• şənbə, 20 Aprel, 07:14
  • Baku Bakı 14°C

“Getsinlər, bacardıqları işlə məşğul olsunlar”

22.08.13 11:14 1554
“Getsinlər, bacardıqları işlə məşğul olsunlar”
“El” Hərəkatı İdarə Heyətinin üzvü Eldəniz Quliyev “Bizim Yol” qəzetinə müsahibəsində ölkə mətbuatını təhqir edən, aşağılayan ifadələr söyləyib. E. Quliyev müxalifətin zəif olmasının və kompromisə gələ bilməməsinin əsas səbəbi kimi mətbuatı günahlandırıb. Onun sözlərinə görə, Azərbaycanda ictimai rəy yoxdur və mətbuat hər zaman günahkardır.
Rəyini öyrəndiyimiz mətbuat nümayəndələrinin buna münasibəti birmənalı olmadı. Müsahiblərimizə iki sualla müraciət etdik. Birincisi, həqiqətən də Eldəniz Quliyevin iddia etdiyi kimi, Azərbaycanda ictimai rəy yoxdur? İkinciсi, müxalifətin belə acınacaqlı duruma düşməsinin günahkarı doğrudanmı mətbuatdır?
Suallarımızı cavablandıran “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söylədi ki, Eldəniz Quliyevin müxalifət adından danışmağa ümumiyyətlə mənəvi haqqı yoxdur. Çünki onun hər hansı bir siyasi təcrübəsi yoxdur ki, siyasi prosesləri dəyərləndirsin. Baş redaktorun fikrincə, E. Quliyev kifayət qədər ziddiyyətli insandır. Yəni fərqli düşüncələr ortaya qoyan, hətta separatçı fikirlər səsləndirən bir şəxsdir. O baxımdan, onun personası bütövlükdə mətbuat üçün hər zaman ziddiyyətli olub: “O ki qaldı Azərbaycan mətbuatı ilə bağlı söylədiyi fikirlərə, şübhəsiz ki, mətbuatımızın hər hansı bir prosesdə neqativ rolundan söhbət gedə bilməz. Bu fikrim təbii ki, obyektiv mətbuat orqanlarına aiddir, konkret siyasi düşərgələrin mövqeyindən çıxış edənlərə yox. Eldəniz Quliyev yaxşı olar ki “Azadlıq” qəzetinin səhifələrini açsın və onun mənsub olduğu düşərgənin bütövlükdə ölkəni hansı çamura atdığının, hansı böhtan və yalan məlumatlar yaydığının bir daha şahidi olsun”.
E. Mirzəbəyli Azərbaycanda ictimai rəyin olduğunu xüsusilə qeyd etdi. Onun fikrincə, bu ictimai rəy birinci növbədə Azərbaycanın dövlət maraqlarını ifadə edir: “Əgər bu gün Eldəniz Quliyevin də təmsil olunduğu Milli Şura, sözün əsl mənasında məzhəkə obyektinə çevrilibsə, bunun günahını onun özünə liderlik edən şəxsdə və qurumda təmsil olunan digər insanlarda axtarmaq lazımdır. Bu baxımdan mətbuatın da, ictimai rəyin də burada heç bir günahı yoxdur. Xalqı, ictimaiyyəti, mətbuatı günahlandırmaq ən asan yol, ən asan vasitədir. Eldəniz Quliyev öz fəaliyyəti ilə bağlı olan məsələləri, eyni zamanda onun müxalifət adlandırdığı dairələrin keyfiyyətsiz fəaliyyətini təhlil etməyi bacarmırsa, bu onun problemidir. Mətbuatımız ölkədə və dünyada gedən prosesləri obyektiv şəkildə işıqlandırır və qiymət verir. Onun dediklərinin hamısı əsassız mülahizələrdir”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də bildirdi ki, Azərbaycanda ictimai rəy var və xalqımızın ictimai rəyi kifayət qədər aktivdir: “Azərbaycanın ictimai rəyini heç bir siyasətçi, heç bir halda ittiham edə bilməz. Əgər kiminsə ictimai rəydən narazılığı varsa, səbəbi özündə axtarsın. Bəzi siyasətçilərimiz uzun illərdir eyni sözləri təkrarlamaqdan yorulmurlar. Görünür, onların fəaliyyəti yetərincə ictimai rəy cəlb edə bilməyib. Qaldı ki, mətbuatı günahlandırmağa, ümumiyyətlə siyasi proseslərdəki uğursuzluqlarla bağlı deyilən bu söz absurd bir şeydir. Yəni bir siyasətçi, siyasi qüvvə hər hansı siyasi prosesdə uğur qazana bilmirsə, buna görə mətbuatı günahlandırmaq sadəcə olaraq onların bəhanə axtarmaq yolundan başqa bir şey deyil”.
Azər Həsrət bir ictimai-siyasi fəal olaraq, bu ittihamların heç birini qəbul etmədiyini nəzərə çatdırdı. Dedi ki, onların uğursuzluğa düçar olmalarının səbəbkarı özləridir: “Getsinlər yaxşı-yaxşı düşünsünlər və götür-qoy etsinlər ki, uğur qazana əldə edə bilməməklərinin səbəbi nədədir. Əgər bizdən soruşmuş olsalar, biz onlara deyəcəyik ki əsl səbəb uzun illərdir təkrarladığınız boş vədlərdir. Həmçinin özünüzə inamın olmaması. Ümumiyyətlə, insanları, vətəndaşları inandıra biləcək bir taktikanı ortaya qoya biləcək gücünüzün olmamağı daima uğursuzluğunuza səbəb olub. Mətbuatı ittiham etmək lap uşaq söhbətinə oxşayır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər