• cümə, 29 Mart, 11:42
  • Baku Bakı 5°C

Getdiyi hər ölkədə dondurma yeyən səyyah - Səyyah

30.03.18 09:00 2654
Getdiyi hər ölkədə dondurma yeyən səyyah - Səyyah
Heç vaxt olmadığı küçəyə getmək, fərqli ölkələrin insanları ilə ünsiyyətdə olmaq ona böyük zövq verir. Səyahət etməyi həddindən artıq çox sevir, bunu danışanda belə, hiss etmək olur. Deyir ki, dünya, insanlar üçün çox şey etmək istəyir. Bunun üçün isə pozitiv enerjiyə ehtiyacı var və onu səyahətlərdən alır. Getdiyi hər ölkədə, şəhərdə dondurmanın dadına baxmamış qayıtmayan müsahibimiz gənc xanım Nilgün Aslanovadır.

- Bu yaxınlarda İnstaqram səhifənizin bir illiyi münasibətilə çəkdiyiniz videonu izlədim, sonra bu məni başqa videolarınıza da baxmağa "məcbur” etdi. Hiss olunur ki, gəzməyi çox sevirsiniz.
- Gəzməyi dəhşətli dərəcədə sevirəm. Səyahət edəndə özümü çox xoşbəxt hiss edirəm. Lüks gəzmək həvəskarı deyiləm və hətta deyərdim ki, ucuz səyahətlərdən daha çox həzz alıram. Yəni, əziyyət çəkərək daha çox yer gəzib-görmək xoş olur. Ruhumda gəzməyə həvəs var, amma bunun mənə haradan gəldiyini bilmirəm. Əslində, atam da gəzməyi sevən adamdır, bəlkə də ondan keçib. Hətta uşaq vaxtı maşınla harasa gedəndə və sevdiyim yerlərdə dayana bilməyəndə bir gün velosipedlə dünya turuna çıxacağımı xəyal edirdim. Düşünürdüm ki, hər anı doya-doya yaşamaq, gördüyüm hər mənzərədən ürəyimcə zövq almaq üçün yolda dayana-dayana gedəcəm. Dünyanın hər yerini sadəcə hiss etmək istəyirəm.


- Bəs mütəmadi səfərlərə nə vaxtdan başlamısınız?
- Mən universiteti ötən il bitirdim. Ona qədər ilk dəfə ölkədən təyyarə ilə layihələrlə bağlı çıxmışam. Hətta deyərdim ki, ilk xarici layihəyə qoşulmaqda əsas məqsədim səyahət olmuşdu. Ondan sonra layihəsiz səfərə getməyim ilk dəfə keçən ilin fevralında olmuşdu. İlk turu özüm təşkil etmişdim. Daha sonra Azərbaycanda olduğum müddətdə, ölkə içi turlara başladım. Bu ilin oktyabr ayında isə Latviyaya gəldim. Burada bir layihədə könüllü kimi fəaliyyət göstərirəm. Latviyada olduğum müddətdə qarşıma hər ay bir ölkəyə getmək kimi məqsəd qoymuşam. Azərbaycana qayıdandan sonra isə ildə 2-3 dəfə xarici səfərlər və yenə aylıq ölkədaxili səfərlər etməyi planlayıram.

- Təhsiliniz hansı sahə üzrədir?
- Maliyyə.

- Səhifənizin adı maraqlıdır. "World in Nilgun” ("Dünya Nilgündə”). Dünya Nilgündə necədir ki?
- Mənim üçün problem yoxdur. Əslində, problemlər hamıda var, amma nadir hallarda mən onları dərd edib depressiyaya düşə bilərəm. O da tək olduğum zamanlarda baş verə bilər. Ümumiyyətlə, nədən həzz alıramsa, diqqətimi ona yönəldirəm, anı yaşamağa üstünlük verirəm. Nə qədər problem olsa da, xoşbəxt olmaq üçün səmaya baxmağım bəs edir. Həyatda nə qədər çətinlik olsa da, həmişə gülməyə bir səbəb olduğuna inanıram. "World in Nilgun”ü də yaratmaqda məqsədim ən çətin vəziyyətdə belə gülümsəmək, şükür ediləcək, xoşbəxt olacaq bir şeylər olduğunu dünyaya, Azərbaycana, insanlara çatdırmaq istəyidir.


