• cümə, 19 Aprel, 21:20
  • Baku Bakı 24°C

Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub - Fotolar

22.11.19 15:33 570
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub - Fotolar
Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə əməkdaşlığı ilə yaradılan Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub. Akademiyanın yaradılmasında məqsəd qadın liderlərin qərarqəbuletmə prosesində iştirakını dəstəkləmək, onların yerli idarəetmə, liderlik və seçkilərdə müşahidəni öyrənmək üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində hüquqi bazanın yaradıldığını və onun ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Respublikamızda qadınların və kişilərin eyni hüquqlara malik olduqlarını bildirən Komitəsinin sədr müavini bələdiyyələrin uğurlu fəaliyyət göstərmələri üçün qadınların yerli idarəetmədə təmsil olunmalarının vacibliyindən danışıb. Deyib ki, bələdiyyə orqanlarında təmsil olunan qadınların sayı getdikcə artmaqdadır. S. Qəhrəmanova əmin olduğunu bildirib ki, bələdiyyə seçkilərində uğur qazanan qadınlar ictimai fəallıqları ilə seçiləcək, gender bərabərliyinin inkişafına öz töhfələrini verəcəklər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti bildirib ki, Aİ Azərbaycan hökuməti ilə birgə bölgələrdə qadınların iqtisadi azadlığının təmin olunmasına şərait yaradan layihələr həyata keçirir. O, qadınların siyasi fəallığının cəmiyyət üçün çox önəmli olduğunu vurğulayıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən S.Qatti Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Avropa İttifaqının rəsmisi qarşıdan gələn bələdiyyə seçkilərində qadınların uğurla təmsil olunacağına inandığını bildirib.

BMTİP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist bildirib ki, qərarvermə prosesində qadınların iştirakının artması çox vacibdir.

Ç.Bist BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında uzunmüddətli əlaqələrin və səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, bundan sonra da Komitənin təşəbbüs və layihələrini dəstəkləyəcəklərini deyib.

Sonra çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa və Qənirə Paşayeva qadınların cəmiyyətdə rolundan danışıb, idarəetmə orqanlarında onların təmsil olunmasının vacibliyini qeyd ediblər.

Tədbir çıxış və müzakirələrlə başa çatıb.
Qeyd edək ki, Akademiya, "Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi "Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olaraq yaradılıb. Adıçəkilən layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi "Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş bir layihə çərçivəsində həyata keçirilir.


"Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi 12-aylıq layihənin əsas məqsədi - qadınların qərar qəbuletmə prosesində iştirakının təşviqinə dəstək olmaqdır. Layihə artıq bir sıra davamlı fəaliyyətlər həyata keçirib ki, bunlara qadın müşahidəçilərin yerli seçkilərdə müşahidə bacarıqlarının artırılması, effektiv seçki kampaniyasının keçirilməsi və yerli idarəetmədə qadınların geniş iştirakını ictimailəşdirmə təlimləri daxildir.

Bu layihə, 17 Dayanıqlı İnkişaf Məqsədinə, xüsusilə də 5-ci Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyinə töhfə verir və bu da öz növbəsində qadınların siyasi, iqtisadi və ictimai həyatın bütün səviyyələrində liderliyi və tam və effektiv iştirakını təmin edir.
Alpər TURAN

banner

Oxşar Xəbərlər