• cümə axşamı, 25 aprel, 16:25
  • Baku Bakı 23°C

“Get fikirləş: fizik, yoxsa musiqiçi olacaqsan?” – Keçmişdəki mən

20.05.16 11:13 2232
“Get fikirləş: fizik, yoxsa musiqiçi olacaqsan?” – Keçmişdəki mən
Onun haqqında ən gözəl sözləri bəstəkar Tofiq Quliyev deyib: "Tarixdə elə şəxsiyyətlər vardır ki, onlar yalnız bir xalqa məxsus olmurlar. Bəşəri musiqi kimi bəşəri adamlar, bəşəri şəxsiyyətlər var. Onlar öz xalqının elmini, mədəniyyətini inkişaf etdirməklə elinin, obasının zənginləşməsinə, millətinin dünya xalqları arasında tanınmasına səbəb olurlar”.
Rubrikamızın qəhrəmanı bəstəkar, pedaqoq, alim, musiqi xadimi Oqtay Rəcəbovdur. O.Rəcəbovun həyat hekayəsinə nəzər salaq.

"Döyürdüm də, döyülürdüm də...”

Həmsöhbətimiz 1941-ci ildə Bakıda müəllim ailəsində anadan olub. Üçuşaqlı ailənin tək oğlan övladı olan O.Rəcəbov deyir ki, uşaqlıqda o qədər dəcəl olub ki, bu xasiyyətinə görə valideynləri onu kötəkləyib: "Atam riyaziyyatçı, anam coğrafiya müəlliməsi idi. Mənim uşaqlığım çox zəngin olub. Uşaqlığımı oxumağa, təhsil almağa həsr etmişəm. Amma bununla yanaşı, dəcəlliyimdən, dəlisovluğumdan da qalmamışam. Davaya çox meyilli idim. Döyürdüm də, döyülürdüm də... Evə gələndə də dalaşdığıma, ya da döyüldüyümə görə atam-anam da döyürdü. Evə döyülmüş vəziyyətdə gəlməyi mənə qadağan etmişdilər”.

"Bu işlə məşğul olsa, bu uşaqdan adam olmaz”

Balaca Oqtayın musiqi ilə tanışlığı, musiqi dünyası anasının təkidi ilə başlayıb. Atası isə oğlunun fizik olmasını istəyib: "Atam daha çox muğamları sevirdi, qalan heç bir janrla maraqlanmırdı. Anam isə musiqinin vurğunu idi. Özünün musiqidən başı çıxmasa da, orta məktəblə bərabər məni 1 nömrəli uşaq musiqi məktəbinin skripka sinfinə qoydu. 7 illik musiqi məktəbini skripka üzrə bitirdikdən sonra Şəhriyar klubunda musiqi təhsilinə davam etdim və musiqi məktəbi ilə orta məktəbi eyni ildə bitirdim. Evimiz Dövlət Dram Teatrının yanında idi. Orada Sofiya adlı aktrisa var idi, ailəvi dostumuz idi. Hər dəfə çay içmək istəyəndə bizə gəlirdi. Bir gün anam ona dedi ki, "Ay Sofiya, vallah bu uşaq nə iləsə məşğul olur, amma bilmirik nədir. Bir bax gör neynirsən, bir adama göstər görək, gələcəkdə bundan adam çıxar, ya yox?”
Atam isə deyirdi ki, istəyirəm o, ya riyaziyyatçı, ya da fizik olsun: "Nə var ey bu nanay-nanayda. Bu işlə məşğul olsa, bu uşaqdan adam olmaz”. Sofiyanın əri ilə Fikrət Əmirov dost idilər. Fikrət Əmirovdan xahiş etdilər ki, məni yoxlasın. Mən də sevinə-sevinə bütün cızmaqaralarımı götürüb Fikrət müəllimgilə getdim. Fikrət Əmirov diqqətlə qulaq asdı və mənimlə məşğul olacağını dedi. Düz iki il məni hazırlaşdırdı. Həftədə iki dəfə saat 8-dən 11-ə kimi mənimlə məşğul olurdu. Fikrət Əmirovun rəhbərliyi altında çoxlu əsərlər yazdım”.

