AZE | RUS | ENG |


Gərgin, əyləncəli və rəngarəng - Gənclər təşkilatında bir gün

Gərgin, əyləncəli və rəngarəng - Gənclər təşkilatında bir gün
“ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyində öz inkişafı üçün çalışan gənclərlə reportaj

Yeni il abı-havası içəri daxil olan kimi hiss olunur. Yolka, zərləri, rəngli işıqları öz yerində. Bayrama bir neçə gün qaldığı üçün hələ ki iş başındadırlar. Amma gündəlik işdən əlavə həm də tədbirləri var, ona görə işlərinin çoxluğu artıq içəri daxil olarkən hiss edilir. Lakin "işimizi də görərik, qonaq da qarşılayarıq, söhbət də edərik” – deyib, bizi içəri dəvət edirlər.

Rəhbərliklə gedəcəyimiz vaxtı dəqiqləşdirsək də, ilk təəssüratdan belə hiss etdim ki, işçilərin reportaj üçün gedəcəyimizdən, söhbətin, nədən və necə olacağından xəbərləri yox idi, amma bu, bizim işimizə mane olmadı. "Gənclər təşkilatında bir gün” rubrikası üçün bu dəfə "ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyindəyik, bir günlük iş rejimlərini izləyib, işlərilə bağlı ümumi fikirləri, təəssüratlarımızı yazacağıq.

Hamının üzünə gülən xanım

Hər kəs öz işində idi, deyib gülə-gülə işlərini görürdülər, ofisə gələnlərlə söhbət edirdilər. Söhbətə elə bizi girişdə qarşılayan qeydiyyat şöbəsinin əməkdaşı Şəhla Mehdiyeva ilə başlayaq. Birlik binanın 2-ci mərtəbəsində olduğu halda, o birinci mərtəbədə oturur, işçilərdən uzaq düşdüyünü də demək olar. Birinci mərtəbədə oturduğu üçün nəinki birliyə, ümumilikdə binada bütün ofislərə gələnləri qarşılayır, suallarına cavab verir. Bu, asan deyil, ona görə elə ilk olaraq onun təəssüratlarını almaq daha maraqlı olar. 2 ildir burda çalışan Şəhla bildirdi ki, əslində mərtəbə fərqi olsa da, bu, onu kollektivdən qətiyyən uzaq salmır.
 


Şəhla deyir ki, rəhbərləri dəqiq adamdır, ona görə işin mükəmməl olmasına fikir verir: "Bizdə məsuliyyət, mehribançılıq daha çoxdur. Rəhbərimiz riyaziyyatçı, məntiq adamı olduğu üçün dəqiqliyi çox sevir. Bəzən bizim fikir vermədiyimiz xırda bir detal onun nəzərindən qaçmır. Düzdür, bunu deməsə də, artıq hiss edirik ki, nəzərindədir”.

Saat 17.00-dan sonra artıq Şəhla yorulduğunu, buna görə də bəzən məcburən yalandan güldüyünü də etiraf etdi: "Məni yoran əslində öz birliyimizin işləri deyil. Binada aşağı mərtəbədə oturduğum üçün yuxarı mərtəbədə bütün ofislərə gələnlərin ilk sual ünvanlayacağı adam mən oluram. Bir yox, bir neçə ofisin işini görürəm (gülür). Hamıya xoş münasibət göstərməyə çalışıram. Hətta mən gəlməyəndə axtarırlar ki, aşağıdakı xanım yoxdur?”
 


Heç vaxt işə gecikməyən adam

İkinci mərtəbədə qapıdan daxil olanda isə otaqda ilk gördüyümüz adam birliyin baş koordinatoru Sahib Kərimov oldu. O bildirdi ki, birliyin yaranmasında iştirak edən şəxslərdəndir. "Öhdəsindən gələ bilməyəcəyimiz iş yoxdur” - deyən Sahibin həm də işə heç vaxt gecikmədiyini deyirlər. O bildirdi ki, gecikməyi sevmir: "Bəli, heç vaxt işə gecikmirəm, bir saat tez gəlirəm ki, gecikmirəm. Yadıma gəlmir ki, işə vaxtından gec gəlim”.

Bir az gərgin, bir az əyləncəli

Qeydiyyat bölməsinin əməkdaşı olan Aynur Hümbətova da elə təşkilat yaranandan burdadır. Deyir ki, gənclərlə çalışmağın müsbət tərəfləri çox olduğu kimi, çətinlikləri də var: "Mən həm də birliyin nəzdində fəaliyyət göstərən kursda ingilis dili müəllimi kimi çalışıram. Burada pozitiv ab-hava var. Çünki gənclər olan yerdə rəngarənglik qaçılmazdır. Bir az gərgin, bir az əyləncəli. Çalışırıq ki, həm işimizin öhdəsindən gələk, həm də üzümüzdən gülüş əskik olmasın. Bilirsiniz, gənclər çox səbirsiz olurlar, bəzən tənqidi qəbul etmək istəmirlər. Amma təcrübə artdıqca, gənclərlə işləməkdə problem olmur”.
 


"Mənə istirahət etmək düşmür”

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi Pərviz Əmənov birliyin könüllülərindəndir. Dərsi bitdikdən sonra universitetdə rektorluqda çalışan Pərviz axşamlar və həftə sonları da birliyə gəlir. Deyir ki, burda hansı işi görməyə ehtiyac olsa, geri çəkilmir. Sənəd işlərindən tutmuş, dil biliyi tələb olunan işlərə qədər hər sahədə bacarığı var. Türklər demiş, "on barmağında on mərifət” Pərviz deyir ki, bu cür rejim onun üçün çətin deyil: "Mənə istirahət etmək düşmür, ona görə mümkün qədər iş olan yerlərdə oluram (gülür)”.
 


