• cümə, 29 Mart, 06:00
  • Baku Bakı 5°C

Gerçəkliyin nağılı Fotolar

12.07.13 09:05 2726
Gerçəkliyin nağılı Fotolar
Oksforda səyahət edəndə “orada universitetdən başqa nə var ki?” deyənlər çox oldu. Amma Böyük Britaniyanın yaşı yüz illərlə ölçülən bu balaca və qədim şəhəri təkcə kollecləri, universitetləri ilə deyil, həm də adını çoxdan tarixə yazmış tikililəri ilə də məşhur imiş.
Avtobusdan düşüb şəhərin tər-təmiz, hətta balaca siqaret kötüyü ilə belə zibillənməyən küçələri ilə mərkəzə doğru addımladıqca adamı ilk qarşılayan Karfaks qülləsi və Müqəddəs Mariya kilsəsi olur. Bu qədim abidələr şəhərə əsrarəngiz mənzərə verir. Adı həddindən artıq gurultulu səslənən, təhsil ocaqlarında hər bir gəncin oxumaq arzusu olan Oksford o qədər kiçikdir ki, şəhərin bu başından o başına nə zaman çatdığını bilmirsən. Şəhərin küçələrində “City tour” avtobuslara rast gəlinsə də əslində Oksfordla yaxından təmas üçün nəqliyyata ehtiyac yoxdur. Bir də Oksfordun qədim, yamyaşıl ağac və rəngbərəng güllərlə əhatələnən dar küçələrində dolaşmağın ləzzətini yalnız piyada gəzinti ilə almaq mümkündür.
Bu balaca şəhərə gələn turistlər daha çox Oksford Universitetini və muzeyləri görməyə tələsirlər. Oksford Tarix Muzeyi, Musiqi Alətləri Kolleksiyası Muzeyi, Oksford Universitet Muzeyinə hər gün yüzlərlə ziyarətçi üz tutur. Muzeylərin hər birində “Giriş pulludurmu?” deyə soruşanda “Burda bütün muzeylər pulsuzdur” cavabını eşidirsən. Tarix Muzeyində isə divarlarda İngiltərənin, Oksfordun tarixini öyrənməyə demək olar ki, çağırışlar yer alıb. Broşürlər, qəzet və jurnal materialları, videomateriallar, eksponatlar ölkənin tarixi ilə bağlı müfəssəl məlumat verir.
Aşmolean Muzey Kitabxanası isə 1683-cü ildə İngiltərədə açılan ilk muzey kimi məşhurdur. Burda Leonardo da Vincinin, Rafaelin, Rembrandtın əsərlərini seyr etmək olur.
“Oksfordda haranı gəzmək olar?” deyə maraqlananda “Burda məşhur pablar var” dedilər. Hətta şəhərdə “Oksforda gələsən paba getməyəsən?” fikirləri dəbdədir. Onların arasında tarixi 1650-ci ilə məxsus “The Eagle and Child” pabıdır ki, burada “İnklinqi” ədəbi dərnəyinin görüşləri keçirilir. Bu dərnəyin P.P.Tolkin və K.S.Lyuis kimi məşhur üzvləri olub. Bundan əlavə, Lamb and Flag, Turf Tavern pablarıdır ki, Bill Klinton vaxtilə asudə vaxtlarını burada keçirib.
Burda hər yer universitetdir
Yerli sakinlərdən “Oksford Univesiteti harada yerləşir?” deyə soruşanda onlar gülərək “burda hər yerdə Oksford Universitetidir” deyə cavab verirlər. Universitet onların qürur mənbəyidir. Doğurdan da şəhərin hər küçəsində universitetin ayrı-ayrı korpuslarına, fakültələrin binalarına rast gəlmək mümkündür. Hamısı da antik, arxitektor binalardır. Şəhərin 160 min əhalisinin 30 mindən çoxunu tələbələr təşkil edir. Burada təkcə tələbələri deyil, həm də turistləri nəzərə alaraq hər addımbaşı kafe və restoranlar fəaliyyət göstərir. Dünyanın əksər ölkələrinin mətbəxinə burada rast gəlmək mümkündür.
Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. 1117-ci ildə yaradılan və Birləşmiş Krallığın ən məşhur və ilk ali təhsil ocaqlarından olan universitetin elmi binası Oksfordşir qraflığında yerləşir. Universitetin muzeyində bu təhsil ocağı haqqında ətraflı məlumat əldə etmək mümkündür. Heç şübhəsiz, burda universitetin ilk kollecinin 1249-cu ilə məxsus olmasından qürur duyurlar. İki digər tarixi kollec – Ballio kolleci 1260-cı, Merton kolleci isə 1264-cü ildə yaradılıb.
II Henrixin tələbələrə Paris Universitetində təhsil almağı qadağa qoymasından sonra burada təhsil intensiv inkişaf edib və Oksford əsl universitet şəhərciyinə çevrilib. Elə o vaxtdan da universitetin “Allah mənim işığımdır!” adlı devizi var.
1978-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açıb. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başlayıb. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci, yalnız biri istisna olmaqla öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişib. Hazırkı dövrdə burada yalnız qadınların təhsil alması üçün ixtisaslaşan yeganə kollec Müqəddəs Hilda kollecidir.