"Oqtay Rəcəbov fizika elmi üçün yoxdur”
Müsahibimiz atasının təkidi ilə musiqi təhsilini yarımçıq qoyub fizik olmağa qərar verir: "Atamın təkidi ilə Lenin adına Pedaqoji İnstitutun Fizika və istehsalat əsasları fakültəsinə daxil oldum. Amma eyni zamanda A.Zeynallı adına musiqi texnikumunda bəstəkarlıq kurslarına gedirdim. APİ-nin Fizika fakültəsini əla qiymətlərlə bitirdim. Sonra mənə məsləhət gördülər ki, aspiranturanı da oxuyum. Fizika İnstitutunda aspiranturaya daxil oldum. Məqalələrim çap olundu, mühüm işlər gördüm. Amma laboratoriyada oturanda ürəyim həmişə evdəki fortepianonu istəyirdi. Elə fikirləşirdim ki, nə vaxt burdan çıxıb evə gedəcəm. Bir gün evə gedərkən Fikrət Əmirovla rastlaşdım. Məndən nə işlə məşğul olduğumu soruşdu. Aspiranturada oxuduğumu deyəndə qayıtdı ki, bəs musiqi? Dedim: "Evdə məşğul oluram, kurslara gedirəm, amma bilmirəm, nə edim? Atam deyir, görəsən, səndən adam olacaq, ya yox?”. O, belə bir söz dedi: "Siz fiziklər atom bombası yaradırsınız və dünyanı məhvə aparırsınız. Biz liriklər isə gözəllik yaradırıq, bu gözəlliklə dünyanı atom yaradanlardan xilas etmək istəyirik. İndi get fikirləş: fizik, yoxsa musiqiçi olacaqsan?” Bu söz mənə yaman təsir etdi. Fizika İnstitutuna gedib, ərizəmi yazdım. Bu hadisədən sonra konservatoriyaya qəbul oldum və professional musiqi təhsili almağa başladım. O zaman rektor Cövdət Hacıyev mənə dedi ki, musiqi ilə ciddi məşğul olmalıyam.

"Musiqidən qopmadım”

Həmsöhbətimiz konservatoriyaya qəbul olunduğu il hərbi xidmətə gedir. Özünün də dediyi kimi, bir il də burada itirir: "Elə təzəcə arzuma çatmışdım ki, məni Belarusiyaya hərbi xidmətə apardılar, əsgərlikdə bütün polkun katibi elan etdilər. Orada ansambl yaratdım, tez-tez konsertlər verdik, eyni zamanda, Azərbaycan musiqisini də təbliğ edirdik. Hərbi xidmətdə də musiqidən qopmadım. Əsgərliyi bitirib gəldim və 5 il konservatoriyada oxudum. Bu, mənim ən gözəl günlərim idi. Cövdət Hacıyev mənə dərs deyirdi. Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova, Gülağa Məmmədov, Vaqif Mustafazadənin ansamblı, Şövkət Ələkbərova, Elmira Rəhimova, Mirzə Babayevlə işləmək şansı əldə etdim. Elə bir ifaçı yox idi ki, onunla çalışmayım. Çox böyük və əziyyətli məktəb keçdim. Amma o əziyyətlər mənim bir bəstəkar kimi formalaşmağıma çox kömək oldu. Əziyyət görməsən, onun səfasını görməzsən. Elə bir kollektiv yox idi ki, orada mənim mahnım səslənməsin”.

"Ondan mənə "Necə unudum səni” qaldı”
500 mahnı müəllifi olan müsahibimiz deyir ki, bütün bəstələri onun həyatıdır: "Bütün mahnılarım mənim həyatımdır. "Necə unudum səni”ni bir qıza həsr etmişdim. Onu bəstələyəndə 20-22 yaşım var idi. Düzdür, bizim izdivacımız baş tutmadı, o da, mən də ailə qurduq. Amma ondan mənə yadigar "Necə unudum səni” qaldı. Bu musiqini məhz həmin xanımı düşünərək yazmışdım. Bütün yazdıqlarım mənim hisslərimdir. Mahnılarım mənim övladlarımdır. İçində zəifləri də, güclüləri də var. Ata həmişə öz zəif uşaqlarını güclülərdən daha çox sevir. "Necə unudum səni” mənim üçün adi mahnıdır, amma digərləri üçün şah əsərdir. Hansısa zəif mahnı heç kimin xoşuna gəlmir, amma mənim ondan xoşum gəlir. Valideyn həmişə zəif övladına daha çox qayğı göstərir. Mahnılarım da elədir. Heç fikirləşmədiyim mahnılar o qədər məşhurlaşırdı ki, özüm də təəccüblənirdim. "Necə unudum səni” məşhur olacağını düşünmədiyim mahnılarımdan idi”.

"Bəstəkarla ömür yaşamaq çətindir”
Məşhur bəstəkar bizimlə ailə həyatına dair fikirlərini də bölüşdü. Deyir ki, bəstəkara dözmək çətin məsələdir, amma həyat yoldaşı bu günə qədər ona düzüb: "Ailə qurduğum xanım bacımla rəfiqə idi. Tez-tez bizə gəlirdi. Atam onu o vaxtdan gəlini kimi gözaltı edibmiş. Hər dəfə evimizə gələndə stola yaxşı xurma qoyub deyirdi: "Qızım ye”. Sonra atam rəhmətə getdi. Anama demişdi ki, istərdim Oqtay o qızla ailə qursun. O gündən 47 ildir ki, həyat yoldaşım mənə dözur. Ailə müqəddəsdir, onu qorumaq lazımdır. Evləndinsə, arxasında durmalısan”.
Həmsöhbətimiz deyir ki, tutduğu bütün vəzifələrə zəhməti və əziyyəti hesabına çatıb: "Mənim gözəl müəllimlərim olub. İlk müəllimim Fikrət Əmirov, ikinci müəllimim Cövdət Hacıyev, üçüncüsü Tofiq Quliyev idi. Onların mahnıları mənim üçün yol göstəricisi idi. Onlar elə səviyyədə idilər ki, mən onların səviyyəsinə yaxınlaşmalı idim. Müəllimlərimin mənim üzərimdə çox böyük əməyi var. Mən o zəhməti heç vaxt unutmaram. İndi də kimlərə dərs deyirəmsə, müəllimlərimin mənə öyrətdiklərini öyrətməyə çalışıram. Çaykovski deyirdi ki, musiqidə 20 faiz istedad, 80 faiz zəhmət lazımdır. O zəhmətin nəticəsində sən adam ola da bilərsən, olmaya da… Məndə bəstələməyə uşaq yaşlarından meyil var idi. 5-6-cı sinifdə Fikrət Əmirovun "Sevil” operasından bütün ariyaları oxuyurdum. Bəstəkarların əsərləri mənim üçün məktəb idi. Çalışırdım ki, onlara oxşayan bir şey yazım. Əvvəlcə gördüm ki, onlara oxşayır. Sonra özüm də bilmədən ayrıldım və öz üslubum oldu”.

"Adam ola bildim”
Həmsöhbətimiz vurğuladı ki, zəhməti hesabına atasının arzusunu yerinə yetirib: "Yavaş-yavaş, əziyyət çəkə-çəkə, atamın sözünə qüvvət, deyəsən, adam oldum. Amma atam bunları görmədi. 24 yaşım olanda o, rəhmətə getdi. Sonra bacılarımı, sonra isə anamı itirdim. Qaldım tək... Amma inanıram ki, onların istədiyi səviyyəyə çatdım”.

"Robotlaşmayın...”
Müsahibimiz sonda gənclərə məsləhət verdi. Bəstəkar vurğuladı ki, texnologiya gəncləri robotlaşdırır: "Musiqi insanı saflaşdıran, insanı insan edən vasitələrdən biridir. İnsan incəsənətdən zövq almalıdır, gözəlliyi sevməlidir ki, sabah özü də nəsə yaradacaqsa, gözəlliyin qanunlarına uyğun yaratsın. Xalqın mədəniyyətinin yüksək olması üçün musiqinin, təsviri incəsənətin böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, bu gün gənclərimiz teatrlardan uzaqlaşıb. İnsanın inkişafında teatrların, simfonik konsertlərin böyük rolu var. Ancaq elm öyrənib həyatını, zamanını kompyuterə sərf etməklə sən ancaq robotlaşa bilərsən. Hər şeyi əldə etmək olar, amma ötən günləri qaytarmaq mümkün deyil. Ona görə də vaxtınızdan səmərəli istifadə edin, onu itirməyin. Vaxt qızıldan da, brilyantdan da qiymətlidir. Vaxtınızın dəyərini bilin ki, sonra gec olmasın…”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər