“Geosiyasi anomaliya”
Belarusla Rusiya arasında münasibətlər dünya
mediasının diqqət mərkəzindədir. İki ölkə arasında münasibətləri xarakterizə
edən Almaniyanın "Deutsche Welle” qəzeti yazır ki, ötən ilin ikinci
yarısından etibarən Rusiya-Belarus münasibətləri yeni "iqtisadi” müharibə
həddindədir və bu gərginliyi ilin sonuna kimi həll etmək mümkün olmayıb. İlin
əvvəlində isə ən şok qərar bu oldu ki, belaruslar Rusiya neftinin Avropaya
tranzitinə görə tətbiq etdikləri qiymətləri qaldırıblar.
Rusiya tərəfi də əvəzində belaruslu tərəfdaşına verdiyi neftin
həcmini azaldıb. Antiinhisar Tənzimlənməsi və
Belarusun Ticarət Nazirliyi bəyan edib ki, Rusiya Belarus ərazisi vasitəsilə
neft tranziti tarifləri ilə bağlı 2017-ci ildə razılığa gəlməyib. Nəticədə,
"ittifaq dövləti”nin iki üzvü, Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqlər
2017-ci ilə iqtisadi cəbhədə düşmən dövlətlər kimi daxil olublar. Nəşr iki ölkə
arasında münasibətləri "geosiyasi anomaliya” adlandırıb. Bundan əlavə, Rusiya sağlamlığa zərəri olduğunu əsas gətirərək,
Belarusdan gələn süd məmulatlarına qadağanı daha da gücləndirib. Qeyd edək ki,
Belarusun əsas ixrac məhsulu süd və süd məmulatlarıdır və bunun üçün əsas bazar
Rusiyadır. Belarus rəsmiləri ölkənin Moskvaya tabe olmadığına görə Rusiyanın
Belarusu cəzalandırmaq üçün belə bir addım atdığını deyirlər. Rusiya rəsmiləri
isə bunun siyasətlə heç bir əlaqəsi olmadığını desələr də, iki ölkə arasında
gərginlik artmaqda davam edir.
Özü də məsələ ondadır ki, tərəflər arasında gərginlik tək iqtisadi
sahədə deyil. İqtisadi gərginlik nə qədər dərinləşirsə, siyasi sahədə də fikir
ayrılıqları güclənir. Gərginlik Rusiyanın Gürcüstanın
separatçı regionları Cənubi Osetiya və Abxaziya ilə başlayıb. Kreml Minskdən
onların müstəqilliyini tanımaq barədə təzyiq etsə də, Belarus belə bir addım
atmayıb. Bundan sonra isə Moskva Belarusa vəd etdiyi 500 milyon dollarlıq
krediti verməkdən imtina etdi. Rusiyanın Ukrayna ərazisini işğal etməsi
məsələsində də Minsk Moskvaya dəstək vermədi.
Rusiyanın əsas narazılığı bir də odur ki, Belarus tərəfi sərhəddə
vahid sərhəd-buraxılış sistemi yaratmayıb. Bu da Rusiyadan çıxmasına qadağa
qoyulan Rusiya vətəndaşlarının bu ölkəyə sərbəst getməsinə imkan verir. Rusiya hakimiyyət orqanlarının qənaətincə, Minsk Qərb
sərhədində etibarlı "dəhliz” rolunu oynaya bilmir. Və öz ərazisindən
sanksiyalara məruz qalan məhsulları və insanları buraxır.
Ən ümdə məsələlərdən biri də Lukaşenkonun Gömrük Məcəlləsinin işçi
variantına imza atmamasıdır. Belarus lideri heç bir əsas olmadan hələ də bu
sənədə imza atmayıb. Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri
Mironçuk ötən gün söyləyib ki, Belarus
prezidenti Avrasiya İqtisadi İttifaqının Gömrük Məcəlləsini imzalamayıb.
O, Lukaşenkonun bu sənədlə bağlı danışıqların aparılmasına izn verdiyini
bildirib: "Bəzi KİV-lər bu informasiyanı doğru çatdırmayıblar. Biz bu sənəddə
müəyyən korrektələrin olunmasını istəyirik”. Korrektə nədən ibarətdir – bax,
buna cavab tapılmır ki, tapılmır.
Ən qalmaqallı hadisə isə Rusiya nəşrləri ilə
əməkdaşlıq edən üç belaruslu barədə Minskin qaldırdığı cinayət işidir. Onlar
irqi, milli, sosial gərginlik yaratmaqda günahlandırılıblar.
Ən qalmaqallı xəbər isə Belarus hakimiyyət
orqanlarının qəbul etdikləri növbəti qərardır. Bu da sözsüz ki, Rusiyanın
qəzəbinə tuş gələcək. Məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko
Avropa İttifaqı və Birləşmiş Ştatlar da daxil 80 dövlətin vətəndaşlarına ölkədə
vizasız olaraq 5 gün qalmaq imkanı verən fərman imzalayıb. "Xarici vətəndaşlar
üçün Belarusa vizasız giriş və çıxış qaydası haqqında fərman” bir aydan sonra
qüvvəyə minəcək. Xəbər verilir ki, bu hüquqdan ölkəyə yalnız Minsk hava
limanından gələnlər istifadə edə biləcəklər. Yeni qaydalar xarici vətəndaşlara
Belarusda vizasız olaraq yalnız 5 gün qalmaq hüququ verir. Lukaşenkonun mətbuat
xidməti bildirib ki, vizasız rejim ölkəyə bizneslərin və turizmin cəlb
olunmasına xidmət edəcək.
Məlumatda deyilir ki, yeni qaydalar Minskdən
Rusiyaya uçmağı planlaşdıranlara şamil edilmir. Öz növbəsində beşgünlük vizasız
rejimdən Belarusa Rusiya şəhərlərindən gələnlər də istifadə edə bilməzlər.
Bundan əvvəl Belarusa 1 illik viza avropalılara 150 avroya başa gəlirdi.
2017-ci ildən vizanın qiyməti 60 avroya endirilib.
Belarus hökuməti 2016-cı ildən başlayaraq xaricilərə Polşa ilə Belarusu
birləşdirən Avqustov kanalına, Qrodno şəhəri və Qrodno vilayətinə baş çəkən
xaricilərə vizasız gəliş hüququ vermişdi.
Belarusa vizasız səfər rejimindən Avropanın 39
ölkəsi, habelə Braziliya, İndoneziya, ABŞ və Yaponiya vətəndaşları istifadə edə
biləcəklər. Vizasız gəliş-gediş qaydaları qonaqlardan üstlərində günə 20 avro
hesabından nağd pul olmasını tələb edir. Vyetnam, Haiti, Qambiya, Honduras,
Hindistan, Namibiya, Çin və Livan vətəndaşlarının Belarusa vizasız gəlməsi üçün
onlarda Avropa İttifaqının və ya Şengen vizasının olması tələb edilir. ABŞ və
Avropa İttifaqı ölkələri də son illərdə Belarus rəhbərliyinə olan
münasibətlərini radikal şəkildə dəyişiblər. Avropa İttifaqı 2016-cı ilin
fevralından Belarus üzərindəki bütün sanksiyaları ləğv edib. Əksinə, ABŞ
2016-cı ilin iyununda Lukaşenko barəsində sanksiyaları daha 10 il müddətinə
uzadıb. Buna baxmayaraq, Belarus lideri Vaşinqtonla yaxşı münasibətlərə can
atdığını bildirir. A.Lukaşenko deyib ki, "Birləşmiş Ştatlarla normal
münasibətlər olmadan tammənalı xarici siyasət ola bilməz”. Rusiyanın bununla
bağlı narazılığına gəldikdə, Belarusun xarici işlər nazirinin müavini İqor
Fisenko bildirib ki, qəbul edilən qərarla bağlı Minsk Avrasiya İqtisadi
İttifaqı üzrə tərəfdaşı olan Moskvaya hər hansı bir hesabat verməli deyil.
Ekspertlər Minskin atdığı addımları Qərblə yaxınlaşma və eyni zamanda Rusiyadan
uzaqlaşma ilə əlaqələndirirlər. Bir sıra rusiyalı analitiklərin tənqidlərinə
cavab olaraq Aleksandr Lukaşenko bunu ölkəsinin xarici siyasətinin
çoxvektorluğu, eləcə də, Belarus iqtisadiyyatının Aİ ilə əməkdaşlığının
vacibliyi ilə əlaqələndirir. O bildirir ki, Qərblə münasibətləri Rusiya ilə
inteqrasiyaya ziyan vurmur. Rusiya ekspertləri isə bildirirlər ki, Minskin
atdığı addımlar başadüşülən deyil. Onlar hesab edirlər ki, Lukaşenko seçimini
müəyyən etməlidir.
Azər