Oksford təkcə universitet deyil, həm də böyük elmi-tədqiqat mərkəzidir. Oksfordun 100-dən çox kitabxanası, muzey və nəşriyyatı var. Universitetdə nizam-intizamla bağlı qaydalar çox ciddidir. Oksford tələbələri iki müxtəlif, lakin məcburi nizam-intizam kodeksinə əməl etməlidirlər: onlardan biri ayrıca kolleci, digəri isə müxtəlif kollecləri özündə birləşdirən ümumi universitet nizamnaməsi qanunudur. Bir sıra təhsil ocaqlarından fərqli olaraq Oksfordda həmçinin akademik geyim ənənələri saxlanmaqdadır.
Burada yerli və şəhərkənarı kampuslar mövcuddur. Ayrı-ayrı ölkələrdən gələn tələbələr həmin şəhərciklərdə yerləşirlər.
Oksford Universiteti dünyaya bir çox məşhur elm, ədəbiyyat və incəsənət xadimi, o cümlədən 50 Nobel laureatı bəxş edib. Bu nüfuzlu təhsil ocağında Kristofer Ren, Con Tolkien, Lyuis Kerrol dərs deyib, Rocer Bekon və Marqaret Tetçer təhsil alıb. İngiltərənin 25 baş naziri Oksfordu bitirib. Universitetin ən görkəmli məzun və akademikləri sırasında Böyük Britaniyanın 7 sabiq baş nazirinin - Uilyam Qladston, Herbert Askvit, Klement Atli, Harold Makmillan, Harold Vilson, Marqaret Tetçer və Toni Bleyerin adlarını sadalamaq olar. Dünyanın 188 ölkəsində Oksford Universitetinin 46000 məzunu çalışır. Hazırda Oksford nəinki Britaniyanın, hətta dünyanın ən qabaqcıl universitetləri sırasında yer alıb. Oksford Universiteti unikal “Tütor” təhsil sisteminə üstünlük verir. Təhsil ocağı hər tələbəyə seçdiyi ixtisas üzrə mütəxəssis-qəyyum təyin edir. Tələbələrin əsas hazırlıq istiqamətləri humanitar, riyaziyyat, fizika, sosial elmlər, tibb, həyat və ətraf mühit elmləri üzrə ixtisaslaşıb.
Oksford küçələrinə əzəmətli görkəm verən kolleclər də çox qədim binalarda yerləşir. Krayct-Çerç 1546-cı ildə 8-ci Henrinin göstərişi ilə tikilib. Təməli qoyulandan sonra kollecin “Köhnə Tom” adlı zəngi hər gecə 101 dəfə çalır. Bu rəqəm kollecin əsasını qoyan rahiblərin sayını göstərir. Əvvəllər bu zəngi kollecin qapılarını bağlamaq və rahibləri əraziyə çağırmaq üçün istifadə olunub.
Maqdalina kolleci isə 1458-ci ildə yaradılıb. Möhtəşəm qotik üslubunda tikilən qüllədə hər il Mayın 1-də, səhər saat 6-da xor kollektivi yığılır. Universitet kollecindən vaxtilə şair Şelli ateist fikirlərinə görə qovulub. Bu cür hadisələr kollecin adını xeyli məşhurlaşdırıb.
Temza çayının sahili
Şəhərdə ingilislərin tarixiliyi ilə fəxr etdikləri bir tikili də var – Oksford qalası. Orta əsrlərə məxsus normandların qalası bir qədər dağılmış formadadır. Qala normand cəngavəri Robert Doyli tərəfindən tikilib və şəhərin qərb hissəsində, Temzanın sahilində yerləşir.
Son onilliklərdə qala öz hərbi əhəmiyyətini itirib və tədricən dağılıb. Vətəndaş müharibəsi illərində qala monarxistlər tərəfindən zəbt olunub. Daha sonra isə həbsxana kimi istifadə olunub. Formal olaraq hazırda qala Krayst-Çörç kollecinə məxsusdur. 1770-ci ildə məşhur humanist və filantrop Con Hovard bir neçə dəfə bu qalaya gəlib və onun ziyarətlərinin nəticəsində Oksford həbsxanası bərpa olunub. Bu həbsxanada çox görkəmli siyasi xadimlər, o cümlədən İngiltərənin baş nazirlərindən biri cəza çəkib. Həbsxana 1996-cı ildə bağlanıb. İndi onun ərazisində muzey, ticarət və işgüzar kompleks fəaliyyət göstərir. Həbsxanalarda dustaqların saxlanıldığı otaqların bir qismi mehmanxana otaqlarına çevrilib. Qalanın həyətində bilet alıb köhnə həbsxana otaqlarını görmək istəyən çoxlu turistlər növbə gözləyir.
Maraqla gəzilən yerlərdən biri də “Örtülü bazar” («Covered Market») deyilən ərazidir. Bu bazar şəhərin mərkəzində açıq səma altında yerləşir. Sanitariya nöqteyi-nəzərindən ən təhlükəli yer sayıldığından şəhər rəhbərliyi onun qapalı binaya köçürülməsi qərarına gəlib. İndi burada ən təzə ərzaqlar tapmaq, kafelərində ləziz piroqlarla südlü çay içmək mümkündür.
Şəhəri gəzib yorğunluğunu almaq istəyənlər üçün ideal variant Temzanın sahilinə enməkdir. Şəhərin mərkəzindən çayın sahilinə 15 dəqiqəlik yoldur. Bura oksfordluların ən gözəl istirahət məkanı sayılır. Sahildəki balaca taxta qayıqlarla Temzanı gəzmək, sonra sahili əhatələyən yamyaşıl parkda dincəlmək əsl rahatlıq gətirir. Sahildə dayanıb Temzaya açılan mənzərəni seyr etmək sanki nağıllarda rast gəlinən gözəlliklə üz-üzə qalmaq kimidir. Oksford sanki bir nağıldır... Gerçəkliyin nağılı...
Təranə Məhərrəmova
Oksford-Bakı

banner

Oxşar Xəbərlər