• çərşənbə axşamı, 23 aprel, 10:53
  • Baku Bakı 20°C

Gerçəkliyə romantik baxış

27.11.19 12:00 933
Gerçəkliyə romantik baxış
Əməkdar rəssam Rafael Abasovun yaradıcılıq portreti
Çox vaxt rəng və cizgilərlə yaradılan əsərləri rəssamın daxili aləmindən baş alıb gələn işıq selinə bənzədirlər. Bu selin gücü onun hikməti və insanlara təsiretmə sehri ilə ölçülür. Bir həqiqətdir ki, çağdaş Azərbaycan rəngkarlığında davamlı olaraq fəaliyyət göstərən və özünəməxsus dəst-xətti ilə seçilən Rafael Abasovun yaradıcılığında belə məziyyətli əsərlər kifayət qədərdir. Lakin həyatdan və onun gözəlliklərindən heyrətlənməkdən usanmayan rəssam indi də yeni əsərlər ərsəyə gətirmək istəyində, yaradıcılıq axtarışındadır. Onun sənət yoluna nəzər salmaqla buna əmin olmaq mümkündür...
Məlumat üçün bildirək ki, doğma Bakıda əvvəlcə Ə.Əzimzadə adına rəssamlıq məktəbində (1960-1965) Əbdülxalıq Rzaquliyev və Böyükağa Mirzəzadədən, sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) Mikayıl Abdullayev və Tahir Salahovdan sənətin sirlərini öyrənən Rafael Abasov bir qərinədən çoxdur ki, yaradıcılıqla məşğuldur. Onun müxtəlif mövzulu əsərlərini artıq klassikləşən "sərt üslub”a – dünyanı sərt baxış tərzinə bir qədər də duyğulandırıcı lirik-romantik və ruh-ovqat qatması səciyyələndirir. Bunu həm onun məntiqli məna-məzmun yüklü və kompozisiya bütövlüyü ilə seçilən süjetli tablolarında, özündə zəngin psixoloji yaşantıları gerçəkləşdirən portretlərində, maddi-mədəniyyət nümunələrini qürurdoğurucu qaynağa çevirən natürmortlarında, tamaşaçını ovqat bolluğuna qərq edən gözoxşayan mənzərələrində müşahidə etmək mümkündür...
Rafael Abasovun müxtəlif tutumlu əsərlərinin tamaşaçı rəğbəti qazanmasının kökündə ilk növbədə onun bu janrların məlum "estetik xəritəsi”ni duyulası dərəcədə genişləndirmək bacarığı durur, desək, yanılmarıq. Bu mənada onun müxtəlif illərdə ərsəyə gətirdiyi "Düşüncələr” ("Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti”(1996), "Qayğılı anlar” (2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), "Akademik Məzahir Abbasovun portreti” (1988), "Kəndli oğlan” (1984), "Rusiya Federasiyasının Prezidenti Vladimir Putin” (2009), "Xalq artisti Fuad Poladovun portreti” (2006) və s. portret-kompozisiyaların adını çəkmək olar.
Bu portretlərdə, xüsusilə də uzun illər respublikaya rəhbərlik etmiş Heydər Əliyev cənablarına həsr olunmuş "Düşüncələr” əsərində ənənəvi rəsmi təqdimatdan imtina edən rəssam, onu ev şəraitində təqdim etməklə, geyimin və pozanın sadəliyi, obrazı əhatələyən azsaylı detallar və yığcam və nüfuzedici rəng həlli ilə obrazın səmimiliyini ifadə edə bilmişdir. Odur ki, bütün bu məziyyətlərin son nəticədə portretin aurasını genişləndirdiyinə və əsərin dolğun məna-məzmun tutumlu süjetli tablo kimi qəbul olunduğuna şahidlik etmək mümkündür.
Rəssamın ulu öndərlə bağlı digər əsərlərində də bu böyük şəxsiyyətə mənsub olan zəngin keyfiyyətlərin yaddaqalan bədii tutumda bədiiləşdirilməsinə rast gəlmək mümkündür. Onun Gədəbəy rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunan son portreti (2017) də belə dəyərli sənət nümunələrindəndir.
Eyni müsbət sözləri rəssamın obrazlarının dolğunluğuna və əhatəliyinə nail olduğu iki tanınmış dövlət xadimi - İlham Əliyev və Vladimir Putinin, eləcə də İkinci Dünya müharibəsindəki qəhrəmanlığını sonralar elm sahəsində davam etdirən akademik Məzahir Abbasovun və aktyor Fuad Poladovun portretləri haqqında söyləmək olar. Rəssamın kompozisiyaya, onun bədii tutumunun genişləndirilməsinə xidmət edən detallar daxil etməsi, heç şübhəsiz, həmin şəxsiyyətlərin obrazlarının dolğunluğunun əldə olunmasında yardımçı olmuşdur.
"Kəndli oğlan” əsərini bir çox bədii-estetik dəyərlərinə görə, ötən əsrin sonuncu qərinəsində Azərbaycan portret janrında yaradılan ən uğurlu nümunələrdən biri hesab etmək olar. Bir-birinə söykənmiş kənd evlərinin fonunda qayğısız baxışlarını tamaşaçıya zilləmiş qırmızı köynəkli oğlanın obrazı ilk növbədə cizgilərinin səmimiliyinə görə yadda qalır. Bu, çox gərəkli insani məziyyətə rəssam bütünlükdə bədii şərhin uğurlu məcmusu ilə nail olmaqla, buraya duruşun, baxışın, geyimin, məkanın və ovqat daşıyıcısı olan rəngin təsirini də əlavə etməklə, bütünlükdə, bəlkə də çoxlarına adi görünən əsərin süjetli tablo tutumu almasını şərtləndirmişdir. Bu əsərə görə R.Abasovun Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də, onun sənətkarlığına verilən yüksək qiymətin göstəricisidir...
Bütünlükdə demək olar ki, "sərt üslub”un estetikasından faydalanmaqda davam edən Rafael Abasov portret janrında yaratdığı sənət nümunələrinin timsalında realizmin özünüifadə imkanlarının nəhayətsizliyini sərgiləyə bilib. Bunu rəssamın həm tutumuna görə süjetli tablo kimi qəbul olunan, həm də bu janrın klassik nümunəsini xatırladan digər portretləri də təsdiqləyir.
Yuxarıda adlarını çəkdiyimiz portretlərdə xarakter müxtəlifliyi həm də həmin obrazların həyata münasibətlərini xarakterizə edən dəyərlərlə əlaqəli verildiyindən, onlar həm də tamaşaçı tərəfindən "suallar məcmusu”na bənzəyən bədii-psixoloji qaynaq kimi qəbul olunurlar. Ümumiyyətlə, rəssamın əsərlərində insan xarakterinə nüfuzetmə bacarığı kifayət qədər duyulandır. Bunu onun müxtəlif fiqurlu əsərlərində müşahidə etmək mümkündür. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi "Qazmaçılar” (1968), "Neftçi" (1978),”Avtoportret” (1981), "Nehrəm ağsaqqalları” (2006) və "Oğlum Rəşad” (2009) əsərləri bu qəbildəndir.
Rafael Abasovun "Nehrəm ağsaqqalları” (2006) tablosunu köhnə kişilərin psixoloji yaşantılar toplusunun ifadəsi hesab etmək olar. Kənd mənzərəsi fonunda üçü doqqazın yanındakı kürsülükdə, ikisi isə yerdə bardaş quraraq oturmuş ağsaqqalların həm tamaşaçıya zillənmiş, həm də ondan qaçırılan baxışlarında kifayət qədər hiss-duyğu yaşanır. Dünya görmüş bu qocaların nehrəmli günlərinin, təzadlı tarixi hadisələrin burulğanından keçdiyini onların diqqətlə işlənmiş fərqli geyimindən, müxtəlif biçimli papaqlarından, içi qarpızlı naxışlı xurcundan, etibarlı söykənəcək olan əsalarından duymaq mümkündür...
Dünya və Azərbaycan rəssamlığında geniş yayılan natürmorta Rafael Abasovun biganə qalmamağının kökündə "dəstədən geridə qalmamaq”dan daha çox, arıq beş əsrə yaxın beynəlxalq incəsənət leksikonunda özünə daimi yer alan bu janrın estetikasına özünəməxsus çalarlar əlavə etmək durur, desək, həqiqəti söyləmiş olarıq. Qədim mis və saxsı qablara, şamdanlara, güllərə, meyvələrə və parçalara xas olan təbii canlılığa nail olan rəssam, əslində onların qərar tutduğu məkanda insan nəfəsinin, hərarətinin mövcudluğuna tamaşaçını inandıra bilir. Onun "Lahıc qabları ilə natürmort” (2006), "Keramik qablar” (1999), "Mis qablar” (2000), "Natürmort” (2000) və s. əsərləri məhz rəssamın zamanlar arasında mənəvi əlaqənin yaradılmasına xidmət edən lövhələridirlər.
Azərbaycan bağlarının nemətlərinin, rayihəli çöllərinin gül-çiçəyinin rəssam tablolarında bədiiləşmiş görüntülərində də onun doğma torpağa sonsuz məhəbbəti duyulmaqdadır. "Armudlar” (1997), "Mis qab və armudlar” (2005), "Yaz gülləri” (2005), "Güllər” (2010), "Ag güllərlə natürmort” (2006), "Mis dolça ilə natürmort” (2004), və s. əsərlərində müəllifin yuxarıda vurğuladığımız məziyyətləri nümayiş etdirməsinə şahidlik etmək mümkündür...
Vaxt axarında onun məşhur "sərt üslub”dan qaynaqlanaraq lirik-romantik biçim alan özünəməxsus dəst-xətti özünü mənzərə janrında çəkdiyi əsərlərdə daha qabarıq göstərib. Rəssamın müşahidələrinə real-analitik yanaşması, təzadlı ovqat yarada biləcək bədii ümumiləşdirmələr aparması, ona, ruhları duyğulandıran mənzərələr yaratmağa imkan vermişdir. Belə tablolarda fərdi rəssam meyarı ilə təqdim olunan həyat həqiqətləri kifayət qədər lakonik dillə təqdim olunsa da, tamaşaçını duyğulandıracaq forma-biçimdədir.
Etiraf edək ki, rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri, duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün, fəsillərin dəyişkənliyi, dağların möhtəşəmliyi, bağların füsünkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, onların qarşısında istər-istəməz ovqat bolluğuna düşürsən. "Payız” (1996), "Meşə mənzərəsi” (2000), "Dəniz sahili” (2001), "Abşeronda” (2003), "Günorta” (2004), "İsmayıllı mənzərəsi” (1996) əsərləri zəngin bədii dəyərləri özündə yaşadan tablolardır.
Yaratdığı lövhələrin Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında, yerli və xarici ölkələrdəki şəxsi kolleksiyalarda yer alması, heç şübhəsiz, onun çoxdan ənənəvi sayılan mənzərə janrının bədii-estetik tutumuna yeni və özünəməxsus məziyyətlər bəxş etməsinin göstəricisidir.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor
banner

Oxşar Xəbərlər