• cümə, 29 Mart, 11:46
  • Baku Bakı 5°C

Gərəkli bitkin əsər

20.10.17 10:00 3096
Gərəkli bitkin əsər
"Kitab insanın ruhunun qidasıdır”
Jül Simon
"Hər bir xalqın tarixi həm də milli-mənəvi ənənələrinin tarixidir, nəsillər arasındakı varisliyin tarixidir. Bu baxımdan, xalqın tarixini incəliklə ortaya qoymaq üçün ayrı-ayrı nəsillərin keçmişini öyrənmək ən mühüm amillərdən biridir”.
Bu amillərin təbliği mətbuatımızın tarixinə dair yeni araşdırmaların, tədqiqatların meydana çıxmasına zəmin yaratdı. Belə əsərlərdən biri də "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevin yenicə işıq üzü görən "Mətbuatda multikulturalizm (Azərbaycan və dünya təcrübəsi)” adlı monoqrafiyasıdır. Əsər haqqında fikirlərimi oxucularımla bölüşməzdən əvvəl öz adımdan və Jurnalistika fakültəsinin çoxsaylı tələbələri adından müəllifə dərin minnətdarlığımı bildirmək istərdim. Çünki bu sahədə demək olar ki, elmi əsərlər azlıq təşkil edir və dərs prosesində tələbələr məşğələlərə hazırlaşarkən çətinlik çəkirdilər. Xüsusən də 2016-cı ildən. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili” elan etməsi bu sahənin vacibliyinə bir daha diqqəti cəlb etdi və bu mövzuda yazan elm adamları, qələm sahibləri üçün münbit şərait yaratdı.
Əslində bu sahə Niyaz müəllim üçün yeni deyil. 1997-ci ildən mətbuatda çalışan Niyaz müəllimin elmi-publisistik məqalələrinin əksəriyyəti Azərbaycanda milli, dini dəyərlərin qorunub saxlanmasına, yaşadılmasına həsr edilib. 2000-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aspirantura şöbəsində təhsil alan və eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində kiçik elmi işçi vəzifəsində çalışan N.Niftiyev, həm də bir tarixçi kimi faktlara, hadisələrə daha diqqətlə, məsulliyyətlə yanaşaraq, araşdırmalar aparmağa başlayıb. 2004-cü ildə "dünyada bu sahədə ixtisaslaşmış və tanınmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. Və bu mövzuda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə 2015-ci ildə çap etdirdiyi "Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı əsəri də bu sahədəki boşluqları aradan qaldırmaq üçün çox böyük töhfə oldu. Müəllif on ildən çox apardığı araşdırmaların nəticəsi olaraq ərsəyə gətirdiyi bu əsərində bir daha sübut etdi ki,"birgəyaşayışın Azərbaycan modeli tolerantlığın milli mentalitetimizə xas keyfiyyətlərlə zəngindir”. Heç də təsadüfü deyil ki, əsəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, prof. Elman Nəsirov "nəinki elmi, həm də böyük siyasi aktuallıq kəsb edən əsər” kimi yüksək qiymətləndirərək "vaxtında yazılmış kitab” adlandırır.
Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. O, dəyərlərimiz ki, onların sayəsində Azərbaycan bu gün artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib.
Bir mətbuat tədqiqatçısı kimi diqqətimi daha çox müəllifin ikinci "Mətbuatda multikulturalizm (Azərbaycan və dünya təcrübəsi)” (2017) kitabı çəkdi. Əsər də Azərbaycan mətbuatı tarixində multikultural nəşrlər araşdırılıb. Müəllif monoqrafiyasında milli azlıqların mətbuat tarixini araşdırmaqla yanaşı, bu sahədə mövcud olan beynəlxalq konvensiyalardan nümunələr göstərib, dünya təcrübəsindən bəzi seçmələr verib.
Vasif Hüseynovun redaktorluğu ilə ərsəyə gələn kitabın "Ön söz”ündə Əməkdar jurnalist Fazil Abbasov (Güney) yazır ki, "müəllif, eyni zamanda, məsələlərə fərqli baxış bucağından yanaşaraq, bu günədək bizə çox az məlum olan Azərbaycanda yaşayan xalqların nəşrləri, internet resursları və digər KİV vasitələri haqqında geniş və əhatəli məlumatlar verir. Biz ləzgilərin, talışların, kürdlərin, rusların, yəhudilərin, avarların, gürcülərin və digər başqa xalq və toplumların neçə-neçə mətbu nəşrləri barədə informasiya əldə edirik. Açıq etiraf edim ki, həm keçmişi, həm də bu günün özündə ehtiva edən bu səpkili araşdırma ilə ilk dəfədir qarşılaşıram”.
Etiraf edim ki, Fazil müəllimin bu fikirlərinə mən də şərikəm. Bir mətbuat tədqiqatçısı kimi bu əsərdə bir çox qaranlıq mətləbləri özüm üçün aydınlaşdırdım. Lakin bu heç də o demək deyil ki, Azərbaycan mətbuatı tarixində multikulturalizm –milli azlıqların nəşrləri tədqiqata cəlb edilməyib. Əsla! Bu nəşrlər bəzi kiçik istisnalarla daha çox XIX-XX əsr mətbuatımızın tərkib hissəsi kimi tədqiqata cəlb edilib və Nazim Axundov, Sona Vəliyeva, Solmaz Rüstəmova (Tohidi), Nəsiman Yaqublu, Şirməmməd Hüseynov, Abuzər Xələfov, İlham Mazanlı, Kövsər Tarverdiyeva, Zivər Mustafayeva və başqa alimlərimiz bu haqda maraqlı, dəyərli fikir və mülahizələrini bildiriblər. N.Niftiyev də həmin əsərlərdən, qiymətli mənbələrdən bəhrələnərək sanballı bir əsər ortalığa qoyub. Odur ki, bu əsər sadəcə, jurnalist araşdırması deyil, elmi aspektli, əcnəbi dillərə tərcüməyə layiqli və gərəkli bitkin əsərdir”.
Zəngin arxiv sənədləri və mənbələrlə əhatə edilən əsərin əsas qayəsi "multikultural media tarixini coğrafi mövqedən hərtərəfli araşdırmaq, hər bir mətbu nəşrin özəllikləri ilə oxucularını bilgiləndirməkdir”. Bu haqda ətraflı məlumat verən müəllif həm də çağdaş Azərbaycan mətbuatında multikultural ənənələri diqqətlə öyrənib və bu sahəni tənzimləyən beynəlxalq sənədlərdən nümunələr verib, dünya təcrübəsindən bəzi seçmələr təqdim edib. "Azərbaycan mətbuatı tarixində mültikulturalizm”, "Çağdaş Azərbaycan mətbuatında multikulturalizm” başlığı ilə verilən bölmələr də Tiflis ədəbi mühitindən çağdaş dövrümüzədək olan milli azlıqların, etnik qrupların mətbuat orqanları haqqında yetərincə geniş və maraqlı informasiya verilib.
Müəllif əsərinin sonunda çox maraqlı bir təklif də irəli sürür ki, "ölkənin multikultural siyasəti ilə məşğul olan qurumlar davamlı olaraq KİV-in monitorinqini aparmalı, aylar və illər üzrə ölkədəki multikultural mühitdə medianın marağını müəyyənləşdirməlidirlər”.
N.Niftiyevin əsərində diqqətimi cəlb edən bir faktda o oldu ki, müəllif əsərinin "Nəticə” hissəsini beş rus, ingilis, türk, alman, fransız dillərinə tərcümə edərək verib.
Bu danılmaz bir faktdır ki, elmi əsər oxucunu tez yorur. Amma Niyaz Niftiyevin hər iki əsəri istər "Mətbuatda multikulturalizim”, istər "Azərbaycanda birgəyaşayış və multikulturalizm”lə tanış olarkən bu yorğunluğu hiss etmədim. Bəlkə də ona görə ki, hər iki əsərdə böyük sevgi ilə dilimizin, dinimizin, tariximizin, adət-ənənəmizin qorunması, yaşanması təbliğ edilir.
Dahilərdən biri deyib ki, "yaxşı işin mükafatı onun nəticəsidir”. Niyaz müəllimin də ən böyük mükafatı multikulturalizim sahəsinə həsr etdiyi bu dəyərli və qiymətli əsərləridir.
...Amerika dilşünası Çarlz Marden yazırdı: "Səni riqqətə gətirməyən və biliyinə heç nə əlavə etməyən kitabı oxuma”. N.Niftəliyevin kitabları bilgimizə milli adət-ənənələrimizlə bağlı bilmədiyimiz çox bilgiləri verdi. O, bilgilər ki, bizi milli dəyərlərimizlə bağlı çox şeylərlə hali etdi. Odur ki, qələmin iti, mükafatların bol olsun, yazar yoldaşım!
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər