Gender bərabərliyinin formalaşmasında medianın maarifləndirici rolu - Fotolar
Gender
dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və
qadın münasibətlərinin sosial cəhəti başa düşülür. Gender bərabərliyi isə qadın
və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər
imkanlar, onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir. Bərabər
imkanlara gəlincə, burada insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər
üçün yaradılan bərabər şərait, təminatlar nəzərdə tutulur. Azərbaycanda gender
bərabərliyi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”
Qanunla tənzimlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən
təsdiqlənərək qüvvəyə minən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə
ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai
həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar
yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanunun 5-ci
Maddəsində "Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin
əsas istiqamətləri”, 6-cı Maddəsində isə "Gender bərabərliyinin təmin
edilməsində dövlətin vəzifələri” açıq şəkildə göstərilib. Qeyd olunub ki, cinsi
mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması,
kişilərlə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında
və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol
verilməməsi üçün dövlət müxtəlif tədbirlər görür. Qanunvericilikdən irəli gələn
tədbirlərin həyata keçirilməsi sayəsində hazırda ölkənin sosial-iqtisadi
həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi
sayındakı xüsusi çəkisi 48,2 faizə çatıb. Buradan göründüyü kimi, ölkənin
sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının sayı artmaqdadır.
Təbii ki, bu, yazının əvvəlində qeyd etdiyimiz Qanunun başlıca tələblərindən
biridir. Bəs bu tələbin reallaşmasında, gender balansın stimullaşdırılmasında
media hansı rolu oynayır? Dördüncü hakimiyyət adlandırılan media bu sahədə öz
üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilirmi?
Qadınların təhsil problemi ilə maraqlanmaq gərəkdir
Mövzu ilə
bağlı fikirlərini "Kaspi”yə bölüşən Əməkdar
jurnalist, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli bildirdi ki,
kişilərlə qadınların hüquq və ictimai fəallıq bərabərliyinin əldə edilməsi
cəmiyyətin dinamik inkişafının vacib şərtlərindəndir. Onun sözlərinə görə, buna
nail olmaq üçün bütün sosial institutların, o cümlədən medianın üzərinə mühüm
vəzifələr düşür. Professor vurğuladı ki, jurnalistlər ilk növbədə gender
balansının mahiyyətini açmağa, bu sahədə dünyada mövcud olan qabaqcıl təcrübəni
öyrənib yaymağa çalışmalıdırlar: "Ölkəmizdə son vaxtlar gender problemlərinə
diqqət artırılsa da, həm iqtisadiyyatda, həm də biznesdə qadınların iştirak
payı hələ istənilən səviyyədə deyil. Kütləvi informasiya vasitələri
mütəxəssislərlə birlikdə bunun səbəblərini araşdırmalı, çıxış yollarını
müəyyənləşdirərək lazımi instansiyalara və ictimaiyyətə çatdırmalıdırlar. İlk
olaraq qadınların təhsil problemi ilə maraqlanmaq gərəkdir. İqtisadiyyat və
bizneslə bağlı dərin bilik verən əsas təhsil müəssisələri ödənişli olduğundan,
bir çox ailələr maddi çətinliyə görə birinci növbədə oğlanların müvafiq təhsil
almasına üstünlük verirlər. "Qızlara bir qismət çörək verən tapılar”, -
psixologiyası bizdə hələ də güclüdür. Hətta ali təhsil almış qızlarımızın bir
çoxu müxtəlif səbəblərdən ictimai-faydalı əməklə məşğul ola bilmir. Media, ilk
növbədə teleradio kanallar və internet saytları, qəzetlər bu səbəbləri açıb
göstərməli, onların aradan qaldırılması üçün tövsiyələr irəli sürməlidirlər”.
Media əvvəlcə özünü təftiş etməlidir
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki,
gender bərabərliyi, mediada gender balansın stimullaşdırılması barədə hər hansı
iş görmək istəyən şəxs "Gender bərabərliyinin təminatları haqqında” Qanunla
tanış olmalı, onun müddəalarını ciddi mütaliə etməli, üzərinə düşən vəzifəni,
məsuliyyəti dərindən anlamalıdır. O qeyd etdi ki, sözügedən qanunun tətbiqi
araşdırılmalıdır: "Bu sahədə mövcud qanun öyrənilməli, qanunun tətbiqi
araşdırılmalıdır. Fikrimcə, media əvvəlcə özündən başlamalıdır. Yəni, özünütəftişdən.
Media mənsubları yazılarına, araşdırmalarına diqqət etməli, bu mövzuda son
dərəcə həssaslıq nümayiş etdirməlidir. Ümumiyyətlə, media bu mövzuda nə isə
yazırmı? Axı bu, təkcə qadın və kişilərin say balansını aparmaq deyil. Ona görə
də hesab edirəm ki, media bütün sahələr üzrə bu qanunun necə tətbiq olunduğunu
incələməli, ictimailəşdirməlidir”.
Bu istiqamətdə Azərbaycanda vəziyyət ürəkaçandır
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun
Amaşov mövzu barədə qəzetimizə açıqlama verərkən, cüdo üzrə Azərbaycanın ilk
qadın beynəlxalq hakiminin bu yaxınlarda mətbuata verdiyi müsahibəyə diqqət çəkdi.
Qeyd etdi ki, bu faktın özü mediamızın
qadınların ilk baxışdan beyinlərdə kişilərin plasdarmı kimi assosiasiya olunan
sahələrdə qazandıqları uğurların təbliğinə nə dərəcədə önəm verməsinin əyani
göstəricisidir: "Bu kimi faktlar az deyil. Mən qadın taksi sürücülərinin həyat
hekayəsi ilə bağlı da mediada maraqlı materiallar oxumuşam. Nəzərə alaq ki,
Azərbaycan müsəlman Şərqində qadının seçki hüququnu tanıyan ilk ölkədir. Yəni, indiki
mənzərə hardasa ənənəvilikdən də qaynaqlanır”.
Millət vəkili
Ə.Amaşov medianın prinsip etibarilə cəmiyyətin inkişafı və tərəqqisi baxımdan
vacib olan məsələlərlə bağlı stimullaşdırıcı faktor olduğunu vurğuladı: "Bilirik
ki, klassik anlamda gender balansı ictimai strukturlarda qadınların və
kişilərin bərabərliyi kimi başa düşülür. Əslində bu istiqamətdə Azərbaycanda
vəziyyət ürəkaçandır. Qadınlarımız ictimai təşkilatlarda, dövlət qurumlarında
təmsil olunurlar, rəhbər vəzifələr tuturlar. Hesab edirəm ki, media bu kimi
faktları daha çox təbliğ etməlidir. Az əvvəl qeyd etdiyim kimi, mediamız
mahiyyət etibarilə qadın uğuru formulunun təqdimatında maraqlıdır. Digər
tərəfdən, biz gender balansı məsələsinə kompleks yanaşmalıyıq. Çünki, bəzən bu
balansın pozulması digər problemləri də qabardır. Məsələn, elə sahələr var ki,
orada kişilər az təmsil olunurlar. Fikrimcə, mediamız məsələyə bu aspektdən də
yanaşmalıdır”.
Media vasitəsilə gender bərabərliyini təşviq etmək
Avropa Şurasının "Azərbaycanda Gender bərabərliyi
və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova "Kaspi”yə
bildirdi ki, gender bərabərliyinin reallığa çevrilməsində medianın rolu
əvəzedilməzdir. Layihə rəhbərinin sözlərinə görə, media gender bərabərliyinin
inkişafına həm təkan verə, həm də onu əngəlləyə bilər: "Medianın potensialı
böyükdür. O, cəmiyyətdə ideyaların, münasibət və davranışların formalaşmasında
aparıcı rol oynayır. Məhz bu səbəbdən Avropa Şurası gender bərabərliyi və media
sahəsində bir sıra standartlar və bələdçilər hazırlayıb. Onların içərisində
Avropa Şurası Nazirlər Komitəsinin gender bərabərliyi və mediaya dair
Tövsiyəsinin (CM/Rec(2013)1) implementasiyasına dair Bələdçini və Avropa İnsan
Hüquqları Konvensiyasına əsaslanan üzv dövlətlər və media iştirakçıları üçün
Media və Qadının imajına dair hesabatı xüsusi qeyd etmək istərdim. Bu gün
Avropa Şurasının Azərbaycanda həyata keçirdiyi "Gender bərabərliyi və media
azadlığı” layihəsi isə Avropa Şurasının bu sahədə həyata keçirdiyi ilk
layihədir. Layihənin əsas məqsədi Azərbaycanda mediada və media vasitəsi ilə
gender bərabərliyini təşviq etməkdir. Azərbaycanda bu mövzuda bir layihənin
keçirilməsinin özünü əhəmiyyətli təcrübə olaraq xarakterizə etmək
olar.Hesab edirik ki, layihə öz pozitiv bəhrəsini verəcək”.
P.Bayramova
mediada gender bərabərliyinin stimullaşdırılması istiqamətində xarici ölkələrin
təcrübəsindən də söhbət açdı: "2013-cü ildə Estoniyada Sosial Məsələlər
Nazirliyi "Stereotip” layihəsini həyata keçirmişdi ki, onun əsas məqsədi
gender stereotipləri ilə mübarizə aparmaq və onun iş və karyera seçimində
neqativ təsirini göstərməkdən ibarət idi. Həmin mövzuda çəkilmiş 7 video klip
mütəmadi olaraq televiziyada göstərilir və internetdə də yerləşdirilmişdi.
Eləcə də, yenə 2013-cü ildə İtaliyada Əmək və Sosial Siyasət Nazirliyi Anlaşma
memorandumu imzalamışdı ki, həmin sənəddə qadına qarşı zorakılığı təqdim edən
və ya ona təhrik edən imajlardan istifadə edilməməsi, gender stereotiplərini
əks etdirilməməsi və sair kimi müddəalar ifadə olunurdu”.
Bəzi
hallarda media stereotiplərin dərinləşməsində rol alır
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə
təəssüflə qeyd etdi ki, Azərbaycanda gender stereotiplərinin formalaşmasında
media çox da maarifləndirici rol oynaya bilmir. Onun sözlərinə görə, bəzi
hallarda media bu stereotiplərin dərinləşməsində rol alır: "Mediada qısa təhlil
aparsaq, görərik ki, "Qadın sürücü qəza törətdi” kimi başlıqlar altında
müxtəlif kriminal xəbərlər saytlarda yer alıb. "Kişi sürücü qəza törətdi”
başlıqlı xəbərə rast gəlmək mümkün deyil. Belə olan halda, qəza törədən
sürücünün törətdiyi hadisə deyil, qadın olduğu üzə çıxır, sürücünün qadın
olması qabardılır. Yaxud, "Qadın oğurluq başında yaxalandı”, "Övladına işgəncə
verən qadın tutuldu” kimi başlıqlarla xəbərlər verilir. Bu kimi hallarda media
hadisələrin təqdimatında ayrı-seçkiliyə yol verir, qadın amilini önə çıxarır.
Beləliklə də, cinslərarası gender bərabərliyini, bərabər yanaşma prinsipini
pozur. Əslində isə bu məsələdə media duyarlı, həssas olmalıdır. Medianın
birinci funksiyası xəbərləmək, yəni xəbər çatdırmaqdır. Amma bu zaman kimisə,
kimlərisə diskriminasiyaya məruz qoyaraq xəbər çatdırmaq olmaz. Əgər cəmiyyətdə
"qadın sürücülər kobud qanun pozuntusuna yol verir” stereotipi varsa, media,
"Qadın sürücü qəza törətdi” başlığı altında xəbər yayıb buna dəstək verməli
deyil. Belə olarsa, media bu stereotipləri ənənə halına gətirir. Cəmiyyətdə
belə bir rəy hakim olur ki, ən çox qəza törədən sürücülər qadınlardır. Hansı
ki, bu, belə deyil. İl ərzində sürücülərin törətdiyi qəzaların statistikasına
nəzər salsaq görərik ki, 100 qəza hadisəsinin 95-ni kişilər, 5-ni qadınlar törədib.
Amma nədənsə qadınların qəza törətməsi daha çox qabardılıb. Bu baxımdan bəzi
hallarda media gender məsələsinə bilməyərəkdən, qeyri-peşəkar yanaşır. Düzdür,
burada qəsd yoxdur. Lakin qəsd olmasa belə, məsələyə fundamental yanaşmaq
lazımdır. Hesab edirəm ki, media, xüsusən də jurnalistlər gender bərabərliyinin
işıqlandırılması, gender bərabərliyi ilə bağlı əlavə maarifləndirici təlimlərə
cəlb olunmalıdırlar. İctimai rəyi yaradan media, jurnalistlər bu sahədə
bilgilərini daha da dərinləşdirməlidirlər”.
Azərbaycan mediasında "bu qadındır, olmaz” deyə,
bir yanaşma yoxdur
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də bizimlə
söhbətində dedi ki, müasir Azərbaycan mətbuatı xəbər istehsalında və digər
məsələlərdə gender balansını qorumağa çalışır. Onun sözlərinə görə, ümumiyyətlə,
həyatımızın bütün sahələrində çalışan fərdlərə, fərqi yoxdur bu kişi də ola
bilər, qadın da, münasibət birmənalıdır: "Azərbaycanda bir çox sahələr var ki,
orada qadınların təmsil olunma səviyyəsi daha çoxdur. Təhsil, səhiyyə və son
vaxtlar medianı da bura əlavə edə bilərik. Son illər biz davamlı olaraq bu və
ya digər kateqoriyadan olan insanlara cinsinə görə deyil, iş qabiliyyətinə və
potensialına görə müraciət edirik. Xüsusən də fəaliyyətində daha çox
nailiyyətlər əldə edən tələbə xanımlar, sahibkar qadınlar, həkimlər,
müəllimlər, millət vəkilləri hər zaman medianın diqqət mərkəzindədir. Son
günlər qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbə qızların həm
internet, həm də yazılı mediada daha çox təbliğ olunmaları buna bariz
nümunədir. Əslində bu nümunə gender bərabərliyinin stimullaşdırılmasına deyil,
qızların təhsilə maraqlarının artırılmasına hesablanmışdı. Azərbaycan
mediasında "bu qadındır, olmaz” deyə, bir yanaşma yoxdur, yalnız müsahib var.
Düşünürəm ki, gender balansının stimullaşdırılması məqsədilə bu ənənə davam
etdirilməlidir”.
Proqram siyasətlərində gender bərabərliyinə diqqət
ayrılır
Milli Televiziya və Radio Şurasının (MTRŞ)
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, fəlsəfə doktoru Təvəkkül
Dadaşov da "Kaspi”yə bildirdi ki, gender bərabərliyi məsələsi ölkəmizdə ən
ali səviyyədə - Konstitusiya və qanunlarda öz təsdiqini tapıb. O qeyd etdi ki,
gender bərabərliyinin qorunmasında medianın da kifayət qədər rolu var: "Media
bu sahədə maarifləndirmə və informasiya funksiyaları vasitəsilə gender
bərabərliyi mədəniyyətinin təbliğində mühüm vəzifələrin öhdəsindən gəlmək
imkanına malikdir. Bu işdə xüsusilə populyar KİV-lər olaraq televiziya və radio
öz audiovizual üstünlüyündən istifadə edə bilər. Onlar verilişlərində,
hazırladıqları xəbər buraxılışlarında gender problemlərinə diqqət ayıra, bu
sahədə çətinlikləri qabarda bilərlər. Bu da ümumi işə öz töhfəsini vermiş olar.
Ədalət naminə qeyd etmək lazımdır ki, hazırda yerli televiziya və radiolarımız
proqram siyasətlərində gender bərabərliyi məsələlərinə diqqət ayırırlar. Onlar
öz fəaliyyətləri əsnasında gender bərabərliyini bir prinsip olaraq rəhbər
tutmaqla fəaliyyət göstərirlər. Biz bu gün yayımlanan verilişlərə, sosial,
hüquqi, tibbi və sair proqramlara diqqət yetirsək, burada həm kişi və
qadınların problemlərinə, onların mövqelərinə yer verildiyinin şahidi olarıq.
Yəni verilişlərdə kişi və qadınlara bərabər imkanlar yaradılır, cinsi
mənsubiyyətə görə ayrı-seçkilik hallarına yol verilmir. Adicə, verilişlərin
aparıcılarından tutmuş dəvət olunan qonaqlaradək, gender aspektlərinə riayət
edilməsi diqqəti cəlb edir. Yayımçıların efir simalarına, aparıcılara diqqət
yetirsək, onlar arasında da gender bərabərliyinin qorunduğunu deyə bilərik.
Yəni, aparıcılar arasında həm qadınlar, həm də kişilər çoxluq təşkil edir”.
Elmi işçilərin 56 faizini qadınlar təşkil edir
Ekspertlərin
fikrinə əlavə olaraq, ölkəmizdə gender bərabərliyi ilə bağlı bir statistikanı
xatırlatmaq da yerinə düşər. Dövlət Statistika Komitəsinin cari ilin əvvəlində
yaydığı məlumata görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin
79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil
müəssisələrində 51,9 faizi, həkimlərin 65,7 faizi qadınlardır. Ümumi təhsil
müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində
oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi
qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 56
faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə
doktoru elmi dərəcəsi alan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən 12-si
qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5
faiz, sahibkarlar arasında 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul
olanların 41,7 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı
da artıb. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7
faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi
16,1 faizə çatıb. İlk bələdiyyə seçkilərinə nisbətən, son bələdiyyə
seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə
çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub.
Halbuki, bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib. Sürücülük
vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz
olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb. Onu da əlavə edək ki, 10 milyona
yaxın Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faiziniqadınlar
təşkil edir.
Qlobal gender bərabərliyi üçün hələ 100 ildən çox
zaman lazım olacaq
Sonda onu da
əlavə edək ki, Dünya İqtisadi Forumunun (DİF) "Global Gender Gap Report 2015” ("Qlobal gender
bərabərsizliyi 2015") sərlövhəli hesabatına görə iş dünyasında,
təhsildə və siyasətdə gender bərabərliyinin tam təmin edilməsi üçün hələ 100
ildən çox zaman lazım olacaq. Dünya ölkələri bu məqsədə çatmaq imkanını yalnız
2133-ci ildə əldə edə bilərlər. 2015-ci il hesabatına görə, Gender Bərabərliyi
İndeksində əvvəlki illərdə olduğu kimi, birinci yerdə İslandiya dayanıb.
Sonrakı yerləri Norveç, Finlandiya, İsveç və İrlandiya tutub. Kiçik Şərqi
Afrika ölkəsi olan Ruanda illərdən bəri gender məsələləri ilə bağlı əldə etdiyi
nümunəvi irəliləyiş sayəsində altıncı pilləyə qədər yüksələ bilib. İlk onluqda
Filippin, İsveçrə, Sloveniya və Yeni Zelandiya yer alıb. Almaniya on birinci,
Amerika Birləşmiş Ştatları isə səkkiz pillə geriləyərək 28-ci yerdə qərarlaşıb.
145 ölkədə aparılan analizlərdə standart meyarlarına uyğun olaraq, əsasən
əməkhaqları, rəhbər vəzifələrdə çalışma, ali təhsil və siyasi fəaliyyət, eləcə
də sağlamlıq və sosial həyat kimi sahələrdə gender fərqləri araşdırılıb.
Rufik İSMAYILOV
Yazı Almaniya
Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində
Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində "Gender
hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu”
mövzusundajurnalistlər arasında elan olunmuş müsabiqəyə təqdim olunur