- İnstaqramda sonuncu paylaşımınız son 40 günə qədərki səfər planınızla bağlıdır. Bu müddətdə 6 ölkə gəzmisiniz, plana baxdım, arada heç fasilə verməmisiniz...
- (Gülür) İnanırsınız, mən də heç bu cür planlamırdım, amma son bir ayda rejim nəsə belə alındı. Latviyada qaldığım müddətdə hər ay bir ölkəyə səfər etməklə bağlı qarşıma məqsəd qoymuşdum. Bu plan çərçivəsində İslandiyaya getdim, sonra İsveçə ucuz bilet çıxdı, ona da "yox” deyə bilmədim. Ucuz bilet varsa, yox deyə bilmirəm. Sonra bir qrant udmuşduq, layihə ilə bağlı Gürcüstana getməli idik. Ona görə bu cür rejimli bir səyahət oldu.

- İşləri də elə nizamlayırsınız ki, içində səyahət də olsun...
- Bəli, elə demək olar. Bacım universitetə hazırlaşanda deyirdi ki, nə olur-olsun hüquq oxuyacağam, hansı bölgəmizdə olsa da. Mən isə deyirdim ki, mütləq Bakıda təhsil alacam. Hazırda gəzməkdən də başqa məqsədlərim də var, dünyaya, insanlara fayda vermək üçün nələrsə etmək istəyirəm. Amma onları reallaşdırmaq üçün mənə pozitiv enerji lazımdır. Onu da gəzməkdən alıram. Ona görə hamısının gəlib səyahətlərə bağlanmağına çalışıram. Bəzən elə olurdu ki, Bakıda da boğulurdum, gəzmək istəyirdim. Bu zaman metroya minib təsadüfi bir stansiyaya gedirdim. Bir dəfə "Dərnəgül”ə getdim, çünki orda heç olmamışdım. Sırf görmədiyim yer görmək, heç vaxt getmədiyim bir küçədə olmaq kimi hissi yaşamağı sevirəm.


- Bu cür səyahət sizin üçün də deyəsən bir vaxtlar əlçatmaz olub...
- Bəli, iki il bundan əvvələ qədər mənim üçün əlçatmaz idi. Həmişə təyyarəyə baxıb ağlayırdım ki, mən də bir gün onunla səyahətə getmək istəyirəm. Amma atam məni siniflə parka belə getməyə qoymayan, 2-ci kursa qədər qız uşağı olan evdə internet qadağası tətbiq edən bir insan olub. Amma həmişə təhsilimizə önəm verib. Mən də təhsillə bağlı hər şeyi etməyə çalışmışam. Təhsillə bağlı bir neçə dəfə ölkədən çıxandan sonra güvən yarandı. Məni sinif yoldaşlarımla birgə parka qoymayan atam bacımla ikimizə Avropa turuna getməyə icazə vermişdi. Səyahət etməyi çox istəyirdim, ona görə indi kimsə nəyisə çox istəyib, əldə edə bilmədiyini deyəndə razılaşmıram. Kim nəyi ürəkdən həqiqətən istəyirsə, mütləq gec-tez onu əldə edəcək. Sadəcə, səbirli olmaq lazımdır.

- Getdiyiniz ölkədə sizi ilk maraqlandıran nə olur?
- Böyük şəhərləri çox sevmirəm, daha çox kiçik yerləri görmək istəyirəm. Harada ölkənin ruhunu hiss edə bilərəmsə, ora gedirəm. Paytaxt şəhərlər çox vaxt klişe olur. İlk maraqlandığım məhz ölkənin ruhunu duya biləcəyim küçə olur, gedib gəzirəm, insanların necə olduğuna baxıram. O ruhu, fərqliliyi hiss etmək istəyirəm, hər getdiyim ölkədə onu yaşamağa çalışıram. Və mütləq getdiyim hər ölkədə dondurma yeməliyəm.


- Hansı ölkələrdə olmusunuz?
- Gürcüstan, Rusiya, Türkiyə, Polşa, Çexiya, Macarıstan, İtaliya, Latviya, Litva, Estoniya, İsveç, İslandiya, Ərəb Əmirlikləri və Amerika.

- Amerikanı xüsusi vurğuladınız. Deyəsən, onun yeri bir başqadır...
- Bəli, ora mənim xəyallarımın ölkəsidir. "İnsan doğulduğu yerə aiddir” deyə bir şey yoxdur. Hər insanın aid olduğu, özünü tapdığı bir yer var. Mən özümü Amerikada tapdım. Əvvəl Amerikaya getməyi çox istəyirdim, amma niyəsini bilmirdim. Belə filmlərdən filan da həvəs yaranmamışdı, nədənsə ora getmək istəyim var idi. Həmişə xəritənin qarşısında durub anama Azərbaycan və Amerikanı göstərib deyirdim ki, bir gün Amerikaya uçacam. O ölkəyə gedəndən sonra özümü tapdım. Bilirsiniz, bu gün şəkil çəkmək çox sevdiyim işdir, məni sakitləşdirir. Amerikadan əvvəl isə düşünürdüm ki, özüm olmadığım şəkillərin nə mənası var ki? Yaşamağı, həzz almağı, dəyər yaratmağı Amerikada öyrəndim. Orda olanda başa düşdüm ki, özüm də anlamadan niyə bu ölkəyə bağlı olduğumu hiss edirmişəm. Yenə də Amerikaya getmək istəyirəm. Böyük şəhərləri sevmədiyimi dedim, amma Nyu-York istisnadır, məni çox çəkir. Hətta Nyu-Yorkun şəkillərinə baxanda ağlayıram. Bir də İstanbul mənim üçün özəldir.

- Başqa ölkələrdə olanda Azərbaycanda nə üçün darıxırsınız?
- Çox təmizkar millətimiz var, onun üçün çox darıxıram. Mədəniyyət şoku yaşadığım hissə odur. Sevdiklərim üçün darıxmağım da təbiidir. Mətbəximizin dadlı yeməkləri də yadıma düşür. Getdiyim ölkələrdən yalnız İtaliyanın mətbəxini çox sevmişəm.


- Səyahət edənlərin bir çoxu deyirlər ki, mümkün qədər olduğun ölkənin mətbəx nümunələri ilə qidalanmaq lazımdır, çünki bu səfərə ayrı bir dad verir...
- Mən də getdiyim ölkəyə məxsus olan nə varsa, onları etmək istəyirəm. Amma sizə bir nümunə verim. Mən İslandiyada olanda onların yerli yeməklərini yeməyə çalışdım. Məsələn, orda hot-doq çox məşhurdur, amma donuz əti vurulur. Mən də donuz əti yemədiyim üçün o mətbəxin dadına baxa bilmədim. Litvada da eynisi başıma gəlmişdi, bir restoranda onların öz yerli yeməyini yemək istədim, amma hər şey donuz ətindən ibarət idi deyə, alınmadı. Bir dəfə də İsveçdə restoranda o ölkəyə məxsus özəl nə yemək olduğunu soruşdum. Öyrəndim ki, o özəl yeməkdə boşqabda 4-5 cür ət olur, 100 avro edir. Səyahətçinin bir boşqab yeməyə 100 avro verməsi çətin məsələdir. Hər nə qədər lüks istirahət olsa da, bu pulu vermirlər. Bir dənə şirniləri var idi, onları yemişdim. Elə ölkələr olur ki, özəl mədəniyyətləri, fərqli mətbəx nümunələri olmur.

- Ucuz bilet məsələsindən danışdınız, amma səfərə çıxırsansa, pul lazım olur. Çox səyahət edənlərə də məhz ən çox ünvanlanan sual da pulla bağlı olur.
- Pul çıxır, amma belə deyim son 6-7 ölkədə qalmaq üçün evə heç pul vermədim, koç sörfinqdən istifadə edirəm. Gediş-dönüşü 30 avrodan baha olan biletləri almıram. İstəyəndə səfər xərcini minimuma endirmək olur. Yeməyi özünlə də apara bilərsən. Həmişə deyirəm ki, evdən tam sərbəstlik verilsə, heç pul xərcləmədən səyahətlərə çıxaram. Mənim indiyə kimi ailəmdən pul alıb etdiyim yeganə səyahət Türkiyəyə olub. O da "Erasmus”la getmişdim, amma özüm üçün bir az xərclik kimi valideynlərdən pul istəmişdim. Qalan bütün səfərlərim təcrübə proqramları, qrantlarla, ya da öz təqaüdümlə olub. Bəzən səyahət etmək üçün çox pul lazım olduğunu düşünürlər, amma mənim səyahətlərimin pulunu qarşılayacaq qədər varlı bir ailəm yoxdur. Hamısını özüm axtararaq tapmışam.

Aygün Asimqızı









banner

Oxşar Xəbərlər