• cümə, 29 Mart, 01:39
  • Baku Bakı 7°C

Geosiyasi baxımdan əhəmiyyətli görüş

25.04.14 09:10 1199
Geosiyasi baxımdan əhəmiyyətli görüş
Bu il may ayının əvvəllərində Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə təhlükəsizlik sammiti baş tutacaq. Bu barədə prezident Georgi Marqvelaşvili Gürcüstanın “Maestro” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, zirvə toplantısında məhz təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq. Hazırda regionda yaranmış yeni vəziyyəti nəzərə aldıqda, bu üç ölkə liderinin bir araya gəlməsi yerində atılan addım kimi qiymətləndirilir. Çünki bu dövlətlər hər zaman təbii müttəfiqlər kimi tanınıblar. Bəs bu görüşün əhəmiyyəti nə ola bilər? Bununla bağlı yerli politoloqların fikirlərini öyrəndik.
Politoloq Elxan Şahinoğlu qəzetimizə açıqlamasında bildirdi ki, bölgədə vəziyyətin kifayət qədər gərgin olduğu zamanda bu toplantının baş tutmasını müsbət addım kimi qiymətləndirir: “Rusiya Krımı işğal etməklə yetinməyib Ukraynanın şərqini də ələ keçirməyə çalışır və separatçılara fəal surətdə dəstək olur. Rusiyanın belə ekspansiya siyasəti qonşu ölkələri də narahat edir. Hətta deyərdim ki, bir növ, qorxuya salır. Göründüyü kimi, Rusiyanın müttəfiq ölkələri də ondan ehtiyat etməyə başlayıblar. Qazaxıstan və Belarus xüsusilə narahat görünür. Çünki Qazaxıstanın əhalisinin 40 faizi rusdillidir. Əgər orada hakimiyyətə fərqli düşüncəli prezident gəlsə, Rusiya Ukraynanın başına gətirdiyi eyni əməli onlara qarşı da həyata keçirə bilər. Belarus prezidentinin Rusiyanın ən yaxın müttəfiqi olduğu hamıya məlumdur. Amma o da Ukraynanın parçalanmasının və separatçılığın dəstəklənməsinin əleyhinə olduğunu açıq şəkildə dilə gətirib”.
E.Şahinoğlu təəssüflə vurğuladı ki, yeni proseslər Azərbaycan üçün də müəyyən qədər təhlükəli hesab oluna bilər. Çünki Rusiya qarşısında heç bir əngəl görmədiyi üçün dayanmadan irəliləyir: “Bu günlərdə Xəzərin statusu ilə bağlı görüş baş tutub. Lakin üstündən bir gün keçməmiş Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb. Bu təlimlər kimə qarşı keçirilir? Axı dediklərinə görə, Xəzər sahili dövlətlərlə münasibətləri kifayət qədər yaxşıdır. Ona görə də bu durumu ölkəmiz üçün müəyyən mənada, mesaj kimi qəbul edə bilərik. Digər tərəfdən, xarici ölkələrdə yaşayan adamlara pasport paylamağı planlaşdırırlar. Təbii ki, bu da təsadüfi deyil. Müəyyən məqsədlərinin olduğu aydın məsələdir. Ola bilsin, qonşu dövlətlərin, tutaq ki, Azərbaycanın xarici siyasəti xoşlarına gəlməsə, separatçılığı qızışdırmaqla ölkəmiz üçün də müəyyən bir problem yaratmaq istəsinlər. Belə olan halda, ölkəmiz ciddi surətdə təhlükəsizliyi haqqında düşünməli, strateji tərəfdaşları ilə müzakirələri genişləndirməlidir. O da məlumdur ki, Azərbaycanın bölgədə iki əsas strateji tərəfdaşı var. Bunun biri Gürcüstan, digəri isə Türkiyədir. Ona görə də bu üç dövlətin təmaslarının yoğunlaşması aktual məsələyə çevrilib. Xatırladım ki, bir müddət öncə, Türkiyə baş naziri və digər nazirlər Bakıya gəlmişdilər. Göründüyü kimi, dövlətlər arasında məsləhətləşmələr genişlənir. Baş verən hadisələr fonunda üçtərəfli formatın inkişafı zəruri hala çevrilir. Bu cür görüşləri geosiyasi baxımdan lazımi addım kimi qiymətləndirirəm”.
Politoloq Qabil Hüseynli hesab edir ki, bu, çox önəmli bir görüş olacaq. Çünki Türkiyə, Azərbaycan və Gürcüstan üçlüyünün yaradılması istiqamətində uzun zamandır ki, xeyli səy göstərilir: “Türkiyə-Azərbaycan strateji birliyi çoxdan bərqərar olub. İndi bu birliyin və təhlükəsizlik sisteminin bütün bəndlərinə Gürcüstanı qoşmaq lazımdır. Bu dövlət müəyyən dövrlərdə tərəddüdlər keçirirdi. Açıq deyək ki, Gürcüstan rəhbərliyi bəzi məsələlərdə Azərbaycan və Türkiyənin maraqlarını nəzərə almayan siyasət yürüdür. Buna da “müstəqil siyasət” adı verilir. Amma son dövrlərdə Rusiya tərəfindən artan təhlükə və Avropa Birliyi ilə Amerikanın təsirləri nəticəsində Gürcüstan bir növ, haqq yoluna qayıtmış kimi görünür. Və artıq Türkiyə-Azərbaycan işbirliyinə qoşulmaq qərara alınıb. Deyərdim ki, belə ittifaqın yaranması regionda inqilabi hadisəyə çevriləcək. Çünki ilk dəfə olaraq postsovet məkanında iki postsovet respublikası NATO üzvü olan ölkə ilə alyans quracaq. Həm də bu birlik hərbi, iqtisadi, siyasi sahələri əhatə edəcək. Bununla da bir növ Kremlə mesaj göndərilir. Kreml bu üçlüyə qarşı müəyyən addımlar atsa, onun hərəkətləri cavabsız qalmayacaq. Ən azından, Türkiyə və NATO tərəfindən sərt təpki görəcək. Türkiyənin bu işə qoşulması o deməkdir ki, Cənubi Qafqaz enerji koridoruna nəzarət NATO-nun əlinə keçir”.
Müsahibimiz nəzərə çatdırdı ki, həm Transxəzər qaz kəməri layihəsinə, həm də ümumiyyətlə, Cənubi Qafqazdan keçən və Rusiyanın qazına alternativ sayılan qaz kəmərlərinin çəkilməsinə şimal qonşularımız ciddi şəkildə maneçilik törədir. Onlar hətta Bakı-Ceyhan neft kəməri üçün müəyyən qədər təhlükə yarada biləcək hərəkətlər edirlər:“Düşünürəm ki, zirvə toplantısı situasiyanı köklü də olmasa, xeyli dəyişikliyə uğrada bilər. Çünki alyans hərbi-siyasi ittifaq şəklində formalaşır və bu ittifaqın çətiri NATO, Amerika və Avropa olacaq. Məncə, artıq həm Transxəzər qaz kəməri, həm də bütövlükdə Nabukko layihəsinin gerçəkləşməsi üçün ciddi təhlükəsizlik sistemi formalaşacaq. Güman edirəm ki, bundan sonra Gürcüstan, Azərbaycan və Türkmənistan daha ürəkli davranacaqlar. Həmçinin Rusiya bu məsələlərə müdaxilə etməkdə kifayət qədər ehtiyatlı olmağa məcbur olacaq. Ona görə də gözlənilən alyansın yaradılması üçün aparılan diplomatik səyləri alqışlayıram və onların uğurlu müqavilələrlə başa çatmasını diləyirəm”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər