Getdim, öyrəndim, qayıtdım FOTOLAR

Getdim, öyrəndim, qayıtdım FOTOLAR

Mədəniyyət
07 Dekabr 2012, 17:58 2796
Müsahibim Azərbaycanda kifayət qədər tanınmayan, ancaq vətəndən kənarda festivallarda iştirak edib, solo konsertlər verən, YUNESCO diplomuna layiq görülən Günel Ələkbərovadır. Günel 9 yaşından bu sənətə yiyələnib və qarşısına qoyduğu məqsədə doğru dayanmadan irəliləyib. İlk olaraq Bakı Musiqi Akademiyasının solo oxuma bölməsində opera ifaçısı təhsili alan və bakalavr pilləsini yüksək nəticələrlə bitirən vokalçı, təhsilini davam etdirmək üçün əcnəbi ölkəyə üz tutub.

Çexiyanın Praqa şəhərində vokal sənətinin sirlərinə dərindən bələd olub, orada Praqa Dövlət Musiqi Akademiyasının vokal şöbəsinin opera ifaçısı fakültəsini bitirib. Eyni zamanda, müsahibim Praqa Dövlət Musiqi Akademiyasının “vokal və nəzəriyyə” ixtisası üzrə doktrantura elmi dərəcəsinə layiq görülüb. Bütün bunlarla yanaşı, Günel Ələkbərova beynəlxalq opera festivallarında çıxış edib, Almaniya, Avstriya, İngiltərə, Slovakiya və başqa ölkələrdə konsertlər verib.

- Vokal sənətinə maraq nə zamandan yaranıb?

- Atam hərbçi idi. Ona görə ömrümüzün yarısı səfərlərdə keçib. Hər ölkəyə getdikdə, orada musiqiləri dinləyirdim. 9 yaşımdan Bakı Musiqi Akademiyasına getdim və 16 yaşımda məktəbi bitirdim. Qərara aldım ki, musiqi təhsilimi Praqada davam etdirim. Orada bir çox festivallarda iştirak etdim. Bunların sayəsində solo konsertlər verdim. Fəaliyyətim təkcə Praqa ilə bağlı olmayıb. Dünyanın bir çox ölkələrində festivallarda iştirak etmişəm və bir çoxlarının da laureatı olmuşam. Misal üçün, 2008-ci ildə İngiltərədə “Emma Despin” adına Beynəlxalq Vokalçıların laureatı oldum. Məşhur “Musiqi Tribunası” festivalında 2-ci yeri tutmuşam. Bu siyahını uzada da bilərəm.

- Festivallarda iştirak edən zaman adınız heç ölkə mətbuatında hallanmırdı?

- Demək olar ki, hallanmadı. Azərbaycana qısa müddət ərzində gəlirdim və gələn zaman konsert verib geri dönürdüm. Vaxt azlığından özüm də bu işlə məşğul olmurdum.

- Hər iki ölkənin vokal sənətinin sirlərini öyrənmisiniz. Praqada təhsil səviyyəsi yüksək idi ki, növbəti pilləni orada oxumaq qərarına gəldiniz?

- Praqada təhsil səviyyəsi çox güclüdür. Orada notlar, müəlliflər haqqında bütün kitabları tapmaq asandır. Yəni tələbələr məlumat qıtlığı yaşamır. Ümumiyyətlə, bütün Avropada bu belədir, tələbələr oxuduğu fənnin kitabını öz dilində əldə edir. Bizdə isə kitab cəhətdən, not cəhətdən problem yaşanır. Praqada tələbələrin mübadilə prosesinə xüsusi önəm verilir. Tələbələrə böyük imkanlar yaradılır, məsələn, bir tələbə dövlətin, universitetin hesabına əcnəbi ölkədə hansısa vokalçının musiqisini izləməyə göndərilir, tələbə xarici tədbirlərdə iştirak edə bilir. Bunlara görə də tələbədə özünü göstərmə imkanı yaranır və təcrübəsi genişlənir. Bu zaman tələbə özündə çatışmayan hansısa bir ünsürü tapır və daima yenilik axtarışında olur. Mənim seminarlarda iştirak etmək şansım olurdu. Fəaliyyət göstərdiyimiz ölkədən kənarda vokal sənətinin hansı istiqamətdə inkişaf etdiyinin şahidi olurduq. Yəni müqayisə də bilirdim.

- Hansısa populyar bir ifaçıdan dərs almısınızmı?

- Bəli. Bir yox, bir neçə məşhur vokalçıdan dərs almışam. Bizdən fərqli olaraq Praqada bir sahəni bir müəllim deyil, ən azı 7 müəllim tədris edir. Bu da tədrisin ən üstün cəhətidir ki, 7 müəllim ixtisas dərsləri aparır və sən hərədən bir sirrini öyrənirsən. İvan Kurt, Maqdalena Heriseva, Yanoye Naşova və başqalarının adlarını çəkə bilərəm.

- Bəs Praqadan niyə qayıtdınız?

