 aprel, 06:13
  • Baku Bakı 14°C

Gimnastika üfüqündəki parlaq ulduz - Portret

16.05.15 06:32 2676
Gimnastika üfüqündəki parlaq ulduz - Portret
Azərbaycanın qucaq açdığı Marina etimadı doğruldur
Avropa Oyunlarına çox az vaxt qalıb. Ölkəmiz bu mötəbət və çox vacib yarışa tam sürətlə hazırlaşır. İdmançılarımız da bütün dünyanın diqqətini özünə toplayacaq bu Oyunlarda layiqli çıxış edərək Azərbaycanın bu böyük bayramda təsadüfi ev sahibi olmadıqlarını sübut etməlidirlər. Xüsusilə bədii gimnastlarımıza etimadımız böyükdür. Yarışların açılış günü 18 yaşını qeyd edəcək Marina Durunda bu növdə Azərbaycana medal qazandırmağa çalışacaq. Ona inam böyükdür. Kiçik yaşlarından indiyə qədər çətinliklər görmüş və ölkəmizin dəstəyi ilə zirvəyə qalxan bu gimnastı yaxından tanımaq vaxtıdır.
Gimnastika tariximizdə inkişaf dövrü
Bədii gimnastika idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb. İlk dünya çempionatı 1963-cü ildə Budapeştdə keçirilib. İdmanın bu növü 1984-cü ildə Olimpiya Oyunlarının proqramına daxil edilib. Fransız fizioloq və pedaqoq Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında, fransız pedaqoq Fransua Delsart (1811-1871) ifadəli hərəkət vərdişlərinin nəzəriyyəsinin hazırlanmasında böyük rol oynayıb. Delsartın yaratdığı prinsip və ideyalar məşhur rəqqasə Aysedora Dunkanın (1878-1927) yaradıcılığında əks olunub. Ötən əsrin əvvəllərində digər fransalı alim Cak Dalkros tərəfindən təkmilləşdirilən bədii gimnastika sürətlə inkişaf etməyə başlayır. Ötən əsrin 50-ci illərində idmanın bu növü artıq dünyada populyarlıq qazanır. Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıb. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır. Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkədə gimnastika, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gimnastikanın bütün növlərinin, o cümlədən bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan perspektivli gimnastların yeni nəsli mövcuddur. Marina Durunda, Gülsüm Şəfizadə, Ayşən Bayramova, Jalə Piriyeva və başqaları bədii gimnastikanın böyüməkdə olan nəslinin nümayəndələridir. Hazırda Azərbaycanda Bakı ilə yanaşı Sumqayıtda, Gəncədə, Göyçayda, Qusarda, Agdaşda, Naxçıvanda, Şırvanda, Kürdəmirdə, İsmayıllıda və Xırdalanda bölmələr açılıb və onlar uğurla fəaliyyət göstərir. Digər gimnastika növləri ilə yanaşı, bədii gimnastika Avropa Oyunlarında təqdim olunacaq. Qitənin ən yaxşı gimnastları 8 dəst medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycandan Kiprə idman siyasəti dərsi
Marina 12 iyun 1997-ci ildə Ukraynanın Sevastopol şəhərində anadan olub. Artıq 4 yaşında bədii gimnastika ilə məşğul olmağa başlayıb. İki il sonra ailəsi ilə birlikdə Kiprə köçən balaca idmançı, burada 15 yaşına qədər böyük uğurlar qazanıb. 9 il ərzində bu ölkədə iştirak etdiyi bütün (!) turnirlərin qalibi – həmçinin 7 qat ölkə çempionu olan Durundanın istedadına söz yox idi. Ancaq Kipr pasportunun olmaması ona beynəlxalq yarışlarda iştirak etmək imkanının qarşısını alırdı. Hətta ona gimnast lisenziyası belə verilmirdi. Kiprdə 10 il yaşayıb öz yaşıdaların arasında dünyanın ən yaxşılarından olsa da, ona vətəndaşlıq verilmədi. Ardıcıl 7 il ona hədiyyə və mükafatlar, kubok və medallar təqdim edir, hər dəfəsində də pasport məsələsində kömək edəcəklərinə söz verirdilər. Ancaq bu, elə söz olaraq qalırdı. İstedad məhv olma təhlükəsi ilə üz-üzə idi. Marinanın 15 yaşı vardı, ancaq bu gedişlə ona heç qarşıdakı daha 10 ildə də kömək etməyəcəkdilər. Kiprin siyasəti bu idi. Görünən odur ki, bu ölkənin Azərbaycandan öyrənəcəyi hələ çox şey var. Durumdan xəbər tutan federasiya rəhbərliyimiz Durundanı Bakıya dəvət edərək ona bütün şəraiti yaradır. Ən qısa müddətdə Marina Azərbaycan vətəndaşlığını alır və cəmi yarım il sonra – 2013-cü ildə milli komandamızın heyətində Kiyevə dünya çempionatına yollanır. Özünün debüt çempionatında Durunda həm çoxnövçülük, həm də lentlə çıxışda finala yüksəlir. Hətta lentdə 5-ci yerə qədər irəliləməyi bacaran yeni idmançımızın çıxışını mütəxəssislər möhtəşəm qiymətləndirirlər. Tanınmış və çox güclü həmkarları ilə başabaş mübarizə aparan Durunda, hazırda dünya gimnastikasının bəzəyi və Azərbaycanın medal ümididir. Necə ki, Belarusdakı Avropa çempionatında bu ümidin heç də əsassız olmadığının şahidi olduq. Ölkənin idman siyasətinin necə düzgün aparıldığına bundan yaxşı misal ola bilməz.
İki ildə onlarla turnir
Durunda böyüklər arasında debütünü 2013-cü ildə Estoniyanın Tartu şəhərində “Miss Valentine Kuboku”nda etmiş və həm çoxnövüçülük, həm də top və gürzlər yarışında bürünc medal əldə etmişdi. Daha sonra “Baltika halqası - 2013”də çoxnövçülükdə qızıl medalı boynundan asıb. Pesaro, Sofiya və Minskdəki Dünya Kuboklarında bütün növlərdə finala çıxan Durunda, səviyyəsini ortaya qoymağı bacarıb. Öz ilk Avropa çempionatında Vyanada komanda çıxışında 4-cü, top, halqa və lentdə 5-ci olub. 2013 və 2014-cü illərdə Azərbaycan çempionu adına yiyələnib. Sankt-Peterburqdakı Dünya Kubokunda bütün finallara vəsiqədən sonra, Kiyevdəki dünya çempionatında 6-cılıq gəlib. Sonra Brno Qran-Prisi, Tokiodakı Klublararası Dünya Çempionatında 5-cilik, yenidən “Miss Valentine Kuboku”nda qələbə qazanıb. Kiçik zədədən sonra isə Moskva, Debretsen, Ştutqart, Holon, Lissabon, Pesaro, Daşkənd və Minskdə müxtəlif yarışlarda uğurla çıxış edib. Ən yaxşı çıxışlar isə bu ilə düşür. “Barselona Trofi”də klub yarışında bürünc, Paris Qran-Prisində qızıl, və iki gümüş, Lissabonda 2 bürünc bunu deməyə əsas verir. Ən gözəl nəticə isə cəmi bir neçə gün əvvəl Minskdə keçirilən Avropa çempionatında qazanılmışdı.
Zəriflik zirvəsi
Bir rus qızının Azərbaycan ritmləri altında çıxışı nə dərəcədə gözəl ola bilər? Cavab verməyə tələsməyin. Mükəmməl ola bilər və Marina bunu sübut etdi. Ritmik musiqimiz altında çevik, sürətli hərəkətlər, enerji saçımı, eyni zamanda zəriflik bir arada idi. İzlənilməyə dəyərdi. Lentlə o qədər gözəl işləyirdi ki... Həmin lent bu mükəmməl hərəkətləri tamamlayır, xüsusi cizgilərlə bir pillə yüksəyə aparır və oradan bir ulduz kimi ətrafa işıq saçırdı.
Ədalət yerini tapdı
Minskdəki yarış Marinanın dünya bədii gimnastikasının parlaq ulduzu olduğunu təsdiqlədi. O, böyük turnirlərdə ilk medalını burada qazandı. Səhvsiz çıxış edən Durunda hakimlərdən 17,9 xal aldı. Bu isə onun bacarığını əks etdirən rəqəm deyil. Federasiyamız etiraz edərək xalların yenidən sayılmasını tələb etdi. Və ədalət yerini tapdı. 0,1 xal əlavə olununca Marina lent yarışlarında fəxri kürsünün bürünc pilləsinə qalxa bildi. Avropa mətbuatının onun haqqında yazdığı cümlələr çox şeydən xəbər verir: “Marina Durunda parlaq çıxışla yadda qaldı. Bu yarış göstərdi ki, o, karyerasında zirvəyə doğru addımlayır. O zirvə uzaqda deyil. Bəlkə də artıq Rio-De-Janeyrodakı Olimpiya Oyunlarında bu hədəfə çatılacaqdır”.
Poliqlot gimnast
Marina haqqında çoxlu maraqlı məlumatlar vermək olar. "Ocaq Sport İdman Klubu" İctimai Birliyinin gimnastı olan 18 yaşlı qızımız dörd dildə - rus, ukrayna, yunan və ingilis dillərində sərbəst danışır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. Məşqçiləri Mariana Vasileva və Anastasiya Prasolovadır.
Avropa Oyunlarına diqqət
Avropa Oyunlarına hazırlaşan Marina Durunda çıxış etdiyi kompozisiyanı daha da yaxşılaşdıracağını dedi: "Avropa Oyunlarının Bakıda keçiriləcəyinə görə fəxr edirəm. Doğma azarkeşlər qarşısında çıxış etmək böyük xoşbəxtlikdir. Bütün fikrimi bu oyunlara yönəltmişəm. İstəyirəm ki, Avropa Oyunlarında adım medalçılar sırasında olsun. Bizi güclü rəqabət gözləyir. Bakıya ən güclü gimnastlar gələcək. İnanıram ki, idmançılarımız ümidləri doğruldacaq".
Portreti
Marina gənc və istedadlı gimnastdır. Cəmi 18 yaşı olsa da, yetərincə böyük karyeraya malikdir. Ancaq zirvəyə doğru istiqamət məhz Azərbaycanda başlayıb. Bura onun vətənidir. Ona qucaq açan, ən çətin vaxtında ona dəstək olan ölkə indi çox vacib bir yarışa İlk Avropa Oyunlarına hazırlaşır. Marina da bu məsuliyyəti anlayır. Layiqli vətəndaş, eyni zamanda bir Azərbaycan qızına xas xüsusiyyətləri ilə böyük bir döyüş astanasındadır. Bilir ki, hətta əmindir ki, bu mübarizədən qalib ayrılacaq. Sonra isə başqa yarışlar gəlir. Dünya və Avropa çempionatları, Olimpiadalar...
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər