• cümə axşamı, 28 mart, 13:41
  • Baku Bakı 16°C

“Geyilməmiş ayaqqabılar”, yaxud torpağında gəzmək istəyən ayaqlar

24.01.18 12:30 1089
“Geyilməmiş ayaqqabılar”, yaxud torpağında gəzmək  istəyən ayaqlar
Kino öz yaranışı ilə kinoseansa bağlıdır. Elə ona görə də şəhərimizdə, xüsusilə də "Nizami” Kino Mərkəzində keçirilən təmtəraqlı kinoseanslar, məncə, "kinomuz ölüb” deyənlərə çox şeydən xəbər verməlidir.
Bəli, qırmızı xalı üzərindən keçən kino çəkənlər, təqdimat zamanı eşidilən alqışlar, əllərini başları üzərində qoşalayıb təşəkkür edən heyət – bütün bunlar artıq müasir kinematoqrafımızın atributları olaraq Hollivudda, Bollivudda keçirilən kino tədbirlərindən heç də geri qalmır. Qeyd edim ki, hətta Amerikanın Kino Akademiyası da bu günlərdə keçirilən təmtəraqlı tədbirimizdə adını adımıza qoşdu.
Yeni ilin ilk ayında "Nizami” Kino Mərkəzində "Geyilməmiş ayaqqabılar” filminə ilk baxışdan danışarkən, yuxarıdakı faktları vurğulamağım əbəs deyildi. Çünki baxış zamanı ağzınacan dolu kino zalı seans mədəniyyətimizin səviyyəsindən xəbər verdiyi kimi, sonda filmin titrlərindəki” NEW YORK FILM ACADEMY” adı da can atdığımız səviyyəyə işarə edirdi. Başqa rejissorlarımızı deyə bilmərəm, ola bilsin ki, adını çəkdiyim Akademiya onlar üçün səviyyə sayılmasın. Ancaq "Geyilməmiş ayaqqabılar”ın rejissoru Rza Rzayevin ötən ildən həmin Akademiyanın dinləyicisi olduğunu, onun təsisçisi, məşhur Amerika rejissoru Gilbert Şiltondan dərs aldığını bilir və yeni filmin ekranlara çıxacağı günü gözləyirdim.
Mənə çox maraqlı gəlirdi, artıq "Dolu” filmindəki Drakon obrazı ilə şərəflənmiş bir aktyorun sənətdən sənətə sıçrayışı...
Burda Rza Rzayevin ustadı olan, ona rejissorluq sənətinin əlifbasından dərs demiş Gilbert Şiltonun bir fikrini xatırlatmaq istərdim: "Rejissura, insanın həyat yolundan da geniş bir mahiyyətə bağlıdır. Mənim həyatda əldə etdiyim hər şey (yaradıcılıq uğurları nəzərdə tutulur) həyat təcrübəmdən gəlir”. Yəni rejissor olan kəs, təkcə, gördüklərini deyil, canının, qanının süzgəcindən keçirdiklərini ekrana köçürərkən, uğur qazana bilər. Təbii ki, burda həyat təcrübəsi də əsas şərtlərdən biridir. Bizim nəsil isə müharibə şəraitində yaşadığından çox ağrı-acı görmüş, bir müdrik demişkən, həyat universitetlərində dərs almışlardı. Hər gün işə və dərsə tələsərkən qarşısından keçdiyimiz "Şəhidlər xiyabanı” isə sözün əsl mənasında, qanı qurumayan yaramız kimi 28 ildir ki, təzədir. Allah bundan da ağır dərd yazıbmı bəşər övladının taleyinə?! Və bu ağrılar yaradıcı insanın hiss və duyğularını o dərəcədə cilalayır ki, bu iti hisslərin gücü ilə insan dərdli qəlbini ovub dərinlikdəki inciləri qəvvas kimi aşkar etməyə can atır. Mən Qarabağ dərdimizin Drakonundan belə bir addım gözləyirdim. Drakon sıçrayışı. Onun, yeddibaşlı əjdaha adlandırdığımız Drakon kimi dərdimizi caynağına keçirməsini istəyirdim. "Geyilməmiş ayaqqabılar”ın kino dilindən danışarkən, onun bir xüsusiyyətini, özü də əsas xüsusiyyətini vurğulamalıyam. Monumentallıq, iri planlar, uzun kadrlar, geniş ekran və bir də müqəddəs mövzu...
Bu xüsusda Rza Rzayev məhz müəllif filmi çəkərək, öz kino dilini yaratmağa nail olub; kino dili haqda bütün bilgilərini təcrübədən keçirib. Yəni Sakurovun lal kadrları da var burda, Bünüelin sürrealist reallığı da...
Filmdə elə kadrlar var ki, elə tək o kadrın çatdırdığı mesajdan bir neçə film çəkmək olar.
Doğrudur, filmdə eyni obrazın (məsələn, yalın ayaqların) təkrar-təkrar ekranda görünməsi filmin öz ideyası üçün müsbət fon yaratmır, tamaşaçını rejissorun məqsədindən yayındırır. Məsələn, "Geyilməmiş ayaqqabılar” adı ilə bağlı ekranda görünən yalın kişi ayaqları məndə başı papaqsız qalmış kişilər assosiasiyası yaratdı. Çünki yalın ayaqlı kişi başında papağı olmayan kişidir (başının papağı yerə girən mənasında) . Nəzərə alsaq ki, bu baş görünmür, elə də fikirləşməli olursan. Ancaq "Geyilməmiş ayaqqabılar muzeyi” səni həmin yalın ayaqların qarşısında baş əyməyə səsləyir. Elə orda da ana əvvəlcə ayaqqabısını çıxarır, sonra da yenidən geyinib yoluna düzəlir. Ümumiyyətlə, film rəmzlər, rəmzi obrazlarla zəngin bir ekran əsəri olaraq (bəli, sadəcə film deyil, məhz ekran əsəri nəzərdə tuturam) geniş bir müzakirə mövzusudur. Sonda əlil arabasının ana tərəfindən itələnərkən fırlanan təkəri – çərxi-fələk obrazı olaraq, filmin ideyasını şüara çevirir.
Əlbəttə, film haqda danışarkən ana obrazı haqda söz demək, bu məqaləmi kino ensiklopediyası kimi uzatmağıma səbəb ola bilərdi. Ona görə fikirlərimi bir qədər qısaldaraq, böyük aktrisamız Gülzar Qurbanovaya "Geyilməmiş ayaqqabılarda”kı ana obrazı ilə dərdimizi dünyaya çatdırmaq üçün böyük ekran arzulayıram. Öz ifası ilə o, bunu etmək qüdrətindədir.
Sədaqət Kamal
banner

Oxşar Xəbərlər