"Burda ailə mühiti var”

Birliyin aktiv üzvlərindən olan Pərviz Bilişzadəofisdə günlərinin maraqlı keçdiyini deyir: "Mən həm də kursda PR meneceri kimi çalışıram. Özüm də gənc olduğum üçün yaşıdlarımla işləmək yaxşıdır. Bəzi problemlər ola bilər, amma öz inkişafı üçün çalışan gənclərlə işləmək gözəldir. Bəzi yerlədə də könüllü olmuşam, amma burdakı mühiti görmədiyim üçün davam etməmişəm. Burda ailə mühiti var. Biz burda bir ailə olaraq vətənimizin inkişafı üçün çalışırıq”.
 


İşçilərlə söhbət etsək də, hiss olunurdu ki, artıq tədbirin başlama vaxtıdır. Çünki tədbirdə iştirak edəcək gənclər artıq gəlmişdilər. Biz də söhbəti dayandırıb tədbirə qatılırıq. Tədbir birliyin Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Prezident turniri” layihəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı idi. Qaliblər mükafatlandırıldı, gənclərlə tədbir çərçivəsində söhbət edildi və xatirə şəkli çəkildi.
 


"Ehtiyac olanda onlar da burda olurlar”

Sonda isəbirliyin rəhbəri Səbuhi Abdullayevlə həmsöhbət olduq. O bildirdi ki, birlik 2011-ci ildən fəaliyyətə başlayıb, tədbirlər keçirib. Lakin 2015-ci ildən rəsmi olaraq dövlət qeydiyyatına alınıb: "Əvvəllər də tədbirlər, müsabiqələr keçirirdik, 2015-ci ildən sonra müsabiqələrimizin arenasını böyütmək, bütün universitetlərin tələbələrinin iştirak etməsi üçün çalışdıq. Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin layihələrinə qoşulduq. Nəhayət, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibiyik. Bu gün onun yekunu olaraq təltifetmə mərasimini keçirdik. Tədbirdə respublikanın 10-dan çox universitetinin 2000-dən artıq tələbəsi iştirak etdi. İşlərimiz, tədbirlərimiz davam edir. Birlik olaraq gənclərin elmi istiqamətdə mümkün olan qədər köməyimizi etməyə çalışırıq”.

Öyrəndik ki, birliyin 20-yə yaxın üzvü, 150-yə yaxın könüllüsü var. Könüllülərdən Pərviz Əmənovdan başqa heç kim ofisdə yox idi. S.Abdullayev dedi ki, adından da göründüyü kimi onlar könüllüdürlər, ofisə gəlmə vaxtları da istəklərinə bağlıdır: "İşləyəni, başqa yerdə könüllü olanı var. Amma ehtiyac olanda onlar da burda olurlar, hər gün gəlmələrinə ehtiyac olmur”.
 


"Nə qədər xoş münasibət olsa da, iş-işdir”

Birliyin əməkdaşları ilə həmsöhbət olarkən bildirdilər ki, S.Abdullayev hər bir işə pozitiv tərəfdən yanaşan rəhbərdir. Ona görə onunla işləmək problem olmur. S.Abdullayev deyir ki, gənclərlə işləyən adamın pozitiv olmaması mümkün deyil: "Gənclər daim enerjilidirlər. Biz gənclərlə həm də ona görə işləyirik ki, özümüzü daim gənc hiss edək. Düzdür, bizim də yaşımız elə çox deyil. 18-30 yaşlı insanların həyata baxışı bir başqadır. Daxillərində bir enerji var, onu yaxşı tərəfə yönəltmək üçün üstlərində yaxşı işləmək lazımdır. Biz daim gənclərlə işləyirik, onlar bizə işləmək üçün stimul verir və bu enerjini alan rəhbər pozitiv olmaya bilməz”.

Həm də işçilərdən öyrəndik ki, S.Abdullayevin sevmədiyi əsas məqam işə gecikməklə bağlıdır. Birlik rəhbəri deyir ki, işə gecikmə mütəmadi olanda işin irəli getməsindən danışmaq olmaz: "Burda ofisdə nə qədər xoş münasibət olsa da, iş-işdir. Onu vaxtında və gözəl şəkildə görmək üçün çalışmaq lazımdır. İşlərimizi qaydasında gördükdən sonra dost-yoldaşlığımızı qapıdan çıxandan sonra gözəl şəkildə davam etdirə bilərik. Ofisdən çıxandan sonra yoldaşların hamısını özümdən böyük hesab edirəm. Amma işə gələndə mütləq rəhbər olmalıdır. Burda rəhbər başqa bir şəxs olsaydı, mən də ona tabe olacaqdım”.

Artıq axşam saatları olduğu üçün söhbəti bitirib ordan uzaqlaşmaq istədiyimizi bildiririk. S.Abdullayev bizi çaya dəvət etdi. Bu zaman yadıma düşdü ki, bu qədər vaxt ərzində ofisdə bizə "gəlin bir çay için" deyən olmayıb. Artıq gec olduğu üçün sağollaşıb, ordan uzaqlaşırıq. Amma onlar işlərinə davam edirlər. Eybi yox, çay da gələn dəfəyə qalsın.

Aygün Asimqızı
 




 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6733
GBP 1 İngilis funt sterlinqi 2.3777
TRY 1 Türk lirəsi 0.4493
KWD 1 Küveyt dinarı 5.6577
SEK 1 İsveç kronu 0.2118
EUR 1 Avro 2.0842
CHF 1 İsveçrə frankı 1.7673
USD 1 ABŞ dolları 1.7001