- Ora daimi qalmaq üçün getməmişdim. Getdim, vokal sənətinin sirlərini öyrəndim və geri qayıtdım. Mən azərbaycanlıyam və burada yaşayıb, öyrəndiyim bütün bilikləri tələbələrimə öyrətmək istəyirəm.

- Səhv etmiriksə, İncəsənət Universitetində vokal sənətindən dərs deyirsiniz...

- Bəli. Noyabr ayının 13-də “Kopenhaus”-da (Alman Azərbaycan Mədəniyyət Mərkəzi) konsert proqramı ilə çıxış etdim. Orada mənim səsimi bəyəndilər. Mənə bu sahə üzrə mütəxəssis olduğumu və festivallardakı uğurlarımdan məlumatlı olduqlarını söylədilər, bunun üçün də tələblərin belə müəllimlərə ehtiyacı olduğunu vurğuladılar. Mən də razılaşdım, indi ürəklə, can-başla işimi yerinə yetirməyə çalışıram.

- Bu sizin vətəndə ilk konsertiniz idi?

- Xeyr. Azərbaycanda artıq 4-cü dəfədir ki, konsert proqramı ilə çıxış edirəm. Azərbaycan musiqisini Çexiyada ilk ifa edən də mən olmuşam. Burda da çex musiqisinin ilik ifaçısı mənəm. Amma Cexiyanı Azərbaycandan ayırmıram. Biri atamdı, biri anam.

- Hansı ölkələrdə solo konsertlər vermisniz?

- Çexiya ilə yanaşı, Almaniyada, Avstriyada, Strasburqda, İspaniyanın Saraqosa şəhərində, Budapeştdə və s. ölkələrdə, şəhərlərdə musiqi proqramı ilə çıxış etmişəm. Eyni zamanda bir çox ölkələrdə festivalların laureatı olmuşam. Əsasən, hansısa qədim abidələrin yenidən bərpası olanda, vokal ifaçılarını dəvət edirdilər. Elə tədbirlərdə daha çox iştirak etmişəm.

- Yaradıcılığınızda yalnız çex bəstəkarlarına müraciət etmisiniz?

- Mənim üçün əsas operadı. Çex bəstəkarları ilə bərabər, alman, italyan və başqa ölkələrin müasir bəstəkarlarına müraciət etmişəm. Misal üçün, Alma Maller, Şubert Şuman, Mosart, Rojart, Yan Viçar, Milan Slovetski, Marek Kopelent kimi bəstəkarlara müraciət edirəm. Sonuncu solo konsertimdə Yan Viçarın “4 romans silsiləsi” çox bəyənildi. Çox müasir, sadə və gözəl alınmışdı. Bəstəkarın bir neçə də romans silsiləsi var ki, qismət olsa, növbəti konsertimdə onlardan istifadə edəcəyəm.

- Növbəti konsertiniz nə zaman baş tutacaq?

- Gələn ilin fevral ayı üçün nəzərdə tuturam. Ancaq konsertin olacağı məkan da çox önəmlidir. İstərdim ki, yeni bir məkanda olsun. İndi hələ düşünürəm və musiqilər üzərində işləyirəm.

- Deyəsən, vokal sənətində yenilik etmək istəyiniz var...

- Bəli. Müasir musiqidə yenilik etmək istəyirəm. Artıq bunun üzərində işləyirəm, bu aranjemanda Avropa klassik musiqisinə müraciət etmişəm. Yeni üslubda hazırlayıram. Maraqlı ariyalar təqdim edəcəyəm. Onlar heç Avropada da ifa olunmayıb, birinci dəfə premyerasını bütün dünyada mən edəcəyəm. Bunun özünüz də şahidi olacaqsınız.

- Eşitdiyimizə görə, sizə Opera və Balet Teatrında “Sevil” operasında Gülüş obrazını həvalə ediblər.

- Mənə belə təklif gəlib. O, tamaşa üzərində hazırda məşqlər gedir. İndi teatrın binasının təmiri gözlənilir. Tamaşa başqa teatrda oynanılacaq. Yəqin ki, fevraldan sonra premyerası olacaq. Bu da çox maraqlı tamaşa olacaq.

- Azərbaycanda az tanınmağınızın əsas səbəbi nədir?

- Tanınmamağımın əsas səbəbi odur ki, burada elə də böyük nailiyyətim olmayıb, yəni burada olmurdum. Fəaliyyətimi Praqada davam etdirirdim. Həm də düşünürəm ki, bu məsələlərlə medianın özü də maraqlanmalıdır. Biz sənətçilər onda daha həvəslə işləyirik.

- Azərbaycanlı vokalçılardan kimi özünüzə rəqib görürsünüz?

- Azərbaycan sənətçilərini özümə rəqib görmürəm, çünki onlar mənim həmkarlarımdır. Hərənin öz oxuma stili var. Tamaşaçı özü seçir dinlədiyini. Deməzdim ki, indiki vokalçıları bəyənmirəm, ancaq mənə daha çox keçmiş sənətçilər xoş gəlir. Məsələn, Rəşid Behbudov, Bülbül.

Xəyalə RəisFOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR"> FOTOLAR">